Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Vyetnamın Baş prokuroru Nquyen Tiyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə 525.az-a Baş Prokurorluqdan məlumat verilib.
Fərhad Abdullayev Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb. O, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, dövlətlərarası münasibətlərin inkişafında hüquqi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsinin xüsusi rol oynadığını bildirib.
Görüş zamanı ölkədə hüququn aliliyinin təmin olunması, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən islahatlar, eləcə də konstitusiya nəzarətinin həyata keçirilməsi mexanizmləri barədə məlumat verilib. Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərarların qəbul olunması proseduru və bu sahədə görülən işlərdən də bəhs edib.
Vyetnamın Baş prokuroru Nquyen Tiyen Azərbaycan-Vyetnam əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib. O, məhkəmə və prokurorluq sahələrində əməkdaşlığın genişləndirilməsinin qarşılıqlı maraqlara uyğun olduğunu vurğulayıb, təcrübə mübadiləsi və birgə təşəbbüslərin hər iki ölkənin hüquq sistemi üçün faydalı olacağını qeyd edib.
Görüşdə həmçinin konstitusiya ədalət mühakiməsinin inkişafı, məhkəmə-hüquq sahəsində beynəlxalq əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
çap et