525.Az

Tarixi yaddaşın bərpasına sanballı elmi töhfə - Ədalət Tahirzadə yazır


 

Tarixi yaddaşın bərpasına sanballı elmi töhfə - <b style="color:red"> Ədalət Tahirzadə yazır</b>

Xalqımızın çoxəsrlik mədəniyyət və elm tarixinin ən mühüm, həm də köklü şəkildə araşdırılmasına ən çox ehtiyac duyulan istiqamətlərindən biri İrəvan mühitidir. Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru, dosent Cəlal Vaqif oğlu Allahverdiyevin Bakıdakı "Səda" nəşriyyatında yenicə işıq üzü görmüş (2026, 536 səhifə) "İrəvanda Azərbaycan təhsil tarixi" adlı monoqrafiyası sadəcə bir qədim torpağımızda milli təhsil tariximizin araşdırılması deyil, bütövlükdə milli-mədəni varlığımızın, tarixi coğrafiyamızın və ziyalı potensialımızın bərpası istiqamətində atılmış çox önəmli bir addımdır.

Kitabın elmi redaktorları, məsləhətçiləri və rəyçiləri sırasına nəzər saldıqda əsərin nə dərəcədə ciddi mütəxəssis süzgəcindən keçdiyini görmək olar. Monoqrafiyanın özəyini əks etdirən 7 səhifəlik "İçindəkilər" hissəsi (ss. 514-519) ilk baxışdan oxucuda və mütəxəssisdə belə bir düşüncə  yaradır: qarşımızda duran əsər şablon, ümumi mülahizələrdən tamamilə uzaq, hər sətri arxiv sənədlərinə, unudulmuş faktlara və gerçək bioqrafik bəlgələrə söykənən titanik bir zəhmətin məhsuludur.

lll

Bu monoqrafiyanı son illərdə işıq üzü görmüş başqa regional araşdırmalardan seçdirən başlıca cəhət müəllifin gözlədiyi elmi metodologiyanın dəqiqliyi və əhatə dairəsidir. Cəlal Allahverdiyev yüz il öncəyədək başdan-başa, iliyinə-sümüyünədək türk-müsəlman ruhunu yaşadan qədim İrəvan şəhərimizdə Azərbaycan türklərinin təhsil tarixini araşdırarkən prosesi sadəcə məktəb binalarının və ya xronoloji tarixlərin ardıcıllığı kimi təqdim etmir, təhsili sosial-siyasi mühitin, milli mətbuatın, teatrın və ictimai fikir hərəkatının mərkəzi amili kimi götürür.

Əsərin ərsəyə gəlməsində çəkilən zəhmətin miqyasını anlamaq üçün təkcə başlıqların xarakterinə baxmaq yetərlidir. Müəllif yalnız çar Rusiyasının rəsmi təsisatlarının (məsələn, İrəvan qəza məktəbi, progimnaziya, İrəvan oğlanlar gimnaziyası) hesabatlarını araşdırmaqla qalmayıb, həm də ilk dəfə olaraq bu təhsil ocaqlarında dərs deyən türk-müsəlman müəllimlərin və orada təhsil alan məzunların geniş şəbəkəsini qurub. Firudin bəy Köçərli, İsmayıl bəy Şəfibəyov, Axund Molla Məhəmmdəbağır Qazızadə, Mirzə Cabbar Məhəmmədzadə, Mirzə Məhəmmədvəli Qəmərli, Sadıq Fərəcov, Həbib Məhəmmədzadə... kimi nəhəng maarifçilərin İrəvandakı müəllimlik fəaliyyəti arxiv materialları işığında yenidən canlandırılıb.

Bu əsərin ərsəyə gəlməsində müəllifin qarşısına çıxmış ən böyük çətinliklərdən biri və bəlkə də birincisi erməni vandalizminin və məlum tarixi deportasiyaların nəticəsində İrəvandakı milli təhsil sistemimizə aid bəlgələrin məhv edilməsi və ya əlçatmaz olmasıdır. Cəlal Allahverdiyev bu böyük maneəni dəf etmək üçün iynə ilə gor qazaraq müxtəlif dövlət arxivlərindən, dövri mətbuat səhifələrindən və şəxsi arxivlərdən qırıq-qırıq sənədləri toplayıb, qapı-qapı gəzərək bilgilər əldə edib və nəticədə möhtəşəm bir sistemli elmi məlumat toplusu yaratmağı bacarıb. Kitabın sonundakı materiallar (məsələn, səhifə 470-də yer alan repressiya qurbanlarının siyahısı və ya səhifə 477-dəki fəxri adlara layiq görülmüş müəllimlərin reyestri) müəllifin illərlə apardığı statistik və monoqrafik axtarışların inandırıcı faktlarıdır.

lll

Monoqrafiyanın quruluş ardıcıllığı İrəvanda milli təhsilimizin təkamül mərhələlərini tam dolğunluğu ilə əks etdirir. Müəllif tədqiqatını addım-addım, sistemli şəkildə dərinləşdirir.

İbtidai və rus-türk məktəbləri dövrü. İrəvan şəhər ibtidai məktəbi və xüsusilə İrəvan rus-türk (tatar) məktəbinin yaranması, onun himayəçisi Abbasqulu xan İrəvanlı və müdiri Həşim bəy Nərimanbəyovun fəaliyyətləri çox qiymətli arxiv sənədləri ilə şərh olunur. Müəllif bu məktəblərin proqramlarını və onların dərslik yaradıcılığına (səh. 171) təsirini yüksək elmi səviyyədə təhlil edib.

Cənubi Qafqazın maarif ocağı - İrəvan Müəllimlər Seminariyası. 114-cü səhifədən başlayan bu bölmə monoqrafiyanın ən qiymətli bölümlərindən biridir. Axund Molla Məhəmmədbağır Qazızadə, Həmid bəy Şaxtaxtlı, Mirzə Cabbar Məhəmmədzadə kimi şəxsiyyətlərin seminariyadakı fəaliyyəti təkcə bir müəllimlik tarixi kimi deyil, Cənubi Qafqazda dünyəvi təhsilin formalaşması müstəvisində qiymətləndirilib.

Milli orta təhsilin zirvəsi. İrəvan Mirzə Fətəli Axundzadə adına türk orta məktəbinin (səh. 199) yaradılması, onun direktorları (Sadıq Fərəcov, Məmməd Məmmədov və b.) və məzunları haqqındakı bölmələr İrəvanın ziyalı elitasının pasportunu ortaya qoyur. Bu bölmədə verilən məlumatlar gələcək tədqiqatçılar üçün qiymətli qaynaq rolunu oynayır.

lll

Monoqrafiyanın ən böyük elmi uğurlarından biri də, bizcə, indiyədək kütləvi elmi dövriyyədə lazımi səviyyədə işıqlandırılmamış bu mühüm istiqamətləri ön plana çıxarmasıdır.

İrəvanın maarifçi qadınları. 286-cı səhifədən başlayaraq təqdim olunan bu bölmədə Tərlan Sultanova, Fatma Qədimova, Bülbül Kazımova, Həqiqət Abbasova kimi onlarla maarifçi qadının fəaliyyəti təhlil edilib. Bu, İrəvan türklərinin mühitində qadın azadlığı və savadlanması hərəkatının nə dərəcədə güclü olduğunu subut edən konseptual bir yanaşmadır.

Ali və orta ixtisas təhsili. Kitabda İrəvan Türk Pedaqoji Məktəbi (s. 300-dən) və İrəvan Türk (Azərbaycanlı) Kənd Təsərrüfatı Texnikumu (s. 358-dən) ilə yanaşı, bəlkə də ən böyük elmi yeniliklərdən biri olan İrəvan Dövlət Darülfünunun (Universitetinin) nəzdində işçi fakültəsi türk bölməsinin (s. 383-dən) fəaliyyətinin tədqiqidir. Bu fakt İrəvanda türk-müsəlmanların ali təhsil iddialarını və imkanlarını göstərən ən inandırıcı amildir.

Pedaqoji İnstitut və elmi-tədqiqat işləri. İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan şöbəsinin həm 1945-1948, həm də 1954-1989-cu illər dövrünün geniş işıqlandırılması, onun elmi-tədqiqat işlərinin (s. 425-dən) təhlili əsərin elmi miqyasını daha da genişləndirir. Şöbə müdirləri (Zaman Vəliyev, Əkbər İrəvanlı, Knyaz Mirzəyev) və onlarca müəllim heyətinin bioqrafik detalları, əslində, bir akademiyanın tarixidir.

lll

Cəlal Allahverdiyev gerçək və obyektiv tarixçi mövqeyindən çıxış edərək təhsil tariximizin yalnız parlaq səhifələrini deyil, həm də onun məruz qaldığı faciələri sənədlərin dili ilə danışdırır. Kitabda yer alan "Qərbi Azərbaycanda milli təhsilimizə qarşı vandalizm aktları" (s. 460-dan) bölməsi bütöv bir xalqın mədəni soyqırımının təhsil müstəvisindəki mənzərəsini əks etdirir.

Özəlliklə "1928-1937-ci illərdə İrəvanda repressiyaya məruz qalmış azərbaycanlı ziyalıların, tələbə və şagirdlərin siyahısı" (s. 470-dən) monoqrafiyanın elmi-tarixi dəyərini zirvə nöqtəsinə çatdırır. Müəllif bu siyahının "tam olmadığını" qeyd etməklə həm elmi dürüstlüyünü qoruyur, həm də gələcək nəsillərə bu tədqiqatı davam etdirmək üçün bir çağırış edir. 1948-1953-cü illərin köçürülməsi zamanı İrəvan Türk Pedaqoji Texnikumunun Xanlar rayonuna köçürülən tələbələrinin siyahısı (s. 352) isə deportasiya tarixinin təhsilə vurduğu ağır zərbənin konkret sənədidir.

lll

Dosent Cəlal Allahverdiyevin "İrəvanda Azərbaycan təhsil tarixi" monoqrafiyası sadəcə bir illik və ya iki illik işin deyil, çox güman ki, müəllifin onilliklər boyu topladığı, sistemləşdirdiyi və böyük vətəndaşlıq qeyrəti ilə ərsəyə gətirdiyi fundamental bir tədqiqatın yekunudur. Təkcə bunu deməyi yetərli sayıram ki, kitabda rəngli və yüksək keyfiyyətli 215 fotoşəkil var və onları ayrıca bir fotoalbom kimi nəşr etdirməyin özü İrəvandakı milli təhsil tariximizin işıqlandırılmasına çox qiymətli töhfə olardı. Əsər yüksək akademik dili, zəngin faktoloji materialları, unudulmuş yüzlərlə ziyalımızın (təkcə müəllimlərin deyil, həm tanınmış məzunların) adlarını tarixə yenidən yazdırması ilə müstəsna əhəmiyyət kəsb edir.

Bu kitab həm tarixçilər, həm müəllimlər, həm də Qərbi Azərbaycanın mədəni irsini araşdıran hər bir tədqiqatçı üçün masaüstü qaynaq olacaq elmi abidədir. Çəkilən bu böyük zəhmət hər cür yüksək elmi qiymətə layiqdir. 

06.06.2026

 





12.06.2026    çap et  çap et