AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Qərbi Azərbaycan və Qarabağ dövri mətbuatda” mövzusunda tədbir keçirilib.
525.az-a İnstitutdan bildirilib ki, tədbir Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin təşkilatçılığı ilə keçirilib.
Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Qərbi Azərbaycan və Qarabağın yerli mətbuat tarixinə nəzər salaraq, bu irsin öyrənilməsinin milli dövlətçilik maraqlarımız baxımından aktuallığını qeyd edib. O bildirib ki, vaxtilə Qərbi Azərbaycan və Qarabağ ərazisində nəşr olunmuş regional dövri mətbuat orqanları bizim milli və mədəni yaddaşımızın ən etibarlı daşıyıcılarıdır. Akademik, həmçinin bu zəngin irsin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində rəhbəri olduğu müəssisədə saxlanılan ilkin mənbələrin və arxiv materiallarının müstəsna rol oynadığını diqqətə çatdırıb.
Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin müdiri professor Raqub Kərimov, həmin şöbənin aparıcı elmi işçisi Tünzalə Seyfullayeva, elmi işçilər Sevinc Muxtarova və Ramidə Abbasova, baş mütəxəssis Zərifə Haqverdiyeva və mütəxəssis Vəfa Şərifova mövzuya uyğun məruzələrlə çıxış ediblər. Məruzələrdə Mirzə Fətəli Axundov və Qarabağ ədəbi mühitindən, mətbuatımızın inkişafında Qarabağ ziyalılarının rolundan, Qərbi Azərbaycanın 1918-1920-ci illərdəki vəziyyətinin “Azərbaycan” qəzetində təsvirindən, Bala Əfəndiyevin həyat yolu və onun Qərbi Azərbaycanda latın qrafikalı əlifba hərəkatına verdiyi töhfələrdən, görkəmli şair, pedaqoq Nuşirəvan Kərimovun mətbuat fəaliyyətindən, o cümlədən “Molla Nəsrəddin” jurnalında Qarabağ və Cənubi Qafqazda birgəyaşayış ideyalarından söz açıblar.
Tədbir çərçivəsində institut Kitabxanasının mövzuya uyğun hazırladığı, milli mətbuatımızı və Qarabağ ədəbi mühitini özündə əks etdirən kitab sərgisi təşkil olunub.
çap et