Bu gün sosial şəbəkələr cəmiyyət həyatının mühüm bir hissəsinə çevrilib. Reallıq bundan ibarətdir ki, cəmiyyəti sosial şəbəkələr olmadan təsəvvür etmək çətindir. Bu, həm informasiya əldə etmək, dünyanın istənilən nöqtəsindəki insanlarla əlaqə yaratmaq, qlobal yeniliklərdən xəbərdar olmaq deməkdir, eyni zamanda, biznes, təhsil və digər sahələrdə vacib imkanlar yaradır. Amma sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi təsirləri də var. Bu təsirlərə isə daha çox uşaqlar məruz qalır. Sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqların zərərli məzmunların təsiri altına düşməsinə, onlayn zorakılıqla üzləşməsinə səbəb olur, rəqəmsal asılılıq yaradır, uşaqların psixoloji, sosial və fiziki inkişafına mənfi təsir göstərir. Uşaqlar sosial mediada gördüklərinin təsiri altında özlərini başqaları ilə müqayisə edir ki, bu da özünəinamın azalmasına, narahatlıq və depressiya hallarının artmasına səbəb ola bilər. Xüsusilə bəyənmə və izləyici sayı kimi göstəricilər uşaqlarda öz dəyərini başqalarının fikirləri ilə ölçmək vərdişi yaradır.
Digər mühüm problem kibertəzyiqdir. Sosial şəbəkələrdə bəzi uşaqlar təhqir, təhdid və ya alçaldıcı davranışlarla qarşılaşırlar. Kibertəzyiq ənənəvi zorakılıqdan daha təhlükəli ola bilər, çünki internet vasitəsilə günün istənilən vaxtında davam edə bilir. Bu cür hallarla üzləşən uşaqlarda stress, qorxu və sosial təcrid hissi yarana bilər.
Sosial şəbəkələrin həddindən artıq istifadəsi uşaqların təhsilinə də mənfi təsir göstərir. Daim telefon və ya planşetlə məşğul olmaq diqqətin dağılmasına, dərsə marağın azalmasına və akademik nəticələrin zəifləməsinə səbəb olur. Bir çox uşaqlar vaxtlarını səmərəsiz şəkildə sosial mediada keçirdikləri üçün dərs hazırlığına və kitab oxumağa daha az vaxt ayırırlar.
Bundan əlavə, uzun müddət ekran qarşısında qalmaq fiziki sağlamlıq problemləri yaradır. Xüsusilə gecə saatlarında sosial şəbəkələrdən istifadə yuxu keyfiyyətini aşağı salır və gündəlik fəaliyyətlərə mənfi təsir göstərir.
Görünən budur ki, sosial şəbəkələr düzgün və nəzarət olunmaqla istifadə edilmədikdə uşaqlar üçün müxtəlif risklər yarada bilər. İnternetdən təhlükəsiz və məhdud çərçivədə istifadədə valideynlər də üzərinə əsas məsuliyyət düşür.
Məhz buna görə son illərdə dünyanın bir çox ölkələrində uşaqların rəqəmsal mühitdə müdafiəsi dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Bir çox ölkələr uşaqları internetdə zərərli məzmundan, kibertəhdidlərdən, şəxsi məlumatların sui-istifadəsindən və sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq üçün xüsusi qanunlar qəbul edir, tədbirlər həyata keçirir. Məsələn, Avstraliya, Fransa, Böyük Britaniya, İspaniya, ABŞ və Çin kimi ölkələr qeyd edilən istiqamətdə müvafiq addımlar atıblar ki, bura sosial şəbəkələrə qoşulma yaşının tənzimlənməsi, valideyn nəzarəti və s. daxildir.
Azərbaycanda da qanunverici orqan səviyyəsində bu istiqamətdə işlərə başlanılıb. Milli Məclisdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", eləcə də "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Əsas məqsədi rəqəmsal mühitdə uşaqların hüquq və mənafelərinin daha effektiv qorunması, sosial şəbəkə platformalarından təhlükəsiz istifadənin təmin edilməsi, habelə bu platformaların fəaliyyətinin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsidir.
Milli Məclisin deputatı Azər Allahverənov mövzu ilə bağlı deyib ki, müvafiq qanunvericilikdə dəyişiklik zamanı beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi diqqət yetirilib, müxtəlif ölkələrin bu sahədə tətbiq etdikləri hüquqi mexanizmlər araşdırılıb və müvafiq təcrübələr nəzərə alınıb. Onun sözlərinə görə, qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün minimum rəqəmsal yetkinlik yaş həddi 16 yaş müəyyən edilib. Bu yaş həddinin müəyyənləşdirilməsi zamanı beynəlxalq təcrübəyə istinad olunub. Məsələn, Avstraliyanın onlayn təhlükəsizlik sahəsindəki qanunvericiliyində də müvafiq yaş məhdudiyyəti 16 yaş kimi müəyyənləşdirilib: "Eyni zamanda, layihədə nəzərdə tutulub ki, 16-18 yaş aralığında olan şəxslər sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab yarada, onlardan istifadə edə və məzmun paylaşa bilərlər, lakin bu fəaliyyət yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti altında həyata keçirilə bilər. Qanun layihəsində, həmçinin platforma provayderlərinin də mühüm vəzifələri müəyyən edilir. Bunlara uşaqların təhlükəsizliyinin təmin olunması, zərərli məzmunun qarşısının alınması, fərdi məlumatların qorunması, təhlükəli informasiyanın operativ şəkildə silinməsi və dövlət orqanları ilə əməkdaşlığın həyata keçirilməsi daxildir. Layihə ilə İnzibati Xətalar Məcəlləsinə yeni maddələrin əlavə olunması nəzərdə tutulub ki, bu da platforma provayderlərinin məsuliyyətinin daha aydın şəkildə müəyyənləşdirilməsinə xidmət edir".
A.Allahverənov bildirib ki, qanun layihəsinin qəbul olunması uşaqların rəqəmsal mühitdə hüquqlarının müdafiəsinin gücləndirilməsinə, təhlükəsiz informasiya mühitinin formalaşdırılmasına, sosial şəbəkə platformalarının fəaliyyətinin hüquqi əsaslarının təkmilləşdirilməsinə və dövlət nəzarəti mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edəcək:
"Belə bir qanun layihəsinin hazırlanmasının əsas səbəbi rəqəmsal texnologiyaların sürətli inkişafı ilə bağlıdır. Müasir dövrdə rəqəmsal texnologiyalar insanlara geniş imkanlar təqdim edir və xüsusilə də uşaqların və yeniyetmələrin internet mühitinə çıxışını xeyli asanlaşdırır. Nəticədə azyaşlılar müxtəlif sosial platformalarda asanlıqla qeydiyyatdan keçərək rəqəmsal mühitin aktiv iştirakçılarına çevrilirlər. Məhz bu səbəbdən uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, onların zərərli məzmunlardan qorunması və sağlam inkişafının dəstəklənməsi dövlət siyasətinin vacib istiqamətlərindən biri kimi çıxış edir. Müxtəlif araşdırmalar və statistik məlumatlar göstərir ki, uşaqların rəqəmsal mühitdən həddindən artıq istifadəsi və ya zərərli məzmuna məruz qalması onların psixoloji, sosial və davranış inkişafına mənfi təsir göstərə bilir. Bu isə bəzi hallarda müxtəlif neqativ nəticələrə səbəb olur. Ona görə də rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir şəraitdə uşaqların rəqəmsal mühitdə hüquqlarının və təhlükəsizliyinin qorunması, onların zərərli informasiyalardan müdafiəsinin gücləndirilməsi, eyni zamanda, sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsi də məhz bu məqsədlərə xidmət edir və uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühitin formalaşdırılmasına yönəlmiş mühüm hüquqi təşəbbüs kimi qiymətləndirilə bilər".
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, bu gün uşaqların sosial mediada zərərli təsir və məzmunlara məruz qalması dünya miqyasında geniş müzakirə olunan və ciddi narahatlıq doğuran məsələlərdən biridir. Bir çox ölkələr artıq bu prosesin tənzimlənməsi istiqamətində ardıcıl addımlar atır, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün yeni hüquqi mexanizmlər formalaşdırırlar. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır və hazırlanmış qanun layihəsi uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bir müddət əvvəl Prezident İlham Əliyevin imzaladığı mühüm sənədlərdə də gənclərin və uşaqların rəqəmsal mühitdə zərərli təsir və məzmunlardan qorunması ilə bağlı vacib müddəalar öz əksini tapıb. Həmin sənədlərdə bu sahədə mövcud çağırışlar diqqət mərkəzində saxlanılıb və mühüm istiqamətlər müəyyənləşdirilib: "Hazırlanmış qanun layihəsində bir sıra mühüm məqamlar nəzərdə tutulur və bu sənəd rəqəmsal mühitdə uşaqların təhlükəsizliyinin təmin olunması istiqamətində hüquqi tənzimləmənin həyata keçirilməsinə imkan yaradacaq. Qanun layihəsində 16 yaşına çatmamış şəxslərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı tələblərin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, platformaların məsuliyyəti artırılır, onların üzərinə konkret öhdəliklər qoyulur və qaydaların pozulmasına görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur".
Deputat vurğulayıb ki, sənəddə müxtəlif nəzarət və təhlükəsizlik mexanizmlərinin tətbiqi də öz əksini tapıb. Bu mexanizmlər uşaqların zərərli məzmunlardan qorunmasına, sosial şəbəkələrdən daha təhlükəsiz istifadənin təmin olunmasına xidmət edəcək: "Qanun layihəsinin qəbulu uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək və bu sahədə mövcud risklərin minimuma endirilməsinə şərait yaradacaq. Bu məsələdə valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Hüquqi tənzimləmə vacib olsa da, valideyn nəzarəti və ailə institutunun rolu xüsusi əhəmiyyət daşıyır. Valideynlər övladlarının sosial şəbəkələrdən istifadəsinə ciddi yanaşmalı, onların rəqəmsal davranışlarına nəzarət etməli və mümkün risklər barədə məlumatlı olmalıdırlar. Dövlət qurumlarının, aidiyyəti təşkilatların, təhsil müəssisələrinin və valideynlərin birgə fəaliyyəti nəticəsində bu sahədə daha səmərəli nəticələr əldə etmək mümkündür. Uşaqların zərərli təsir və məzmunlardan qorunması asan məsələ deyil və kifayət qədər mürəkkəb yanaşma tələb edir. Lakin bu, cəmiyyətin gələcəyi baxımından ən vacib istiqamətlərdən biridir və bu sahədə atılan addımların davamlı olması xüsusi əhəmiyyət daşıyır. Əgər dövlət qurumlarının fəaliyyəti, ictimai maarifləndirmə tədbirləri və valideyn məsuliyyəti bir-birini tamamlayarsa, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm nailiyyətlər əldə edə bilərik".
PƏRVANƏ
çap et