525.Az

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub


 

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub<b style="color:red"></b>

Bakıda təşkil olunan II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunun “Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi” panelində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin sektor müdiri Aytən Turabova və Rəqəmsal Logistika Platformasının layihə rəhbəri Ehtiram Quliyev iştirak ediblər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən 525.az-a verilən məlumata görə, Aytən Turabova çıxışı zamanı ölkədə nəqliyyat sisteminin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, o cümlədən nəqliyyat infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırma sahəsində görülən işlər barədə ətraflı məlumat verib. O, Azərbaycanın tranzit potensialının artırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin rəqabətqabiliyyətinin gücləndirilməsi üçün fiziki infrastruktur layihələrinin və rəqəmsal həllərin paralel şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin səmərəliliyinin və ötürücülük qabiliyyətinin artırılması məqsədilə qonşu dövlətlərlə birgə həyata keçirilən təşəbbüslər, koordinasiya tədbirləri və regional əməkdaşlıq mexanizmləri barədə danışıb.

Ehtiram Quliyev Rəqəmsal Logistika Platformasını təqdim edərək “Bir pəncərə” informasiya sisteminin beynəlxalq ticarət və logistika proseslərində yaratdığı imkanlar barədə məlumat verib.

“Bir pəncərə” informasiya sistemi Prezident İlham Əliyevin “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılıb. Sistem xarici iqtisadi fəaliyyət (XİF) iştirakçıları arasında məlumat mübadiləsini sadələşdirir, kağız sənəd dövriyyəsini azaldır və beynəlxalq ticarət əməliyyatlarında tələb olunan sənədlərə vahid müraciət əsasında çıxış imkanı yaradır.

Ehtiram Quliyev bildirib ki, rəqəmsal transformasiya bu sahədə fəaliyyət göstərən bütün iştirakçıların vahid informasiya məkanında əməkdaşlığını təmin edir. Bu isə əməliyyatların daha çevik və effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Hazırda Platforma çərçivəsində Ticarət Bələdçisi alt sistemi (7 mindən çox məhsul üzrə icra mərhələləri haqqında məlumat), Fumiqasiya Aktı, Beynəlxalq Əmtəə-Nəqliyyat Qaiməsi (CMR) və E-Permit rəqəmsal xidmət kimi istifadəyə verilib. Fitosanitar Sertifikat, İxrac Bəyannaməsi və Gigiyenik Sertifikatın elektronlaşdırılmasının yaxın zamanda tamamlanması planlaşdırılır. Növbəti mərhələdə isə idxal və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması nəzərdə tutulur.

Rəqəmsal Logistika Platformasının məqsədi təchizat zəncirlərinin idarə olunmasını effektiv təşkil etmək və Azərbaycanın regional logistika mərkəzi kimi mövqeyini gücləndirməkdir.

 





08.06.2026    çap et  çap et