Fərid Pərdəşünas, texnobloger:
- Sosial media qanunu ilə bağlı detallar:
Sosial media haqqında qanunun ictimai müzakirəsində iştirak edirəm. Qanunla bağlı maraqlı məqamlar var, sizinlə bölüşürəm:
- Sosial media xidməti göstərən platformalar Azərbaycanda qeydiyyata alınmalıdır. Onlar müvafiq filial yaratmalı və Azərbaycan dilində fəaliyyət göstərən əlaqə mərkəzi yaratmalıdırlar. Yəni bu qanunla biz növbəti illərdə Azərbaycanda "Meta", "Google" və s. kimi şirkətlərin ofislərinin açıldığını görə bilərik.
- Provayderlər platformaya azyaşlıları buraxacağı halda və qanuna əməl etməyəcəyi təqdirdə ilk olaraq yazılı xəbərdarlıq olunacaq. Xəbərdarlıqdan 30 gün sonra 100.000 manat cərimə, növbəti 30 gün sonra isə 300.000 manat cərimə olunacaq (Əməl etmədiyi halda).
- Qanuna əməl edilməsə, iqtisadi qadağalar olacaq. Yəni "Meta" Azərbaycan qanununa əməl etməsə, reklam xidmətlərindən pul qazana bilməyəcək. Banklar köçürmələri bloklayacaq.
- Bütün bunlardan sonra yenə də qanun pozulsa, 3 ay ərzində tələblər yerinə yetirilməsə, məhkəmə qərarı ilə mərhələli trafik məhdudiyyəti olacaq (İlk öncə 20, sonra 50, yekunda 90 faiz).
Daha bir maraqlı məqam:
- Qanuna görə asılılıq yaradan sonsuz sürüşdürmə, videoların avtomatik səsləndirilməsi kimi özəllikləri söndürməlidirlər.
Bəs necə yoxlanacaq?
Çarpaz məlumat analizi ilə: Yaşın yoxlanılması bank kartı (vəsaitin müvəqqəti bloklanması yolu ilə), elektron poçt və mobil nömrə məlumatlarının çarpaz yoxlanılması əsasında həyata keçirilir.
Yəni dövlət məlumata müdaxilə etmir, bütün məsuliyyət məhz platformaların üzərinə düşəcək ki, onlar uşaqları platformaya buraxmasınlar.
Burada vəsiqə, mygov kimi şəxsi məlumatlardan söhbət getmir. İnsanlar məcburi şəkildə vəsiqə və s. yükləməyəcək.
Rəsul Mirhəşimli, jurnalist:
- Bəzi deputatlar Milli Məclisin iclasında çıxış edəndə elə bil, orta məktəb şagirdi dərs danışır. Onlara qulaq asanda mənə elə gəlir ki, sonda iclasa sədrlik edən deyəcək: "gündəliyini gətir, qiymətini yazım", ya da "dərsini yaxşı danışmadın, "3" yazıram".
Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:
- 17 yaşlı gənc sosial şəbəkəyə girmək üçün valideynindən icazə almalıdır?
Uşaqların sosial şəbəkələrdən istifadəsinin tənzimlənməsi ilə bağlı yeni qanun layihəsi ictimai müzakirəyə təqdim edilib.
Layihəyə görə, dövlət tərəfindən müəyyən ediləcək sosial şəbəkə platformalarında 16 yaşadək uşaqlar üçün hesab açılması qadağan olunur. Qanun qüvvəyə mindikdən sonra mövcud hesablar da yoxlanılacaq və yaş təsdiqlənmədiyi halda həmin hesablar silinəcək.
16-18 yaş arası istifadəçilər üçün isə ayrıca rejim nəzərdə tutulur. Bu yaş qrupunda valideyn razılığı, valideyn nəzarəti, xüsusi təhlükəsizlik tədbirləri, məzmun və reklam məhdudiyyətləri, geolokasiyanın məhdudlaşdırılmas tətbiq ediləcək.
Qanunun təsir dairəsinə əsasən "Instagram", "Facebook", "TikTok", X, "Snapchat" və digər oxşar sosial şəbəkələr daxil olacaq.
Həmin platformaların Azərbaycanda nümayəndəlik və ya filial açması da tələb olunur. Tələblərə əməl etməyən platformalar üçün 100 min və 300 min manatlıq maliyyə sanksiyaları və bloklanma kimi tədbirlər nəzərdə tutulur.
Əslində bu mövzu dünyada yeni deyil.
Son 15-20 ildə bir çox inkişaf etmiş ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı müxtəlif yanaşmalar müzakirə və tətbiq olunub. Avstraliya, Fransa, Böyük Britaniya və bir sıra Avropa ölkələri bu istiqamətdə fərqli modellər tətbiq edir və ya müzakirələr aparırlar.
Maraqlıdır ki, beynəlxalq müzakirələrdə əsas konsensus daha çox 13 yaşadək uşaqların qorunması ətrafında formalaşıb. Ən çox mübahisə doğuran məsələ isə məhz 16-18 yaş qrupudur.
Bu gün Azərbaycanda da 17 yaşlı gənclər arasında hətta Aİ ilə biznes quranlar, proqramlaşdırma ilə məşğul olanlar, startap quranlar və pul qazananlar, beynəlxalq olimpiadalarda, hakatonlarda və qlobal layihələrdə iştirak edənlər az deyil.
Bir çox hallarda onların rəqəmsal bacarıqları valideynlərindən daha yüksəkdir. İndi sual yaranır: bu gənclər sosial şəbəkələrə valideyn razılığı iləmi daxil olacaqlar? Onların istifadə vaxtına və məzmun seçiminə valideyn nəzarəti necə tətbiq ediləcək? Bu yanaşma onların rəqəmsal inkişafını və beynəlxalq rəqabət imkanlarını məhdudlaşdırmayacaqmı? Məhdudiyyətlərlə üzləşən bizim 16-18 yaşlı gənclərimiz daha sərbəst rəqəmsal mühitdə böyüyən xarici həmyaşıdları ilə eyni səviyyədə rəqabət apara biləcəklərmi?
Əlbəttə, qanunun məqsədi uşaqları qorumaqdır və bu, təqdirəlayiq yanaşmadır. Lakin müasir dövrün reallıqları, rəqəmsal iqtisadiyyatın tələbləri, ölkələrin rəqabətə davamlılığı və gənclərin inkişafı da nəzərə alınmalıdır.
Məncə, 13 yaşadək uşaqlara münasibətdə daha sərt məhdudiyyətlər əsaslandırılmış görünür. 13-15 yaş qrupu üçün daha yumşaq və mərhələli yanaşma tətbiq oluna bilər.
Ən çox müzakirəyə ehtiyac olan hissə isə məhz 16-18 yaş qrupudur.
Burada həm qanunun işləkliyi, bu yaş qrupuna daxil olanların rəqəmsal müstəqilliyi, həm VPN və digər texniki vasitələrlə məhdudiyyətlərin aşılması, həm də valideynlərdən daha yüksək rəqəmsal savada malik gənclərə bu nəzarətin necə tətbiq ediləcəyi suallar doğurur.
Digər tərəfdən, qlobal platformaların Azərbaycanda nümayəndəlik açmaqda nə dərəcədə maraqlı olacağı və yaş yoxlamasının praktikada necə işləyəcəyi də açıq qalan məsələlərdir.
Düşünürəm ki, ictimai müzakirələr zamanı xüsusilə 16-18 yaş qrupu ilə bağlı müddəalar daha dərindən təhlil edilməli, uşaqların təhlükəsizliyi ilə onların rəqəmsal inkişafı arasında optimal balans tapılmalıdır.
Arzuman Nəbiyev, jurnalist:
- İyunun 7-də Masazırda baş vermiş bir hadisənin videosunu izləyərkən içimdə dərin bir ikrah hissi yarandı. İnsan nə qədər harınlamalıdır ki, yol hərəkəti qaydalarını pozsun, qırmızı işıqda keçsin, sonra da özünü haqlı kimi aparsın?
Ən acınacaqlısı isə odur ki, bəzi insanlar sahib olduqları maddi imkanların onlara hər şeyə haqq verdiyini düşünürlər. Guya cibindəki pul, sürdüyü bahalı maşın qanundan da, insanlıqdan da üstündür. Kim verib bu ixtiyarı? Kim deyib ki, başqalarının hüququnu tapdalamaq olar?
İnsanın dəyəri sürdüyü avtomobillə ölçülmür. Bahalı maşın sahibi olmaq mədəniyyət, əxlaq və insanlıq göstəricisi deyil. Əsl gözəllik insanın davranışında, başqalarına münasibətində və qanuna hörmətindədir.
Təəssüf ki, bəziləri bunu hələ də dərk etmir.
Nüşabə Sadıxlı, filologiya üzrə fəlsəfə doktoru:
- Bu gün nəvəm yanıma gəlmişdi, istədim onu bir az gəzdirim. Uzun müddətdir nə İçərişəhərdə, nə də Dənizkənarı Parkda olmuşdum. Amma getməyimə peşman oldum. İçərişəhərin özünəməxsus ruhundan əsər-əlamət yoxdur, çox əcaib haylı-küylü musiqi adamın əsəblərini tarıma çəkir. Musiqini səsləndirənlərə yanaşıb dedim ki, turistlər bu müsiqini öz ölkələrində eşidirlər, siz Azərbaycan musiqisini səsləndirin. Kimə deyirsən, veclərinə də almadılar.
Hələ bu ərazidə olan mağazaların adlarını demirəm.
Anlamıram ki, bizi bu cür təqdim etmək kimə və nəyə lazımdır.
Nurlana Telmanqızı, jurnalist:
- Bu gün "Tərəqqi" qəzetinin yarandığı gündür.
Məhəmməd Əmin Rəsulzadə "Tərəqqi"ni Azərbaycanda ilk Avropa tipli qəzet adlandırmışdı.
"Tərəqqi" - ictimai-siyasi, iqtisadi və ədəbi qəzetdir. 1908-1909-cu illərdə Bakıda milyonçu Murtuza Muxtarovun vəsaitinə nəşr olunmuşdur. Baş redaktoru Əhməd bəy Ağaoğlu idi.
Birinci nömrəsi 1908-ci il iyun ayının 8-də çıxmışdı. Qəzetin adı "Tərəqqi" sözünün altında "Hürriyyət, müsavat, ədalət" sözləri yazılmışdı. "Tərəqqi" əvvəllər həftədə 5 dəfə, ilin axırına doğru gündəlik çıxırdı. Qəzetin 46-cı nömrəsinə kimi naşiri Ə.Ağaoğlu, 46-cı nömrədən Murtuza Muxtarov idi.
"Tərəqqi"nin nəşrində Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Üzeyir bəy Hacıbəyov, Məhəmməd Hadi, Əliqulu Qəmküsar və başqaları iştirak ediblər.
M.Ə.Rəsulzadə qəzetin ən fəal əməkdaşlarından və müəlliflərindən idi. Onun bu qəzetdə 100-dən artıq çox qiymətli, müxtəlif janrlı əsəri dərc olunmuşdur.
1909 il iyunun 28-də Ə.Ağaoğlu Türkiyəyə köçüb getdikdən sonra qəzetin baş redaktoru Üzeyir bəy Hacıbəyov olmuşdur. "Tərəqqi"də Ü.Hacıbəyovun müxtəlif janrlarda (siyasi icmal, açıq məktub, elmi-pedaqoji məqalə) 150-dən çox yazısı "Osmanlıda inqilab qoxusu", "İran işləri", "Gələcək Avropa konfransı", "Milli məktəblərdə rus dili tədrisi", "Üsuli-təlim" və s. məqalələri, "Ordan-burdan" ümumi başlıqlı felyetonları) çıxmışdır. N.V.Qoqolun "Şinel" hekayəsi də ilk dəfə Ü.Hacıbəyovun tərcüməsində "Tərəqqi" qəzetində dərc olunmuşdur.
Bir sıra maliyyə çətinliklərinə görə "Tərəqqi" cəmi 434 nömrədən sonra - 1909-cu il oktyabrın 6-da bağlandı.
Ayaz İlyasov, İctimai Radionun baş redaktoru:
- Ermənistan parlamentinə ilk seçkilər 1919-cu ildə keçirilib.
Seçkilərdə "Daşnaksütyun" 90 faiz səs toplamışdı. Maraqlıdır ki, həmin vaxt Ermənistan parlamentinə azərbaycanlılar da seçilmişdi. İndiki prizmadan baxanda bu, qəribə görünsə də, o zaman üçün kifayət qədər normal hadisə idi. Axı hazırkı Ermənistan ərazisində yüz minlərlə azərbaycanlı yaşayırdı. Ermənistan parlamentinə 80 deputat seçilmişdi. Onlardan 2-si azərbaycanlı idi.
Azərbaycanlı əhalinin Ermənistan parlamentindəki yeganə səsləri Mir Bağır Mirbabayev və Əsəd bəy Ağabababəyov idilər.
Etibar Əliyev, fəlsələ üzrə fəlsəfə doktoru:
- Paşinyan İrəvanın mərkəzində izdihamlı seçkiqabağı mitinq keçirdi. Yaddaşım məni 38 il əvvəl Ermənistanda "Ğarabağ merna - Qarabağ bizimdir" şüarı altında keçirilən mitinqə qaytardı. 1988-ci ilə... Paytaxt İrəvandan 35 kilometr məsafədə yerləşən doğulduğum Şirazlı kəndində idim. Dəvəlidən (adı dəyişib Ararat etmişdilər) bir sürü erməni əllərində əleyhimizə şüarlar səsləndirməklə paytaxta piyada yürüş təşkil etmişdilər. Qarşılarına çıxan azərbaycanlıları döyürdülər. Məşhur filmdə Qəmlonun əsir götürülmüş İmana dediyi ifadə də yerinə düşər: "Hanı sənin şura hökumətin?"
Səni pöşələnəsən, ay tarix! İndi Sülhün dəstəklənməsi şüarları səsləndirilir. Qoca Ranke düz demişdi: "Tarix keçmiş haqqında elmdir".
Bəli, qəfil nostaljiyə yuvarlandım. Qələbəmiz Sülhə əsas verdi. Və Sülh paradiqması birmənalı olaraq Paşinyanı qələbəyə çatdıracaq. Sülh - rasional düşüncəli siyasətçilərə seçkilərdə qələbə qazanmaq üçün imkanlar yaradır, hətta onları Nobel Sülh mükafatına yaxınlaşdırır.
çap et