|
|
|
|

Azərbaycan mediasının, Azərbaycan teleməkanının 60 yaşlı İlham Zeynallı əmanəti…
O zamankı Azərbaycan Dövlət Universiteti, indiki Bakı Dövlət Universitetinə 1988-ci ilin qəbul imtahanları…qızmar Bakı yayının yaratdığı hərarətli anlar ovqatımızı gərginləşdirmiş imtahanların çətin gedişiatının həyəcanını bir qədər də artırıb… Xüsusilə sərin təbiətli kənd yerlərindən gəlmiş abituriyentlər asfaltdan qalxan ilğımlı istinin təsirindən az qala oxumağa belə peşmandılar. Amma hələ bir-biri ilə şəxsən tanış olmayan gənclərin çılğın polemikaları, eləcə də bir-birini əvəz edən qiraət dəqiqələri başlarını qatır, onları bu peşmançılıq hisslərini yaşamaqdan nisbətən uzaqlaşdırır. Və birdən gözümüz bu sırada yarı emosional, yarı narazılıq ifadəsi, yarı nigarançılıq hissi ilə özünün tənqidi ruhlu şeirini səsləndirən gənci sezir:
…Şamaxıdan yol gəlmişəm,
Söz sarıdan bol gəlmişəm,
Salıb qalmaqal gəlmişəm,
Müəllim, qiymət yaz, qiymət yaz.
…İlham Zeynallının universitet auditoriyasının qəbul etapındakı bu şeiri bizdə inam formalaşdırdı ki, qrup yoldaşlarımızdan biri gənc şair olacaq. O, həm də şairlər məmləkətindən təşrif buyurmuşdu. Tarixlərə səs salan Şamaxı ədəbi məktəbi - Xaqani, Nəsimi, Seyid Əzim, Mirzə Ələkbər, “Beytüs-səfa” məclisi…
…Gözəl ilhamlı oğlanla çox tez ünsiyyət qurduq. Bəlli oldu ki, bir çox poeziya nümunələrinin müəllifidi. Başlığa çıxartdığım sətir də onun dillər əzbərinə çevrilən şeirlərindəndi. Gənclik illərinin qayğılarla yaşanan təlatümlü anlarına rəğmən, gözəl sabahlar, gözəl sevgilər ümidinin nəzmə çəkilmiş təsviri kimi:
Deyəcəyəm ölüncə mən,
Uçdu sonam gəlincə mən,
İllər qaçır, dalınca mən,
Çox çətin ki, çatam hələ…
…Gəncliyin ürək çırpıntılarına məlhəm kimi yazılan bu oxunaqlı, axıcı şeir nümunəsi tez bir zamanda yaddaşımıza hopsa da, müəllif cidd-cəhdlə şair olmayacağını deyib-durdu… Gücümüz çatmadı ona. Dövr də, ətrafımızda yaşananlar da inqilabi proseslərə kökləndiyindən, insanların çoxu ötəri olsa da belə, bir növ şeiriyyətdən imtinalara fokuslanmışdı…
…Bir şairi itirsək də, bir əbədi dostu, qardaşı qazandıq. Tələbə şəhərciyindəki yataqxana həyatımız bizi daha dərindən doğmalaşdırdı. Şamaxı torpağının, özəlliklə dağlar qoynunda məskən salmış Əngəxaran kənd sakinlərinin böyük əksəriyyəti ilə tanışlaşdıq, dostlaşdıq İlhamla birgə. Sonra çevrəni daha da genişləndirərək Pirqulu, Çuxuryurd, Qızmeydan, İlham Zeynallının da məxsus olduğu qədim “Padar tayfaları”, Məzahir Məmmədli vasitəsilə “Quşçu tayfası” və Quşçu kəndlərinin, Rauf Novruzov vasitəsilə Sündü, Babək Abdullayev vasitəsilə Məlikçobanlı, Göylər camaatını və demək olar ki, bütün qədim Şamaxını kəşf etdik. Əlbəttə ki, hamını bura yazıb yerləşdirə bilmərəm. Dostlar yəqin nəzərə alarlar…
…Tələbəlik illərinin sərgüzəştləri və İlhamlı sərgüzəştləri…bunlar bir kitaba sığmaz. Özü bəzi detalları ictimailəşdirib. Amma çox xəsisliklə… Kiçik kartof “kastyurka”mızın aylarla “girov” götürülməsini, bəzi səhərlər Tarix fakültəsinin tələbələrinin yuxarı 4-cü mərtəbədən başımıza su axıdaraq bizə “tarix öyrətdiklərini” yazıb, amma bəzi mətləblərin, eləcə də özünün və özümüzün törətdiklərimizin üstündən elə onun təbirincə desək “ustufca” adlayıb… Yubilyarın özəl arxivisə…arxiv, xatirələrlə zəngin xəritələr məndədi…sədaqətli ürəkdə, etibarlı əldədi…üz vurmayın, onun detallarını heç kimə açmaram!..
…Sonra İlham Zeynallının AZTV dövrü start götürdü. Əvvəlcə radio, ardınca bir çoxları kimi onu da çəkən mavi ekran. Burda hazırladığı proqramlar, xüsusilə mərhum əvəzsiz telejurnalist, hələ universitet dövründən müəlliməmiz olmuş Mailə xanım Muradxanlının rəhbərliyi altında ədəbi-dram verilişləri redaksiyasında məşhur “Məhək daşı” verilişi ilə Azərbaycan ziyalılığının, azərbaycançılıq milli-mənəvi çalarlarının spesifikasını əhatə edib tamaşaçıya çatdırmağa istiqamətlənmiş yaddaş xəzinələrinin hazırlanması… Daha sonra “Xəbərlər”, AZTV-nin bölgə təmsilçiliyi və s.
O, indi də universitet auditoriyasından birbaşa üz tutduğu AZTV-nin efir mədəniyyətinin qorunması üçün sözün, fikrin keşiyində durmaqla “Efirqabağı nəzarət şöbəsinin rəisi” vəzifəsində fəaliyyətini davam etdirir.
…İlhamın qohum-qardaşı ilə bizim artıq 60 yaşı yola vermis indiki dövrün tanınmış jurnalist-yazarları Bahadır Şəfi, Vaqif Nəcəfov, Zöhrab Mehdi, İlham Zeynallı və bəndənizin daxil olduğu, 1024-cü qrup tələbələrinin içərisindən seçilərək məhz İlhamın təklifi ilə möhürlənmiş “Xəmsə layihəsi”nin bütün üzvlərini əlahiddə bir ərkyanalıq bağlayır. İndi bu sıra daha da genişlənib. Rejissor Nadir Diridağlı, təhsil eksperti Məzahir Məmmədli də zamanla “Xəmsə”nin fəxri üzvləri, ümumi dostlarımız cərgəsinə qoşulublar. Əlbəttə, hamımız hər birimizin xoş günlərində, şadlıqlarında görüşməyi arzulayırıq. Amma təzadlarla dolu həyatın təbii ki, sevinclə yanaşı addımlayan kədərli üzü də var. Ona görə xeyrimizdə də, şərimizdə də, xəstələnəndə də, sağlam olanda da bir yerdə, bir-birimizin yanındayıq. Elə bu yaxınlarda İlhamın səhhətində yaranan ağrılar, cərrahiyyə əməliyyatı ovqatımızı bir qədər korlasa də, şükürlər olsun ki, hər şey gözəl sonluqla bitdi və indi hamılıqla dostumuzun öz ailəsinin, ocağının başında sevincli günlərinin davam etməsini xüsusi zövqlə müşahidə edirik.
…Azərbaycan boyu qeyrət simvolu kimi tanınmış böyük elləri, obaları, dəyərli nəsilləri, şəxsiyyətləri birləşdirib bizim əlahəzrət zərurətin işığında başlayan, səmimiyyət üzərində qurulub davam edən dostluğumuz, qarşılıqlı bağlılıqlarımız. Həmçinin qarşılıqlı anlaşmalarımız, çoxlarının həsəd apardığı, kiçik nüansların fövqündə dayanaraq uzunömürlülük qazanan əbədiləşmiş münasibətlərimiz. Hətta zarafatlarımız belə (yeri gəlmişkən belə zarafatlaşmalardan birini misal gətirərək deyim ki, XX əsrin əvvəlində Mirzə Cəlilin yazdığı “Quzu” hekayəsi düz 100 il sonra - XXI əsrin əvvəlində Vaqif Nəcəfovla İlhamın əmisi oğlu Vahid və Zöhrabın qardaşı Mirzəli arasındakı üçbucaqda yaranan yumoristik çalarlarda tamamilə yeni bir mahiyyət kəsb edib, quzunun ətindən, kababından da dadlı-duzlu alınıb. Hətta “sürüyə canavarın müdaxiləsi” və “quzuların dərmanlanması” prosesləri belə bu dilxoşluğu arxa plana keçirə bilməyib. Belə getsə yaxın vaxtlarda Vaqif Nəcəfov “Quzu - 2” hekayəsi ilə oxucuların görüşünə gələcək – red.).
…İlham Zeynallı həm də gözəl ailə başçısıdı. 60 illik yubileyi ucalığında ömür-gün yoldaşı, hər gün onun nazını çəkərək dogma AZTV-sinə yola salıb-qarşılayan Xoşgül xanımı, övladları Ayxanı, Aytacı, kürəkəni Vüsalı, 1 yaşları yenicə tamamlanmış, sevimli babanın əkiz nəvələri Sahranı, Lalini (yadımda qalsın, ondan 1 yaş böyüklüyümün və “dilimizin qorunmasını hədəfləyən bir sıra layihələrin müəllifi və icraçılığımın” verdiyi xüsusatlar baxımından bu əcnəbi adlara görə yubilyar babanı möhkəm danlayacam – N.Z.), istəkli, səmimi dostlarını, bütün doğmalarını təbrik edirəm! 100 il yaşa, 1000 il xatırlan, əziz qardaşım, sirdaşım, Azərbaycanımızın əksər bölgələrində - Şamaxıda, Bakıda, Masallıda, Lerikdə, Kəlbəcərdə, İmişlidə, Cəbrayılda, Neftçalada, Naxçıvanda - hər ocaqda məxsusi ləyaqət və milli-mənlik şüurumuzun yaşamasına verdiyin töhfələrinlə, dəyərlərimizə son dərəcə bağlılığın, ehtiramınla ürəklərdə taxt qurmuş, hər kəsin sevimlisinə çevrilmiş, etibarlı dost, ləyaqətli qonaq, qeyrətli Azərbaycan kişisi İlham Adil oğlu Zeynallı!
Sonda isə yubilyarı bir daha ürəkdən təbrik edərək, sizləri İlham Zeynallının qələmə aldığı, Şamaxı xanəndəsi, mərhum Zəkixanın dilində əksər toylarda muğam parçası kimi səslənən və bu sətirlərin müəllifinin də bir çox gənclərə örnək kimi mütəmadi söylədiyi, heç zaman aktuallığını itirməyəcək mübarizə və həyat dolu şeiri ilə baş-başa buraxıram:
Qayaların daş dizinə baş qoya bilsəm,
Bir yaxşılıq sarayına daş qoya bilsəm,
Ölən gündən öz yerimi boş qoya bilsəm,
Demək, mən də yaşamışam!
Soyuq, buzlu bir ürəyi isitsə közüm,
Zirvələrin cığırında qanasa dizim,
Bir gecənin sübhü üçün qapansa gözüm,
Demək, mən də yaşamışam!
Səmimiyyətlə,
Nəzirməmməd Zöhrablı








