Ulduzlar uzaqdı, çox uzaq.
Özgə dərdi kimi uzaq!
Vaqif Səmədoğlunun doğum günündə yenə bu misralarını xatırladım...
Mikayıl Müşfiqdən isə bu bənd yadıma düşdü:
Tərlansan, göydən enməzsən,
Torpaqlarda sürünməzsən.
Mən dönərəm, sən dönməzsən,
Yaşa, könül, yaşa, könül!
lll
Təbiətin nizamını pozublar. Göyləri qəzəbləndiriblər...
lll
Axı hamı səhər saat 6-da oyanmır...
lll
Söz böyük məsuliyyətdir!..
lll
Empati hissindən məhrum, bir-birini didməyə hazır olan, qəddar, qəzəbli, mərhəmətsiz insanlar!..
lll
Zamanın sürətli tempində ayağı dolaşıb yıxılanlar çox olacaq...
lll
Kitablara qubarla, təəssüflə baxmaq...
lll
Diqqətcillik və həssaslıq üstün keyfiyyətlərdir - təsirləndirir.
lll
Azərbaycan kuboku uğrunda "Sabah" və "Zirə" klublarının oyununu izləyərkən düşüncələrimi bölüşdüm: "Belə başa düşdüm ki, meydanda cəmi bir nəfər azərbaycanlı futbolçu var. Yoxsa səhv edirəm?"
Sonra bu barədə fikirlərimi soruşan jurnalistin sualını cavabladım: "Mən həvəskar futbol izləyicisiyəm. Hansısa məqamları, qərarları yaxından izləmirəm. Mənim üçün sevindirici haldır ki, "Qarabağ"dan sonra "Sabah", "Zirə", "Turan Tovuz" kimi komandalar formalaşıb, güclü rəqabət yaranıb. Finalda üz-üzə gələn "Sabah"la "Zirə"nin oyununa baxanda təəssüf hissi keçirdim ki, ölkə kuboku uğrunda oyunda cəmi bir neçə yerli futbolçu oynayır. Bu, adamın özünəinam hissini itirir. Niyə öz futbolçumuzu yetişdirə bilmirik? Bu suallar ətrafında fikirləşməyə məcbur olursan. Uşaq futbolu inkişaf etməlidir. Legioner limiti ləğv olunsa da, klublar çalışmalıdır ki, hər komandanın heyətində, heç olmasa, üç azərbaycanlı futbolçu meydana çıxsın".
lll
Yağış yağacağını güman edirdim. Amma belə güclü leysan olacağını gözləmirdim. Göylərə nəsə olub...
lll
Dünən gənc yazıçı Nihat Pirin "Miraj" adlı ilk kitabının təqdimatında çıxışlar bitəndən sonra xahiş etdim ki, müəllif hekayələrindən ürəyi istədiyi bir abzası oxusun. Təxminimə görə, müəllif ən bəyəndiyi hekayəsindən ən sevdiyi abzası oxumalıydı. Elə də oldu. Onun ilk abzasını səsləndirdiyi "Erməni-müsəlman davası, Moskva və sair" adlı hekayəsinin ardını bu gün səhər "Miraj"dan tapıb oxudum. Çox bəyəndim. Nihat yığcam bir hekayədə iki qonşu millətin xarakterini dəqiq detalla yarada bilib. Bu hekayə mənə Mirzə Cəlilin, Əbdürrəhim bəy Haqverdiyevin klassik usta nəsrini xatırlatdı.
Nihatı ilk kitabına və sanballı hekayəsinə görə təbrik edir, yazıçılığın dəbdən düşdüyü bir dövrdə uğurlar qazanacağına, diqqət çəkəcəyinə inamımı bildirmək istəyirəm.
lll
"Avroviziya" musiqi yarışmasında xaosu, qarışıqlığı təbliğ edən mahnının qalib olması düşündürücüdür. Dünyanı nəyə hazırlayırlar?
lll
İnsanları sevindirməkdən, xoş söz söyləməkdən yorulmayın.
Kobudluqdan, aşağılamaqdan çəkinin.
Dünyanı gözəlləşdirin!
Ürəkdən, saf, səmimi duaların ünvanına çatacağına inanın!
lll
1981-ci ildə Respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü orta məktəbi bitirmişik. 45 ildən sonra, bu gün sinif yoldaşları bir yerə yığışdıq. Görüşə dəvətimizi qəbul edən sinif rəhbərimiz Solmaz xanım da gəlmişdi.
Dünyadan köçən sinif yoldaşlarımızı yad elədik, ruhlarına rəhmət dilədik. İki il oxuduğumuz məktəbin həyətini gəzdik, məktəb illərini xatırladıq, xatirələrimizi bölüşdük. İndiki zamanda adamı yaddaşın itirilməsindən qoruyan ən başlıca amillərdən biri də keçmişi yada salan doğma məkanlara baş çəkməkdir. Gözəl xatirələr insanın beynini yeniləyir.
İndi məktəbə Elçin müəllim rəhbərlik edir. Bu unudulmaz gündə bizə yaratdığı şəraitə, isti münasibətə görə ona təşəkkür edir, gözəl ənənələri olan bu məktəbin bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliyimizi bildiririk.
Keçmiş xəfif xiffətdir.
lll
İfrat qənaətcillik sonda ziyan vurur.
lll
Çox oxunsun deyə hər əxlaqsız xəbəri yaymaq ciddi (elə qeyri-ciddi də!) media subyektinə yaraşmaz!
İnsanları zəhərləməyin!
Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, heç olmasa, uşaqları nəzərə alın!
lll
Tədbirlərdə dekorasiyaya çevrilmək.
lll
Hansısa informasiya cəlbedici, təzə və maraqlı ola bilər. Amma onun yayılması kiməsə toxuna, zərər vura, kin, nifrət yaya, nifaq toxumu səpə bilərsə, gərək düşünəsən. Acı fəsadlarından çəkinəsən.
lll
Buludlar yayın gəlişinə ciddi müqavimət göstərir...
lll
Eyni vaxtda 3-cü tədbirə dəvət...
lll
Sağa ver, saxla...
lll
Hərə bir tərəfdə dərd çəkir.
lll
Süni intellekt kövrələ biləcəkmi?
lll
Deyəsən, futbol üzrə Dünya çempionatına maraq azalıb. Yoxsa mənə elə gəlir?
lll
Nikol Paşinyan seçkiqabağı təbliğatında özünü sülh, regionda normallaşma və iqtisadi əməkdaşlıq tərəfdarı kimi ön plana çəkdi. Ancaq onun bu istiqamətdə əsl səmimiyyəti və qərarlılığı 7 iyun seçkisindən sonrakı fəaliyyəti ilə ölçüləcək. Əgər sülh prosesinə, Azərbaycan və Türkiyə ilə davamlı əməkdaşlıq xəttinə sadiqdirsə, ləngimədən gərəkli addımları atmalı, Konstitusiya dəyişikliyi barədə tələbləri yerinə yetirməlidir.
Həmçinin, Ermənistandakı müharibə cinayətkarlarını Azərbaycana təhvil vermək barədə də düşünməlidir. 30 il ərzində regionu qana çalxayan o canilər üzərində Azərbaycanda ədalət məhkəməsinin keçirilməsi işğalçı-faşist təfəkkürlü revanşistlər üçün də, ümumən tarixi baxımdan da mühüm ibrət dərsi, görk olar.
Üstəlik, Paşinyan regionda sülhün davamlılığı naminə bunu etməklə həm də ölkəsində nisbi siyasi sabitliyə nail ola, öz mövqeyini möhkəmləndirə bilər.
lll
Laçındakı Ağoğlan məbədinin sirli aurası uşaqlıqdan ruhuma hakim kəsilib. Məbədə daxil olarkən pırıldayıb uçan göyərçinlərin qopan lələkləri havada yellənərək qəribə bir sükut gətirirdi. Mənə elə gəlirdi ki, məbədin qalın divarlarına hopmuş sakitliyə dalıb min il əvvələ getmək, keçmişə dönmək mümkündür. Hardansa qaranlıq hücrələrin birindən yol gedir; heç zaman sonuna çatmayacağım upuzun bir yol! Uşaqlığımda məbədin yaratdığı o sirli aura, o gizli yolu tapmaq istəyi sonralar məni ən müxtəlif zaman və məkanlarda yaxaladı.
"Belə-belə işlər!"
lll
Nə qədər acı olsa da, kənd kitabxanaları artıq nostaljidir, xəfif xiffətdir, keçmişdir. Bir neçə nəsil yəqin belə xatırlayacaq. Kənd kitabxanası və kitabxanaçı barədə bədii əsərlər də yazılıb. Amma dövr dəyişib. Kitabxanalar daha fərqli formada fəaliyyət göstərməlidir. Reallıq bunu tələb edir.
Qəzetlər dövriyyədən çıxandan sonra Sahil bağı ətrafındakı iki qəzet köşkü "Poz-qazan" lotereyaları və elektron siqaretlər satan məkana çevrildi. Kənd kitabxanalarının yerləşdiyi məkanların da belə aqibətlə üzləşməsi ağrılı olacaq.
çap et