“Ötən illə müqayisədə banklardan kənarda nəğd pul vəsaitlərinin həcmi 14 faiz artıb. Bu artım diqqətçəkən göstərici olsa da, birbaşa kölgə iqtisadiyyatının genişlənməsi kimi dəyərləndirmək doğru yanaşma deyil. Bu artıma təsir edən bir sıra obyektiv iqtisadi amillər mövcuddur”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb li, inflyasiya fonunda qiymətlərin yüksəlməsi və əhalinin nominal gəlirlərinin artması dövriyyədəki pul kütləsini artırır. Ötən il əməkhaqlarında 9.3 faiz artım qeydə alınmışdısa, builki statistikada əhalinin nominal gəlirlərinin təxminən 7 faiz yüksəldiyi görünür. Bu isə insanların gündəlik istifadə etdiyi nəğd vəsaitlərin həcminə birbaşa təsir edir:
“Digər tərəfdən, Mərkəzi Bankın əsas məqsədi vəsaitlərin mümkün qədər bank sistemində cəmləşməsidir. Son illər həyata keçirilən sərt və ya “bahalı pul” siyasəti də məhz bu məqsədə xidmət edir. Faiz dərəcələrinin yüksək saxlanılması əhalini daha çox depozit yerləşdirməyə həvəsləndirir. Təsadüfi deyil ki, Mərkəzi Bank rəsmiləri çıxışlarında yeni depozitorların sayının artmasını xüsusi vurğulayırlar. Bu, bank sektoruna etimadın və yığımların artmasının göstəricisi kimi təqdim olunur".
Sevinc Qarayeva
çap et