Elə insanlar var ki, onlar imzası ilə tanınır. Elə insanlar da var ki, xarakteri, səxsiyyəti, özünəməxsus yazı tərzi, dərin və obrazlı düşüncəsi ilə tanınır. İkincilər imza atmasalar belə, yazdığlarından, yaradıcılıq manerasından tanınırlar. Hər bir yaradıcı şəxs və ya şəxsiyyətin adında daşıdığı adın mistikası hiss olunur. Bəzən insanın daşıdığı adla insanın xasiyyətini, xarakterini müəyyənləşdirmək olur. Hqqında bəhs etmək istədiyimiz Südabə xanım Ağabalayeva kimi...
Fars mənşəli Südabə adının mənası bir neçə məna çaları ilə izah olunur: adın kökü olan "sud" (süd) sözü farscada "xeyir", "fayda" mənalarını daşıyır. “Sud sözü "abə" hissəciyi ilə birləşdikdə isə "faydalı", "uğurlu" mənasını verir. Bəzi təfsirlərdə isə "ab" (su) sözü ilə əlaqələndirilərək "parlaq su" və ya "saf" kimi də yozulur. Həm qədim fars mənşəyindən, həm də daşıdığı simvolların enerjisindən qaynaqlanan Südabə adının mistik qatları belə təfsir olunur: “Adın kökü olan "Südab" farscada sədəfotu bitkisi deməkdir. Qədim inanclara görə, sədəfotu insanı bəd nəzərdən, mənfi enerjilərdən və mistik qüvvələrdən qoruyan bir vasitə hesab olunur. Bu, ada "mənəvi qalxan" energetikası bəxş edir”. Bəzi mistik və numeroloji şərhlərdə isə “Südabə adı "tünd, dərin su" simvolu ilə əlaqələndirilir ki, su daxili dünyanı, duyğuları və intuisiya gücünü təmsil edir. Bu, adın sahibinin zahirən sakit, daxilən isə çox dərin, sirlərlə dolu bir mənəviyyata malik olduğunu göstərir”. Yenə numeroloji təhlillərə görə, bu ad sahibinə aktiv və sürətli zəka bəxş edir. Bu enerji insanın daxili aləmində mürəkkəb, lakin cəlbedici bir sirr yaradır; o, həm intuitiv müdrikliyi, həm də ətrafdakıları dərindən hiss etmə bacarığını simvolizə edir. Ad həm də "mükəmməlliyə sahib olan" şəxs mənasını daşıyır. Bu mistik yanaşma, adın sahibinin həyatı boyu digər insanlara yol göstərən bir "işıq" və ya "şəfa" qaynağına çevriləcəyinə işarə edir. Bütün bunlar Südabə adını və adının mistikasını özündə cəmləşdirən Südabə xanım Ağabalayevanın mistik, zəngin mənəvi dünyasından xəbər verməklə yanaşı, mükəmməlliyə, dərin biliyə və zəngin düşüncəyə sahib olan, milli duyğularla yaşayıb yaradan zərif, gözəl, intellektual bir Azərbaycan qadını obrazı yaradır.
Hər bir insan induvidaldır, özünəməxsusluğu, bənzərsizliyi və peşəkarlığı ilə seçildiyi kimi, insanın xarakteri də onun adında, imzasında (qrafologiya) əks olunur. Südabə xanım heç bir ədəbi təxəllüsdən istifadə etmir. Onun imzası atasının adıdır: Ağabalayeva. imza xarakterin aynası: insanın daxili aləminin göstəricisidir. Əgər yuxarı meyilli imza optimizmi, çox sayda bəzəkli elementlər diqqət mərkəzində olma istəyini göstərirsə, Südabə Ağabalayevanın daşıdığı soyad, atasının adını imza kimi işlətməsi həmin nəslin davamçısı olduğunu vurğulamağa, ailə şərəfini təmsil etmək istəməsinə işarədir. Əgər imzada ad soyaddan daha böyük və qabarıqdırsa, bu, insanın fərdi uğurlarına və öz şəxsiyyətinə daha çox önəm verdiyini göstərir. Soyad (və ya ata adı) daha qabarıqdırsa, bu şəxs üçün ailə ənənələri və sosial status fərdi istəklərdən daha öndədir. Südabə xanım Ağabalayevada bunların hamısı öz əksini tapır. Yazımızı bu səpkidə başlamağımız təsadüfi deyil. Psixoloji təhlillərdə (qrafologiya) imza (ad) insanın dünyaya təqdim etdiyi "vitrinidir".
Tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru Südabə Ağabalayeva da təhlilə cəlb etdiyi yazılarında incə detallara əsasən insanın daxili aləmini, emosional vəziyyətini və gizli xüsusiyyətlərini üzə çıxaran bir qrafoloq kimi çıxış edir. Bunu onun araşdırma tədqiqatlarında və ədəbi şəxsiyyətlər haqqında yazdığı məqalə və esselərdə müşahidə etmək o qədər də çətin deyil. Ədəbi portret yazılarında sənət adamlarını təhlil edərək onların xarakteri, psixoloji vəziyyəti, hətta gizli bacarıqlarını təhlilə cəlb edərək maraqlı fikirlər bölüşür. Bizim Südabə Ağabalayeva adına və imzasına dəqiqliklə yanaşdığımız kimi, onun yanaşmalarında da imza insanın "bioloji möhürü", daxili dünyasının xaricə yansıması kimi xarakterizə olunur. Beləliklə, imza sənətkarın özünəməxsus üslubu, fəlsəfəsi və fərdi sənətkarlıq xüsusiyyətləridir. Adətən yaradıcı insanlar əsərin məzmununa, emosional təsirinə və fərqli üslubuna, çox zaman imzasına görə onu yadda qalır. Bəzi yaradıcı insanları şəxsən tanımasaq da, onların imzalarını tanıyır, gözümüz dövrü mətbuatda bu imzaların yazdıqlarını axtarır. Südabə xanımın adı və soyadı (imzası) ədəbi aləmdə və dövrü mətbuat səhifələrində hər zaman izlədiyim imzalardandır.
Yaradıcılığında milli dəyərlər və yaddaş məsələlərini önə çəkən Südabə Ağabalayevanın yaradıcılıq üslubu əsasən, tənqid və publisistikanın sintezi üzərində qurulub. O, məqalələrində təkcə ədəbi faktları təhlil etmir, apardığı təhlillər milli-mənəvi-etik dəyərlər və yaddaş müstəvisində araşdırır. Azərbaycan elmi və ədəbi mühitində ədəbi-tənqidi məqalələri, esseləri ilə tanınan Südabə Ağabalayeva eyni zamanda, “Karvan yolu, tənha yolçu”, “Vaxtın nə günahı...”, “Zamanla üz-üzə” kitablarının müəllifidir.
Müəllifin yaradıcılığının ilk dövrlərində qələmə aldığı ədəbi-tənqidi məqalələrdən və portret-yazılardan ibarət olan “Karvan yolu, tənha yolçu” kitabında əsasən, həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının nümayəndələri haqqında təhlillərin yer aldığı kitabda sənətkarın cəmiyyətdəki yerini və "tənha yolçu" kimi mənəvi missiyası araşdırılır. “Karvan yolu, tənha yolçu”, kitabı Südabə xanımın bir tənqidçi kimi ədəbi mühitə gəlişini təsdiq edən və onun fərdi üslubunun (elmi məntiqlə bədii-publisistik dilin vəhdəti) təməlini qoyan ilk sanballı topludur. Kitabın adındakı "tənha yolçu" obrazı müəllifin sonrakı yazılarında ("Vaxtın nə günahı..." kitabında) inkişaf etdirdiyi "öz orbitində qalan insan" fəlsəfəsinin ilk rüşeymləri hesab oluna bilər.
"Vaxtın nə günahı..." kitabı (2011) Südabə Ağabalayevanın fərqli illərdə yazdığı, əsasən ədəbi prosesi və mənəvi dəyərlərin təhlil edildiyi məqalələrin toplusu, eyni zamanda müəllifin bir tənqidçi və publisist kimi çoxillik müşahidələrinin bədii-fəlsəfi yekunudur. Kitabda müəllifin müasir Azərbaycan ədəbi prosesinə dair ciddi məqalələr yer alıb.
"İnsan öz orbitindən çıxanda..." və ya bu mövzulu esseləri tənqidçinin yaradıcılıq fəlsəfəsini ən yaxşı şəkildə ifadə edir. Ana xəttini insanın daxili parçalanması tutan məqalədə, müəllif müasir dövrün ən böyük ağrısını, yadlaşmanı təhlilə cəlb edir. "Orbit" simvolundan istifadə edərək bildirir ki, hər bir insanın mənəvi dünyasının bir mərkəzi (vicdan, kök, ailə, həqiqət) olmalıdır. İnsan "orbitindən çıxanda" sadəcə özünü deyil, ətrafındakı dünyanı da xaosun içinə çəkir.
Təhlili vaxtın günahı yox, insanın seçimi istiqamətləri üzərində aparılır. Tənqidçi, “biz çox vaxt mənəvi aşınmanı "zamanın tələbi" və ya "müasirlik" adlandıraraq özümüzə bəraət qazandırırıq. Ancaq vaxt cansız bir axındır, ona rəngi və mənanı insan verir. Əgər bir dövrdə yalan və saxtakarlıq artırsa, bu vaxtın yox, həmin vaxtda, maddi və mənəvi dəyərlərin toqquşduğu bir zamanda yaşayan insanın seçimi olduğunu vurğulayır. "Orbitdən çıxmağı" insanın öz daxili səssizliyini itirib, kütləvi şüurun və maddi maraqların quluna çevrilməsi kimi qiymətləndirən müəllif, təhlildə texnologiyanın və maddiyyatın sürətlə inkişaf etdiyi bir dövrdə insan ruhunun arxa planda qalmasına diqqət çəkir. Tənqidçi haqlı olaraq insanın "orbitinə" qayıtmasına kömək etməyi ədəbiyyatın əsas vəzifəsini olaraq görür. Müəllifin qənaətincə, yaxşı əsər oxucunu güzgü qarşısına qoymalı və onu öz daxili dünyası ilə üz-üzə gətirməlidir.
Südabə Ağabalayevanın düşüncələrinə və "Vaxtın nə günahı..." kitabındakı fəlsəfəyə əsaslansaq, insanın öz orbitində qalması üçün ən vacib olan amil mənəvi bütövlük, insanın daxili vicdanı ilə üz-üzə qalmaq bacarığıdır. İnsan kütləvi şüura və başqalarının diktə etdiyi "saxta dəyərlərə" uymamalı, öz orbitində qalmaq üçün hər şeydən əvvəl, daxili səsinə (vicdanına), milli-mənəvi köklərinə sadiq qalmalıdır.
Müəllif hesab edir ki, milli-mənəvi köklərə sadiqlik insanı "uçub getməkdən" və ya orbitdən çıxmaqdan qoruya bilər. İnsan, keçmişinə, milli-mənəvi dəyərlərə bağlı olmalıdır. Keçmişinə, mənəvi dəyərlərinə bağlı olmayan insan kənar təsirin qarşısında dayana bilməz. Müəllif, eyni zamanda insana yaşadığı zamanın qarşısındakı məsuliyyətlərini də xatırladır. İnsan həm öz hərəkətləri, həm də yaşadığı zaman qarşısında məsuliyyət daşımalıdır. Südabə xanımın kitabına ad olaraq seçdiyi "Vaxtın nə günahı var?" - sualı da məhz bu düşüncələrdən doğur; “insan günahı zamana yükləməməli, öz iradəsinə yükləməyi bacarmalıdır. “Orbit”də qalmaq bir növ daxili intizamdır. Orbitdə qalmağın əsas şərti ruhun ehtiyaclarını maddiyyatın kölgəsində qoymamaqdır. Çünki insanı öz orbitindən çıxaran ən böyük qüvvə maddi ehtiraslardır”.
Müəllifə görə, orbitdə qalmağın yolu "insanın öz içindəki işığı qoruması"ndan, öz işığını qorumaq ruhun ehtiyaclarını maddiyyatın kölgəsində qoymamaqdan”, mənəvi köklərindən qopmamaqdan keçir. İnsanın fərdi faciəsi öz mənəvi köklərindən qopanda başlayır. Fərdi faciələr isə birləşərək cəmiyyətin ümumi böhranına çevrilir. Məqalə, bir növ oxucuya xəbərdarlıq edir, insan olduğunu, insanın məsuliyyətlərini xatırladır. Müəllif cəmiyyətdəki mənfi halları, mənəvi aşınmanı "vaxtın üstünə yıxan" insanlara səslənərək bütün proseslərin mərkəzində insanın dayandığını, günahı vaxtda deyil, ondan necə istifadə edən insanda axtarmaqda olduğunu vurğulayır. Qeyd edək ki, hər şeyə görə vaxtı günahlandırmaq, bir az da vaxtı düzgün dəyərləndirə bilməyənlərin bəhanəsidir.
Bütövlükdə, kitabdakı məqalələrin əsas qayəsini mənəvi-sosial mövzular, müasir dövrdə mənəvi atmosferin qorunması və "insanın öz orbitindən çıxma ehtimalı", - kimi problemlər təşkil edir.
Tənqidçi müasir yazıçıların yaradıcılığını təhlil edərkən ədəbiyyatın cəmiyyətdəki yerini və funksiyasını da təhlil edir, “insan-cəmiyyət-zaman” vəhdətini araşdırır, nakam şairimiz Mikayıl Müşfiq haqqında yazısında “Zamandan güclü” yanaşması ilə çıxış edir. “Sınıq ümidlərlə yaşamaq olmur” kimi esselərində müəllif bədii və fəlsəfi təfəkkürünü oxucularla bölüşür. Ədəbi portretlər cərgəsində İsa İsmayılzadəni “60-cı illər poeziyasının yenilikçi nəfəsi” kimi, İnqilab İsaqı müasir Azərbaycan şeirini "urvatda saxlayan" imzalardan biri kimi qiymətləndirir. Tofiq Məliklinin polemika mədəniyyəti və filoloji görüşləri haqqında fikirlərini onun yaradıcılıq nümunələri əsasında təhlil, Mənzərə Sadıqovanın yaradıcılığındakı "insan-cəmiyyət-zaman" münasibətlərini və qlobal dəyişikliklərin əsərlərdəki inikasını tədqiq edir.
Bütövlükdə, Südabə Ağabalayevanın son illərdə yazdığı ədəbi-tənqidi məqalələri, esseləri və publisistik yazıları toplanmış “Vaxtın nə günahı...” kitabdakı yazılarla “Karvan yolu, tənha yolçu”ndakı yazılarda mahiyyət etibarı ilə üst-üstə düşən məqamlar çoxdur. Məqalələrin hər biri mahiyyətə nüfuz etmək, mövzu ilə bağlı müstəqil fikir söyləmək bacarığı, yüksək təhlil mədəniyyəti, eləcə də orijinal fərdi üslubu və axıcı təhkiyəsi, səlis və rəvan dili ilə seçilir. Müəllif “bədii təsvirlərdən, ritorik suallardan və fəlsəfi ümumiləşdirmələrdən istifadə edərək oxucunu bir növ mənəvi dialoqa çağırır”. "İnsanın öz orbitindən çıxması"nı müasir dövrün ən böyük problemi hesab edən tənqidçinin yazılarında xalqın taleyi, milli-mənəvi dəyərlərin qorunması və qloballaşma dövründə fərdin özünüitirmə qorxusu kimi mövzular qırmızı xətlə keçir. Əslində, “Vaxtın nə günahı...” kitabı, tənqidçinin "Zaman və İnsan" qarşıdurmasına özünəməxsus baxışıdır.
Tənqidçi-publisist Südabə Ağabalayevanın yüksək sənətkarlıqla qələmə aldığı “Zamanla üz-üzə” kitabı sayca üçüncü kitabıdır. Monoqrafiyada Azərbaycan Xalq şairi Mirvarid Dilbazinin 70 ildən artıq davam edən yaradıcılıq yolunu, ədəbi fəaliyyətini, onun Azərbaycan poeziyasına gətirdiyi yenilikləri, özünəməxsus üslubunu, bütövlükdə elmi tərcümeyi-halını təhlilə cəlb edərək, şairənin poeziyasının ana xəttini təşkil edən vətən sevgisi, doğma yurdun təbiətinə bağlılıq və milli ruhun tərənnümü kimi məsələlərə elmi nöqteyi-nəzərdən işıq tutulur. Yaradıcılığındakı zərifliyi, ana obrazının ucalığını və Azərbaycan qadınının mənəvi dünyasının bədii əksi dərindən araşdırılır, şairənin uşaqlar üçün yazdığı dəyərli nümunələr və bu əsərlərin gənc nəslin tərbiyəsindəki rolu qeyd olunur.
“Həyat elə bir yazıdır...” fəlsəfəsi ilə açılan kitabda Mirvarid Dilbazinin “Portret cizgilər”inə işıq tutulur, söz adlı səltənətinə boylanır. Oxucunu “şöhrətli nəsildə, əsilzadə soyadda doğulmuşsa da, bu şöhrətin kölgəsində xumarlanmaq, ürəkdolusu barınmaq nəsibi olmamış” şairənin nəsil şəcərəsinə, “bəyliyi Səfəvi şahlarının zamanına gedib çıxan Dilbazoğullarının - Dilbazilərin... kimliyinə işiq tutur.
XX əsr Azərbaycan zadəganları, böyük şəxsiyyətləri, həmçinin Dilbazoğullar şəcərəsi üçün ağır və ziqzaqlı, ağır illəri kimi təqiblər və sürgünlərlə yadda qalır. Sovet imperiyasının ucqarlara qədər uzanan caynaqları Dilbazoğllarından da yan keçməmişdi: “Siyasətin acı küləkləri bu yerlərdə də əsirdi. Mustafa ağanın iki oğlu yeni quruluşla barışmayıb, Türkiyəyə keçdi, evlərini də məktəb binasına çevirdilər...”
30-cu illərdə Qazaxıstana sürgün edilən ailədən vətənə qayıtmaq yalnız Mirvarid xanımın nənəsi Sayalı xanıma nəsib olur. Sayalı xanımın sürgün illərindən söylədikləri şairənin yaddaşında əbədiləşən “Mirvarid xanım heç vaxt qürbətdə yaşamadı, amma Mirvarid xanımda həmişə bir qürbət yaşadı”.
XX əsrin əvvəllərində ağaların, bəylərin taleyi hər kəsə məlumdur. “Dərd də gələndə batmanna gəlir”, - misali itkilərin ardı-arası kəsilməyən sərt və acımasız bir zamanla üz-üzə qalan bir qızın həyat mücadiləsi belə başlayır. “Mirvarid zamanla üz-üzə” dayanır, ağır və çətin həyat mücadiləsindən üzüağ çıxır. Xəyalları gerçəkləşir. Gənc Mirvarinin xəyallarının gerçəkləşməsindən monoqrafiyanın “Nağıldan gerçəyə” başlıqlıq hissəsində bəhs olunur: “İyirminci illərdə isə Paşa ağanın qızları Nəriman Nərimanovun təşəbbüsü ilə açılmış Bakı Qızlar Seminariyasında - Mehdi ağa Vəkilovun qızı Mədinə xanım Qiyasbəyova-Vəkilovanın təklifi və qayğısı ilə təhsil aldılar. Seminariyanı qızıl medalla bitirib müəllimliyə başladılar...” Gənc Mirvarid Dilbazi “Qadınların hürriyyəti” adlı şeiri ilə ədəbiyyata qədəm qoydu. Ömür hekayəsini, duyğularını, hisslərini, vətən məhəbbətini, misralarına pıçıldadı. “Zamanla üz-üzə” monoqrafiyasında şairənin həyat və yaradıcılığı, yaradıcılığına baxış, son olaraq xatirələri yer alır. “Zamanla üz-üzə” qalan Mirvarid Dilbazinin yaşadıqları və yazdıqları Südabə xanımın qələmində yenidən canlanır, cilalanır.
Qeyd edək ki, Südabə Ağabalayevanın yaradıcılığı da ədəbi tənqidin diqqətindən kənarda qalmır. Azərbaycanın tanınmış ədəbiyyatşünasları, tənqidçiləri və sənət dostları müxtəlif vaxtlarda müsbət rəy və məqalələrlə çıxış edərək onun ədəbi tənqid sahəsindəki fəaliyyəti yüksək qiymətləndirilib. Akademik Nizami Cəfərov tənqidçinin “Vaxtın nə günahı...” (2011) kitabı haqqında “Respublika” qəzetində “Kövrək sətirlər” adlı məqalə ilə çıxış edib, tanınmış tənqidçi, ədəbiyyatşünas Vaqif Yusifli Südabə Ağabalayevanın yaradıcılıq üslubu və ədəbi fəaliyyəti haqqında müxtəlif yazılarında bəhs edib, ədəbiyyatşünas və tənqidçi Nərgiz xanım Cabbarlı Südabə Ağabalayevanın həm redaktor müavini kimi fəaliyyətini, həm də onun müasir ədəbi prosesə münasibətini müxtəlif ədəbi görüşlərdə vurğulamışdır. Yazıçı-publisist Mənzərə Sadıqova yaradıcılığına həsr olunmuş təhlillər kontekstində Südabə xanımın tənqidçi mövqeyi və “Vaxtın nə günahı...” əsərindəki “insan-cəmiyyət-zaman” münasibətlərinə dair fikirlərini bildirmişdir”.
Akademik Nizami Cəfərovun “Kövrək sətirlər” məqaləsi Südabə xanımın yaradıcılığı haqqında yazılmış ən sanballı yazılardan biridir. Məqalədə, “Tənqiddə qadın həssaslığı” məsələsinə toxunan akademik Südabə Ağabalayevanın tənqidi yazılarının quru, sxematik təhlillərdən uzaq olduğunu, onun tənqidə bir esseist, bir sənətkar kimi yanaşdığını qeyd edir, “Südabə xanımın tənqid etdiyi obyekti (əsəri və ya müəllifi) “canlı bir orqanizm” kimi hiss etdiyini, onun yazılarında qadın həssaslığı ilə elmi məntiqin birləşdiyini” xüsusilə vurğulayır. Həmçinin kitabın bir tənqidçinin zamanla hesabatı olduğunu, “Vaxtın nə günahı...” kitabındakı yazıların oxucunu mənəvi təmizlənməyə səslədiyini qeyd edir.
Tanınmış tənqidçi ədəbiyyatşünas, Vaqif Yusifli Südabə Ağabalayevanı müasir ədəbi tənqidimizin “vicdanlı səslərindən biri” kimi xarakterizə edir. Eyni zamanda Südabə xanımın “Azərbaycan” jurnalındakı fəaliyyətini və Mirvarid Dilbazi haqqında yazdığı monoqrafiyasını yüksək qiymətləndirərək, onun klassik irslə müasir ədəbi proses arasında möhkəm bir körpü yaratdığını vurğulayır.
S.Ağabalayevanın dövri mətbuatda təqdim edilən “Söz vaxtı: Fikrət Qocanın poemalari mənəvi dəyərlər kontekstində” (“525-ci qəzet”), Vaqif Bayat Ödər yaradıcılığını təhlil etdiyi “Məndən qəmli məktub yoxdu...", “Min qılınca bir qələm” (“525-ci qəzet”), İsi Məlikzadəyə həsr etdiyi “Kölgə-adam”, “Ədəbiyyatın fəxri vətəndaşı“, Musa Yaqub haqqında yazdığı “Sərhədpozan”, “Yaşamaq istədiyini yaşamaq istəyən qorxular - Ramiz Rövşən yaradıcılığı aksiosfera müstəvisində”, “Yüz ilin birinciləri - Mustafa Quliyev”, (Ədəbiyyat qəzeti), “Hər şeyə rəğmən yaşamaq” (“Azərbaycan” jurnalı) "Bu insan mənə tanışdır" məqalə və məruzələri ("Yusif Səmədoğlu yaradıcılığı milli yaddaş kontekstində") müasir ədəbi mühitin mənəvi atmosferi və tənqidçinin rolu haqqındadır. Onun ədəbi-tənqidi vəya essevari yazılarına verdiyi adlar birbaşa haqqında yazacağı sənətkarın təqdimatına xidmət edir. Azərbaycanın tanınmış şairi Musa Yaquba həsr etdiyi məqaləsindəki “Musa Yaqub, budu ha, ömrünün yaxası vaxtın əlində, vaxt bir az qabaqda, bir az geridə - elə bir ilahi yerdə durub ki...” sözlərində şairin sənətkarlığı və ədəbiyyatdakı yeri o qədər konkretləşdirilib ki... “Bir az qabaqda, bir az geridə - ilahi bir yerdə duran” şairin nəhəng portreti oxucunun gözü önündə canlanır.
Südabə Ağabalayevanın yaradıcılığında və araşdırmalarında Rəsul Rza şəxsiyyəti xüsusi yer tutur. Müəllif “Mən onu tanıyıram” məqaləsində Rəsul Rzanı təkcə bir novator şair kimi deyil, həm də daxili dünyası, mənəvi dözümü ilə bir fenomen kimi təhlil edir. Şairin yaradıcılığına fərqli bir baxış bucağı təqdim edir, şairin yaradıcılığını onun xarakteri ilə eyniləşdirir, şeirlərindəki kəskinlik və səmimiyyəti insanın daxili "mən"inin inikası”, mənəvi aşınmalara və çətinliklərə qarşı duran bir iradə rəmzi kimi kimi dəyərləndirir. Yenilikçi ruhunun (sərbəst şeir və s.) insana olan böyük sevgisindən qaynaqlandığını vurğulayır: - “Mən onu görməmişəm - bir əsrdə, bir şəhərdə yaşamışıq. Mən onu tanıyıram - bu “tanıyıram” qənaəti onun şöhrətindən yox, “Şair dərdlilərdə həmdərd doğulur”, - fikrindən boy verir. Və onu da dəqiq bilirəm ki, ucuz zövqün, bəsit düşüncənin ah-zarı, “öldüm-yandım” qınından sıyrılmağı ağlının ucundan belə keçirməyən “əzabkeş” “Mən”in dərdindən çox uzaq, lap qütb uzaqlığında duran həmdərdlikdir bu”. Mən onu tanıyıram. Özü verib tanışlığı: ”İnsanlardan soruşun, /Onlar məni tanıyır”.
Onu tanıyan insanların xatirə işığında şair Rəsul Rza “ömür pəncərəsini sabaha açır”, “ötüb keçənlərə, gələnlərə üz tutur”. Xalq şairi Rəsul Razanı kim tanımır, kim sevmir ki... Təbii ki, hər kəs sevir, lakin Südabə xanımın təqdimatından bir başqa, həm tanıdığımız, həm də tanımadığımız bir Rəsul Rza boylanır. İnsanı sevən, insana dəyər verən, “bəzən ən sərt”, bəzən ən kövrək şairi… “Bir qəlbin səsi, insanlığın qəlbində əks-səda verir: “Mən nə istəyirəm? /Ciyər dolusu hava!/Könül dolusu sevinc!”
“Yaşamaq istədiyini yaşamaq istəyən qorxular - Ramiz Rövşən yaradıcılığı aksiosfera müstəvisində” adlı məqaləsində Südabə Ağabalayeva şairin yaradıcılığına fərqli bir rakursdan yanaşır: “Onu heç vaxt oxumadım, oxumaq da istəmədim. /Oxunmaqçün yazmadı da.../Sükutunun söylədiklərini dinləsinlər istəyilə yazdı, məncə. Acılarda arzuların nəğməsini, həsrətlərdə məsudluğun kimyasını, kürsülərdə səssizliyin cəbrini, xatirələrdə gələcəyin feilini dinləsinlər - istədi./Düşüncələri dünyalarından geniş olanlara güvənib yazdı. Yazdı ki, onu olduğu kimi tanısınlar: zamandan asılı olmayan, dəyişməz və ardıcıl...” “Kimsə onu bu qədər dəqiq, aydın və doğru ifadə etmədi bugünəcən. Sevənləri ifrat sevdi, şübhələr də kəm olmadı”. Söhbət oxunan və sevilən, bəlkə də ən çox oxunan və sevilən Ramiz Rövşəndən gedir. S.Ağabalayevanın “oxumadım” dediyi müəllifi və onun yaradıcılığını “aksiosfera müstəvisində” təhlil və təqdimatından sonra Ramiz Rövşəni oxumamaq suçdur, imkansızdır. Ən qorxulu yıxılmaq "özündən yıxılmaq”dır, ən qorxulu ölüm işdən ölməkdir, ən ağır cəza unudulmaqdır. “Bu dünyada sən yıxılan ucalıqlar qalacaq”- yazan şair, yerini, məqamını bilir, tənqidçinin təbirincə desək, “bir az eqoist”cəsinə olsa da.
Südabə xanımın esse üslubundakı yazıları, sanki oxucu ilə pıçıltılı, səmimi bir ünsiyyət qurmağa hesablanıb. Milli-mənəvi yaddaşa köklənən, fəlsəfi-psixoloji dərinlik duyulan bu yazılarda “Zaman və İnsan faktoru: qırmızı xətt kimi keçir. Müəllif ədəbi qəhrəmanların mənəvi dünyasını və “mən”ini incələməyi sevir, yaradıcılığın insan ruhunu oyatmaq gücünə inanır”. “Vaxtın nə günahı...” və “Zamanla üz-üzə” kitabları bu yanaşmanın əyani nümunəsidir.
Südabə Ağabalayevanın “Karvan yolu, tənha yolçu”, “Vaxtın nə günahı”, “Zamanla üz-üzə” kitabları və “Azərbaycan” jurnalında dərc olunmuş yazıları öz “əlvan düşüncə improvizələri” ilə təkcə publisistikamıza deyil, çağdaş Azərbaycan ədəbiyyatşünaslığına da fərqli bir üslub mədəniyyəti gətirməkdədir. Südabə Ağabalayevanın yazdıqları vitrinlik deyil, dərinlikdir. Uğurlar olsun!
Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru

çap et