Cəfərin həyatı əvvəldən-sonacan elə əsərlərindəki kimidir - ağlı-qaralı! 1924-cü il gəlmişdi, o, 25 yaşının içində idi və başlanan il bütün yaxşısı və yamanı ilə Cəfərin bütöv ömrünə çox bənzəyirdi. Çünki lap kiçik yaşlarından ömrünün axırınacan Cəfərin həyatında xeyirlə şər, fərəhlə ağrı, sevinclə qəm yanaşı oldu.
Bu təzadlı yanaşılıq Cəfər üçün bir alın yazısı kimi idi. 1924-cü ildə o, əvvəlki illərdən də çox istedadla daşırdı, ürəyi qələmə almağı düşündüyü yeni mövzularla dolu idi. Ancaq il onunçün acı başlayır - böyük qardaşı Hüseynqulu (Məşədi Hüseynqulu Qafar oğlu, 1874-1924) həyatdan gedir. Cabbarzadələr ailəsində erkən ölümlərə köhnədən adətkərdə idilər - ailənin 7 uşağından üçü lap kiçikkən vəfat etmişdi. Ancaq Hüseynqulu artıq yetkin bir insan idi, ailənin dayaqlarndan idi, uşaqları vardı. O gedir və təbii ki, onun bir çətən külfətinin də yükü Cəfərin çiyinlərinə düşür. Üstəlik, anası Şahbikə (XIX əsrin ortaları-1924) də xəstə idi və Cəfər indi onun üstündə daha çox əsməyə başlayır.
Şahbikə üzgün idisə də, ürəyi vaxtaşırı tutmaları ilə onu incidirdisə də, ana qəlbi idi, bu insafsız ayrılığa dözə bilmirdi, çox istəyirdi ki, heç olmazsa dəfndən sonrakı ilk həftələrdə gedib Hüseynqulunun hələ soyumamış məzarını ziyarət etsin. Cəfərsə anasının qəbiristanlığa getməsinə qəti yasaq qoymuşdu. Evdə bunu hər kəs bilirdi. Ancaq Cəfərdən daha böyük qardaşı Əjdər anasının yalvarışlı baxışlarına, israrlı xahişlərinə tab gətirə bilmir, özü anasını götürüb Hüseynqulunun ziyarətinə aparır. Fəqət qəbiristanlığa yetişəndən az sonra bu etdiyinə bərk peşman da olur. Böyük oğlunun məzarı üstündə həyəcanlanan Şahbikənin halı pisləşir, onu evə halsız vəziyyətdə gətirib çıxarırlar. Bundan sonra vəziyyəti heç düzəlmir də. Bir neçə gün sonra da babatlaşmadan canını tapşırır.
Ailə xatirələrinin, qohum-əqrəba yaddaşlarının bu qüssəli səhifəsi də var ki, Əjdər yaşca Cəfərdən böyük olsa da, həmişə onun yanında özünü xəcalətli sayar, gözükölgəli kimi davranarmış. Çünki Cəfərin xəbərdarlığına baxmayaraq, anasını Hüseynqulunun ziyarətinə aparmasını, bundan sonra Şahbikənin halının pisləşməsinin və həyatdan köçməsinin günahını özündə görürmüş. Həmişə peşman-peşman deyirmiş ki, gərək Cəfərin sözünə qulaq asaydım.
Ailə dərd-səri öz yerində. Cəfər həmişə işi başından aşan adamdı, yüz cür ayrı qayğıları vardı və sevinclər, fərəhlər gətirsə də, yaradıcılıq məişətinin sıxıntıları heç güzəranın gündəlik çəkçevirlərindən az deyildi.
Yazıları dərc edilirdi, əsərləri səhnədə idi, artan şöhrət qoynunda idi. Ancaq bu şöhrətlə yanaşı, paxıllıq da vardı, həsəd də onu güdürdü, qibtə də yan-yörədən boylanırdı, kölgəsini qılınclayanlar, ardınca danışanlar da vardı, onun ayrı-ayrı işlərinə maneçilik törədənlər də tapılırdı.
Bunu mənə 1980-ci illərdə rəhmətlik teatr xiridarı Qulam Məmmədli (1897-1994) də söyləyirdi, elə bəzi dostlarının qələmə alınmış xatirələrində də həmin nigaran məqam yer almaqdadır. İsmayıl Hidayətzadənin (1901-1951) sözlərindəndir ki, Cəfər günlərin birində ona şikayətlənir. Deyir, bəziləri gileylənirlər ki, guya mən teatrı inhisara almışam. Əslində isə burada mən bədii hissə müdiri olsam da, qapını hər kəs üçün açmışam, şərait yaratmışam ki, nə qədər istedadlı adam varsa gəlsin, nə qədər yaxşı əsər varsa gətirsinlər.
Nəyə görə Cəfəri guya hər şeyi qamarlamaqda, teatr mühitini inhisara almaqda günahlandırırdılar?
Axı, doğrudan da, Cəfər səlahiyyətləri çərçivəsində ən azı teatr hüdudlarında meydan vermişdi, yazıb-yaradan heç kəsin də qolundan yapışıb saxlamırdı. Ancaq əlləşib ortaya bir şey çıxara bilmirdilər, onların zay yerinə yetirdiklərini sonra Cəfər işlərinin həddən ziyadəliyinə baxmayaraq, özü təzədən daha keyfiyyətli icra etməli olurdu. Elə olanlardan birini deyək. Cəfər (və əslində Azərbaycan teatr mühiti) umurdu ki, səhnəmizdə yalnız Azərbaycan müəlliflərinin əsərləri oynanmasın, Qərb dramaturqlarının da pyesləri Azərbaycan səhnəsində layiqincə canlandırılsın. Çünki göz qabağında örnək vardı - Bakıda rusca fəaliyyət göstərən teatrlar, digər şəhərlərdən Bakıya qastrol səfərlərinə gələn truppalar tamaşalar verirdilər, afişaları al-əlvan, baxırdın ki, göstərdiklərinin bir çoxu Qərb dramaturqlarının məşhur pyesləridir. Cəfər Cabbarlı istəyirdi ki, həmin əsərlər, ya o qəbildən olanlar bizim səhnəyə də gəlsin, bizim aktyorların və tamaşaçıların da ömründən keçsin. Çünki o əsərlərin hamısı həm də aktyor yetişdirən, səhnəni püxtələşdirən, səhnəni bütövləşdirən, dünyalaşdıran, eyni zamanda, tamaşaçı səviyyəsini yüksəldən, dünyagörüşünü genişləndirən əsərlər idi.
Cəfərəcən edilmiş pyes tərcümələrinin böyük əksəriyyəti isə əslən işə yaramırdı. Onlara tamaşa edib duyğulanmaq, düşüncəyə dalmaq çətin idi. Çünki o qəbil tamaşaların bir çoxunda tərcüməçilərin naşılığı ucbatından elə ifadələr işlənirdi ki, ən kədərli səhnələrdə belə tamaşaçılar pıqqıldaşmağa başlayırdı. Hələ o cür tərcüməçilərin guya babatı, mühərrir, ədib kimi tanınanı Haşım bəy Vəzirov (1867-1916) olmuşdu ki, onun Şekspirdən etdiyi tərcümənin necəliyinin möhürünü Sabir dil-dil gəzən taziyanəsi ilə vurmuşdu:
Oylə bir tərcümə kim, ruh-i Şekspir görcək
Ağladı ruh-i Otelloyla bərabər özünə.
"Ax, mütərcim!" deyə bir odlu tüpürcək atdı,
Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə.
Söz yox, ayrı-ayrı aktyorlar öz qabiliyyətləri hesabına mətni cilalamağa çalışırdılar, hərdən elə tamaşa gedişində əlüstü elə bədahətən düzəlişlər edirdilər. Ancaq bunu hamı bacarmırdı axı. Bütün mətn isə eyni ahəngdə səslənməyəndə, eyni ritmdə və səlislikdə təqdim olunmayanda təsirlilik də azalırdı.
Cəfər Cabbarlı teatrımızdakı bu boşluğu da görürdü. Ona görə bir-birinin ardınca tərcümələr edirdi və həm də gözəl tərcümələr edirdi. O əsərlər elə başdan ana dilimizdə yazılmış kimi səslənirdi. Cəfər Cabbarlının öz əsərlərindən savayı başqa müəlliflərin pyesləri də onun tərcüməsində hər gün, günaşırı səhnədə idi. Yəni hansı səmtə baxırdın, Cəfər görünürdü. Ona görə yox ki, Cəfər buna can atırdı. Ona görə ki, siz edə bilmədiyinizi də o edirdi. Başqa həsədaparmalar öz yerində, ancaq öz günahlarından və bəsitliklərindən yaranmış bu üstünlüyə görə də Cəfərə qibtə edirdilər. Özləri bir iş görə bilməyənlər elə həmişə və hər yerdə bu təhər olub. Bir zada dərman olmağa heyləri çatmayıb, amma iş bilənə və görənə də maneçilik törətməkdəki pərgarlıqları heç səngiməyib.
Qibtə də elə sadəcə gendən-genə həsəd aparmaqdan ibarət olsaydı, nə vardı ki?! Çalışırdılar Cəfərin hansısa irəliləyişinə badalaq vursunlar, hansısa tikanlı sözlərlə qəlbinə dəyib onu ruhdan salsınlar, bezdirsinlər, çərlətsinlər, küskünləşdirsinlər.
Ancaq Allah da gözəl Allahdır, işığı daha artıq bəxş etdiyi yavrusunu it-qurd ayağına verməyəcəkdi ki! Bir göz ağlayanda obiri gözü güldürə bilmək Onun əlində su içmək qədər asan bir əməl!
1924-cü ilin 4 oktyabrında yas içində olan ailəyə bir xoşbəxtlik də təşrif gətirir. Bir yandan boşalan dünya obri yandan da dolur. Həmin gün Cəfərin oğlu dünyaya gəlir. Cəfər Cabbarlı məşhur əsərinin məşhur qəhrəmanının adını övladına verir - oğlunun adını Aydın qoyur. Ancaq Cəfəri məsud edən bu hadisənin ardınca digər fərəhli hadisələr də gəlirdi.
O il və ümumən o dövrdə Azərbaycan səhnəsində Cabbarlı ilə yanaşı əsərləri ən çox oynanan iki dramaturq vardı: Cəlil Məmmədquluzadə, bir də Hüseyn Cavid. Müasir dövrün qəzetləri şəhərdə göstərilən tamaşalara dərhal və peşəkarca yazılı bildirmək baxımından heç vəchlə oçağınkılara çatmaz. Mən qəsdən "bugünün" deyil, "müasir dövrün qəzetləri" yazıram ki, indi daha qəzet yox kimidir. Dilimizin qorunub-saxlanması və inkişafı üçün əsas dayaqlardan olan mətbuatın axırına çıxdılar.
O illərdə Hüseyn Cavidin də, Mirzə Cəlilin də, Cəfər Cabbarlının da hər əsərinin, hər yeni tamaşasından sonra qəzetlərin səhifələrində sıra-sıra məqalələr dərc edilirdi.
Həmin illərin mətbuatını qaldırırsan və düşünürsən ki, Azərbaycan teatrının, Azərbaycan mədəniyyətinin ozamankı inkişafında əsas ağırlıqlardan vacibini çiyinlərində daşıyan elə mətbuat olub.
Elə bir tamaşa yoxdur ki, onun haqqında müfəssəl məqalə dərc edilməsin. Həm də ayrı-ayrı qəzetlərin yazdıqları bir-birindən fərqlənir. Hər bir rolu təhlil edir, hər bir tamaşanın rejissor işini ayrıca araşdırır, rəssamın verdiyi dekorasiyalardan tutmuş hər bir aktyorun hansı sözü necə tələffüz etməsinə qədər dəqiqliyə enirlər.
Və o illərin Azərbaycan gerçəkliyinin diqqətəlayiq bir hadisəsi də var: vaxtaşırı ayrı-ayrı əsərlərin məhkəməsi keçirilirdi.
Bu ədəbi məhkəmələr elə zahirən adi məhkəmələrə bənzəyirdi. Burada da ittiham edən prokuror, hakim qarşısına çıxarılmış müttəhim, cavabdehi müdafiə edən vəkil, şahidlər vardı.
Hamı çıxış edir, sözünü deyir, öz mövqeyini müdafiə edirdi, hakim qərarını çıxarırdı, hökmünü elan edirdi və bununla iş bitmir, əksinə, başlanırdı. Çünki bu ədəbi məhkəmələrin fəlsəfəsi elə onların son instansiya deyil, daha sonrakı gedişatdan ötrü təkançıya çevrilməsiydi.
Ədəbi məhkəmələrin əks-sədası tezliklə çevik mətbuatdan gəlirdi, həm də dərgilər, qəzetlər artıq baş tutmuş ədəbi məhkəmələrin sadəcə təsvirini vermir, oradakı müzakirə və mübahisələrin təhlilini aparır, hansısa mülahizələr ətrafında mövqelər qarşılaşmasını, həqiqət axtarışlarını bir qədər də qabardırdılar.
Beləliklə, Cəfər Cabbarlının "Aydın" əsərindəki Gültəkin surətinin ədəbi məhkəməsinin 1924-cü il oktyabr ayının 31-də keçirilməsi qət edilmişdi.
Buna qədərsə Bakıda artıq ciddi rezonans doğuran iki ədəbi məhkəmə olmuşdu: Mirzə Cəlilin "Ölülər"ini, Hüseyn Cavidin "İblis"ini mühakimə etmişdilər. O məhkəmələr onsuz da məşhur olan bu əsərləri bir az da şöhrətləndirmiş, xalq arasında bu dramaturqlara rəğbəti daha da artırmışdı.
İndi növbə Cəfər Cabbarlınınkı idi. Keçmiş illərin mətbuatını qaldıraraq belə ədəbi məhkəmələri görənlər, onun haqqında təfərrüatları oxuyanlar bəzən yanlış düşüncələrə qapılır. Belə məhkəmələri bolşevikcə yanaşmanın ayrı bir təzahürü də hesab edirlər. Bəli, o cür yanaşmalar da var idi, ancaq bu məhkəmələr simvolik səciyyə daşıyırdı. Bu məhkəmələr əsla hansısa əsərləri vurmaq, kimisə gözdən salmaqçün deyildi. Belə məhkəmələrdə aparılan müzakirələrdə elə xırdalıqlardan bəhs edilirdi ki, bəzən hətta diqqətcil ədəbi tənqidçilər də o incəliklərdən yan keçirdilər.
"Aydın"la bağlı məhkəmənin "Kommunist" qəzetinin Stalin adına klubunda keçirilməsi nəzərdə tutulmuşdusa da, şəhər camaatında, ziyalılar arasında bu müzakirələrə xüsusi marağı görüncə anlayırlar ki, həmin klub o qədər tamaşaçını tutmayacaq. Çünki burada yerlərin sayı az, gəlməyi arzulayanların miqdarı həddən artıq çox idi. Ona görə qərara alırlar ki, məhkəmə Əli Bayramov adına klubda keçirilsin. Hətta ayın 31-də Əli Bayramov adına klubda məhkəmə "iclas"ı başlayanda məlum olur ki, bura da darlıq edir.
Məhkəməyə sədrliyi o çağın Azərbaycan ədəbi-mədəni-elmi həyatında yaxşı tanınan və "Kommunist" qəzetinin redaktoru olan Həbib Cəbiyev (1899-1938) edirmiş (1923-cü ildə "Kommunist"in 1000-ci nömrəsinin çıxması ilə əlaqədar "İdarəmizin güzgüsü" adlı xüsusi buraxılış hazırlanmışdı və orada qəzetin aparıcı simalarına həsr edilmiş dostluq şarjları, onlar haqqında şeir parçaları dərc edilmişdi. Həmin zarafatyana şeirlərdən birinin - Həbib Cəbiyevə ithaf olunanın müəllifi, o nömrədəki bir neçə başqa şeirlə bərabər, Cəfər Cabbarlıydı:
Mümkün ola, fantanları çernil yaparam mən,
Həp məmləkətin xəlqini müxbir yaparam mən.
Hər işçi ki bir ay gedə, ya getməsə dərsə,
Yazdıqda əgər ruçkasını tutsa da tərsə,
Məcbur edərəm mən onu yazmaqlığa hər an,
Azdan sora bir yaxşı mühərrir çıxar ondan).
Həbib Cəbiyev iclası açır, mətləbi izhar edir. O gün mühakimə edilən Gültəkin idi. Onun davranışları müzakirə edilir, Aydına qarşı dönüklüyü ittiham olunurdu.
O gün ittihamçı Azərbaycanın bütün tarixinin ən həlim "prokuror"u Seyid Hüseyn idi (Seyid Hüseyn onu bəlkə də hamıdan yaxşı tanımış, Hüseyn Cavidin sözlərinə görə, "ipək kimi" adam idi. Gün gələcək, düz 13 il sonra o zavallı özü də prokuror qarşısında dayanacaq, artıq əsl prokuror qarşısında, əzazil prokuror qarşısında! Onun özünün də məhkəməsi keçiriləcək - bu cür ədəbi məhkəməsi yox, divantutma məhkəməsi. Vur-tut 15 dəqiqə çəkən və dərhal da güllələnmə hökmünün yerinə yetirilməsi ilə tamamlanan məhkəməsi.
1924-cü ilin 31 oktyabrındakı kimi səmimi məhkəmədə içtirak etməyə nə vardı ki! Belə məhkəmədə prokuror nədir, lap müttəhim olmağın özü xoş idi, bu məhkəmə xeyirxah məhkəmə idi, bu məhkəmə nəcibliyə köklənmiş məhkəmə idi.
Həmin gün o məhkəmədə söylənənlərin heç biri uçub getməyib. Saralmış bir qəzet vərəqində qalan yazının ömrü həmin gün o iclas zalını doldurmuş insanların hamısının ömründən etibarlı çıxıb. Hamı gedib, həmin qəzet, o məqalə qalıb.
Üstündən ikicə gün keçincə bütün başverənlər "Kommunist"in 1924-cü il 2 noyabr sayındakı "Ədəbi məhkəmə" adlı xülasədə əks olunur. Məqalənin altında müəllif göstərilməyib. Ola da bilər ki, elə bu yazını da Cəfər özü qələmə alıb. Məqalə belə başlayırdı: "Ədəbiyyat dərnəyi tərəfindən Cəfər Cabbarzadənin "Aydın" adlı əsərinin Gültəkin qəhrəmanının cümə günü təşrin-i əvvəlin 31-nə Stalin klubunda təyin edilən ədəbi məhkəməsi yer azlığına görə Əli Bayramov klubunun salonunda, Həbib Cəbiyevin sədarəti altında açıldı. Məhkəmə müşavirləri Abdulla Şərif (1893-1938 - R.H.) və Əziz Nuri yoldaş, müddəi yi-ümumi Seyid Hüseyn və müdafiəçi Xəlil İbrahim (1892-1938 - R.H.), Gültəkin - Dostu Səfərova idi".
Dostu Səfərova (Məmmədəli Sidqi Səfərovun bacısı) Cəfərin ailəvi yaxın münasibətlər saxladığı, qardaşları ilə dostluq etdiyi, universitetdə tələbə yoldaşı olduğu simsarı idi. Hesabat-məqalə belə davam edirdi ki, məhkəmə iclası açılır, polkovnik Aslan bəyin qızı, Bakı şəhərinin sakinəsi, 22 yaşlı ziyalı Gültəkinin təqsirnaməsi elan olunur. Ona qarşı bir neçə iddia irəli sürülürdü: "Birinci, Aydın kimi səadət və istirahətini ancaq özünün əməyi ilə hazırlayan zəhmətkeş bir gənc tələbənin həyat yoldaşı olmasına baxmayaraq, özünün atası evində aldığı burjuaziya ruhlu tərbiyəsini dəyişə bilməmişdir. İkincisi, öz heysiyyət və şərəfini saxlaya bilməyib, Dövlət bəyin qucağına atılmış. Onun bütün alçaqcasına olan xahiş və arzularını yerinə yetirməklə qadınlıq izzət-nəfsini təhqir etmiş, iradəsi zəif olduğundan düşdüyü çirkabın içərisindən çıxa bilməmişdir. Üçüncüsü, Aydından daha ayrılmadığı bir halda könlünü Dövlət bəyə vermiş. Onu sevmək qədər bir qəbahət yapmışdır. Beşincisi, əski burjuaziya ruhunu dəyişmədiyi üçün əlbisə və zinət düşkünü olmuşdur. Altıncısı, böylə bir əxlaqı ilə Aydının fəlakətinə səbəb olmuşdur".
Bu danışan müddəi-yi ümumi - prokuror Seyid Hüseyn idi, müttəhimin təqsirnaməsini səsləndirirdi: "Gültəkin kibi iradəsi zəif, aldığı tərbiyənin təsiratını özündən uzaqlaşdırmayan qadınların hazırkı cəmiyyətimiz üçün mənfi şəxsiyyətlər olduğunu etiraf etmək, öylələrini cəmiyyət qarşısında təqsirli göstərmək mühit və zəmanəmizin icabatıdır (yerinə yetirməli olduğu vəzifə - R.H.). Bunun üçün Gültəkinin fövqdə göstərilən nöqsanlarının təhlil edilməsi, lazımi qərarlar çıxarılması, hazırkı cəmiyyətimizin gənc qadınlığı nöqteyi-nəzərindən mətlubdur".
Təqsirnamə oxunduqdan sonra əvvəlcə şahidlərdən Aydın, Dövlət bəy, Novruz bəy, Surxay, Böyükxanım danışdırılır. Daha sonra prokuror təklif edir ki, Aydının ruhi vəziyyətinin nə dərəcədə sağlam olmasının müəyyənləşdirilməsi - "sihhət-i dimağiyyəsini müayinə təbiblər komissionu" dəvət olunsun və həmin səbəbdən də tənəffüs elan edilir.
Məhkəmə iclaslarında bu qəbil fasilələrin elan edilməsi bəlli prosedurlardandır. Amma bu "məhkəmə iclası"nda elan edilən tənəffüs teatrda birinci pərdənin bitərək fasilə elan edilməsinə daha çox oxşayırdı. Teatrın dəhlizlərində gəzərək birinci pərdədə baş verənləri müzakirə edən tamaşaçılar kimi, o ədəbi məhkəmini izləyənlər də tənəffüsdə şahidlərin ifadələri, müddəi-yi ümuminin elan etdikləri barədə qızğın-qızğın danışırmışlar.
Tənəffüs bitir, camaat məhkəmə salonuna qayıdır və təbiblər komissionunun qərarı oxunur. Təbiblər komissionu Aydının səhhətini və xüsusən səhhəti-dimağiyyəsini müayinə etdikdən sonra bu qərara gəlir ki, "Aydının şüuru sağlamdır; fəqət həyatında keçirdiyi məşəqqətlər, aclıq və sairə, şübhəsiz ki, səhhətinə təsir etmiş, əsəbiliyinə bais olmuşdur. Şahid tam səhhət üzrə əql-i-səlimə (sağlam ağla - R.H.) malikdir.
Prokuror - müddəiyi-ümumi söz alır, əvvəlcə Aydının ictimai vəziyyətindən bəhs edərək, onun əməkçi bir ailə içərisindən çıxmış olduğunu, Qərb mədəniyyətinin, ictimai həyatın bütün mənfi cəhətlərini düşünə biləcək bir zəkaya malik olduğunu qeyd edir və daha sonra Gültəkinin ictimai vəziyyətindən bəhs edərək deyir ki, Gültəkin Aslan bəyin qızıdır. O, həyatında qətiyyən ehtiyacın nə olduğunu hiss etməmişdi. Bu gümanda imiş ki, hər bir şeyi yalnız istəməklə əldə etmək mümkündür. Çünki atası evində o cür də tərbiyə görmüşdü. Lakin ona elçi düşənləri rədd edərək Aydını seçmiş - "kəndisinə uzadılan əlləri qəbul etməyib Aydını intixab etdi. Çünki Aydın gənc bir tələbə idi. İyi tar çalıyordu. Parlaq bir istiqbalı var idi. O, Aydına gələrkən burasını düşünməmişdi ki, Aydın onu möhtəşəm imarətlərdə saxlaya bilməyəcək. Onun bütün maddi tələblərini təmin edə bilmiyəcək. İştə Aydının da faciəsi buradan başlanıyor. Müddəi-yi ümumi Aydının həyata qarşı bədbinliyini bununla isbat ediyordu ki, hər nə qədər Gültəkin Aydından gözəl əlbisələr və iyi otaqlar tələb etməyirdisə də, fəqət Aydın bunu hiss ediyordu ki, Gültəkini yalnız sərvət və dövlətlə məsud edə biləcəkdir. Aydında isə öylə sərvət yox idi. Bu halları düşündükcə Aydının həyata qarşı bədbinliyi artıyor, Gültəkinlə birləşməsinə təəssüf ediyordu. Aydın yalnız bunun üçün Gültəkini ancaq uzaqdan sevmək arzusunu bəsləyir, bunu öz arkadaşı Surxaya açıqcasına söyləyir. Müddəi-yi ümumi sonra Gültəkinin təqsirlərini bir-bir təkrar ediyor. Ən əvvəl Gültəkinin odasından bulunan pudraya əhəmiyyət vermiyor. Deyir ki, Gültəkin bu pudrayı kim üçün qullanıyordu. Əgər o desə ki, bən bunu Aydın üçün istimal ediyordum, doğru bir söz deməmiş olur, çünki Aydının ən çox nifrət etdiyi o yapma gözəlliklər idi. Gültəkin bu pudrayı yalnız Dövlət bəy üçün qullanıyordu. O, hər nə qədər, ibtidalarda Dövlət bəyə təslim olmaq istəmiyirdisə də, fəqət sonradan yavaş-yavaş buna alışdı. Eyni zamanda, Aydından belə sovuşmadı. Bunu Gültəkin özü belə etiraf edir, Dövlət bəyə deyir: "Mən yalnız mənim varlığımı deyil, qəlbimi, könlümü də, hər şeyi onun xatirəsi üçün yapmışkən indi o yazıq büsbütün mənim gözümdən düşmüşdür". Bənə deyir: "Dövlət bəylə görüşmə, mən yenə onun sözündən çıxıb səninlə görüşürəm". Müddəi-yi ümumi bunun üzərində dayanaraq isbat etmək istəyir ki, Gültəkin atası evində aldığı tərbiyənin əsərini özündən ata bilməmiş. Dövlət bəy ailəsi olduğu halda kəndisini yalnız əlində bir oyuncaq kimi qullanır, Gültəkin Dövlət bəy kimi bir şəxsi sevəcək qədər bir zəiflik göstərir. Sevdiyi Aydından savıyor, qəlbini ona verir, çünki Dövlət bəyin parası vardır. Bununla bərabər, müddəi-yi ümumi Gültəkinin Dövlət bəydən aldığı hədiyyələrə də işarə ediyor. Bunların nə üçün qəbul edildiyini soruyor. Bununla Gültəkinin iradəsi zəif, əlbisə və zinət düşkünü olduğunu isbat etmək istəyir. Müddəi-yi ümumi nitqinin xülasəsində deyir ki: Gültəkin kimi sevdiyini xilas etmək üçün yalnız yanlış yollara saldıran, Dövlət bəyin torundan çıxmaq üçün özündə bir cəsarət bulmayan, zəif, əlbisə və zinət düşkünü qadınlara hazırkı cəmiyyətimizdə yer veriləməz".
Prokurorun işi ittiham etmək idi, o da sözünü demişdi, indi növbə vəkilə çatır: "Müdafiəçi nitqə başlayaraq, əvvəlcə müddəi-yi ümuminin iradlarına bir-bir cavab verdikdən sonra bu kimi hadisələri doğuran ictimai şəraitə keçib deyir ki: əvvələn, Gültəkin satılmamışdır və altun-zinət düşkünü deyildir. Gültəkin əxlaqsız, şərəfsiz deyildir, bəlkə eşqinin yolunda böyük bir fədakardır; əzmdar, səbatkar, müstəqim fikirli qadındır. Saniyən, əgər bir dəqiqəliyə müddəi-yi ümuminin dediyini qəbul etsəniz belə, yenə də təqsir Gültəkində deyil. Birisinin gündə 200 min manat gəliri var ikən, o birisi zəif, xəstə olduğu halda gündəlik qüvvət-i layəmutə (sağ qalacaq qədər gücünün olmasına - R.H.) möhtac olmasıdır. Əgər cəmiyyətdə ədəm-i müsavat (ölmək bərabərliyi - R.H.) olmasaydı, əgər cəmiyyətdə bir xəstənin acından ölməsi, həlak olması təhlükəsi olmasaydı, əgər Gültəkinin çirkin təklifləri rədd etdikdə Dövlət bəyin əlində onu xidmətdən çıxarmaqla ailə yaşayışını pozmaq imkanı olmasaydı, şübhəsiz ki, Gültəkin böylə hərəkətdə bulunmağa məcbur olmazdı. Necə ki, qabaqlarda mürtəkib (günah işlərə, pis əməllərə əl atan - R.H.) olmamışdı və necə ki, Aydın xidmətindən çıxarılandan bir saat qabaq haman Dövlət bəyi "Çəkil! Uzaq, uzaq məndən!" deyə rədd etmişdi. Demək, burada təqsir Gültəkində deyil, cəmiyyətdə, kapital üzərində qurulmuş cəmiyyətdə və altunun gücündədir. Nə qədər altun varsa, nə qədər sərvətdarlıq cəmiyyəti var, böylə Gültəkinlər bir deyil, minlərcə olacaqdır. İkincisi, müddəi-yi ümumi burada zülm və məzlumdan bəhs edərək dedi ki, məzlum olmazsa, nə zalım olar, nə də zülm. Fəqət bu o demək deyil ki, zülm və zalım olmamaq üçün məzlumları təqsirləndirmək və məhkum etmək lazımdır. Xeyr, zülmün kökünü kəsmək üçün güclü-gücsüzlük doğura bilən cəmiyyəti kökündən devirmək və öylə bir cəmiyyət qurmaq lazımdır ki, orada nə zülm doğula bilsin, nə zalim. Elə bir cəmiyyət qurulmalıdır, orada altun və altuna malik bir qrup quldur hakim olmasın. Əgər Gültəkin böylə bir cəmiyyətdə yaşasaydı, əlbəttə ki, altun kralının vəhşi ehtirasına fəda olmazdı, Aydının səhhətini hifz üçün Dövlətin hüzuruna getməyə də məcbur olmazdı".
Bu sözlərinin ardınca müdafiəçi "heysiyyət", "şərəf" və "əxlaq" sözü işləndiyi, burada Gültəkinə "fahişə" deyildiyini vurğulayaraq bu məfhumları ictimai-iqtisadi mühit müstəvisində şərh edərək deyir: "Bu surətlə bu gün biz yalnız ailə şərəfindən bəhs etmiş oluruq. Zira Gültəkin şəxsən öz bəşəri heysiyyətini saxlamış bir qadın olmaq hesabilə çox şərəflidir. Ancaq deyə bilərsiniz ki, ailə sədaqətini pozmuşdur. Bu isə atabaşlıq - pedərşahi, dərəbəylik dövründən başlayaraq malikiyyət-i məxsusə, irs-varis ortaya gəldiyindən sonra meydan almış və həmən məsələlər ilə mərbut bir məfhumdur. O mənada olan heysiyyət və şərəfi nə mənim müdafiə etdiyim qadın, nə ümum qadınlar, nə Gültəkini günahsız görən Aydın, Surxay və sairələri qəbul edərlər, nə də bən. O ki qaldı Gültəkinə isnad verilən "fahişə" kəlməsinə, mən sual edirəm: fahişə kimdir, fahişə nədir? Bu da burjuaziya və kapital hakimiyyətinin doğurduğu bir sözdür ki, özünü maddi mülahizə ilə satan qadınlara isnad ediliyor. Yoldaşlar, yenə təkrar ediyorum, əgər cəmiyyətdə birinin tox, birinin ac yaşamasına imkan verən maddi bərabərsizlik olmasaydı, yəqin, maddi mülahizə ilə satılmaq da olmazdı. Əgər bu gün yüz minlərcə qadını burjuaziya aləmi bir söz ilə ləkələndirirsə, qoy hamı bilsin ki, bu ləkəyə mürtəkib olan qadınların deyil, cəmiyyətin üzərindədir. Əgər fahişə özünü maddi mülahizə ilə satan qadınlara deyilirsə, hamını adlandırmaq mümkün olsa da, Gültəkini fahişə adlandırmaq olmaz. Çünki bütün onu tanıyanlar deyirlər və şahidlər deyirlər, mən də təkid edirəm, Gültəkin maddi mülahizə ilə satılmamış, bəlkə eşq və məşuqu uğrunda fədakarlıq etmişdir. Nəhayət, təqsirnamənin axırında müddəi-yi ümumi göstərir ki, Gültəkin kimi qadınlar cəmiyyətimiz üçün mənfi şəxsiyyətlərdir. Amma mən deyirəm, xeyr, Gültəkin də, onun kimi ümum qadınlar da, onların haqq olduğunu etiraf edən və vicdanlı erkəklər də, o cümlədən, mən də deyirəm ki, çirkab paradan və öz əfradını həmən çirkaba salıb da ləkələndirən bir cəmiyyət qadınlarımız üçün də, hamımız üçün də mənfi bir cəmiyyətdir. Bir gün böylə cəmiyyət quruluşunu təqbih (qəbahətləndirərək, bəyənməyərək - R.H.) edək və kökündən dəyişdirək".
Müdafiəçi - Xəlil İbrahim belə danışırdı. Yadıma gəlir ki, 1980-ci illərin sonlarında Xəlil İbrahimin qızı xahişimlə mənə atasının fotosunu gətirmişdi və ovaxtacan bu sadiq vətənpərvərin surətini yalnız ayrı-ayrı kollektiv fotolarda uzaqdan görmüşdüm. İndi bu aydın portret-fotodan mənə elə Seyid Hüseyn tipində zərif, zahirindən ziyalılıq yağan, elə görünüşündən səsini qaldırmadan danışan adam olduğu hiss edilən baxırdı. Ancaq sonradan onun müxtəlif illərdə əməkdaşı olduğu "Açıq söz", "Azərbaycan", "Kommunist" qəzetlərində məqalələrini oxuyanda, Cümhuriyyət devriləndən sonra istiqlalın qayıtması yolundakı mərd fəaliyyətləri haqda sənədləri qaldırarkən bu zərif cüssəli insanın daxilində daim yenilməzliyin, ötkəmliyin, qətiyyətin çırpındığına əmin oldum və şəxsiyyətindəki həmin damar elə ədəbi məhkəmədəki bu nitqində də sezilməkdədir.
Son söz Gültəkinə verilir. "Kommunist" onun məhkəmədəki çıxışını belə təqdim edirdi: "Gültəkin öz axırıncı sözündə müddəi-yi ümuminin onu töhmətləndirdiyi maddələrdən bəhs ilə deyir ki, hər kəsin altuna səcdə etdiyi, altunun bütün mühitə hökmranlıq sürdüyü və bütün mühiti özünə tapındırdığı və pərəstiş etdirdiyi bir dövrdə yüzlər və minlərlə həyat və təcrübə görmüş insanlar onun caynağında üzülüb, boğulub məhv olurkən mən, həyatda təcrübə görməmiş və bütün həyatını məktəb divarları arasında, kağız üzərində keçirmiş zavallı, gücsüz bir qadın nə edə bilərdim ki, etməmişəm? Mənə deyirlər ki, beş altuna satılmısan. Bu, yalandır. Öylə olsaydı, mən atamın evində ikən yüzlərlə məni istəyən milyonerlərdən birinə gedərdim. Mən Aydının yoxsulluğunu və onunla keçirəcəyim ehtiyac və iztirabları görərək və düşünərək onu sevdim. Həmin bu sevginin uğrunda mən bütün altunlarımı, zinətlərimi, hər bir şeyimi verdim. Məndə yalnız iki şey qalmışdı, qarşımda iki yol açılmışdı, ya bütün varlığımla sevdiyim, onun həyatı, ya öz namusum, mənliyim və həyatım. Onlardan birisini fəda etməli idim. Fəda etmək üçün ikincisini intixab etdim. Mən öz könlümü, öz varlığımı eşqimə qurban verdim. Təkrar edirəm ki, faciənin həpsində mən müqəssir deyiləm, Aydın da deyil. Yalnız altun, onun yaratdığı çirkin, yaramaz mühit və onu təmsil edən Dövlət bəylərdir. Bu fəlakətlərə uğrayanlardan bən birincisi və sonuncusu deyiləm. Minlərlə mənim kimi və Aydın kimi zavallılar həmin altunun ağır məngənəsində özləri, namusları və həyatları məhv olub getmişdir. Mən heç. Mənim kimi həyatı və mənliyi tapdalanmış milyonlar ilə insanları böylə faciələrdən qurtarmaq üçün bir yol vardır ki, o da altunun və onun yaratdığı hakimlər və məhkumlar mühitinin məhv və nabud olmasıdır. Bu gün mənim yerimdə müqəssirlər kürsüsündə mən və kimsə deyil, ancaq Dövlət bəylər oturmalıdırlar".
Sovet dövrü axarında ömür sürdüyümüz dövrdə, o quruluşun qüsurlarını içəridən görərək və yaşayaraq bütün eybəcərlikləriylə duyduğumuz əyyamlarda rəsmi təbliğatın kapitalizm, burjua cəmiyyəti haqqında əks-təbliğatında söylədiklərinin, yazdıqlarının hamısını istehza ilə qarşılayar, yalan sayardıq. Dövran dəyişdi, şərti də olsa, yaradılmış sosial bərabərlik cəmiyyətindən sonra bazar iqtisadiyyatı zamanlarını, maddiyyatın üstünlük zəmanəsini də artıq özümüzün də üzvü olduğumuz cəmiyyət kimi batindən tanıdıq. Anladıq ki, kapitalizmin, maddiyyat hakimliyinin mənəviyyatsızlığa çox yaxın və bağlı olan sifətləri haqqında keçmişlərdə rişxənd etdiyimiz sözlərin çoxu düppədüzmüş. 1924-cü ildəki o məhkəmədə Gültəkinin dediyi sözlərdəki həqiqətlər də o cümlədən!
Sözünü əvvəlcə həmlə ilə başlayan Gültəkin daha sonra ona bəraət verəcək, müəyyən qədər haqq qazandıracaq məqamlar üstünə gəlmiş, hər halda suçsuz da olmadığını etiraf etmiş, bağışlanmasını diləmişdi: "Gültəkin bir kaç sözlə Dövlət bəydən aldığı zinətlərin yalnız onu incitməmək, Aydını fəlakətə düşürməmək üçün olduğunu, ona çox vaxt həyətlərini süpürməyi və paltarlarını yumağı təklif etməsini qeyd ilə Aydın getdikdən sonra Dövlət bəydən büsbütün əlaqəsini kəsdiyini və müəllimlik edib öz əlinin əməyi ilə yaşadığını, kazinoya inandığı dostu Qəmər bacının adı ilə aldadılaraq çağırıldığını və Dövlət bəyin orada olmasını bilmədiyini göstərib, kəndisinin müqəssir olmadığını və məhkəmə tərəfindən bağışlanmasını rica ediyor".
Yenə elə adi məhkəmə iclaslarında olduğu kimi, son qərarın verilməsindən ötrü tənəffüs elan edilir, bunu da belə oxuyun ki, son pərdənin son şəklindən öncəki fasilə verilir, az sonra məhkəmə heyəti "müşavirə otağı"ndan qayıdır. "Kommunist" həmin səhnəni belə nəqş edirdi: "Tənəffüsdən sonra məhkəmənin belə bir qərarı oxunur ki, məhkəmə heyəti hazirunun Gültəkinin işi ilə son dərəcə maraqlandığını və mövzu məsələsinin yalnız bir Gültəkinin və bir ailənin deyil, köhnə cəmiyyətdəki bütün ailə münasibatı məsələsi olmaq üzərə böyük ictimai əhəmiyyətini nəzər-i etibarə alaraq bu işin ümumun iştirakı ilə həll edilməsini təht-i qərara alır. Bunun üçün lazım bilir ki, bu yaxın günlərdə Dövlət Türk Teatrosunda "Aydın" pyesası bir daha səhnəyə qoyulsun və hazirun Gültəkinin vəziyyətini mükəmməl surətdə tədqiq etsinlər. Bundan sonra hər kəs öz fikrini məktub vasitəsilə "Kommunist" qəzetəsi idarəsində məhkəmə heyətinə bildirsin. Və həmin rəylər üzərinə məhkəmə qərarını çıxararaq gələcək iclasların birisində ümumun nəzər-i diqqətinə elan etsin. Eyni zamanda, Gültəkin bu gündən təht-i muhafizədən azad edilsin".
Məhkəmənin bu qərarı oxunduqdan sonra sədr məhkəmənin iclasını qapanmış elan edir. Qəzetin xəbər verməsincə, iclas saat 4 radələrində qurtarır.
Məqalə bir daha dəqiqləşdirirdi: "Klub salonu mühakiməyə maraq edənlər ilə başdan-başa dolu idi, tamaşaçılardan çoxu ayaq üstə durmağa məcbur olmuşdular".
Və nəticə çıxarırdı: "Tamaşaçılar tərəfindən göstərilən bu günki maraq bu kimi mühakimələrin tez-tez qurulmasını isbat ediyor".
Məhkəmənin həmin qərarının icrası uzun çəkmir. Düz 10 gün sonra, 1924-cü il noyabr ayının 10-da Azərbaycan Dövlət Türk Teatrında Cəfər Cabbarlının "Aydın" əsəri yenidən tamaşaya qoyulur və "məhkəmədə" baş verən hadisə burada da təkrarlanır.
Onsuz da "Aydın" göstəriləndə teatr adətən ləbələb olardı, bu dəfə isə cərgələrin arasında, lap arxada ayaq üstə dayanan xeyli tamaşaçı vardı. "Aydın"ın şəhərdə sorağı geniş yayılmış ədəbi məhkəməsi, bu barədə "Kommunist" qəzetində dərc edilən hesabat işini görmüşdü.
6 iyun 2026
çap et