Əldə onunan nailiyyətlər əvvəlcədən müəyyən edilmiş konkret niyyət və hədəflərlə birbaşa bağlıdır. Başqa sözlə, nailiyyət anlayışımız, dəyərlərimiz nəyə daha çox önəm verməyimizlə əlaqəlidir. Nəzərə alsaq ki, fərdin dəyərləri, niyyət və hədəfləri onun kimliyi üzərində inkişaf edir, bunları konkretləşdirmək hər zaman asan olmur. Bəzən isə bu, uzun illər çəkən, mənəvi-psixoloji yöndən ağrılı proseslər ilə müşayiət olunur. Bunun üçün də bu yolda özümüzə rol modelləri müəyyənləşdirmək bizə uğura çatmaqda çox kömək edə bilər. Çünki seçdiyimiz rol modellərimiz kimliyimizin, buna bağlı olaraq nailiyyət anlayışımızın formalaşmasında olduqca təsirlidir və onların həyatları bizim üçün hansı qərar və metodların yaxşı və ya pis, məqbul və ya qeyri-məqbul olmasını müəyyənləşdirə bilər.
Müasir dövrdə pul və populyarlıq əsas məqsəd və əsas nailiyyət forması kimi təqdim olunur. Sosial media, xəbər saytları, filmlər və başqa vasitələr durmadan zəngin insanlardan danışır, onların həyat tərzləri, qərarları, seçimləri qabardılır. Gənclər düşünməyə başlayırlar ki, əgər bu zəngin insanların etdikləri kimi etsələr, onların ayaq izlərini izləsələr, arzu etdikləri hədəflərə çata biləcəklər. Bu, doğru ola bilər. Ancaq bir neçə mühüm məqam gözardı edilir. Məsələn, rol modellərimiz ilə bizim yaşadığımız dövr, ümumi şərait, əldə olan faktiki resurslar, ölkənin iqtisadi vəziyyəti, sosial durum və s. nə qədər nəzər alınır? Bunlar olduqca önəmlidir, çünki bunlar və başqa faktorlar reallığı formalaşdırır və təməl faktorların nəzərə alınmaması hədəfin düzgün seçilməməsinə, nəticə də ona çatmağın mümkünsüzlüyünə gətirib çıxara bilər. Digər tərəfdən düşünmək lazımdır ki, bəs zənginliyə çatmadan, hətta bəlkə yoxsulluq içində olarkən belə nailiyyətə çatmış, müvəffəqiyyət qazanmış hesab oluna bilərikmi? Bu, uğuru, nailiyyəti hansı tərif ilə qəbul etdiyimizdən, onu necə müəyyənləşdirdiyimizdən asılıdır.
İndiki dövrdə olduğu kimi, pula indekslənən cəmiyyətlərdə insanlar arasında münasibətlər daha dağıdıcı xarakter alır. Əxlaqi tənəzzül başlayır, dəyərlər öz əhəmiyyətini itirir və sosial-ictimai əlaqələr ciddi zədələnir. Bu cür yanaşma sırf zövqə, özünüməmnunluq hissinə hesablanıb və fərdiyəçiliyi ön plana çıxardır. Bunun həm fərd, həm də cəmiyyət miqyasında ciddi fəsadları hal-hazırda müşahidə olunur və vaxt keçikcə bu prosesin mənfi nəticələrinin şiddətlənməsi gözləniləndir.
Xoşbəxtlik əsaslı məmnunluq və nailiyyət anlayışını başqa insanların faydası, xoşbəxtliyi üzərində də qurmaq mümkündür. Unudulmamalıdr ki, böyük insanlar fərdi xoşbəxtlik arxasında qaçsaydı, bəşəriyyət heç bir irəliləmə əldə edə bilməzdi. Bütün böyük nailiyyətlər fərdi xoşbətlik üzərində yox, ciddi bir əziyyətə qatlaşmaq, o əziyyəti seçmək nəticəsində ortaya çıxır. Məsələni daha konkretləşdirmək üçün tarixi şəxsiyyətlərin həyatlarından bir neçə nüansı qeyd etmək istəyirəm.
Nümunə göstərmək istədiyim şəxsiyyətlərdən birincisi Əlimərdan bəy Topçubaşovdur. O, Peterburq Universitetində hüquq təhsili alıb, rus və fransız dilləri akademik səviyyədə bilirdi, Azərbaycan Xalq Cümhuriyəti Parlamentinin sədri, AXC-nin 2-ci xarici işlər naziri kimi bir sıra mühüm vəzifələrdə çalışıb. AXC-nin de-fakto və de-yure tanınması üçün misilsiz əzmkarlıq göstərən Əlimərdan bəy Topçubaşov Azərbaycan diplomatiya tarixində silinməz yer tutur. Təəssüf ki, o, AXC-nin süqutu ilə birlikdə Fransadan vətənə geri dönə bilməmiş, uzun illər ailəsi ilə birlikdə yoxsulluq içində yaşamışdır. Əlimərdan bəy Topçubaşov məişət şəraitini illər sonra belə düzəldə bilmədiyini öz yazılarında qeyd edir. İş o yerə çatmışdı ki, 25 yaşlı oğlu vərəmdən əziyyət çəkmiş, lazımi müalicəni ala bilmədiyindən vəfat etmişdir. Əgər biz nailiyyəti pula indeksləsək, Topçubaşov uğursuz biri kimi görünə bilər. Bu isə onun sadiq olduğu əqidəyə, tariximizə, xalqımız yolunda çəkdiyi əziyyətlərə haqsızlıq olar.
Haqqında danışmaq istədiyim ikinci nümunə isə Barux (Benedikt) Spinozadır (1632-1677). Yəhudi əsilli holland filosof Portuqaliyanın ispan yəhudilərindən varlı bir tacirin oğlu idi. O, yəhudi və xristian dini mətnlərinə analitik və tənqidi yanaşmış, XVII əsrin ən öncül rasionalistlərindən biri kimi adını fəlsəfə tarixinə yazdırmışdır. O qədər təsirli fiqur idi ki, yəhudi icması və katolik kilsəsi Spinozanı ciddi təhlükə kimi görür, onu dini icmalardan uzaqlaşdırır, yazılarını qadağan edirdilər. Spinozanın rasionalist və panteist düşüncələri əsasında yaratdığı metafizik sistem sonrakı nəsillərə böyük təsir göstərdi. Dekartdan olduqca təsirlənən filosof rasionalizm, riyazi üsul ilə fəlsəfə qurmaq, həqiqəti məntiqi sübutlarla tapmaq və s. tipli üsullardan istifadə edirdi. Tanrı, əbədiyyat onun əsas iki mövzular içərisindədir. Spinozanın nəzəriyyəsi holistik etikanın əsasını təşkil edir.
Spinoza fəlsəfi fəaliyyəti ilə yanaşı, özünün təməl məişət xərclərini ödəmək üçün mikroskop və teleskoplarda istifadə olunan linzaların cilalanması işi ilə məşğul olurdu. O, birotaqlı evdə yaşayır, burada həm yaşayır, həm işləyir və həm də fəlsəfə ilə məşğul olurdu. Qazandığı pul yaşamasına kifayət etsə də, onu varlı olduğunu demək doğru olmaz. Pul onun üçün qəti vacib deyildi. O, hətta məhkəmə prosesində qazandığı evi də məhkəmədə məğlub olan bacısına vermişdi.
Nümunələri daha da uzatmaq olar, amma yazılan və yazılması mümkün olan bütün misalları bir araya yığıb belə bir nəticəyə gəlmək olar - nailiyyəti ancaq pul və maddiyyat ilə ölçmək yox, faydaya, digər insan həyatlarına göstərilən müsbət təsir ilə hesablamaq mümkündür. Hərçənd fayda dəyişkən və bir qədər abstrakt anlayışdır və ölçülməsi hər zaman birmənalı qarşılanmaya bilər. Bununla belə, bir sıra suallar barəsində düşünmək hələ də aktuallığını qoruyub saxlayır. Kimin nailiyyətini daha üstün tutmaq lazımdır? Kondisioner, velosiped, morfin, müxtəlif peyvəndlər kimi milyardlarla insanın həyatına toxunan, onların həyatlarını asanlaşdıran, həyatın mühüm hissəsinə və bəlkə də tələbinə çevrilən ixtiraların ixtiraçıları, yoxsa onlardan daha varlı, amma başqalarına sıfır faydası olan biri daha böyük nailiyyət sahibidir? Sonluq arzuolunan, hədəflənən kimi olmadıqda belə çəkilən əziyyətlər, mübarizə prosesi şəxsləri məğlub statusundan çıxararmı? Qarşıya qoyulmuş məqsədlər uğrunda ödənilən bədəllər nə qədər mühüm məna kəsb edir?
Yekun olaraq deyə bilərik ki, nailiyyətin hansı ölçüylə dəyərləndiriləcəyi hər kəsin öz dəyərləri, kimliyi və seçdiyi rol modelləri ilə bilavasitə bağlıdır - bu məsələdə yeganə və universal bir cavabın mövcudluğu isə hələlik şübhəli olaraq qalır.
çap et