Bu gün Mətbuat Şurasında ictimai müzakirə keçirilib.
525.az xəbər verir ki, Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunu layihəsinin ictimai müzakirəsi keçirilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən qanunvericilik təşəbbüsləri, ilk növbədə, Azərbaycanın hüquqi bazasının zənginləşdirilməsinə töhfədir.
Onun sözlərinə görə, məsələ cəmiyyətdə məsuliyyət mexanizmlərinin genişləndirilməsini nəzərdə tutur ki, bu da müsbət haldır: “Çünki virtual məkanın cəzasızlıq, hətta, bəzən özbaşınalıq mühiti kimi təsəvvürə gətirilməsi tendensiyası hiss olunmaqdadır. Mövcud tendensiya və ondan irəli gələn hərəkət və davranışlar isə həm informasiya təhlükəsizliyinə təhdid yaradır, həm də mənəvi baxımdan bir sıra problemlər doğurur. Təcrübə göstərir ki, belə problemlərin gərginlik formalaşdırma ehtimalı var”.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın Sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, sosial media platformalarında qeyri-etik hərəkət və davranışlar məsələsi cəmiyyətdə geniş müzakirə olunmaqdadır.
MŞ İdarə Heyətinin üzvü, “Technote” şirkətinin direktoru Fərid Pərdəşünas deyib ki, sosial mediadakı xoşagəlməz durumlarla mübarizə bütün dünyanı düşündürən məsələdir: “Burada elə başa düşülməməlidir ki, söhbət hansısa total qadağadan gedir. Əsas məsələ problemli durumun formalaşacağı təqdirdə, həmin durumun hüquqi baxımdan mübahisələndirilməsinin mümkünlüyüdür. Qanunvericiliyə dəyişiklik məhz bunu rəhbər tutur. Çünki bu mübahisələndirilmə olmadıqda, hüquq pozuntuları adiləşə bilər. Belə vəziyyət isə cəmiyyət üçün əlavə gərginlik yüküdür. Dövlətin vəzifəsi bu cür xoşagəlməz durumların yaranmasına imkan verməmək, yaxud onların dərhal qarşısını almaqdır. Deməli, bunun üçün mexanizmin olması da şərtdir”.
Toplantıda çıxış edənlər sosial media platformalarının cəmiyyət həyatına virtual deyil, real şəkildə nüfuz etdiyini və mövcud vəziyyətin qanunvericilik müstəvisində də təsbit olunmasının vacibliyini əsaslandırıblar. Onlar bu baxımdan “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanunu layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Eyni zamanda çıxış edənlər layihənin məsuliyyət hissinin dərinləşməsinə töhfə olacağına əminliklərini ifadə edib, sosial şəbəkələrlə bağlı bəzi digər məsələlərin tənzimlənməsi üçün istər maarifləndirici tədbirlərin görülməsinin, istərsə də hüquqi və institsional addımların atılmasının zəruriliyinə diqqət çəkib, konkret misallar üzərində dayanıblar.
çap et