Hər dəfə muğamdan, onun peşəkarlarından yazmaq lazım gələndə, Bəxtiyar Vahabzadənin bu misralarını xatırlayıram: "Dəfn edin siz məni Zabul-segahın mayəsinə, Deyirəm, bəlkə məni bir gün oyandırdı muğam". Xalqların tarixini kitablar və bir də musiqi yazır. Muğamı isə musiqi adlandırmaq azdır, çünki o, əsrləri adlayaraq gələn səs, bir xalqın yaddaşında yaşayan duyğuların dilidir. Bəlkə elə buna görədir ki, muğam səslənəndə o, dinlənilmir, hiss edilir. Təsadüfi deyil ki, zamanın sınaqlarından keçərək, bu günə çatan muğam hər dövrdə özünə yeni dinləyici tapa bilib və dəyişən zamanın içində dəyişmədən qalıb. Muğamın sirrini daha çox ürəkdə axtaran sənətkarlar bu gün də onun nəfəsini gələcək nəsillərə çatdırır.
Tamaşaçı onu muğam müsabiqəsindən tanıdı. İfası o qədər bəyənildi ki, müsabiqəni tərk etməli olsa da, tamaşaçı istəyi və təkidi onu yenidən geri qaytardı. Mərhələləri keçərək laureat oldu. O vaxtdan istər respublikada, istər ölkə xaricində keçirilən incəsənət tədbirlərindən nə kənarda qaldı, nə də mükafatsız qayıtdı. İfası kimi müsahibə boyu izlədiyim xanımlığı, ünsiyyətindəki etika, səlis danışığı da yüksək mədəniyyətdən soraq verirdi.
Bugünkü həmsöhbətimiz Milli Konservatoriyanın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Teatrının solisti, respublikanın Əməkdar artisti Bəyimxanım Vəliyevadır.
- İstəyirəm söhbətə üçyaşlı Bəyimxanım adlı bir qızcığazın ilk çıxışı ilə başlayaq.
- Çox uzaqlara getdiniz.
- Belə daha maraqlı olar.
- Musiqiyə həvəsim körpə yaşlarımdan özünü göstərib. Yəqin ona görə ki, rəhmətlik anam musiqini çox sevib, pianoda çalmağı çox xoşlayardı. Anam danışardı ki, iki yaşım olardı, o, mənə laylay çalanda ağlayardım. Soruşanda niyə ağlayırsan, ürəyimi göstərib demişəm ki, sən oxuyanda burda nəsə olur. O zamanlar radioda müəyyən bir gündə muğam saatı olurdu. Həmin günlərin birində anam radionun səsini qaldırıb mətbəxdə iş görürmüş. Mən otaqda oynadığımdan gəlib nəzarət etmək istəyəndə məni görməyib. Səslənəndə görüb ki, pianonun küncünə qısılıb ağlayıram. Soruşub ki, ay qızım, nə olub belə? Yenə də ürəyimi göstərib demişəm ki, onu söndür, o oxuyanda burda nəsə olur. Bu hal anamda həm maraq oyadıb, həm də narahatlıq yaradıb və dediyiniz həmin üçyaşlı qızcığazı sənətkarımız Mübariz Tağıyevin yanına aparıb. Anamın pianoda çalıb-oxuduğu mahnıları bildiyimdən musiqi duyumum bəlli olub. Mübariz Tağıyev anama məsləhət görüb ki, məni mərhum Əfsər Cavanşirovun yanına aparsın, çünki o, bu sahənin mahir bilicisi idi. Çox ciddi və tələbkar insan idi Əfsər müəllim. Məni dinlədikdən sonra bağrına basıb dedi ki, bu qız xorda yalnız solist olacaq.
- Yəni "Bənövşə" uşaq xorunda...
- Bəli... Və beləcə, istisna olaraq xorun solisti oldum. Mən əsasən böyüklərin ifa etdiyi, ya da türk mahnıları oxuduğumdan, uşaq mahnılarını heç sevməmişəm. Deməli, "Bənövşə" uşaq xoru dövlət televiziyasında çəkilişlərə hazırlaşırdı və mənə dedilər ki, sən də oxuyacaqsan. Uşaq mahnısını ifa etmək üçün məni yola gətirməyə bəhanə olaraq dedilər ki, Bəyim, sən ata-ananın bir dənəsisən, ona görə də "Nargilə" mahnısını oxuyacaqsan. O zaman "Bənövşə" uşaq xorunu pianoda mərhum Nailə Mirməmmədli müşayiət edirdi və beləcə, mahnını mənə öyrətdilər. Bununla da, uzaq 1992-ci ildə üçyaşlı Bəyimin "Nargilə" mahnısı ilə ilk çıxışı oldu. Mahnı da, mən də hamı tərəfindən maraqla qarşılandıq və bununla da davamlı çıxışlarım başlandı.
- Amma hələ məktəb yaşına çatmamışdınız...

- Xeyr, çatmamışdım. Beş yaşım olanda Uşaq filarmoniyasına yönəldim. Burada ilk muğam dərslərini Zabit Məmmədovdan almağa başladım. Bu, həmin vaxtlar idi ki, respublikada hər il muğam müsabiqələri keçirilirdi və mən də özümü sınayırdım. Artıq 260 saylı məktəbin şagirdi idim. Bu müsabiqələrdə dəfələrlə Qran-Prilərə, II və III yerlərə layiq görülmüşəm. Müsabiqənin münsiflər heyəti olan Yaqub Məmmədov, Sara Qədimova, Tükəzban İsmayılova, İslam Rzayev, Əlibaba Məmmədov kimi korifeyləri görmək, onların tövsiyələrindən bəhrələnmək mənim üçün böyük xoşbəxtlik olub. Müsabiqələrin birində Əlibaba Məmmədov və İslam Rzayev anama dedilər ki, xanım, bu qız artıq professional şəkildə yolunu davam edə bilər, müsabiqələr artıq onun yeri deyil. Onların məsləhəti ilə üçüncü sinifdən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə yönləndirildim. O zaman məktəbin direktoru Nigar Cəlilova məni müsabiqələrdən yaxşı tanıyırdı. Dedi ki, Bəyim, hansı müəllimi istəsən, onun sinfində də oxuyacaqsan. Müəllimlərin arasında mərhum Ağaxan Abdullayevin adını eşidəndə dərhal seçimimi etdim, çünki onun ifasında eşitdiyim muğamlar mənə daha çox sirayət edirdi. Həm orta ixtisas məktəbində, həm Milli Konservatoriyada Ağaxan Abdullayevin tələbəsi oldum. Məktəbi də, konservatoriyada bakalavr və magistr pilləsini də fərqlənmə diplomu ilə başa vurmuşam.
- Xanəndə, həm bəstəkar mahnılarının, həm də estrada ifaçısısınız. Bu gün tamaşaçı səsinizi üç fərqli istiqamətdə eşidir, lakin bunları tənzimləmək də lazımdır...
- Tənzimləməyə çalışıram, dediyiniz kimi, fərqli istiqamətlərdir. Bu gün gənclər arasında buna səy göstərənlər çoxdur, lakin unutmaq olmaz ki, hər üç istiqamət ayrı-ayrı məktəblərdir. Mənim üçün mahnı ifa etmək çətin olmadı, çünki kiçik yaşlarımdan bu janra meyilli olmuşam. Xanəndəlikdə bayaq adlarını sadaladığım korifey sənətkarlardan bəhrələndim, bəstəkarlardan isə Faiq Sücəddinovun, Cavanşir Quliyevin, Vaqif Gərayzadənin mahnılarını ifa etdim. Mən yaradıcılıq yolumda artıq hər ikisi haqq dünyasında olan Nailə və Hikmət Mirməmmədliləri xüsusi olaraq vurğulayıram hər zaman. Nailə xanım "Bənövşə" uşaq xorundan mənə o qədər bağlı idi ki, günümün çox hissəsi onlarda keçirdi. Yəni mən bu məktəblərin hər birini ayrılıqda keçə bilmişəm. Bir məqamı da vurğulayım ki, sadaladığım bəstəkarlardan ifa etdiyim mahnılar uşaqlıq illərimə təsadüf etdiyindən o qədər də işıqlanmırdı. O zaman yeganə dövlət televiziyası vardı və orada davamlı çıxış etmək mümkün deyildi. Səslənən ifaları isə dinləyən də olub, dinləməyən də. Bilirsiniz ki, tamaşaçı məni ilk televiziya muğam müsabiqəsindən tanıdı...
- Bu haqda ayrıca söhbət edəcəyik...
- Olsun... Həmin müsabiqə ilə yeniyetməlik dövrüm bitdi və bundan sonra yaradıcılığımın ikinci mərhələsi başladı desəm, yanılmaram. Davamlı olaraq müsabiqələrdə, festivallarda, ölkədə və ondan kənarda, dövlət tədbirlərində çıxışlarım olurdu. Günlərin birində bəstəkar Ruslan Səfəroğlundan bir təklif aldım. Ona qədər onun bir neçə mahnısını ifa etmişdim. Dedi ki, Bəyim, bir mahnı var, artq bir neçə müğənni onu ifa edib. İstərdim ki, sən də oxuyasan, bəyənilsə, klip çəkiləcək. Bəlkə bir qaralama variant ifa edəsən? Təsadüfən studiyada idim, razılaşdım. Düzü, bəstəni sıradan bir mahnı kimi oxudum. Amma atalar demiş, sən saydığını say, gör fələk nə sayır. Mahnını müəlliflər çox bəyəndilər, klip çəkildi və gözləmədiyim halda mahnı populyarlıq qazandı. Muğam ifaçısı olduğumdan bəstəkar mahnısının belə qarşılanacağına inanmırdım. Beləliklə də, "Yollara yağış yağır" bəstəsi bəstəkar mahnılarının ifasında təkcə ilk vizit kartım olmadı, həm də ilk solo konsertimin başlığına çevrildi.
- Keçək məlum televiziya muğam müsabiqəsinə...
- 2005-ci ildə "Space" televiziya kanalında ilk televiziya muğam müsabiqəsi başlandı. Müsabiqənin anonsları gedirdi. Sənəd qəbulu üçün müəyyən vaxt təyin olunmuşdu. Anam çox təkid etsə də, sənəd vermədim. O zaman 15-16 yaşlarında idim. İlk müsabiqə olduğundan iştirakçı sayı çox idi və hamısı da istedadlı. Seçilməmək düşüncəsi ilə ruh düşkünlüyü yaşamaq istəmirdim. Sonra təşkilatçılar sənəd qəbulunun müddətini daha bir həftə uzatdılar, bu da yəqin mənim qismətimdən oldu. Beləcə, qatıldım müsabiqəyə. Gözləmədiyim halda birinci turu keçdim. İkinci turu keçəndə çox xoşbəxt idim, çünki artıq iyirmilikdə yer almışdım. Qalan iştirakçıların hamısı istedadlı, gözəl səs diapazonuna malik gənclər idi. Canlı yayımlar başladı. Müsabiqədə qalmaq haqqımızı SMS-lər həll etdiyindən səs toplamadığım üçün dördüncü həftə müsabiqəni tərk etməli oldum.

- Elə bundan sonra da ajiotaj başladı...
- Özündən demək kimi səslənməsin, efirə dayanmadan zənglər gəlməyə başladı, tamaşaçılar müsabiqədən getməyimi qəbul edə bilmirdilər. Kanaldan çıxanda böyük insan axını ilə qarşılaşdım və hamı etirazını bildirərək, qalmağımı bir növ tələb edirdi. Rəhbərlik dönə-dönə bildirdi ki, iştirakçıların taleyini SMS-lər həll edir. Lakin məndən sonrakı həftələrdə də zənglərin kəsilmədiyini görən müsabiqənin təşkilatçısı Nadir Axundov həm münsiflərin, həm tamaşaçıların narahatlığını nəzərə alıb məni müsabiqəyə qaytardı. Bu, məni o qədər ruhlandırdı ki, finala çataraq beşinci yerin qalibi kimi müsabiqəni başa vurdum.
- Xanəndə Bəyimxanım Vəliyeva və muğam...
- Muğamın xüsusi bir tərifi yoxdur. Muğam bir fəlsəfədir, muğam dibi görünməyən bir dəryadır. Özümdən deyirəm ki, muğam ifa edərkən bir neçə dəqiqəlik yerdən ayrılıb göyə ucalırsan və Tanrı ilə bir təmasa keçirsən, ruhunu göylərə təslim edirsən. Bilavasitə istər qəzəlin sözləri ilə, istər muğamın avazı ilə tərki-dünya olursan. Bu, mənim yaşadıqlarımdır.
- Ruhunuza daha yaxın olan muğam...
- Hamısını sevirəm. Ruhuma daha yaxın olması isə həmin günkü əhvalımdan asılıdır. Humayuna sevgim başqadır, Bayatı-Şiraza başqa. Bəstə-nigarla Çahargaha olan sevgim tamam başqadır, yəni həmin gün hansı ab-havadayamsa, sevgim ona uyğun olur.
- Erkən ailə qurmusunuz... Ola bilsin ki, qarşınıza hansısa şərtlər və qadağalar qoyulub...
- Kiçik yaşlarımdan çalışmışam ki, gördüyüm hər işdə nümunəvi olum. Erkən yaşlarımdan el şənliklərinə gedirdim. Həmin vaxtlar konservatoriyaya hazırlıq ərəfəsi olduğundan dəftər-kitabım da yanımda olurdu, qastrola gedəndə də elə. Nail olduqlarımı öz istedadım, bacarığım sayəsində əldə etmək istəyirdim. Nə yaxşı ki, bunu bacarmışam. Mən demək olar ki, uşaqlıq yaşamadım. Həm oxumuşam, konsertlərdə iştirak etmişəm, həm el şənliklərinə gedib ailəmi saxlamışam, atasız böyüyüb, daha sonra anasızlıq yaşamışam. Anamı itirəndə özümü çox yalnız hiss edirdim. Kiməsə sığınmaq fikrilə yaşayırdım, bir boşluq içində idim. Nə efirə çıxırdım, nə el şənliklərinə gedirdim, sanki tək qalmışdım bu dünyada. Fikrimdə yalnız təhsilimi davam etmək və karyera qurmaq kimi planlar qururdum. Belə bir vaxtımda Tanrı mənə ailə qurmaq kimi bir qismət göndərdi. Aldığım təklifi dəyərləndirmək qərarına gəldim. Düşündüm ki, öz ailəm, öz ocağım olsa, yaşadığım boşluq dolar. Elə düşündüyüm kimi də oldu. Biz ailə quranda olar və olmazları dəqiqləşdirəndən sonra qərarımızı verib addımımızı atdıq. Qadağa bircə el şənliklərinə oldu və bunu normal da qarşıladım. Səhnə və pedaqoji fəaliyyətimdə, qastrol səfərlərimdə, çətin vaxtımda da ailəm həmişə yanımdadır və ilk dəstəkçimdir.
- Həmin ailədə bu gün beş övlad böyüyür, heç də asan deyil...
- Tanrı insana öhdəsindən gələ bilməyəcəyi işi nəsib etmir. Həm övladlarım, həm işim, həm sənətim Allahın mənə bir mükafatıdır. Öz növbəmdə bu mükafatları dəyərləndirməyə çalışıram. Bir ana kimi mənim üçün ən vacib onların düzgün tərbiyəsi və təhsilidir. Uşaqların ərköyün böyümələrinin qəti tərəfdarı deyiləm. Ataları buna bir qədər meyilli olsa da, çalışmışam onun qarşısını alım. Təbii ki, uşaqlar öz uşaqlıq həyatını yaşamalı, əylənməli, istirahət etməlidir, bunu onların əlindən almaq günahdır, lakin hər şey öz çərçivəsindən kənara çıxmamaq şərti ilə. Bir deyim var, əzizim əzizdir, tərbiyəsi ondan da əzizdir. Onları sevirəm də, əzizləyirəm də, yeri gələndə qadağalar da edirəm, lakin düşünürəm ki, bu, onların xeyrinədir.
- Yəqin ki, aralarında səsi olanı var...
- Üçünün səsi var... Böyük qızımın həm istedadı, həm sənətə marağı kiçik yaşlarından görünür. Bu yolla gedib-getməyəcəkləri zamanın qərarıdır. Onların musiqi bilgilərinə qarşı deyiləm, lakin mənə qalarsa, daha ciddi sənət sahibi olmalarının tərəfdarıyam, çünki kifayət qədər istedadlı ifaçılarımız var və yetişir.
- Və 23 yaşından Milli Konservatoriyada belə istedadları yetişdirənlərdən biri də sizsiniz...
- Bəli, artıq on dörd ildir ki, məzunu olduğum Milli Konservatoriyata pedaqoji fəaliyyətlə məşğulam. Gənc müəllimə olsam da, tələbələrim məni çox hörmətlə qarşıladılar. İlk gündən onlarla ünsiyyətimi sırf müəllim-tələbə münasibəti üzərində qurmadım. Onlarla dost, sirlərini etibar edəcək bir sirdaş oldum, övladlarıma bəslədiyim sevgini onlardan əsirgəmirəm. Bununla belə, onlara qarşı ciddiyəm, tələbkaram, yeri gələndə danlayıram da. Bilirsiniz, bugünkü gənclik hər şeyə birdən və asanlıqla nail olmaq istəyinə daha həvəslidir. Öz növbəmdə onları həmişə düzgün tərəfə istiqamətləndirməyə çalışıram ki, yolun başlanğıcı ilə rahat yürüməyi bacarsınlar. Yəqin ki, görmüsünüz, son zamanlar efirlərə daha çox tələbələrimlə çıxıram. Bilirsiniz niyə? Özüm fərdi olaraq kifayət qədər efirlərə, tədbirlərə dəvət almışam. Düşündüm ki, indi yetirmələrimi tanıtmağın vaxtıdır. Onların gələcək sənət yoluna bir cığır salmaq istədim ki, tamaşaçı da, efirlər də onları tanısın, sabah konservatoriyanı bitirəndən sonra təkbaşına yollar axtarmasınlar. Yenə deyirəm, tələbələrimi heç zaman övladlarımdan ayırmadım.
- Sənətkar nə qədər professional olsa da, səhnə həyəcanı həmişə var...
- Təbii ki, var, onsuz mümkün deyil. Sualınız yadıma bir hadisəni saldı. 1996-cı il idi, o zamanlar bütün rəsmi tədbirlər dövlət televiziyası vasitəsilə canlı yayımlanırdı. Böyük bir tədbirdir. Ulu öndər, bütün rəsmilər tədbirdə iştirak edirdilər. Yeddi yaşım vardı və həmin tədbirdə Heyratı zərb muğamını Möhlət Müslümovun ansamblı ilə ifa etməliydim. Tədbir də həmişə olduğu kimi, dünya şöhrətli sənətkarımız Zeynəb Xanlarovanın çıxışı ilə bağlanacaqdı. Konsert başlayıb, mənim çıxışıma hələ var deyə, səhnə arxasında o tərəf bu tərəfə qaçıram. Birdən Zeynəıb xanım mənə baxıb dedi ki, bəh-bəh, dünya aləm vecinə də deyil, belə oxumağa nə var ki... Yeddi yaşlı bir uşaq nə anlayırdı ki, dövlət tədbiri nədir, rəhbərlik qarşısına çıxmağın həyəcanı nədir? Bircə onu bilirdim ki, səhnəyə çıxmalıyam, çıxışımı göstərib, alqışlara təzim edərək səhnəni tərk etməliyəm. Həyəcan anlayışı o zaman çox uzaq idi. İllər keçir və sənət yolunda püxtələşdikcə, peşəkarlığa qədər çatsan da, səhnə həyəcanı sənət adamını heç zaman tərk etmir və indi səhnədə azyaşlı balalarımızı görəndə Zeynəb xanımın həmin sözünü xatırlayaraq köks ötürürəm və düşünürəm ki, kaş bütün həyəcanlar elə səhnədə yaşansın...
SÖZARDI: ...amma zaman öz sınaqlarını gətirir, insanda öz payına düşən sevincləri də, kədərləri də yaşayır. Bəlkə də buna görə sənət bu qədər qiymətlidir, çünki o, yaşanan bütün duyğuların ən gözəl ifadəsinə çevrilə bilir.
Tamilla M-ZADƏ
çap et