Dünya böyükdür, çox böyük. Dünyanın maketi olan qlobusa baxanda adam dürlü-dürlü xəyalların, arzuların qanadında uçur, diyar-diyar dünyanın başına dolanır. Ölkələr var ki, boz səhraları, dağları, ölkələr var ki, zümrüd meşələri, çağlayan suları ilə yaddaşlara hopur. Dünyanın qırış-qırış, rəngbərəng üzündə min cür sirr yatır. Hər gün dünyada milyonlarla insan dünyaya gəlir, bəlkə bir o qədər də dünyadan köçür. Hərənin bir cür xasiyyəti, hərənin bir cür alın yazısı var. Hər kəs öz qəlbində min arzu, min dilək daşıyır...
Yaşayırıq, gözlərimizin önündən nəsil-nəsil insan karvanı ötüb keçir. Amma bu karvandan kimlər dünyanın yaddaşında ilişib qalır, bax, söhbət də elə bundadır. Mətləb də məhz budur. Zaman və məkan anlayışı ilə yanaşanda, hərənin getdiyi yol, açdığı cığır geridə buraxdığımız tarixin bir sətiri, bəlkə də bir səhifəsidir. Əgər bu yolda insan xalqına, elinə, obasına və nəticədə elə dünyaya fayda verirsə, demək, onun adı böyük hərflə tarixin səhifələrinə yazılmağa layiqdir.
Məmmədov Habil Nurkişi oğlu
27 iyun 1966-cı ildə Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuş, 1973-1983-cü illərdə Köhnəbazar kənd orta məktəbində orta təhsil almışdır. Məktəbdə oxuyarkən rəssamlığa, şeir yazmağa maraq göstərmiş, Kürdəmir rayonunda çıxan “İrəli” qəzetində bir neçə məqalə ilə çıxış etmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1991-ci ildə Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 1991-94-cü illərdə BDU-nin aspirantı olmuşdur. 1996-cı ildə “Muğanın maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)” adlı namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Dissertasiya Muğan bölgəsinin tarixi-etnoqrafik aspektdən araşdırılmasına dair ilk tədqiqat işi hesab edilir. 2013-cü ildə “Azərbaycan Respublikasi ilə Şərqi Avropa ölkələri arasında mədəni əlaqələr (1991-2008-ci illər)” adlı elmlər doktorluğu dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1995-2003-cü illərdə Bakı Dövlət Universitetinin Azərbaycanşünaslıq ETL-də böyük elmi işçi, 2003-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, Avropaşünaslıq və Azərbaycan multikulturalizmi və ictimai elmlər kafedralarında dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. 2014-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının, 2020-2023-cü illərdə AR Elmi Tədqiqatların Əlaqələndirmə Şurasının Beynəlxalq münasibətlər üzrə Elmi Şurasının, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda Müdafiə Şurasının, BDU-nun Tarix fakültəsində Müdafiə Şurasının nəzdindəki Elmi seminarın tərkibində fəaliyyət göstərir. Professor H.Məmmədov hal-hazırda da Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvüdür. O, 2 monoqrafiya, 1 dərslik, 5 dərs vəsaiti, 1 kitab (tərcümə) 80-dən çox elmi məqalə və konfrans materialları, 20-dək proqram və 2 metodik vəsaitin müəllifidir. Elmi məqalələri Rusiya Federasiyasında, Ukraynada, Polşada, Qazaxıstanda və Bolqarıstanda çap edilmişdir. Habil müəllim Azərbaycanda Bolqarıstanın, Ukraynanın, Polşanın və digər slavyan ölkələrinin tarixinə dair ana dilində ilk dərslik və dərs vəsaitləri nəşr etdirərək respublikamızda slavyanşünaslığın tədrisi və öyrənilməsi işinə mühüm töhfə vermişdir.
30 ildən artıq ali təhsil müəssisələrində təcrübəsi olan bir pedaqoq, alim üçün kifayət qədər zəngin təcrübədən xəbər verir bu tərcümeyi-hal. Saatlarla, günlərlə arxivlərdə, kitabxanalarda saralmış kağızlar arasında axtarışlar aparmaq, tədqiqat obyekti olan bölgələrdə zaman xərcləmək insandan səbir, dözüm, iradə istəyir. Bakı Slavyan Universitetinin “Sosial elmlər və Regionşünaslıq” fakültəsinin dekanı Habil Məmmədovun həyat tarixçəsinə az-çox bələd olan biri kimi deyə bilərəm ki, onun zəhmətinin, əzminin az qismi yazılıb bu tərcümeyi-halda. Azərbaycan, Avropa və Şərq ölkələrinin tarixi, Dünyanın siyasi tarixi, Yeni dövr tarixi, Etnologiya, Beynəlxalq münasibətlər tarixi, Geosiyasət və s. fənləri gənc nəslə tədris edən cəfakeş alim yüzlərlə mütəxəssislər yetişdirmiş, neçə-neçə elm yoluna qədəm qoyan doktorant və dissertantlara elmi rəhbər olmuş, dəyərli tövsiyələri ilə yoluna çıraq tutmuşdur. Tanıyanlar bilirlər ki, Habil müəllim qaynar təbiətli insandır. O, Universitetin ictimai, elmi və mədəni həyatında fəal iştirak edir. Beynəlxalq konfransların, o cümlədən Bakı Beynəlxalq Humanitar Forumlarının iştirakçısı olmuşdur. Yüksək mədəniyyəti, ziyalılığı və nəzəri hazırlığı universitet rəhbərliyinin də nəzərindən yayınmamış, Habil müəllim kafedra rəhbərliyindən dekan pilləsinə qədər yüksəlmişdir.
“Əgər içindəki işıq ətrafı işıqlandıra bilmirsə, o da sönmüş kimidir” - nə gözəl demiş Əbu Turxan. Habil müəllimin işığı ətrafını da, ətrafdan ötəsini də işıqlandıra bilir.
Biz Habil müəllimlə 2019-cu ildə Kürdəmirin Tədqiqi,Təbliğinə dəstək İB- kürdəmirli ziyalıları bir yerə toplamağa təşəbbüs edən birliyi yaradarkən tanış olmuşduq. Əvvəllər haqqında eşitmişdim, ancaq şəxsən tanış deyildik. Düzdür, İB-yi rəsmən təsdiq etdirə bilməsək də, nəinki ətrafımızda olan, hətta ölkə xaricində yaşayan, çalışan həmyerlilərimizdən ibarət ziyalıların qrupunu yarada bildik. Çox böyük həvəslə birliyin ətrafına ziyalıları, yazarları topladıq. Pandemiya zamanı birliyin təşəbbüsü ilə onlayın konfranslar, vebinarlar, kitab təqdimatları keçirdik. 44 günlük Vətən müharibəsi ərzində hər gün qələbə soraqlı tədbirlər, müzakirələr aparır, rayon xəstəxanasında müalicə alan yaralılara, şəhid ailələrinə baş çəkir, gənclərin hərbi vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədilə onlayn yığıncaqlar keçirir, kütləvi İnformasiya vasitələrində çıxışlar edirdik. Müharibə zəfərlə başa çatdıqdan sonra da bayram günlərində şəhid və qazi ailələrini tez-tez ziyarət edir, şəhid övladları üçün bayram şənlikləri, doğum günləri keçirir, canını vətən üçün fəda edən şəhidlərimizin anım günü tədbirlərində iştirak edir, məzarlarını ziyarət edirdik. Belə tədbirlərdən bir neçəsini sadalamaq istəyirəm. 2020-ci ilin iyul ayında Kürdəmirin Tədqiqi və Təbliğinə Dəstək İB təşkilatçılığı ilə “Kürdəmir XIX əsrin sufizm (nəqşibəndiyyə) mərkəzi kimi: Mövlanə İsmayıl Siracəddin Kürdəmiri (Şirvani) mövzusunda toplantı keçirildi. Onlayn toplantıya canlı olaraq feysbuk sosial şəbəkəsi vasitəsilə də 2000-ə yaxın insan – tanınmış alimlər, ziyalılar, ictimaiyyət nümayəndələri qoşulmuşdu. Həmin tədbirdə professor Habil Məmmədov təkcə Azərbaycanda deyil, Qafqazda, Yaxın və orta Şərqdə müsəlman aləminin ictimai-siyasi həyatında böyük xidmətləri olmuş Mövlana İsmayıl Siracəddin Kürdəmirinin (Şirvani) həyat və yaradıcılığından ətraflı bəhs etmişdi.
Habil Məmmədovun təşəbbüsü ilə Kürdəmirin TTD İB, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin 140 illik yubileyinə həsr olunmuş elmi vebinar konfrans keçirildi. Konfransda Təhsil Nazirliyinin, Kürdəmir rayon İH-nin, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin, AYB, ADU, BDU, BSU, AMEA Tarix İnstitutunun nümayəndələri, həmçinin Köhnəbazar məktəbinin xaricdə (Rusiya, Türkiyə, Ukrayna, Kanada, İsveç, İngiltərə, Amerika, Almaniya) yaşayan və fəaliyyət göstərən keçmiş şagirdlərinin də iştirak etdiyi tədbirin moderatoru İB-in sədri Habil Məmmədov idi. O, Bakıda yaşadığı, universitetdə çalışdığı üçün rayonda keçirilən tədbirlərin hamısında iştirak edə bilməsə də, telefonla əlaqə saxlayıb işlərimizlə maraqlanır, məsləhətlər verir, mənə zarafatla: - müavin ordadısa, arxayınam ki, hər şey yaxşı olacaq, - deyirdi.
Şanlı qələbəmizdən sonra Vətən müharibəsində canını Vətənə fəda edən 39 kürdəmirli şəhid haqqında yazdığım kitabın redaktoru və ön söz müəllifi də Habil Məmmədov oldu. Vaxtının məhdudluğuna baxmayaraq, şəhidlərimizlə bağlı və eləcə də vətənpərvərlik mövzusunda keçirdiyimiz tədbirlərdə can-başla iştirak etməsi də Habil Məmmədovun vətənpərvər olmasından, yurdsevərliyindən xəbər verir...
Böyük bir ailədə - külfət içində böyüyüb Habil müəllim. Qaraqocalı kəndində zəhmətsevərliyi, səmimiliyi ilə sevilən Nurkişi və Baxtilə ananın 8 övladının beşincisi - ən çalışqanı, ən sakiti, ən şirini, ən inadkarı olub Habil. Tutduğunu buraxmayan, müəllimlərin suallarına hamıdan cəld cavab verən, bütün tədbirlərin, ictimai işlərin mərkəzində olmağı xoşlayan bu yaraşıqlı, bir az çəlimsiz, sarışın oğlan müəllimlərinin də sevimlisi olub. Vaxtının çoxunu məktəbdə, ictimai tədbirlərdə, məktəb kitabxanasında, kitablar arasında keçirsə də, ata-anasına həyət-baca, təsərrüfat işlərində də kömək olub. Kolxozda kolxozçu işləyən Baxtilə ana 8 uşağın yeməyinə, ev işlərinə vaxt çatdıra bilməyəndə Habilin səliqə-səhmanını bəyəndiyi üçün tərəvəz əkib becərəndə, ağartı hazırlayanda Habili köməyə çağırarmış. Üç qardaşın kiçiyi olan Habil çəlimsiz, zəif olmağına baxmayaraq, özündən ağır ot bağlamasının ağırına cumarmış. Kəndin mal-qarasına qoşulan heyvanların nobatına da getmək üçün atasından xahiş edərmiş. Nurkişi onun zəifliyini nəzərə alaraq onun nobata getməyinə icazə verməyəndə Habil israr edərmiş. Çünki mal-qara örüşdə sakit otlayanda Habil də kitabxanadan götürdüyü kitabları həvəslə oxuyarmış. Bu xüsusiyyətləri – dərs əlaçısı, ictimaiyyətçi, ev, həyət-baca işlərində bacarığı Habilin gələcək həyatına, karyerasına da sirayət etdi. İşlədiyi kollektivlərdə ictimai fəllığı, qaynarlığı, işgüzarlığı ilə hər zaman fərqləndi, irəli getdi. Artıq iş-güc, hörmət-izzət sahibi olanda, necə deyərlər, əli çörəyə çatanda ata-anasına, bacı-qardaşlarına dayaq olub, həmişə can yandırıb, çətinlikləri, problemləri olanın əllərindən tutub, dəstək olub Habil müəllim. Yaşı 90-ı haqlamış Baxtilə ananın sağlamlığı qayğısına qalıb, şəfqətini, sevgisini əsirgəməyib. İndi də tez-tez – boş vaxt tapan kimi baş çəkdiyi, başını sinəsinə qoyduğunda rahatlıq tapdığı yaşlanmış anası, bağlı-bağatlı, güllü-çiçəkli həyətləri, gəldiyində başına toplaşan bacı-qardaşları, qohum-qonşu, uşaqlıq xatirələri üçün darıxır Habil müəllim. Kürdəmirin ən qədim təhsil ocağı (148 yaşlı) olan Köhnəbazar kənd məktəbi, uşaqlıq dostları, müəllimləri də onun hər gəlişini sevinclə gözləyir.
Habil Məmmədov gözəl ailə başçısıdır. Universitet illərindən sevib-seçdiyi tarixçi Lalə xanımla ailə qurub. Sevgi, qarşılıqlı hörmət, ehtiram üzərində qurulan ailədə iki ağıllı, savadlı, ədəb-ərkanlı övlad yetişib. Böyük oğlu Hikmət Bakı Slavyan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində Regionşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Kiçik oğlu Elçin isə ixtisasca memar-dizaynerdi. Elçin gözəl Qarabağımızın işğaldan azad olunan rayonlarında gedən tikinti-abadlıq işlərində maraqlı layihələri ilə iştirak edib. Habil müəllimin hər iki övladından 3 nəvəsi də var və qayğıkeş baba kimi də nəvələrinin sevimlisidir.
Habil Məmmədov dost-yoldaşa etibarlı, el-oba hörməti qazanan, yurd təəssübü çəkən, vətənpərvər insan kimi hər kəsin diqqət mərkəzindədir. O, maraqlı müsahib, gözəl alim, bacarıqlı təşkilatçı kimi universitet kollektivi, elm adamları, rayonumuzun ictimaiyyəti arasında mövqe sahibidir.
Ömrünün ahıl yaşını, 60-cı pilləsini aşıran bir ziyalı tanıyıram. Enerjisi, həyat eşqi, çalışmaq həvəsi coşqun çay kimi. O, müdriklik mərtəbəsindən, aqillik mərhələsindən boy verən günəş timsallı bir ömür sahibi Habil Məmmədovdur.
Mənə görə, zəhmətilə külüng çalan insanların həyatda qazandıqları haqqında hökmən yazmaq, təqdir və təqdim etmək lazımdır. Gələcək nəsillər üçün, bu günümüzün şahidləri olaraq övladlarımız üçün örnək və ibrət məktəbi olsun deyə.
Yaqut Bahadurqızı
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent

çap et