525.Az

Ölüm astanasından qayıdış - Rafael Hüseynov yazır


 

Ölüm astanasından qayıdış - <b style="color:red"> Rafael Hüseynov yazır</b>

Onun bu şeirinin ən azı bir neçə misrasını təqribən hamı əzbər bilir. Çünki həmin şeir yalnız onun kitablarından oxunmayıb, adətən hər kəsə eşidilib. Son bir əsrə çatan müddətdə saysız dəfələrcə, həm də ən gözəl avazlarda eşidildiyindən, bundan sonra da hər gün, günaşırı təzədən eşidilmək ehtimalı olduğundan həmin qoşqu lap çoxdan bütün millətinki olan, barmaqla sayılacaq qədər az seçkin şərqilər sırasına qoşulub.

Səbəb sadəcə şeirin gözəlliyi deyil, əsas səbəbi yalnız o şeirin lətif musiqiylə qovuşması, Azərbaycanın ən məlahətli səsinin və səslərinin qanadında yaşamasında axtarmaq da düz olmaz. O qədər qəlbə yatan şeirlər var ki, haçandır nəğmələşib, dönə-dönə də səslənib və səslənir, amma belə şöhrət, bunca yayılmaqlıq onlara qismət olmayıb. Başlıca səbəblərdən əvvəlincisi şeirin ünvanının yurdumuzun olmasıdır, Vətən havasının o şeirə və musiqiyə artırdığı təsirindənçıxılmaz cazibədir. Vətənə həsr edilmiş şeirlər hesablanıb qurtarmayacaq qədər çox olsa da, həmin mahnılaşmış şeirin bu qədər məşhurluğu üç bəyəndirici və sevdirici şərtin ahəngdarlığın ən yüksək səviyyəsində üst-üstə düşməsidir - əvvələn, tərənnüm edilənin Azərbaycan olması, ikincisi, sözün sadə gözəlliyi, üçüncüsü, musiqinin füsunkarlığı, dördüncüsü, o nəğməni dağlarımızın şiş uclarının buludlarla öpüşən ucalarına qaldırmış misilsiz oxu!

"Ölkəm"in sözlərini Cəfər Cabbarlı yazmışdı. Vətənə həsr etdiyi şeirlərin zirvəsində dayanan bayraq şeirlərindən daha əvvəl. Onun 1919-cu ili bu şeirlə başlanmışdı. Dəqiq tarixi özü həmin şeirin altında göstərib: 1919-cu il yanvar ayının 1-i. Ancaq həmin şeir "Azərbaycan" qəzetində 19 gün sonra - yanvarın 20-də çap olundu. Şeir beş bənd idi, ancaq həmin şeir romansa artıq Cümhuriyyət ömrünü başa vurandan sonra çevrildiyindən beş bənddən ikisi isə elə idi ki, sovet dönəmində onların təkrar çap edilə, səslənə bilmək imkanı yoxdu. O bəndlər Cəfər Cabbarlının bütün varlığını dolduran hürriyyət duyğusunun, istiqlal eşqinin ifadəsi idi. Əlbəttə ki, Azərbaycanın əsl azadlığını onun şura hökumətinin tərkibində olmasında görən siyasətin nəzərincə, bu yurdun müstəqillik dönəminin xatirəsini yaşadan həmin sətirlər yasaq düşüncənin daşıyıcısı idi və böyük ölçüdə düşmən mövqeyi məqamında idi, söz yox, sovet dönəmində heç cür dərc edilə, səslənə bilməzdi.

Əslində Cəfər Cabbarlının "Sevimli ölkəm" adlı o şeiri sonrakı bayraq şeirlərinin, digər istiqlal qoşqularının müqəddiməsi sayılmalıdır. Sanki bu şeiri ilə istiqlal şairi Cəfər Cabbarlı özünün vətən şeirləri silsiləsinə bir ön söz yazıb:

Quzğun dəniz oynar ayaqlarında,

İşıq saçan nefti torpaqlarında.

Tarixən Xəzər dənizinin bir neçə adı olub, ona Xəzər də deyiblər, Kaspi də, ancaq daha əski adı Quzğun dəryası, Quzğun dənizidir.

Tarixlərin altun yarpaqlarında

Dadlı-dadlı sözləri var ölkəmin.

Yanar dağlarında alov coşarmış,

Ona tapınmağa ellər qoşarmış.

Bu misralar 1920-ci ilin aprelindən sonra da hələ "təhlükəsiz"dir, ardınca gələn və sovetin gözündə belə sözü deyəni düşmən göstərən sətirlər olmasa:

Bir çağ varmış, ölkəm azad yaşarmış,

Bu yollarda izləri var ölkəmin.

Ölkəsinin azad yaşadığı çağların hələ Cümhuriyyət qurulmasından əvvəllərdə də mövcudluğundan, əski zamanlarda da müstəqil Azərbaycan dövlətinin varlığından deyən bu sətirləri ilə Cəfər Cabbarlı istiqlalçılıq, hürriyyət tarixində yurdunun töhfələri və pozulmaz izləri olduğunu, yəni bu şeirin yazıldığı, Azərbaycanın artıq öz Cümhuriyyətini qurub istiqlal içərisində ömür sürdüyü dönəmdə bunun "göydəndüşmə" olmadığını, dünənlərdən gülümsəyən şərəfli bir tarixi olduğunu da təsdiqləyirdi.

İpəyindən qızlar çadra geyərlər,

Ölkələrin azad görmək dilərlər.

Sovetin senzura maşını və xəfiyyə təfəkkürlü naşirindən, mühərririndən, redaktorundan tutmuş ən çeşidli nəzarətçilərinəcən hamısı sözdən söz çıxarmağın pərgarı, heç yazanın ağlına gəlməyən antisovet mənanı onun şeirlərinə bağlamağın ustası idilər, onda qalmış mətləbin bunca açıq şəkildə ifadə edildiyi sətirlər ola.

Bu sözlər Cümhuriyyət dönəmində bir ayrı mənada səslənirdi, sovet dönəmində tamam fərqli anlamda. Cümhuriyyət dönəmində bu sətirlər elan etdiyimiz müstəqilliyin halal haqqımz olmasının, bu azad günlərin təməlində uzun və şanlı istiqlal yolumuzun dayanmasının, tarixin vərəqlərində dövlətçilik ənənələrimizin yazılmasının bəyanı kimi qavranılardısa, sovetin baxışınca bu misralar həmin Cümhuriyyət dönəminin xiffəti deməkdi. Cümhuriyyət dönəminin xiffətini çəkənləri isə ya gülləyə tuturdu, ya həbsdə çürüdürdü, ya Sibirə sürgün edirdi.

Və indi Cəfər Cabbarlının hamıya məlum olan "Ölkəm" şeirinin çoxlarına bəlli olmayan beşinci bəndi bu misralarla tamamlanırdı:

Bu yerləri bütün ellər sevərlər,

Yalnız bizdə gözləri var ölkəmin.

Yəni Azərbaycanı - mənim məmləkətimi bütün xalqlar, bütün ölkələr sevsə də, ölkəmin gözünü dikdiyi yalnız bizlər, bu yurdun insanlarıdır.

Cəfərin 20 yaşında ikən yazdığı bu şeirə musiqini 19 yaşlı Asəf Zeynallı 1928-ci ildə bəstələdi və yəqin, yalnız siyasətin cızdığı çərçivələrə görə yox, elə musiqiyə daha münasibliyi baxımından şeirə Cəfər özü əl gəzdirərək misraların, bəndlərin miqdarını bizə indi bəlli olan sayda saxlayıb.

Nəğmənin oxunması isə bir az da sonra baş verdi - 1931-ci ildə. Bu, Azərbaycanın ilk romansı idi və İtaliyada təhsilini bitirərək Vətənə qayıtmış, yiyələndiyi Avropa vokal məktəbi vərdişləri ilə Azərbaycan ifa özünəməxsusluqlarını qovuşduran, bununla da Azərbaycan oxuma məktəbini yaratmağa başlayan Bülbülün yaradıcılığında "Ölkəm" həmin ixtirasını gerçəkləşdirmək yolunda əvvəlinci addım idi.

"Ölkəm" romansı yarananda hələ üçü bir yerdəydilər. 1931-də romans doğulacaq, 1932-də Asəfin ömrü 23, 1934-ün son gecəsində Cəfərin həyatı 35 yaşında sona yetəcək, Bülbül illərcə oxuduğu və özünün də olmayacağı çağlarçün əbədiləşdirə bildiyi romansın hər səslənişi ilə Cəfəri də, Asəfi də dirildəcək, dirildir...

1980-ci illərin sonlarına doğru, hələ Cümhuriyyətlə bağlı arxivlərin qapalı olduğu çağlarda mənə nəsib olmuşdu ki, Məclis-i Məbusanın - Azərbaycanın Xalq Cümhuriyyəti dönəmindəki parlamentimizin iclaslarının stenoqramlarını vərəqləyim. Üstündən bir neçə il keçəndən sonra tədricən həmin sənədlərin "məxfilik" qrifi müəyyən qədər götürüləcək, ayrı-ayrı tədqiqatçılar o stenoqramlarla tanış olmaq imkanı qazanacaq və bir neçə il sonra - 1990-ların əvvəlində artıq onların hamısı çap olunaraq geniş oxucu kütlələrinə çatacaq.

Ancaq 1980-ci illərin sonlarında Məclis-i Məbusanın ayrı-ayrı iclaslarının gedişi haqqındakı o hesabatları oxuyanda heyrətə düşürdüm. Məni valeh edən millət vəkillərinin, demək olar ki, hamısının üslubca çox səlis və rəvan, bir-birindən ağıllı, məzmunlu çıxışları idi. Hamısı Vətən eşqi ilə, Azərbaycanın sabahını daha gözəl qurmaq amalıyla dolu insanlardı. Aralarında mübahisələr gedir.

Dünyagörüşləri fərqli olan, baxışları, siyasi yanaşmaları tamam əks olan insanlar da orada üz-üzə gəliblər - onlar da danışır, bunlar da danışır, mövqelər toqquşur. Məni ikiqat təəccübləndirən o idi ki, onların bir qisminin rusca təhsil aldığı, ya bəzilərinin ədəbi dilə yiyələnmək baxımından nisbətən az səriştəliliyi məlum idi, ancaq onlar da bu Məclisdə düşüncələrini sağlam, sərrast şəkildə, dəqiq seçilmiş ifadələrlə gözəl azərbaycanca ifadə edirdilər.

Bəs sirr nədə idi ki, hesabatlardakı danışıqların kağızda ifadələrinin hamısı bunca gözəl idi? Bir qədər keçəndən sonra o sualın da cavabını tapdım: bütün bu yazıları qələmə alan əsas stenoqraflardan biri Cəfər Cabbarlı imiş. O, rəsmən Azərbaycan parlamentində - Məclis-i Məbusanda stenoqraf və tərcüməçi kimi çalışırdı. Digər stenoqraf isə ondan bişkin ədib - Seyid Hüseyn!

Stenoqrafların - Rəsul Rza demiş, tezyazanların özünəməxsus qeydəalma üsulları var. Müəyyən sözləri hansısa ixtisarlarla, işarələrlə, qısaltmalarla yazırlar. Ancaq toplantılardan sonra çıxışları ayrıca səliqə ilə qaydaya salırlar.

Cəfər Cabbarlı da hər dəfə iclasdan sonra oturarmuş, gecə yarısınacan bunları qaydaya salarmış - təbii ki, özünəxas olan səliqə ilə, fikirləri təhrif etmədən cümlələri daha savadlı, Azərbaycan dilinin qaydaları baxımından daha düzgün quraraq. Ertəsi gün də artıq rəsmi sənəd sayılan bu yazılar Məclis-i Məbusandan "Azərbaycan" qəzetinə ötürülərmiş, onlar da, dərc edilən mətnlərdən gördüyümüz kimi, bu stenoqramları qəzetin tələblərinə uyğun olaraq yüngülvari əl gəzdirərək, parlament hesabatları kimi dərc edirlərmiş.

Cəfər Cabbarlı ilə Seyid Hüseyn bu işdə elə peşəkarlaşıblarmış və müəyyən mənada o qədər əvəzedilməz idilər ki, onların ikisini də hətta şura hökuməti gələndən sonra da eyni məqsədlə istifadə edirlərmiş - dünən Məclis-i Məbusanda stenoqrafçılıq edirlərmiş, indi eyni vəzifəni Mərkəzi İcraiyyə Komitəsində daşıyırmışlar.

Rəsmən müavin sayılsa da, Parisdə uzunmüddətli ezamiyyətdə olan sədr Əlimərdan bəy Topçubaşovun əvəzinə Məclis-i Məbusan idarəçiliyini elə vaxtilə Tiflisdə İstiqlal Bəyannaməmizi də ilkin elan edən Həsən bəy Ağayev (1875-1920) aparmışdı.

Cümhuriyyət dövrünün bir əziz foto-yadigarı da var. Ortada Həsən bəy Ağayev, yanında Məclis-i Məbusanın işçiləri. Deputatları yox, məhz əməkdaşları. Həmin sırada Cəfər Cabbarlının da surəti var.

1920-ci ilin aprelinədək və sovet devriləndən sonra nə qədər sevimli bir xatirə, qiymətli sənəd idisə, bolşeviklərin gəlişi, Cümhuriyyətin süqutundan sonra bir o qədər qorxunc, şura xəfiyyələrinin nəzərincə, ifşaçı sənəd idi. Elə həmin səbəbdən də o tarixlə daşan dəyərli fotonu ilk dəfə yalnız bərpa edilmiş müstəqillik dönəmində, 1996-cı ildə "Rəfibəylilər" kitabında işıq üzünə çıxara bildik.

Sovet dövləti və onun Fövqəladə Komissiyası - "ÇeKa"sı, Daxili İşlər Xalq Komissarlığı - "eNKeVeDe"si, Dövlət Təhlükəsizlik Nazirliyi - "MQB"si, Dövlət Təhlükəsizlik Komitəsi - "KeQeBe"si repressiya qurbanına döndərərək həyatını sındırdığı çoxlarına sonralar siyasət dəyişdikcə bəraətlər verdisə də, Cümhuriyyətçilərə münasibətdə barışmaz düşmən mövqeyindən son nəfəsinəcən əl çəkmədi, axıracan onların adını "qara siyahı"larında saxladı, bu insanların üstündən sovetin vurduğu iftiralı və riyakar "xalq düşməni" ləkəsi yalnız həmin mənfur quruluş, "şər imperiyası" adlandırılmış SSRİ gəbərəndən sonra silindi.

Odur ki, bunu dəfələrcə təkrarlamaq lazım gəlir ki, sovetin ölçüsüz qəddarlığı və düşmən cərgəsinə qatdıqlarına münasibətdə ifrat qisascıllığını bildiyimizdən Cəfər Cabbarlı hökmən ən ilk növbədə aradan götürülməlilərdən idi, onun hansısa mübhəm səbəblərdən (əlbəttə, o dövrdə dövlət içərisindəki bəzi qoruyucularından agahıq, amma bilmədiklərimiz də az deyil) dərhal aradan görürülməməsi şübhəsizdir, qədərindən artıq yaşamasına möhlət verilməsindənsə millət qazanıb. Cəfərin Cümhuriyyətlə bilavasitə bağlılıqlarının bir yığın aşkar sübutundan savayı, bu da var ki, istiqlalımız artıq devrilmək təhlükəsi ilə üz-üzə qalanda gənc ədib buna da biganə qalmamışdı, düşüncələrini açıqca bəyan etmişdi, şeirə çevirdiyi o fikirlər qəzetdə də çıxmışdı. Təbii ki, həmin şeirdən də həm ÇK-dakılar, həm də onlarla xosunlaşanlar xəbərdardılar. Bütün bu aşkar səbəblər ucbatından Cəfər Cabbarlının adının yeni hökumətin düşmən saydıqlarının sırasında olması ehtimal yox, labüd idi.

Hələ bu harasıdır - istiqlalımız devrilincə bir neçə fəal dostuyla gizli təşkilat da yaratmışdılar. İstənilən məxfi birləşməninsə sovetin leksikonunda təhlükəli adı vardı - əksinqilabi təşkilat. Əksinqilabi gizli təşkilatlara isə - iriliyindən-kiçikliyindən asılı olmayaraq - sovetin yanaşması birmənalı olmuşdu: düşməndir, məhv edilməlidir.

Yəni bütün bunlar Cəfər Cabbarlının yeni hökumət tərəfindən dərhal aradan götürülməsi üçün kifayət idi. Əgər bütün bunların içərisində Cəfər Cabbarlı 1934-cü ilə qədər salamat qaldısa, bunun özü Allahın bir ayrıca lütfüdür. Cəfərin etdiklərinin ondabirini edənlərin və bu haqda düşünənlərin hamısını yox etdilər, bütün bunlarla Cəfər 1934-dək sağ-salamat qaldısa, bu möcüzəni bilmədiyimiz bütün səbəbləriylə birgə Allahın millətimizə lütfkarlığı kimi qəbul etməliyik.

Unudulmaz kino xadimimiz Məmməd Əlilinin (1898-1993) sözlərini xatırlayıram. O, Cəfər Cabbarlı ilə yaxın dost olmuşdu və bu haqda müxtəlif illərə aid xatirələrini bir neçə dəfə lentə almışdım. Onda hələ 1980-ci illər təzə başlayırdı, bir çox həqiqətlərin nəinki mətbuata, yazıya gətirilməsi, hətta dost-tanış arasında danışılması da məsləhət deyildi. Belə mətləblərdən bəhs eləyəndə adətən pıçıltıyla danışardılar, qəbil sovetin xoşunagetməz fikirləri ən inanılmış, simsar adamlarla bölüşərdilər. Növbəti görüşlərimizdən birində Məmməd Əlili artıq 1932, 1933, 1934-cü illərdə Cəfər Cabbarlının təqib olunduğu, daim güdüldüyü haqqında təfərrüatları yada salmışdı. Bir əhvalatı söyləyir ki, Cəfərgildə nahar etmişdik, sonra da qalxıb işlərimizin ardınca kino idarəsinə gedirdik. Yolda gendən bir nəfərin gəldiyini görüncə Cəfər içkili adam kimi səndirləməyə başladı. Heyrətə düşdüm ki, görəsən, Cəfər niyə belə edir? Həmin adam gəlib çatdı bizə, salamlaşdı. Cəfər başladı danışmağa, amma belə dolaşıq danışırdı - yəni tamam kefli, dili topuq vuran adam kimi. O şəxs kinayə ilə Cəfərə baxdı ki: "Yenə içmisən?" Əlini yelləyib "Eh" dedi, keçib getdi.

Məmməd Əlili davam edirdi ki, həmin adam bizdən aralanınca Cəfər qayıdıb oldu həmənki Cəfər.

Soruşdum ki, niyə belə edirdin? Dedi: "Sən bilmirsən, o, şeytanın biridir. Ağzımızdan bir söz çıxacaq, onu istədiyi kimi yozacaq, üstünə beşini də qoyacaq, aparıb lazımi yerlərə xəbər verəcək. Onsuz da bizim əsgimiz tüstülüdür, niyə əlavə bəhanə də verim?"

Cəfər "Əsgimiz tüstülüdür" demişdi. Mütəmadi təqib olunduğundan, nəzarətdə saxlandığından xəbərdar idi.

O illərin tanınmış insanlarının ömür yolunu çox araşdırmışam, keçmiş Dövlət Təhlükəsizlik Komitəsinin arxivində yüzlərlə cinayət işini vərəqləmişəm və sübutlar, dəlillər əsasında gəldiyim başlıca qənaətlərdən biri budur ki, sovet hökuməti Azərbaycanda bərqərar olduğu ilk günlərdən başlatdığı tuthatutları 1920-ci illər boyu da, 1930-cu illərin əvvəllərində də davam etdirmişdi. Amma 1936-cı ilə qədər bir çox ziyalılarmız olmuşdu ki, onlara toxunmamışdılar. Respublikanın partiya və dövlət rəhbərliyində, hətta NKVD-nin özündə də müəyyən qədər sərbəst düşünən, lazım gələndə müəyyən qədər güzəştə getməyi bacaran, kimlərinsə xalq üçün gərəkliyini anlayaraq onların qorunmasını mümkün sayan insanlar vardılar, onların kimlərisə xilas etmək yolunda cəhdləri də bəllidir. Ancaq 1936-cı ildən etibarən növbəti ildə həyata keçiriləcək müdhiş siyasi repressiyalara ciddi hazırlıqlar başlanır. Çox keçmədən yazıçılar, şairlər, alimlər öz yerində, köhnə kommunistlərin, tanınmış dövlət xadimlərinin özünü də ələkdən keçirməyə və dünənəcən hətta cəza vermək səlahiyyəti olanları belə dənləməyə başlayırlar. 1937-dək Əhməd Cavad, Əhməd Cövdət-Pepinov (1893-1938) və bir çox bu qəbil şəxsiyyətləri arada tutub-buraxmışdılarsa da, daha NKVD həbsxanasına aparan yol birdəfəlik gedərgəlməzləşir. Dövrün xəfiyyəçi meyarları ilə çoxdan tutulmalı olub hələ azadlıqda gəzən Cavid kimi, Seyid Hüseyn kimi, çoxlarını da içəri atırlar. Bununla yanaşı, dövlətin içərisində də amansız təmizləmələr gedir. Odur ki, həmin gedişatın məntiqi açıqca söyləyir ki, Cəfər Cabbarlı gəlib 37-yə çatsaydı, daha bu maneəni aşa bilməyəcəkdi, məhv edilənlərdən növbəti biri o olacaqdı. Bir çox digərlərindən fərqli olaraq, Cəfərlə bağlı baş sındırmağa, onun "düşmənliyinə" dəlillər axtarmağa lüzum qalmırdı - Cəfəri ifşa edəsi, onun yeni quruluşla, bolşeviklərlə heç cür uyuşmayan dünyagörüşünü ortaya qoyan yazıları çap olunmuşdu, qəzetlərdə, jurnallarda qalırdı. Əlavə şahid ifadələrinə, üzünə duranlar axtarmağa da heç ehtiyac yoxdu - nə lazımdırsa, özü yaratmışdı. Elə həmin sübutlardan biri - 1920-ci il aprel ayının 1-dir. Aprelin 27-nə - Cəfərin hər gün işə getdiyi binada - Məclis-i Məbusandakı faciəli saatlara, Azərbaycan parlamentinin o son kədərli iclasına hələ xeyli günlər qalıb. O iclas əslində bir matəm günü idi, Məhəmməd Əmin Rəsulzadənin sözüncə, "intihar günü" idi - hakimiyyəti bolşeviklərə könüllü təhvil verirdilər. Bu, sadəcə hakimiyyətin təhvili deyil, istiqlalın süqutu, hürriyyətin əldən getməsi, Cümhuriyyətin yolunun sonunda iri bir nöqtənin qoyulması, Cümhuriyyətə bağlı olanların hamısının taleyinin gələcəkdə çox ağır sınaqlarla üz-üzə qalacağı deməkdi.

1920-ci ilin martında, 21 yaşının tamam olduğu günlərdə qələmə aldığı bu şeirində Cəfər öz yaşından xeyli müdrikdir, ağsaqqalcasına düşünür, cərəyan edən narahat hadisələrdən sezir ki, Cümhuriyyətin, müstəqilliyin aqibəti tükdən asılıdır, bu qədər imislər və sevgilər bəslənən milli dövlət çöküşün astanasındadır.

 Yaşaması həyatı təhlükələrlə üzləşən Cümhuriyyəti düşünərək yazdığı, "Qurtuluş" dərgisində çap etdirdiyi bu şeirinə Cəfər "Yaşamaq" adı vermişdi. İstiqlal onunçün həyatının mənası deməkdi. Şeirin fəlsəfəsi bundan ibarət idi ki, hürriyyət əldən gedirsə, Cümhuriyyət sönürsə, bundan sonra yaşamağın nə mənası var?

Neçin, neçin yaşamaq? Ölməmək, nədir məna?

Neçin bu dörd yanı sarmış əzaba bağlanmaq?

Hələ istiqlal getməyib, hələ istiqlalın rəsmən əldən getməsinə bir ay qalıb. Ancaq o, nicatsız sonu bəri başdan görür, millətin sinəsinə dağ çəkəcək bu ağrıya bəri başdan yanır:

Neçin əzilmək, üzülmək, iməkləmək bica?

Neçin həyata səbəbsiz dözüb ayaqlanmaq,

Nə var yalanla qızarmış bu cani üzlərdə,

Nə var riyayi gülümsər bu mavi gözlərdə?

Ətrafındakıları görürdü. Onların içərisində kimin satqın, kimin istiqlalın əleyhinə olduğunu da yaxşı dərk edirdi. Ona görə Cümhuriyyətin sonunu gətirən, istiqlalın axırına çıxacaq bu qızarmış üzlərə, riyakarlıq saçan gözlərə nifrətlə baxırdı:

Nədir bu kölgəli, dolmuş, yalançı qəhqəhələr?

Nə var bu zəhər bulaşmış səfalı sözlərdə?

Bu yas içində ümid indi heçə qalmışkən

Gülümsəyir yenə bir fəza-yi xülyadan.

Bir tərəfdən barışır ki, artıq ümid heçə bərabərdir, ancaq o biri yandan da bu üzüntülü məqamda sanki dirçəlir, uzaqlarda hər halda zəif də olsa ümid işartısının gülmsədiyini söyləyir - deməli, hələ xilas mümkündür.

Eyni həyəcanı Həsən bəy Ağayev də Ənvər Paşaya (1881-1922) göndərdiyi məktubda ifadə eləmişdi. O da həyəcanla yazırdı ki, ümid öləziyir, qırmızılar həm içəridədirlər, həm də çöldən əlləri silahlı gəlirlər, sanki bu selin qarşısında dayanmaq mümkün deyil, ancaq satqınlar varsa da, vətənpərvərlər, sadiqlər, ölümə getməyə hazır olanlar da bəs deyincədir, onların gücünə arxalanılarsa, ağıllı hərəkət edilərsə, birlik olarsa, Ənvər Paşa rusun çaldığına oynamazsa, Cümhuriyyəti xilas etmək mümkündür.

 O gecə - aprelin 27-si müasir tariximizin Varfolomey gecəsidir. Məclis-i Məbusanın son iclasının stenoqramı qalır və o stenoqramda stenoqramların mətnlərinə uyğun gəlməyən bir cümlə də var. Adətən stenoqramlarda danışanların dilindən qopan sözləri yazırlar, kimin nə hərəkət etdiyini, o anda hansı hisslərlə yaşadığını ifadə etmirlər. Ancaq bu nadir stenoqramda o nadir cümlə var. Azərbaycanın matəmidir. 23 ay bəxtiyarlığını yaşadığımız istiqlal əldən gedir, Cümhuriyyəti təhvil veririk.

Və stenoqramdakı bu cümlə indi də insanın ətini ürpəşdirir, boğazını qəhərlə yandırır. Stenoqramda yazılıb ki "Şəfi bəy Rüstəmbəyov ağlayır". Ağlamalıydı. Neyləməliydi? Millətin, yurdun ağlamalı günüydü.

Stenoqrafçı Cəfər idi ki, bu nadir tarixi gündə yalnız eşitdiyini yox, gördüyünü də yazmışdı, eyni işi görən bir başqasının belə rəsmi mətnə artırmağı heç ağlına gətirməyəcəyini etmişdi.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin dindirmə protokolları və həmin günün bilavasitə iştirakçılarının xatirələrinə söykənərək Cabbarlışünas Asif Rüstəmli göstərir ki, Məclis-i Məbusanın 1920-ci il aprelin 27-sindəki son təslim iclasından sonra bir dəstə dəliqanlı - Nazirlər Kabinetində tərcüməçi işləyən Əbdül Vahab Məmmədzadə (1898-1976), Mirzə Bala Məmmədzadə (1898-1959), Məmməd Sadıq Quluzadə Xülusi və Məhəmmədhəsən Baharlı (1896-1937) Cəfər Cabbarlının mənzilində toplaşaraq andiçmə məqrasimi keçirir və gizli partiya təşkilatının ümumi mərkəzini təsis edirlər, Məhəmməd Əmin Rəsulzadənin də tövsiyəsi ilə Mirzə Bala Məhəmmədzadə sədr, Cəfər Cabbarlı baş katib seçilir.

Cəfər Cabbarlının bu məşum gecədən xeyli öncə, hələ aprelin əvvəlində bu faciələri irəlicədən görərək "intihardan başqa çarə yoxdur" yazdığının yanında, hər halda "ümid hələ ölməyib" inamı da vardı. Ona görə də bu gizli görüş əslində ümidin ölməməsinin bir təsdiqi idi. Yığışmışdılar ki, qüvvələri asta-asta birləşdirərək istiqlalı qaytarmaq, Cümhuriyyəti bərpa etmək yolunda mübarizələrə qatılsınlar.

Üstündən zaman keçəcək, bunların hamısı xüsusi xidmət orqanlarına beş barmağı kimi bəlli olacaq. Ayrı-ayrı adamları tutacaqlar, danışdıracaqlar, döyəcəklər, işgəncə verəcəklər, bir çoxları vadar qalıb olanları boynuna alacaq - kiminlə, harada oturub-durublar, kim hansı sözləri deyib, hansı hərəkətləri edib, açıb söyləyəcək. Cəfər Cabbarlı haqqında da deyəcəklər, bunlar da hamısı sənəd-sübut olaraq rəsmiləşdiriləcək

Bəzən ağzı isti yerdə olanlar indinin rahatlığında oturub yekə-yekə tarixə düzəliş vermək sevdasına düşür, qınayırlar ki, Cəfər Cabbarlı sovet illəri içərisində sovet-sosialist mövzusunda əsərlər yazıb. Kimlərsə bunu guya Cəfərin siyasətə əyilməsi, onun kəsiri kimi qiymətləndirir. Əlbəttə ki, belə deyil. Əvvələn, Cəfər günün, dövrün tələb etdiyi mövzularla yanaşı tarixi əsərlər də qələmə alıb, istər bunlarda, istərsə də onlarda həmişə alt məna qatını da nəzərdə tutub. Cəfər Cabbarlının ömür yolu da, bütün düşüncə tərzi də aydın şəkildə nişan verir ki, o, istiqlalçı, vətənçi, millətçi idi, son nəfəsinə qədər də həmin əqidədə qaldı və özünü qorumaqçün də o çətin dövrdə hansı addımı atsaydı, buna tam haqqı vardı.

İndi bir anlıq göz önünə gətirək ki, Cəfər Cabbarlı həmin insanaqənim çağların siyasi repressiyalarının qurbanlarından birinə çevrilib. Belələri ilə nə sayaq davranılırdı - özlərini məhv edirdilər, nələri vardısa - məktubları, əlyazmaları, hazır əsərləri, natamam yazıları - hamısını yığıb aparıb yox edirdilər. Daha müdhişi - onların adları kitabdan-dəftərdən silinirdi, dərsliklərdə vardılarsa oradan çıxarılırdılar; əsərləri səhnədəydisə oralardan uzaqlaşdırılırdı, kitabları yayılmışdısa, satılmışdısa bir-bir toplayırdılar, ya elə üz göstərirdilər ki, camaat o kitabları evində saxlamağa çəkinirdi, jurnallarda, qəzetlərdə yazıları dərc edilmişdisə kəsirdilər, oradakı adlarını pozurdular, şəkillərini qaralayırdılar... Bir sözlə, onları hafizələrdən biryolluq silmək istəyirdilər. Düşünək ki, Cəfər Cabbarlı yaşayır, 37-yə çatır. 37-ci ildə onun başına eyni müsibət gəlir. Hər şey gedəcəkdi. Cəfər Cabbarlının bu gün ortada olan irsindən, ola bilsin ki, bəraətdən sonra nələrsə ortaya çıxarılacaqdı - yalnız o əsərlər ki, haçansa çap olunmuşdu. Qalanlarından bixəbər qalacaqdıq -hamısı məhv edilmiş olacaqdı. Bu mülahizə küfr kimi səslənsə də, heç olmazsa erkən ölümü ilə, repressiyalara qədər gəlib çatmaması ilə Tanrı bizə Cəfər Cabbarlının əlyazmalarını, yadigarlarını qoruyub saxlayıb.

Məsələnin başqa tərəfi də var axı: 1930-cu, 40-cı, 50-ci illərdə Cəfər Cabbarlının əsərləri səhnədə idi, kitabları nəşr edilirdi, hekayələri oxunurdu. Cəfər Cabbarlı diri idi. Əgər o, siyasi repressiya qurbanı olmuş olsaydı, səhnələrdə Cəfər Cabbarlı olmayacaqdı. 1930-40-50-ci illərdə böyüyən, Cavidi, Müşfiqi, Əhməd Cavadı... oxumamış nəsillər Cəfəri də tanımayacaqdı. Yenilikçi, təzəgünçü Cəfərin yeri isə bütün başqa müasirlərininkindən seçilirdi. Heç olmazsa təsəllimız var ki, o, siyasi repressiya qurbanı olmadı və əsərlərinin dövrün siyasi tələbləri baxımından ortaya çıxarıla bilənləri xilas olub qaldı, ömrünü davam etdirdi, Cəfər Cabbarlıyla ünsiyyətimizin fasiləsi yaranmadı.

Ancaq onu həbs də etmişdilər! Sovet dönəmində onun həbs edilməsi ilə bağlı heç yerdə heç nə yazılmırdı. Cəfərin ömür yoldaşı Sona Cabbarlının 1969-cu ildə işıq üzü görən "Səni kim unudar" adlı xatirələr kitabı zamanında həvəslə oxundu - adamlarımızın kitaba, mütaliəyə aludə çağları idi, radioda da səsləndi, camaatımız bunlara maraqlı bir radio tamaşasını dinləyən kimi qulaq asdı. O kitabında Sona xanım yada salır ki: "1922-ci ildə biz Cəfərlə evləndik... Evləndiyimizdən bir neçə ay sonra Cəfər xəstələnib qısa müddət xəstəxanada yatmalı oldu. Onu yoluxmağa gedərkən bir dəstə gül aparmışdım. Axı Cəfər gülü çox sevirdi. Həmin güllərə cavab olaraq mənə bu şeiri yazdı: "Pək az sürən baharımın canlı çiçəyi, sevimli Sonama, göndərdiyi çiçəklərə qarşı cavabım".

Əslində isə Cəfər xəstəxanaya-filana düşüb-eləməmişdi. 1923-cü il iyunun 17-sində gecə ÇK-dan gələnlər Cəfərin evində axtarış aparandan sonra onun özünü də götürüb getmişdilər. Dövr, siyasət dəyişməsəydi, sovet və onun əzazil məfkurəsi tar-mar olmadan ömrünü davam etdirsəydi, Cəfərin bu həbsindən insanlarımızın xəbəri olmayacaqdı, Sona xanımın da xatirəsi söhbətin məhz xəstəxanadan getdiyini inandırmaqda davam edəcəkdi.

Sona xanım ÇK təcridxanasında saxlanan Cəfərə gül aparmışdı. Zavallının bu həbsin əslində hansı dəhşətləri vəd etdiyi ağlına belə gəlmirmiş. Hələ ÇK özü də davranışlarında bir qədər yumşaq idi. İllər ötdükcə qəddarlıq da artacaq, dustaqlarla nəinki görüşə, məktublaşmağa icazə verilməyəcək, ərzaq aparmağa da qadağa qoyulacaq.

Cəfərsə arif adamdı, siyasətin də axarında idi və bu hənanın o hənalardan olmadığını duyurdu, hətta belə fərz edirdi ki, buradan evinə daha qayıtmaması da çox mümkündür. Bunu elə Sonanın gətirdiyi cavab olan şeirində də yazırdı, əbədi ayrılıqdan, ölüm-itimdən dəm vurudu:

Dünki gülşən, yarın xəzançın oynaq,

Dünki insan yarın bir yığın torpaq.

Keçmiş ilk bahardan bu bir qaç yarpaq,

Saqın, yavrum, son yadigar olmasın!

 

Bəlli şey ki, həyat beş qara gündür,

Mənsiz gül, ağlama, könlüm sənindir,

Cismim torpaq olsa, ruhum sənindir,

Sevgimizə yoxlıq məzar olmasın.

Bu şeirdəki hər misra ilə həm də qohum-əqrəbaya ismarış göndərirdi ki, ola bilsin görüşmədik, hər şeyə hazır olun.

Azərbaycanın şeir xəzinəsi həm zəngin, həm əlvandır. Bu şeir dənizində bir az qüssəli, bir az cod, bir az etirazçı şeirlər silsiləsi də var ki, zindanlarda, həbsxana künclərində yaranıb. Fələki Şirvaninin, Xaqani Şirvaninin "Həbsiyyə"ləri məşhur olan kimi, Fəzlullah Nəimidən, İmadəddin Nəsimidən üzü bu yana sıra-sıra təsirli məhbəs şeirlərimiz yaradılıb. Şairi ayaqları, qolları qandallı halda aşılmaz hasar arxasında, türmələrin nəmişliyində, dürlü zindan qəfəslərində saxlamaq mümkündür. Ancaq nə qədər zülmkar olursan-ol, qüdrətin hansı həddi aşır-aşsın, şairin yenilməz ruhunu ki öldürə bilməzsən. O ən ümidsiz kimi görünən qaranlıqda da işığı sönməyəcək, əlinə qələm keçdimi, ürəyini deşənləri, düşüncəsini lərzəyə gətirənləri mütləq sözləşdirəcək, kağıza köçürəcək, azadlığa ötürəcək, lap kağızı-qələmi olmayanda da ilhamının ona pıçıldadıqları itib-batmayacaq, o misraları dustaq yoldaşlarından hansısa əzbərləyəcək, bircəsinin bəxtinə əsarətdən qurtulmaq düşsə, həmin misralar da zindandan xilas olaraq dodaq-dodaq uçacaq. "İsgəndərin buynuzu var, buynuzu" rəvayətindəki, ya "Ayın şahidliyi" hekayətindəki kimi, çöllü-biyabanda tək adamın quyuya söylədiyi sözlər də gecənin qaranlığında ölüm ayağında bir naçarın son güman yeri kimi itməyəcək, batmayacaq, bir gün qamışa çevrilib həqiqətləri insanlara söyləyəcək, o Ay da girəvə düşüncə şahidliyini edib qisasın yerdə qalmamasına köməyini göstərəcək.

Azərbaycanın zindan ədəbiyyatı siyasi şeirimizin son dərəcə cəlbedici bir qatıdır ki, onun layları həm duyğuların təlatümünü, həm də tarixin çox gizlinclərini daşımaqdadır.

Sovet dönəmində Azərbaycan zindan ədəbiyyatının ilk bəlli nümunəsini yaradan Cəfər Cabbarlıdır. Əlyeri qoyaraq ona görə "ilk bəlli nümunəsi" yazıram ki, Cəfərdən öncə CK təcridxanasına düşənlərdən kimlərsə də yaza bilərdi, haçansa üzə çıxarılarsa, birincilik haqqı həmin qoşquya tanınar. Cəfər Cabbarlınınsa ilk məhbəs şeirinin dəqiq tarixi bəllidir. Sonaya həsr etdiyi şeirin də həmin silsiləyə aidliyi mübahisəsizdir. Ancaq o qızılgül söhbətindən qabaq - 1923-cü il iyun ayının 17-si gecəsi həbsinin ardınca salındığı 19-cu kamerada da bir ayrı çiçək şeiri yazmışdı. Altında 18 iyun tarixini qoyduğu "Açıb-solan çiçəklər"dəki çiçək elə özü idi, budağından yolunaraq darısqal kameranın kəsif havasına atılmış, ürəyi istəyən kimi açılıb pardaqlanmasına zəmanənin macal vermədiyi, ölümü qaşla göz arasında olan bir çiçək:

Mən bir güldüm, açılmadan budağımdan dərdilər,

Yaşıl ikən yarpaqlarım əldən-ələ verdilər.

Çox keçmədən yazıq soldum, torpaqlara sərdilər,

İşdə budur təbiətin sarsılmayan dövranı.

 

Mən istərdim bülbül kimi dolaşaydım çəməndə,

Bir gül kimi şənlənəydim sabah yeli əsəndə.

Zalım fələk, cavan ömrüm saldı yaman kəməndə,

Qara məhbəs oldu azad bir bülbülün məskəni.

 

Xəfif ruzgar səmum kimi ruhum əzdi, uyutdu,

Parlaq günəş ümidlərim şimal kimi soyutdu,

Bütün dostlar, həp insanlar varlığımı unutdu,

Doğru sözdür, "hər aşiqin olur beş gün dövranı".

Cəfər Cabbarlıdan öncə də tutulanlar olmuşdu. Elə həmin 1923-cü ildə də, 1922-də, 1921-də də.

Cümhuriyyətçilərdən canını qurtararaq mühacirətə pənah aparanların da bəzilərinin adları dildə-ağızda gəzən söhbətlərdən ona, söz yox ki, məlumdu, təsəvvür də etməyə bilməzdi ki, "şura inqilabı" bağıran, "qan-qan" söyləyən bu təzə hakimiyyət onunla nə təhər davranar. Hələ vur-tut 24 yaşı vardı və amma ümidsizdi, taleyin onunçün ayırdığı beş günün artıq bitdiyi gümanında idi...

22 may 2026

 





05.06.2026    çap et  çap et