525.Az

Rəhmət, Özbəkistan…


 

Rəhmət, Özbəkistan…<b style="color:red"></b>

Orada müasirliklə ənənə bir-birinə düşmən kimi baxmır

Bəlkə də bu yazı çoxlarına adi görünəcək. Bəlkə də burada yazılanların bir hissəsi kimlər üçünsə keçilmiş yer, müşahidələrdən ibarət toplu kimi assosiasiya verəcək.

Doğallıq, səmimilik, özün olaraq qalmaq indiki dünyada getdikcə azalan sərvətlərdir. Mən Özbəkistanda hər salamda bunlarla qarşılaşdım.

Özbəkistan mənim üçün tarixi ilə yanaşı, həm də jurnalist dostum Hamzadan başlayır. Səmimi, təmiz niyyətli Hamzadan.

Yadımdadır, onu Azərbaycana dəvət edəndə Füzulidə Özbəkistanın tikdirdiyi uşaq bağçasının şəklini çəkmişdi. Elə bil həmin bağçanı özü tikdirmişdi. Elə sevinirdi ki, bunu hiss etməmək mümkün deyildi. Davranışları hiss etdirirdi ki, özbəklər bizi qardaş hesab edirlər.

Özbəkistanın hər qarışı türkün tarixidir. Atalarımızın ruhu bu torpaqlarda dolaşır. Buxara, Səmərqənd, Xivə türk tarixinin daşlaşmış yaddaşıdır. Burada hər divar danışır. Hər küçə keçmişdən xəbər verir. İnsan elə bilir ki, bir az diqqətlə baxsa, Əmir Teymuru görəcək.

Burada Hunlardan başlayan böyük yürüşlərin izi, Səlcuqluların ruhu yaşayır. Teymurilər dövrünün əzəməti bu gün də memarlıqda hiss olunur. Mavi günbəzlər, qədim mədrəsələr, minarələr adama tarix kitabını xatırladır. Burada tarix muzeylərdə saxlanılmır, insanlarda görünür.

Uzun illər sovet ideologiyası özbəklərə, azərbaycanlılara, qazaxlara başqa cür damğalar vuruldu. Amma tarix yalanı sevmir.

Bu gün həmin ideologiyanın kölgələri çəkilib. Türklər bir-birini yenidən kəşf edir. İki gün danışdıqdan sonra özbəklə azərbaycanlı bir-birini rahat anlayır.

Özbəkistanda Küresel Gazeteciler Konseyi başqanı Mehmet Ali Dim ilə birgə idik. O, bu ölkəyə ilk dəfə gəlmirdi. Amma maraqlıdır ki, bu dəfə də Özbəkistana ayaq basanda elə bil ilk dəfə gəlirmiş kimi həyəcan keçirirdi. Özünün də dediyi kimi, burada hər səfər yeni bir duyğu, yeni bir kəşf idi. Təbii ki, bu sözlər sadəcə nəzakət xatirinə deyilmirdi. Bu, insanın içindən gələn sevginin ifadəsi idi. Mehmet Ali bəy Özbəkistanı sevdiyini gizlətmirdi. Hər gördüyü səmimiyyətdən zövq alırdı.

NTV telekanalının duayen əməkdaşı Merih Ak da bizimlə idi. O da heyrətini gizlədə bilmirdi. Söhbətlərimizin birində dedi ki, dünyada bənzəri olmayan ölkələr var və Özbəkistan onların birincisidir. Buranı ata yurdu kimi qiymətləndirirdi. Səmərqənddə, Buxarada gəzərkən sanki keçmişlə danışırdı. Hər gördüyü memarlıq nümunəsi onda xüsusi hisslər oyadırdı. Bəzən dayanıb uzun-uzadı günbəzlərə baxırdı. Deyirdi ki, insan tarixlə belə yaxın təmasda olanda özünü başqa cür hiss edir. Bu torpaqlarda ruh yaşayır.


Dostum Pərviz isə tamam başqa vəziyyətdə idi. O, Özbəkistanın heyrətamizliyi qarşısında susmuşdu. Ondan niyə danışmadığını soruşanda sadəcə gülümsəyirdi. Səbəbini izah edə bilmirdi. Bəzən insan hisslərini sözə çevirə bilmir. Pərviz də belə idi. Gördüklərini içinə çəkirdi. Bəlkə də danışmaqdan çox hiss etmək istəyirdi. Onun sükutu belə heyranlığın ifadəsi idi.

İngiltərədən, Bolqarıstandan, Avstriyadan, Yeni Zelandiyadan, Kiprdən gələn jurnalistlər də bizimlə birlikdə idilər. Maraqlısı o idi ki, onların əksəriyyəti bazarlarda özbək milli geyimlərini görməmiş kimi alırdılar. Qiymətinə baxmırdılar. Biri deyirdi ki, həyat yoldaşıma çox yaraşacaq. Digəri uşağı üçün paltar seçirdi. Kimisi dostuna hədiyyə aparmaq istəyirdi. Milli naxışlar, parçalar, papaqlar, çapanlar hamının diqqətini çəkirdi. Deməli, bir millət öz mədəniyyətini qoruyursa, dünya da ona maraq göstərir. Sanki hər kəs bacardığı qədər Özbəkistanı öz ölkəsinə götürmək istəyirdi.

Özbəkistan mənə bir həqiqəti göstərdi. Millilik köhnəlmir. Əksinə, insanı gücləndirir. Burada texnologiya inkişaf edir, süni intellektdən danışılır, İT sektoru böyüyür, amma insanlar milli kimliklərini itirmirlər. Haraya gedirlərsə, özlərini də aparırlar. Dünyaya açılırlar, amma özlərini bağlamırlar.


Bir millətin görünən mədəniyyəti həm də mətbəxidir. Özbəklər bunu qorumağı bacarıblar. Plov orada bir ənənə, süfrə mədəniyyətidir. Milli mətbəx orada çörəyə hörmət, böyüyə sayğı, qonağa ehtiramdır. Dünyanın dəyişməsi onların yemək mədəniyyətini əllərindən ala bilməyib.

Özbəklər çox qonaqpərvərdirlər. Xüsusilə yaşlı insanlar çox maraqlıdır. Səni görən kimi salam verirlər. Azərbaycandan gəldiyini biləndə üzləri gülür. “Azərbaycana salam deyin” söyləyirlər. Əyalətlərdə bunu daha çox hiss edirsən. Orada insan münasibətləri hələ də canlıdır.

Məktəblilər diqqət çəkir. Salam verirlər, hiss edirsən ki, söhbət etməyə çalışırlar. Universitet tələbələri tanıdı, tanımadı, fərqi yoxdur, böyüklərin yanından keçəndə salam verməyi özlərinə borc bilirlər. Səbəbi ilə maraqlanırsan, sadə cavab verirlər. “Ailədə belə öyrədiblər. Böyüyə hörmət etmək lazımdır”.

Kitab oxumağa münasibət də maraqlıdır. Hətta orta məktəb şagirdləri arasında kitab oxumaq yarışı keçirirlər. Finala çıxana maşın hədiyyə edirlər.

Təhsil indi burada diplom almaq anlamını itirir. İnsanlar öyrənməyə çalışırlar. Dövlət təhsilə xüsusi diqqət ayırır. Yeni universitetlər açılır. Xarici təcrübələr gətirilir. Gənclər dünyaya inteqrasiyanı öz dəyərlərini saxlamaqla edirlər.

Musiqidə də özlərini qoruyublar. Milli alətlər, milli melodiyalar yaşayır. Toylarda da, gündəlik həyatda da özbək ruhu hiss olunur. Geyimlərdə belə milli çalarlar şahdır.

Özbəkistanda müasirliklə ənənə bir-birinə düşmən kimi baxmır.

Memarlıq burada ilahi varlıqdır. Səmərqəndə baxanda insan anlayır ki, daşlar da danışa bilərmiş. Buxaranın küçələrində gəzərkən tarixlə üz-üzə qalırsan. Burada qədimlik qürurdur.

Özbək jurnalistləri də diqqətimi çəkdi. Onlar öz ölkələrini milli maraqları ön plana çəkirək sevirlər. Xarici təsirlərin qarşısında kompleks yaşamırlar. Ölkələrinin inkişafını istəyirlər. Nifrət etmirlər və dövlətlərini sevməkdən də utanmırlar.

Bəlkə də Özbəkistan bu gün Mərkəzi Asiyanın lideri olmaq üçün, bütün Asiyada söz sahibi olmaq istəyir. Türk dünyasının mərkəzlərindən birinə çevrilmək niyyətindədir. Həqiqət odur ki, çalışırlar, inkişaf istəyirlər.

Mən bir azərbaycanlı jurnalist kimi gördüklərimi yazdım. Hamının baxdığı, amma bəlkə də görmədiyi məqamları qeyd etməyə çalışdım.

Bəli, dünyada hər şeyi almaq mümkündür. Böyük binalar tikmək olar. Zəngin olmaq olar. Texnologiya əldə etmək olar. Amma səmimiyyəti alınmır. Özbəklər bunu sübut edirlər.

Və ayrılarkən içimdən səmimi bir cümlə keçirdi.

Rəhmət, Özbəkistan...

Rəhmət, Özbək...

Rəhmət, Özbəkistan...

Elşad Eyvazlı, modern.az

 





10.06.2026    çap et  çap et