525.Az

Aqil Abbasın Rəmiş oğurluğu


 

Aqil Abbasın Rəmiş oğurluğu<b style="color:red"></b>

Bu yaxınlarda "Ədalət" qəzetində yazıçı Seyran Səxavətlə geniş müsahibəsi işıq üzü görüb. Söhbət yazıçı Aqil Abbasın "Rəmiş" povesti ətrafında müzakirə üzərində qurulub.

Müsahibəni bəzi ixtisarlarla təqdim edirik.

 

- Mən Rəmişin romanını oxumuşam, yəni özünü oxumuşam. Biz çox yaxın olmuşuq. Aqilin də povestini elə birbaşa, birnəfəsə oxudum. Aqil də bu povesti birnəfəsə yazıb. Birnəfəsə yazılmayan yazılar birnəfəsə oxunmur...

İndi bu barədə yazmaq istəyirəm, amma nə hamının tanıdığı Rəmişdən, nə də Aqilin "Rəmiş"indən sadə, elə-belə bir yazı yazmaq istəmirəm. Mən də söz adamıyam, sən də. Bəlkə birləşib bir ilkə imza ataq - povest haqqında bir müsahibə edək. Suallar səndən, cavablar məndən.

- Böyük məmnuniyyətlə. "Rəmiş"i Seyran Səxavət gözü, dili və üslubu ilə oxumaq çox maraqlı olar.

- Rəmiş elə qeyri-adi bir vücud idi ki, o, özü haqqında çox böyük bir epopeya yazıb. Gör, Aqil özünə nə qədər arxayındır ki, bu həqiqəti bilə-bilə təzdən girişdi ki, yox mən də öz Rəmişimi yaradacam...

Azərbaycan xalqı məşhur "Uşaq və buz" şeiri kimi Rəmişi əzbər bilir. Bunun üstünə durub "Rəmiş" adlı bir əsər yazmağa girişmək böyük cəsarət istəyir. Amma elə bilirəm, Aqil bu əsəri yazmaq istəyəndə heç mən deyənləri fikirləşməyib. Elə "Ya Allah..." - deyib yazmağa başlayıb və möhtəşəm də bir nümunə yaradıb.

- Hər kitab oxucuya hansısa bir fikri ötürür. "Rəmişi" yazmaqla Aqil Abbas oxucusuna nə demək istəyib, hansı ismarıcı göndərib, hansı fikri ötürmək istəyib?

- Oxucuya heç nə ötürmək istəməyib. Rəmiş özü-özünü oxucuya - Azərbaycan xalqına çox qəşəng təqdim edib. Amma bu, şifahidi də. Aqil sadəcə onu rəsmiləşdirib, yazılı şəklə salıb. Yəni gələcəkdə, yüz ildən sonra bizim dünyaya gələnlərimiz onu tanısın...

...Aqil Abbas öz əsərində Rəmişdən xeyli oğurluq eləyib, plagiat eləyib. Amma o oğurluq dünyada bəlkə də yeganədir ki, onun halallığı İlahidən verilib. Sənət tərəfindən, söz tərəfindən Aqil o halallığı alıb artıq. Amma oğru olmağına oğrudur.

Bir nüans da ondan ibarətdir ki, Aqili bir az da burada Rasim Balayevə oxşatdım. Bir az fərqli sahələrdir... Həqiqətən də çox çətindir xalqın təfəkküründə, şüurunda, hissiyatında bir ərazisi olan obrazı yaratmaq, tutaq ki Nəsimini. O əraziyə heç kim toxuna bilməz... Rasim o obrazı yaratmaqda necə çətinlik çəkibsə, bəlkə beşqat da artıq Aqil çəkib. Tanınmış adamı təqdim eləmək çox çətindir. Nəsimi özünü yaxşı tanıyar, yoxsa Rasim Balayev Nəsimini?! Yaxud da Aqil Abbas Rəmişi yaxşı tanıyar, yoxsa Rəmiş özü-özünü?! Yəqin ki, fikrimi çatdıra bilirəm. Bax, bu, son dərəcə çətindir - bu, son dərəcə böyük cəsarət, böyük istedad və nəhəng səmimiyyət istəyir. Yoxsa heç nə alınmazdı.

- Aqil Abbas yazıb: "Rəmiş başdan ayağa ruhdur - yarı mələk, yarı şeytan". Bəs Seyran Səxavət Rəmişi necə təsvir edərdi?

 - Vallah, Aqil burada çox sərrast deyib. Mən də onunla uzun müddət dostluq eləmişəm...

Yer üzündə sırf mələk və sırf şeytan yoxdur. Aqil də onu ya bilərəkdən, ya da duyaraqdan belə yazıb. Bu, beyin istehsalı, bilgi materialı deyil. Duyaraqdan deyib ki, Rəmiş yarı mələk, yarı şeytandır. Mən də onun fikri ilə razıyam.

Adamı bütün tanıdıqları sevmir ki. Eləcə tanıyır və qalır orda. Sonra nəsə olur, başlayır sevməyə, ya da heç sevmir. Sevgi tanışlıqdan xeyli sonra gəlir, yaxud da ümumiyyətlə, heç gəlmir. Məsələn, mənə elə gəlir ki, yüz adam Rəmişi sevirsə, ona ürəkdən, qəlbdən bağlıdırsa, deməli, yüz Rəmiş var... Aqilin "Rəmişi" ilə Rəmişin "Rəmiş"i arasında fərq var. Aqil "Rəmiş"ini belə tanış edir - daha doğrusu, böyük Rəmişin bəzi xüsusiyyətlərini öz "Rəmiş"ində cəmləyib təqdim edir. Deyim ki, çox uğurlu da təqdim edib. Çox yaxından tanıyırdım Rəmişi. Amma bir şeyi də deyim ki, heç kim, heç bir canlı da Rəmişi əvvəldən axıra tanıyıb qurtara bilməz. Rəmiş o qədər uzun bir yoldur ki, onu getməyə bir ömür, beş ömür bəs eləməz. Mən hələ onun sənətinin yolunu deyirəm. Sənətinin yolu həm də Rəmişin yoludur.

- Kitabda demək olar ki, əvvəldən sona qədər Rəmişin azad adam olmağından bəhs edilir. Rəmişin azadlığı - Seyran Səxavətin azadlığı - tərəzinin hansı gözü ağır gələr?

- ...Bizim azadlığımız arasındakı fərq deyəndə həm də bir şəxs, bir fərd olaraq bizim aramızdakı fərqdən söhbət gedir. Rəmiş musiqinin, səsin ona verdiyi imkan daxilində azad adam idi. Mən də sözün mənə verdiyi imkan daxilində azad olmuşam.

Mənə elə gəlir ki, səs, söz ikisi də bir beldən gəlib. Amma söz bir az səsə borcludur. Bax mən danışıram, söz deyirəm, bunu səslə deyirəm. Səs olmasa, mən nə deyə bilərəm?! Burası biraz qəliz məsələdir, elə qoy Aqilvari deyim, Rəmişvari də eşitsin - orda bir balaca Rəmişin ağlı olsa biməlidir ki, o yazı adamlarından səs adamı olaraq çox-çox yuxarıdadır. O, gitarasını sinəsinə basanda, qabaq-qabağa otursaq da, biz ona elə aşağıdan yuxarı baxmışıq ki, başımızdan papağımız düşüb...

- Azadlığından, sərbəst ruhlu olmağından danışmışkən, gəlin elə kitabda yer alan bəzi məqamlara da toxunaq. Məsələn, Rəmişin saçına və geyiminə görə müəyyən qadağalarla üzləşməsi.

- Rəmişin saçı Sovet hökuməti kimi nəhəng bir dövlət üçün problemə çevrilmişdi. Bizim böyük sənətkarlarımızdan olan Vaqif Mustafazadə də belə qadağalarla tez-tez üzləşirdi. Hətta 50-60 il bundan qabaq bir gün dövlət televiziyasının o vaxtkı sədri ona deyib ki, bığını, saqqalını, saçını bir qaydasına sal da. Özü də kabinetnə çağırıb deyir bunu... O da baxır sədrin başının üstünə, görür orda Karl Marksın şəkli, o da saqqallı, bığlı. Deyir: "Ay filankəs müəllim, budey, elə bizim rəhbərimiz də saç-saqqallı olub ki". Bununla da bu məsələyə birdəfəlik son qoyulur.

Rəmişdə də elə idi. Saç problemi, geyim problemi. Bunlar hamısı normal şeylərdir. Böyük sənətkarlar həmişə öz geyimlərinə oxşayıblar. Geyim insanın xasiyyətidir. Bax Seyran Səxavətin də əynindəki geyim deyil, öz xasiyyətidir. Ona görə də kiminsə geyiminə qəmiş qoymaq elə onun özünə qəmiş qoymaq deməkdir. Rəmiş heç kəsi vecinə almırdı - Rəmiş qəmiş götürmürdü.

- Povestdəki bir mövzuya da aydınlıq gətirməyinizi istərdim: Rəmişin pasport problemi nədən qaynaqlanırdı?

- Pasport da geyim kimi, uzun saç kimi problem idi. Pasportun olmamağı elə-belə şey deyil. Bu bilirsənmi nə deməkdir: Həmin o filankəslər, bəhmənkəslər (yəni dövlət adamları, "çinovniklər") Rəmişə pasport verməməklə onun nəhəngliyini sübut eləyiblər: Rəmiş, pasportu bu planetdə, Yer kürəsində yaşayanlara verirlər, sən bu planetin adamı deyilsən. Mən bunu belə yozuram, belə qəbul edirəm. Bu, mənim həqiqətimdir, heç kəs buna toxuna bilməz.

- Aqil Abbasın "Rəmiş"i ilə Seyran Səxavətin "Rəmiş"inin fərqli cəhətləri nədir?

- Rəmişi yüz adam tanıyıbsa, deməli, yüz Rəmiş var. Mənimlə Aqilin Rəmişi ekizdirlər. Amma mənim tanıdığım Rəmiş sözünə daha möhkəmdir, sözünün üstündə durandır... Mənə elə gəlir ki, mənim Rəmişim Aqilin Rəmişindən min dəfə yaxşı oğlandır. Aqilin Rəmişini çox istəyirəm, amma öz Rəmişimi lap çox istəyirəm.

- Əsərdə yazılıb ki: "2-ci-3-cü sinifdə oxuyanda müəlliməsindən xoşu gəlirdi. Xüsusilə də saçını sığallamasından". Seyran müəllim, ola bilərmi ki, Rəmiş o sığalın izini itirməmək üçün saçını uzadırdı?

- Bu sualın cavabını özün elə gözəl verdin ki, mən onu zədələmək istəmirəm, elə sən deyən kimidir. O sualın içində cavab da var. Nadir hallarda, çox nadir hallarda sualın cavabı həm də onun içində gizlənir. Elə sən deyən kimidir.

...- Povestdə Rəmişin bir qadına vurulması da təsvir olunub: "...Pəncərədən baxan xanıma vurulan Rəmiş eləcə gəlib evin önündəki daşın üstündə oturur və qızın baxmağından ləzzət alırdı". Bu nə cür sevgidir? Bu, aşiqliyin hansı qatıdır? Bu hissin adı nədir, Seyran müəllim?

- O, İçərişəhərdə daşın üstündə oturub baxırdı haa... Kitabı oxuyanda, orda bir yer var, mən orda ağladım bu yaşda. Məni ağlatmaq nə hər qadının işidir, nə hər kişinin işidir, nə də hər doğmanın. Yüz faiz hiss edirəm ki, sən də o məqamı duymusan.

Əvvəla ordakı o daş mənim yadıma bizim qədim "elçi daşı"nı saldı. Amma bu "elçi daşı" bizim qədim "elçi daşı" kimi öz borcunu yerinə yetirməyib də, belə deyək. Ümid verməyib.

Bir də orda bir yer var, "Pəncərənin balası" (belə deyək elə) düşür gəlir onun yanına, o, uşağa deyir: "Gözlə, bu dəqiqə gəlirəm". Gedib gitarasını gətirir verir ona və gedir. Uşaq evə gedəndə "Pəncərə-xanım" ağlayaraq deyir ki, o, bir də gəlməyəcək. İlahi, dəhşətdir bu. Cütlüklər var əsatir şəklində, dastan şəklində - "Leyli və Məcnun", "Əsli və Kərəm", Avropada "Ruslan və Lyudmila", "Romeo və Julyetta" var. Bunu oxuyanda mən bu qərara gəldim ki, dünyanı bir ovuc torpaq kimi dağılmağa qoymayan adını sadaladığım dastanların qəhrəmanlarının bir-birini sevməklə bu dünyaya etdiyi alqışlarıdır. Amma Rəmişin sevgisi onların heç birinə bənzəmir. Aqil Abbas sağ olsun, bu ilahi sevgini, bənzərsiz eşqi necə gözəl təsvir edib. Sevginin dili yoxdur, düzdürmü? Amma sən demə, var imiş. Rəmiş də o dili yaxşı bilirmiş. Elə o "Pəncərə-xanım" da. İkisi də bu dili çox yaxşı bilirmiş. Onlar xeyli söhbət ediblər, saatlarla danışıblar. Sadəcə biz bəni-adəm olaraq o dili bilmirik. O dildə oxumamışıq. Çünki o dildə məktəb yoxdur ki, gedib oxuyasan. Uşaq gitaranı gətirəndə "Pəncərə-xanımın" "o, bir də gəlməyəcək" dediyi yeri oxuyanda 5-6 dəqiqəlik hər şey yadımdan çıxdı. Dünyada o qədər yaddaşda qalmalı şeylər var. Əgər onların hamısı bir anın içində sənin yaddaşından tökülürsə, deməli, sənin yadaşın pozulub artıq, işləməyəcək. Amma əgər o yaddaş beş dəqiqə sonra bərpa olunursa, deməli, yaddaşlıq bir iş yoxdur...

- Seyran müəllim, bəs Rəmiş niyə bir daha gəlmir ora?

- Bax, o gitara hədiyyə verilən ana qədər gecə-gündüz o danışıb. Hətta o daşın üstündə oturmayanda da danışıb, mən buna yüz faiz inanıram. Gitaranı çalanda da danışıb. Bəlkə də "Pəncərə- xanım"la danışıqdır onun çalğıları. Və... İlahidən ona bir vəhy gəlib, hiss edib, duyub ki, o daşın üstündən durub, evinə çatana qədər bir balaca dincəlsin. O, çox yorulmuşdu. Bəşəriyyəti sevmək qədər çətin bir sevgidir Rəmişin o "Pəncərə-portret"ə olan sevgisi. Evə çatana qədər dincəlib. Evə çatan kimi, o, ruhən yenə elə o daşın üstə oturub.

Ümumiyyətlə, Rəmiş elə bütün həyatını daşın üstə yaşayab, mənə elə gəlir...

Mən bir dəfə demişdim ki, yumruq boyda daş Yer kürəsi boyda sıxılmış torpaqdır. Bu həm də elə Rəmişə də aiddir.

- Povestdə zaman-zaman Rəmişlə Paqanininin dialoqu, qarşılaşması yer alır. Siz onu kimə bənzədirsiniz?

- Aqil onu Paqaniniyə bənzədib, sağ olsun...

Paqanini çox böyük sənətkardır. Tarixdə elə böyük sənətkarlar az olub. Paqaninini mən rəssamlardan Van Qoqla müqayisə eləyərdim. Çünki sadəlövh olmasan, heç vaxt saf ola bilmərsən. Saf olmasan, nə böyük qonşu ola bilərsən, nə böyük ana ola bilərsən, nə böyük dost ola bilərsən, o ki qalmışdı böyük sənətkar olasan. Bu mənada oxşayıblar əlbəttə.

Mənim ürəyim gəlmir Rəmişi kiməsə bənzədəm. "Ötən günlər" verilişində Rəmiş haqqında demişdim. Aqil onu Paqaniniyə bənzədəndə mən bir balaca etiraz da elədim. Dedim, mənə elə gəlir, baxmayaraq ki, Paqanini daha əvvəl yaşayıb, Rəmiş Paqaniniyə yox, Paqanini Rəmişə oxşayır. Elə o fikrimdə də qalıram...

- Seyran müəllim, kitabın bəzi yerlərində müəyyən hissələrin təkrarına rast gəlirik.

- Hə, başa düşdüm səni. "Müəyyən yerlərdə" deyəndə ki, 3 yerdədir. Yaxşı eləyib bu sualı da verdin. Bu povest həm elə bil ki, böyük bir şeirdir, həm də məndən ötrü elə gözəl bir nəğmədir. Sənin də, mənim də "təkrar" hesab elədiyimiz o abzas yarım bir yeri mənə elə gəlir ki, Aqil Abbas üç dəfə qəsdən yazıb. O, nəqarətdir. Gözəl bir mahnıda nəqarət hansı rolu oynayırsa, bu povestdə də həmin o üç dəfə təkrar - nəqarət o rolu oynayır.

- Kitabın bəzi səhifələrində dini və mifoliji səhnələri əks etdirən illüstrasiyalara rast gəlirik. Bunlardan istifadənin səbəbi nə ola bilər?

- Kitablarda illüstrasiya ənənəsi olub bizdə. Hətta rəssamlar var, məsələn, Xalq rəssamı Arif Hüseynov - illüstrasiya rəssamıdır...

Mən kitabdakı illüstrasiyaların hamısına baxdım, çox qeyri-adi şeylərdir. Heç bilmirəm Aqil onu kimə çəkdirib. Amma yəqin ki, o rəssam əvvəlcə əsəri oxuyub, həmin ruha uyğun çəkib. Çünki oxumasa, bunu bu cür çəkmək mümkün deyildi...

- Bu povest Aqil Abbasın Rəmişə bir dost vəfası, dost sevgisi, dost bağının sözlə təzahürü idimi?

- Sən elə fikirləşirsənsə, çox sağ ol. Burda fərddən söhbət gedə bilməz.  Düzdür, Rəmişi gələcək nəsillərin də tanıması nöqteyi-nəzərindən bu, vacibdir. Amma bu, işin texniki tərəfidir də.

İki çay birləşən yerə "suqovuşan" deyirlər. Bayaq da dedim, baxmayaraq ki, Aqildən xeyli əvvəl Rəmiş öz əsərini, öz romanını yazıb. Bax, Aqilin Rəmişdən yazmağı - suqovuşandır. Bu suqovuşanın özü nəyə desən dəyər. Cənnətin filialı kimi baxıram mən suqovuşan yerlərə. Burda bir qovuşma da var axı - insani qovuşma - həsrətlilərin qovuşması, oğlunun davadan qayıtmasını gözləyən anayla balanın qovuşması. Suqovuşan müqəddəs yerdir, ora sadəcə iki suyun qovuşması kimi baxmaq, ifadəmə görə üzr istəyirəm, amma çox əbləhanə bir yanaşma olar!

- Seyran Səxavət-Rəmiş-Aqil Abbas... Hər üçünüzü birləşdirən bir dəyər də var: Segah. Niyə məhz seygah?

- ...Azərbaycanda belə hesab edirlər ki, 7 əsas muğam var. Bir dəfə mən televiziya çıxışlarımın birində demişdim ki, bu yeddi muğamın paytaxtı segahdır. Rəmiş də Qarabağdandır, mən də Qarabağdanam, Aqil də Qarabağdandır - Rəmiş də segahdandır, mən də segahdanam, Aqil də segahdandır...

...- Seyran müəllim, söhbətin əvvəlində vurğuladınız ki, kitabı birnəfəsə oxumusunuz. Təəssüratlarınızı öyrənmək istəyərdim.

- Burda mən həm qəhrəmanı tanıyırdım, həm də yazanı. Biri var Tolstoyun əsərini oxuyasan. Mən Tolstoyla oturub-durmamışam, tanımıram, onun qəhrəmanlarını da tanımıram. Tolstoy çox böyük yazıçıdır. Doğrudan, bu, tamam başqa bir şeydir. Biri də var yazanı da tanıyırsan, qəhrəmanı da tanıyırsan və sənə deyim ki, elə bil özünü də tanıyırsan axı. Bu üçlüyün içində oxunan kitab...

Bizim xalq həmişə çörəyə and içməklə bərabər, Qurana da, kitaba da and içib. Bu kitab da mənim üçün belə müqəddəsdir. Doğrudan da Allahın bu işlərdə əli var. Aqildə də əli var, Aqildən qabaq Rəmişdə də əli oub, Rəmişdən də qabaq gitarada... Bax belə bir dağınıq cavab verim.

Heç necə oxuduğumu bilmədim, ikinci cümlədən sonra məni qanadına alıb apardı. Siz də bu kitabı oxumusunuz, görürəm ki, əməlli-başlı məlumatınız var. Aqil gözəl yazıb, mən də çox gözəl oxudum - Aqil necə yazıbsa, mən də elə oxudum.

- Rəmişlə söhbət eləyə bildiniz?

- Aqil imkan verəndə Rəmişlə, Rəmiş imkan verəndə Aqillə söhbət elədik. Şablon da olsa deyəcəm, Aqilin humanist yazıçı kimi bir üstünlüyü burdadır ki, əsərdə ölüm səhnəsi yoxdur. Aqil sənətkar kimi bicin biridir. O, hiss eləyib ki, Rəmişin ölüm səhnəsini yazsa da, heç kəs buna inanmayacaq. Birinci növbədə mən inanmayacaqdım və telefonu götürüb ona ağzıma gələni deyəcəydim ki, bu, qeyri-mümkündür.

- Povestdə yazılıb: "Bu dəqiqə onun ürəyindən yalnız bir şey keçirdi. Ona görə də yavaş səslə otaqdakı tanımadığı adamlara dedi: Gitaramı istəyirəm". Bu cümlə məni çox düşündürdü. Dedim görəsən, mən canımı tapşıranda son arzum nə olacaq? Özümə verdiyim bu suala Seyran Səxavət nə cavab verər?

- Mən heç nə istəməyəcəm. Çünki ağlı olan adam ölümdən heç nə istəməz. Ölməmişdən qabaq ürəyimdən keçən bir şey olacaq ki, mən dünyada ölməyim, yuxudan ölümə köçüm. Qayıdaq ona ki, Rəmiş niyə gitarasını istəmişdi. Mifologiyamızda belə bir şey var: yaşlı bir ata can verir, dünyasını dəyişmək ərəfəsindədir. Yeganə bir oğlu var, o da uzaq bir səfərdədir. Həmin ata oğlunu görməyincə ölmür. Hətta ölüm də ona imkan verir. Mənə elə gəlir ki, o gitara Rəmişin atasıdırmı, anasıdırmı, yoxsa ona o istedadı verən Allahın portretidirmi? O gitaranı verməsəydilər, bəlkə də Rəmiş indiyə qədər elə can üstündə qalardı. Bax həmin o mifologiyamızda olan məsələni oxucularmızın yadına salıram ki, bilsinlər nəyə görə gitaranı istəyib.

- Deyirsiniz ki, bəlkə də Yaradanın bir əksi bilib istəyib gitarasını Rəmiş. Bəlkə elə Yaradan da Rəmişi onunla təkbətək qalmaq üçün, onu dinləmək üçün apardı?

- Bu, çox ağır sualdır... Belə bir variant da ola bilər: İnsan nəsə bir zəhmət çəkəndə, bir ev tikəndə onun içində bir uzanır, dincəlir, qohum əqrəbasını qəbul edir, balalarını böyüdür. O cəhətdən dəqiq olmasa da, deyə bilərəm, güman edə bilərəm ki, o barmaqlar ilahi bir vergi idi. Barmaqlar... Şərqdə indi də götürəndə əllər yemək yemək üçün istifadə olunur da. Ancaq çəngəl, ya da qaşıq rolunu oynayır. Əl ilə, yəni barmaqla ağız arasında çox qısa bir məsafə gedib-gəlib. Baxır o kimin barmaqlarıdır və o barmaq nəyə sürtülür. Rəmişin barmaqları da gitaranın pərdələrinə sürtüləndə ilahi möcüzə yaradırdı. Rəmiş həmişə gitara çalanda mən onun əllərinə, barmaqlarına xüsusi fikir verərdim. Əlləri gözümün qabağındadır. Rəmişin bir portreti var, əllərinin iki portreti. Qəribə də olsa, Rəmişin gitarasını "Kalaşnikov" avtomatına, əllərini də avtomatın güllə darağı var ha, bax ona oxşadırdım. Güllələyirdi də. Amma o güllə öldürmürdü, o güllə yaşadırdı, o güllə müalicə edirdi. Onun o "Kalaşnikov"u birdən sözünə baxmasaydı, Rəmiş onu çırpardı yerə...

İndi ağlıma gəldi ki, sən düz deyirsən, bəlkə Allah da ona qulaq asırmış... Buna inanıram.

Ölüm gəlmişdi gəlməyinə, amma Rəmişi apara bilmədi. Rəmiş həmişə öz istədiyi yerə gedib. Onu kimsə harasa məcbur apara bilməyib. Bunun uzun və dərin səbəbləri var.  Mən bilən bir balaca ağlı və hissiyyatı olan oxucu biləcək ki, biz səninlə burda nə deyirik. Ölüm də Rəmişin xətrinə elə bil özünü aldatdı. Axı ölüm də hesabat verir və buna görə də gəldi Rəmiş adıyla, Rəmişəbənzər kimisə, nəyisə götürüb apardı. Onun apardığı ayrı şeydir. Rəmiş bu gün də bizimlədir.

Pərvanə EYVAZQIZI

 





05.06.2026    çap et  çap et