“Təbriz küçəsində piyada, ictimai nəqliyyat və mikromobillik infrastrukturunun təkmilləşdirilməsi Bakı üçün vacib transformasiya layihələrindən biridir. Bu qərarın əhəmiyyəti təkcə yeni keçidlərin və ya dayanacaqların yaradılması ilə məhdudlaşmır, əsas məqsəd küçənin bütün hərəkət iştirakçıları üçün daha təhlükəsiz, rahat və əlçatan məkana çevrilməsidir. Metronun “Nəriman Nərimanov” stansiyası ətrafında avtobuslar üçün kiçik mübadilə mərkəzinin yaradılması müxtəlif nəqliyyat növləri arasında inteqrasiyanı gücləndirəcək, sərnişinlərin vaxt itkisini azaldacaq və ictimai nəqliyyatın cəlbediciliyini artıracaq. Bu isə şəxsi avtomobildən asılılığın azalmasına töhfə verə bilər”.
Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, yeni piyada keçidlərinin təşkili və kəsintisiz piyada mühitinin formalaşdırılması xüsusilə yaşlılar, uşaqlar, əlilliyi olan şəxslər və gündəlik olaraq metrodan istifadə edən minlərlə insan üçün təhlükəsizliyi artıracaq. Müasir şəhərsalma təcrübəsi göstərir ki, rahat piyada infrastrukturu olan ərazilərdə həm hərəkətlilik, həm də iqtisadi aktivlik yüksəlir:
“Bakı Konqres Mərkəzi ətrafında təhlükəsiz keçidlərin yaradılması, ağaclardan ibarət bufer zolağın salınması və parklanmanın nizamlanması küçə məkanının keyfiyyətini artıracaq. Yaşıllıq zolaqları piyadaları nəqliyyat axınından ayıraraq həm təhlükəsizlik, həm də komfort baxımından mühüm rol oynayır. Bu layihə əslində avtomobil yönümlü küçədən insan yönümlü küçəyə keçidin nümunəsidir. Əgər tədbirlər ardıcıl şəkildə həyata keçirilərsə, Təbriz küçəsi paytaxtda piyada, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin prioritet hesab olunduğu müasir şəhər küçəsi modelinə çevrilə bilər. Bu yanaşma həm yol təhlükəsizliyinin artırılmasına, həm də şəhərdə daha dayanıqlı nəqliyyat sisteminin formalaşmasına xidmət edir”.
Sevinc Qarayeva
çap et