Ermənistanda 7 iyun parlament seçkilərinin nəticələri gözlənilməz olmadı. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası seçkilərdə üstünlüyünü qoruyub saxlamağı bacardı. Bununla belə, hakim komanda konstitusiya çoxluğunu təmin edə bilmədi.
Milli Məclisin deputatı Rasim Musabəyov "525-ci qəzet"ə müsahibəsində seçkinin nəticələrini, Azərbaycanla bağlı gələcək münasibətlər və digər məsələləri şərh edib.
- Rasim müəllim, Ermənistanda seçkinin nəticələri nəyi göstərdi?
- Əslində hazırkı nəticə gözlənilirdi, ona görə ki, bütün sorğular, sosial şəbəkələrin monitorinqi göstərirdi ki, Nikol Paşinyan və onun partiyası seçkiləri udacaq. Sadəcə olaraq şübhələr var idi ki, necə udacaq? Paşinyanın konstitusion çoxluğu əldə etməsi ehtimal çox az idi. Parlament çoxluğu əldə olunub. İndi ola bilərdi ki, 2-3 mandat fərqi ilə çoxluq qazanılsın. Belə olan halda tutaq ki, parlamentdə kimsə xəstələndi, yaxud ezamiyyətə getdi və onda hansısa qanunun qəbulunda çətinliklər yarana bilərdi. Bunlar heç biri olmadı, nəticələr əvvəkli seçkilərdən o qədər də fərqli deyil. Ötən seçkilərdə hakim partiyanın 65 mandatı var idi, indi olacaq 64. Hələlik Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyasının parlamentə keçib-keçməyəcəyi bəlli deyil, onun 16 səsi çatmayıb. Yenidən hesablamada parlamentə keçsə, 5 mandat alacaq, Paşinyanın partiyası isə 61 mandat əldə edəcək. Amma bu, yenə də təkbaşına hökuməti formalaşdırmaq üçün kifayətdir. Seçkilər göstərdi ki, Rusiya daha heç yerdə at oynada bilmir. Ukraynada uduzdu, seçkilərə müdaxilə edə bilmədi, Moldovada seçkilərə çox ciddi müdaxilə etdi, amma xeyri olmadı. İrəvanda da onun müdaxiləsi əks effekt verdi. Düzdür, insanlarda Paşinyana əvvəlki tək dəstək vermək istəyi yox idi, amma seçim qarşısında qalanda ki, Putin gəlib istədiyini edəcək, ona görə də Paşinyanın partiyasına dəstək verdilər. Nəticə ondan ibarətdir ki, Moskva bu bölgədə, yəni Cənubi Qafqazda axırıncı etibarlı tərəfdaşını, forpostunu itirir və bəlkə də demək olar ki, artıq itirib.
- Yeri gəlmişkən, Rusiya-Ermənistan münasibətlərini necə görürsünüz? Ermənistan Avropaya inteqrasiya kursunu irəlilətsə, Moskva hansı təzyiq mexanizmlərindən istifadə edəcək?
- Ermənilər ətrafda baş verənləri görürlər. Gürcüstan demək olar ki, Rusiya ilə bütün münasibətləri tamamilə kəsmişdir və heç diplomatik əlaqələri də yoxdur. Nə oldu? Gürcüstan indi Ermənistandan daha pis vəziyyətdədir? Əlbəttə ki, yox. Ermənilər də görürlər ki, Rusiya özü cəhənnəmə gedir və onun ətəyindən ikiəlli yapışmaqla, heç nə əldə edə bilməyəcəklər. Bunu anlayırlar. Sadəcə olaraq Rusiyaya arxa da da çevirmək istəmirlər. Ona görə ki, Ermənistan indiyə kimi Rusiyadan xeyli faydalanıb, qaz, neft məhsulları ilə təchiz olunub, demək olar ki, ticarət dövriyyəsinin 40 faizi Rusiyanın payına düşür. Rusiyadan çox böyük məbləğdə pul köçürmələr var. Bu, ildə 3 milyard 300 milyon dollar təşkil edir. Ən vacibi budur. Bunu itirmək istəmir, ancaq eyni zamanda Avropa ilə, Qərblə əməkdaşlığı gücləndirmək istəyir. Hər bir halda düşünmürəm ki, yaxın zaman üçün Ermənistan Rusiya ilə münasibətləri kəskin şəkildə azaltmaq imkanında olacaq. Ancaq Rusiyanın Ermənistanı cəzalandırma siyasətini davam etdiyi halda, hesab edirəm ki, Avropa İttifaqı və Qərbin Ermənistana dəstəyi artacaq. Bu baxımdan Rusiya tərəfindən şantaj hərəkətləri nəticə verməyəcək. İndi Paşinyan seçkini udub. Hesab edirəm ki, Moskvada da anlayacaqlar ki, Paşinyan hökuməti ilə praqmatik münasibətləri saxlamalıdırlar. Təbii, tərəflərin bir-birinə etimadı olmayacaq, ancaq münasibətləri kəskin şəkildə qırılmayacaq.
- Seçkinin nəticələri Azərbaycan-Ermənistan sülh gündəliyinə necə təsir göstərəcək?
- Paşinyan öncədən elan etmişdi ki, Qarabağ hərəkatı səhv bir addım idi, Ermənistanı tələyə saldı. Bildirdi ki, Qarabağ hərəkatı tamamlanıb, qapanıb. Qarabağ ermənilərinin Azərbaycana qayıdışı qeyri-mümkündür və hətta zərərlidir. Sərhədləri tanımaq lazımdır, yəni real Ermənistan konsepsiyasından çıxış etdi. Seçkidən sonra elan etdi ki, TRİPP layihəsini parlamentdə təsdiq etmək lazımdır, bu o deməkdir ki, bizi ən çox narahat edən, bizim tələb etdiyimiz Naxçıvana yolun açılmasından boyun qaçırası deyil. ABŞ dövlət katibi Marko Rubio Ermənistanda TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb. Paşinyan bəyan etdi ki, Azərbaycanla sülh müqaviləsinin institusionallaşmasını, yəni qısa zamanda imzalayıb təsdiqlənməsini istəyir. Elan etdi ki, Türkiyə ilə də münasibətləri tezliklə normallaşdırmalıyıq, diplomatik əlaqələr olmalıdır, nəqliyyat xətləri açılmalıdır. İndi bizim tələbimiz var ki, konstitusiyanın girişində Müstəqillik Bəyannaməsinə istinad var və orada Qarabağın Ermənistana birləşməsi məsələsi aradan qaldırılsın. Paşinyan özü də deyir ki, bu, cəfəngiyyatdır. Sadəcə olaraq onu dəyişmək üçün gərək yeni konstitusiya qəbul olunsun. Bu isə vaxt aparacaq. Onların qanunlarına görə referendum seçkidən sonra 6 aydan tez keçirilə bilməz. Eyni zamanda bunun üçün gərək həmin o referendum qanununda dəyişikliklər olsun ki, çox sərt bir referendum qanunları var. Bizdə 25 faiz iştirak olanda referendum baş tutmuş sayılır, onlarda isə bu, 65 faizdir. İndi o 65 faizi səs verməyə gətirmək mümkün deyil. Baxın, bu gərgin seçki kampaniyasında 65 faiz nəticə əldə edilmədi. Paşinyan özü bəyan edib ki, bu vaxta qədər keçirilən bütün referendumlarda nəticələr saxtalaşdırılıb. O indi saxtakarlığa getmək istəmir, qanunu dəyişmək istəyir. Konstitusiya qanunu 2/3 səslə qəbul olunmalıdır. Yəni indi gərək parlamentdə müxalif deputatlarla işləsin ki, referendum qanununda lazımlı dəyişikliklər eləsin, daha sonra yeni konstitusiyanı referenduma çıxartsın. Yeni konstitusiyasında daha o istinad olmayacaq.
Biz sülh müqaviləsini təkcə Paşinyanla, onun hökuməti ilə yox, erməni xalqının iştirakı ilə imzalamaq istədiyimizi bildirmişik. Erməni xalqı onu seçərək, yəni onun partiyasına dəstək verərək sülhə də dəstək verdi. Mənim düşüncəmə görə, uzatmadan biz sülh müqaviləsini imzalaya bilərik. Ancaq onun parlamentdə raifikasiyasını saxlaya bilərik. Ermənistan yeni konstitusiya qəbul edəndən sonra biz də sazişi parlamentdə ratifikasiya edə bilərik. Hər bir halda düşünürəm ki, bu prosesi çox uzatmaq düzgün olmaz.
- Yəni siz dediyiniz variant mümkün görünür?
- Mümkün görünür, bizim indi müttəfiqimiz də var, Türkiyə ilə də fərz edirəm ki, məsləhətləşəcəyik. Biz çalışmalıyıq ki, ümumiyyətlə, regionda Rusiyanın at oynatmaq istəyinə imkan verməyək və uzaqlaşdıraq. Bunun üçün də regionda tezliklə sülh təmin olunmalıdır.
- Ermənistan müxalifəti, həmçinin revanşistlərin fəaliyyətləri, strategiyaları nədən ibarət olacaq?
- Paşinyanın açıq şəkildə sülh mesajları, Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaq çağırışları, belə bir siyasət aparması onun rəqiblərinə də təsir etdi. Azərbaycanın ən qatı düşməni olan, sülhə, revanşa meyilli, sülhdən imtina edən Robert Köçəryan seçki kampaniyasında deməyə məcbur oldu ki, qalib gəlsə, sülhə dəstək verəcək. Sadəcə olaraq bu sülh müqaviləsinə təminatçılar lazımdır. Sözünün canı o idi ki, sülh sazişi Rusiyanın himayəsi altında Moskvada imzalansın. Ancaq sülhə qarşı heç bir partiya, seçkidə iştirak edənlərin heç biri çıxa bilmədilər. Bu onu göstərir ki, rəsmən siyasi qüvvələr sülhü və Azərbaycanın bölgədə ərazi bütövlüyünün təmin olunması və üstün bir mövqedə olmağı ilə barışıblar. Bu, olduqca vacibdir.
- Köçəryan iddialarından əl çəkəcək, siyasi səhnəni tərk edəcək?
- Əslində, bu seçkilərdə uduzan Köçəryan oldu. Çünki 2021-ci ildə də uduzdu, ancaq hər halda parlamentdə onun blokundan 28 deputat var idi, əsas müxalifət idi. Bu seçkilərdə isə 11 mandat qazanıb. Seçkini tam uduzan Robert Köçəryandır. Ağlı çatsa, papağını başına qoyub, cəhənnəm olub gedər Rusiyaya, pulları da Moskvadadır. Ona görə düşünürəm ki, hər halda özü də, ətrafı da anlamalıdırlar ki, Köçəryanın siyasətə qoşulmaq dövrü bitdi. Tsarukyana qarşı iş qaldırılıb. O, bir tərəfdən deyir ki, səslər yenidən sayılsa, parlamentə keçəcək, ancaq eyni zamanda həyat yoldaşı ilə birgə ölkədən qaçarkən hüquq mühafizə orqanları çıxışına icazə verməyib. Ona qarşı cinayət işi açılıb, cavab verməlidir. Köçəryanın böyük cinayətləri var. Onun əli təkcə azərbaycanlıların deyil, ermənilərin də qanına batıb və cəzasını alacaq. Hər bir halda düşünürəm ki, indi Tsarukyanın da vəziyyəti yaxşı deyil. Samvel Karapetyan çalışacaq Paşinyanla dil tapsın ki, onu buraxsınlar, yığışıb getsin öz milyardları olan Rusiyaya. Ancaq Paşinyan Robert Köçəryanla haqq-hesab çəkəcək.
- Demək olar ki, ermənilərin revanşistləri deyil, Paşinyanı dəstəkləmələri həm də Azərbaycanın müəllifi olduğu sülh siyasəti nəticəsində mümkün oldu?
- Azərbaycan reallıqları dəyişdi. Müharibəni də Prezidentin rəhbərliyi altında uddu, sülh təklif elədi, sülh prosesini, sülh danışıqlarını Rusiyanın, sonra Avropa İttifaqının əlindən alaraq ikitərəfli qaydada tamamladı. Yolların açılmasında lazımi addımlar atdı. Paşinyan və digər siyasi qüvvələr Ermənistanda reallıqlarla hesablaşmağa məhkumdurlar. O reallıqları isə Azərbaycan yaradıb.
Pərvanə SULTANOVA
çap et