525.Az

Laçında “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur: layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək


 

Laçında “Yeni Yaşayış Məhəlləsi”nin təməli qoyulur: <b style="color:red"> layihə yüzlərlə iş yerinin yaranmasına töhfə verəcək</b>

Laçın şəhərində növbəti iri yaşayış layihəsinin icrasına başlanılır. Şəhərin inzibati ərazisində inşa ediləcək “Yeni Yaşayış Məhəlləsi” həm mənzil fondunun genişləndirilməsi, həm də yerli əhalinin məşğulluq imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə 525.az-a məlumat verən Laçın rayonunda Prezidentin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib ki, artıq layihə üzrə hazırlıq və mobilizasiya işlərinə start verilib.

Onun sözlərinə görə, tikinti müddəti 24 ay olaraq müəyyənləşdirilib. Hazırda ərazidə şaquli planlama və tikinti sahəsinin hazırlanması istiqamətində işlər aparılır:

"Ümumi sahəsi 57 min 470 kvadratmetr olan yeni yaşayış məhəlləsi Laçının şəhərsalma konsepsiyasına uyğun şəkildə layihələndirilib. Burada yalnız yaşayış binalarının deyil, sakinlərin rahatlığı və sosial rifahı üçün zəruri olan ictimai məkanların da yaradılması nəzərdə tutulur. Layihə çərçivəsində idman meydançaları, uşaq oyun sahələri, söhbətgahlar, yaşıllıq zolaqları və istirahət məkanları salınacaq".

Xüsusi Nümayəndəliyin rəsmisi qeyd edib ki, layihəyə əsasən ərazidə ümumilikdə 19 çoxmənzilli yaşayış binası inşa ediləcək:

Bunlardan 11-i iki bloklu, 8-i isə bir bloklu olacaq. Binalar 3, 4 və 5 mərtəbədən ibarət olmaqla ümumilikdə 340 mənzili əhatə edəcək.Mənzil fondu müxtəlif ailə tərkiblərinin ehtiyacları nəzərə alınaraq formalaşdırılıb. Layihədə 57 ədəd birotaqlı, 122 ədəd ikiotaqlı, 98 ədəd üçotaqlı, 44 ədəd dördotaqlı və 19 ədəd beşotaqlı mənzilin tikilməsi nəzərdə tutulur. Məhəllənin mühüm üstünlüklərindən biri də yaşayış və iqtisadi fəaliyyət imkanlarının bir arada yaradılmasıdır. Belə ki, çoxmənzilli binaların zirzəmi hissələri avtomobil dayanacağı kimi layihələndirilib. Eyni zamanda 10 yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış və ticarət sahələri nəzərdə tutulub. Bundan əlavə, ayrıca fərdi ticarət obyekti də inşa ediləcək.

Ümumilikdə 3500 kvadratmetr sahənin ticarət və xidmət obyektləri üçün ayrılması gələcəkdə yeni biznes təşəbbüslərinin formalaşmasına, xidmət sektorunun genişlənməsinə və əlavə məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq".

"Layihənin sosial-iqtisadi əhəmiyyətini artıran əsas məqamlardan biri isə tikinti prosesində yerli sakinlərin məşğulluğuna üstünlük verilməsidir. Satınalma şərtlərinə uyğun olaraq qalib podratçı şirkətə tikinti işləri zamanı yerli əmək resurslarından istifadə etməsi tövsiyə olunub. Bu yanaşma layihənin yalnız tikinti infrastrukturu ilə məhdudlaşmadığını, eyni zamanda bölgədə iqtisadi aktivliyin yüksəldilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etdiyini göstərir.

Layihənin icrası tikinti sektorunda çalışan peşə sahibləri üçün yeni əmək imkanları yaradacaq, gələcəkdə fəaliyyət göstərəcək ticarət və xidmət obyektləri isə daimi məşğulluğun formalaşmasına töhfə verəcək.

Laçında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramının tərkib hissəsi olan “Yeni Yaşayış Məhəlləsi” şəhərin müasir inkişaf konsepsiyasına uyğun yaşayış mühitinin formalaşdırılmasına, iqtisadi canlanmanın sürətlənməsinə və sakinlərin rifahının yüksəlməsinə xidmət edəcək. Layihənin tamamlanması ilə şəhərin yaşayış fondu daha da genişlənəcək, sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar yaranacaq və bölgənin sosial-iqtisadi inkişafına əlavə təkan veriləcək", - deyə Hüseyn Quliyev qeyd edib.

 





05.06.2026    çap et  çap et