525.Az

Görkəmli fikir və söz adamının 80 yaşına


 

XALQ ŞAİRİ SABİR RÜSTƏMXANLIYA DOST TƏBRİKİ

Görkəmli fikir və söz adamının 80 yaşına<b style="color:red"></b>

Hörmətli Sabir müəllim!

Ədəbiyyatımızın görkəmli nümayəndəsi, tanınmış ictimai-siyasi xadim, vətən sevdalı ləyaqətli şəxsiyyət olan Sizi - əziz dostumu anadan olmağınızın 80 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə təbrik üçün ürək sözlərimi yazmaq istəyərkən nədənsə ilk əvvəl yadıma bizim tərəflər, uşaqlığımızın, yeniyetməlik illərimizin keçdiyi, elə mənə də doğma, əziz olan Yardımlının dağları düşdü. Bir də elə sizin özünüzün bir ad gününüzə yazdığınız şeirdən misralar:

 

Elə sehir var ki, bu ucalıqda

Ürəyi dəyişir, vaxtı çaşdırır.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırır.

 

Qoy ruhunuz bundan sonra da hər zaman cavan qalsın! Sizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunduğunuz "Şərəf" ordeniniz də mübarəkdir!

Bilirsiniz ki, mən şairliyə iddialı deyiləm, ancaq daim poetik sözün, bədii düşüncənin tərəfindəyəm. İllər əvvəl o əlçatmaz poetik dünyanıza və zəngin yaradıcılığınıza xoş qibtəmin, səmimi vurğunluğumun ifadəsi olaraq Sizə - çox dəyərli şair dostuma "Bir sətir söz" başlığı ilə şeir yazmışdım. İndi bu yığcam təbrik sözlərimə həmin o şeirimi də qoşmağı gərəkli bildim:

 

Bir sətir söz...

Şair dostuma

 

Bir torpağın oğluyuq -

Buludlarla öpüşən

Dağların sinəsində

İki kənd, iki təpə.

Göylərin göz yaşıtək

Aradan bir çay axır:

Suyu ağ, günü qara!

O çayın sahilində

Sağ tayda sən yeridin,

Sol tayda mən yürüdüm.

Dil olub ötmək üçün,

Niyyətə yetmək üçün,

Bu yurdun, bu ocağın

Rişəsindən güc aldıq,

Güc aldıqca ucaldıq...

Əmmaməsi ağ duman,

Ağ saqqalı qırov, çən

Başı qarlı dağların

İlahi qüdrətindən

Sənə sözdən səltənət,

Hikmətdən pay düşübdür.

Mənə qaydasız oyun,

Bol hay-haray düşübdür...

Qalıb, ya getməliyəm?!

Sahilində durduğum,

Bu çay yaman dərindir!

Ürəyim atəşlidir,

Ayaqlarım yalındır...

Bir körpü at o taydan

Qoy bu çayı keçim mən.

Səndən umacağım var!

O tayda yol gözləyən,

Yurdum var, ocağım var.

O üstündə gəzdiyin,

Səmasında süzdüyün

Göy Tanrıdan pay olan -

O göyümsov buluddan

Bir azca pay ver mənə.

Bir çəngə ver, bir əlçim,

Gözüm üstə qoyum mən.

Şehə dönsün, ərisin,

Qarışsın göz yaşıma,

Damcı-damcı yaş olsun

Qətrə-qətrə içim mən.

Bir balaca söz olsun,

Lal olub qalmayım mən.

Taxtın nəyimə gərək?

O baxt da səninkidir,

O taxt da səninkidir.

Duyğunsa söz mülküdür,

Havasında üzürsən.

Üzdüyün o havadan

Bir udum ver, udum mən.

Bircə kəlmə söz olsun,

Dolum, qürrələnim mən.

Bulaqsan, qaynayırsan,

O çeşmə çox tanışdır,

Bulağından su ver ki,

Bir qurtum da içim mən.

Gəldi-gedər dünyadan,

Nisgilli getməyim mən.

Daha bir xahişim var:

 

Ölümümə bir sətir,

Bircə bənd yaz, sən Allah!

Qoy əbədi yaşayım,

Daha heç ölməyim mən!

 





05.06.2026    çap et  çap et