“Taxıl strateji məhsuldur və ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün onun istehsalının ciddi şəkildə artırılmasına ehtiyac var. Bu, eyni zamanda, idxaldan asılılığın azalmasına imkan yaradar. Bu istiqamətdə işğaldan azad olunmuş bölgələrimizin ciddi potensialı var. Belə ki, həmin ərazilərdə 600 min hektara yaxın əkin üçün yararlı torpaq sahəsi mövcuddur”.
İqtisadçı ekspert Eyyub Kərimli bunu 525.az-a söyləyib. İqtisadçının dediyinə görə, işğaldan azad olunmuş bölgələrin taxıl istehsalını genişləndirmək və kənd təsərrüfatını inkişaf etdirmək mümkündür ki, bu da ölkədə taxıl istehsalının payının artmasına müsbət təsir göstərə bilər:
“Ölkədə taxıl istehsalı üçün müəyyən əlverişli şərait mövcuddur. Lakin bəzi təbii və texniki səbəblərə görə taxıla olan tələbat tam şəkildə ödənilmir. Buna əsas səbəblərdən biri su çatışmazlığı və zəruri şəraitlərin tam formalaşmamasıdır. Məhsuldarlığın aşağı olması, texnologiyaların yetərincə müasir olmaması, suvarma sistemlərinin müasir tələblərə cavab verməməsi və yeni texnologiyaların tətbiqinin məhdudluğu bu istiqamətdə həm məhsuldarlığı, həm də istehsalı azaldır”.
Sevinc Qarayeva
çap et