525.Az

Muzeylər və yeni nəsil: aradakı məsafəni necə qısaldaq?


 

Muzeylər və yeni nəsil: <b style="color:red"> aradakı məsafəni necə qısaldaq?</b>

Nərmin NOVRUZOVA
NDU-nun Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müəllimi

 

Bəzən bir şəhərin keçmişi onun küçələrində deyil, muzeylərinin divarları arasında yaşayır. Şüşə vitrinlər arxasında qorunan hər bir əşya, qədim bir sənəd, köhnə bir foto və ya məişət nümunəsi keçmişdən gələn səssiz bir hekayədir. Bu hekayələr bir xalqın yaddaşını, həyat tərzini və keçdiyi yolu özündə daşıyır. Lakin bu gün həmin səssiz hekayələrin qarşısında başqa bir sual dayanır: onları dinləyənlər varmı?

Naxçıvan qədim tarixə malik diyardır. Burada yerləşən muzeylər yalnız eksponatların qorunduğu yerlər deyil, həm də tarixi yaddaşın gələcək nəsillərə ötürüldüyü mühüm mədəni məkanlardır. Bununla belə, son illərdə gənclərin muzeylərə münasibətində müəyyən dəyişiklik hiss olunur. Çox vaxt bu vəziyyət "gənclər tarixə maraq göstərmir" fikri ilə izah olunur. Lakin məsələni yalnız marağın azalması ilə əlaqələndirmək düzgün olmazdı.

Bu gün gənclərin yaşadığı informasiya mühiti əvvəlki dövrlərdən ciddi şəkildə fərqlənir. Müasir gənc gün ərzində yüzlərlə məlumatla qarşılaşır. Telefon ekranında bir neçə saniyə ərzində müxtəlif mövzularda videolar izləyir, xəbərlər oxuyur və fərqli dünyalarla tanış olur. Bu sürətli informasiya axını insanların diqqət müddətinə və məlumatı qəbul etmə formasına təsir göstərib. İnsanlar artıq sadəcə mətn oxumaq deyil, görüntü görmək, eşitmək və prosesdə iştirak etmək istəyirlər.

Məhz burada muzeylərlə yeni nəsil arasında müəyyən məsafə hiss olunur. Çünki müasir gənc yalnız müşahidəçi olmaq istəmir. O, iştirak etmək istəyir. Tarixi hadisəni sadəcə lövhədə oxumaqdansa, həmin dövrü hiss etmək, prosesin bir hissəsinə çevrilmək istəyir. Əgər ziyarətçi muzeydə yalnız eksponata baxıb oradan ayrılırsa, bu ziyarət onda uzunmüddətli təəssürat yaratmaya bilər.

Digər tərəfdən, bəzi hallarda təqdimat üsulları da yeni nəslin gözləntilərinə tam uyğun gəlmir. Burada məqsəd muzeylərin fəaliyyətini tənqid etmək deyil. Sadəcə dövr dəyişdikcə insanların gözləntiləri də dəyişir. Keçmişdə eksponatın yanında yerləşdirilən qısa məlumat lövhəsi kifayət edirdisə, bu gün insanlar daha geniş və fərqli təqdimat formaları gözləyirlər. Məsələn, eyni tarixi məlumat virtual görüntülər, audio materiallar və ya interaktiv təqdimatlar vasitəsilə daha təsirli formada təqdim oluna bilər.

Diqqət çəkən başqa məsələlərdən biri məktəblərlə və ali təhsil müəssisələri ilə muzeylər arasındakı əlaqələrdir. Bir çox hallarda muzey ziyarətləri müəyyən proqramın tələbi kimi həyata keçirilir və qısa müddətdə başa çatır. Şagird və ya tələbə eksponatlara baxır, məlumat dinləyir və ziyarət sona çatır. Halbuki muzeylər yalnız ekskursiya məkanı kimi deyil, tədris prosesinin aktiv hissəsi kimi fəaliyyət göstərə bilər. Burada tələbə layihələri, interaktiv seminarlar, yaradıcı təqdimatlar və müxtəlif mövzularda müzakirələr təşkil oluna bilər.

Məsələnin digər tərəfi isə tanıtım və kommunikasiya ilə bağlıdır. Bu gün gənclər vaxtlarının böyük hissəsini sosial media platformalarında keçirirlər. Əgər muzeylərin fəaliyyəti həmin platformalarda müasir və maraqlı formada təqdim edilmirsə, onların diqqət mərkəzinə düşməsi də çətinləşir. Bəzən maraqlı tədbirlər və layihələr təşkil olunur, lakin gənclər onların mövcudluğundan xəbərsiz qalırlar.

Bu problemin həlli yalnız yeni texnologiyaların alınması ilə məhdudlaşmır. Həll yollarından biri muzeylərin gənclərin iştirak etdiyi daha canlı mədəni məkanlara çevrilməsidir. Məsələn, tələbələrin hazırladıqları layihələrin muzeylərdə nümayiş etdirilməsi, müxtəlif yaş qruplarına uyğun proqramların hazırlanması, muzey detektiv oyunları, intellektual yarışlar və interaktiv tədbirlər gənclərin marağını artıra bilər.

Bundan əlavə, rəqəmsal təqdimat imkanlarından daha geniş istifadə olunması da vacibdir. QR kodlar, audio bələdçilər, virtual turlar və sosial media layihələri gənclərlə muzeylər arasında yeni ünsiyyət körpüsü yarada bilər. Muzeylər keçmişi qoruyan məkan olmaqla yanaşı, həm də gələcəyin dilində danışmağı bacarmalıdır.

Çünki məsələ gənclərin tarixdən uzaqlaşması deyil. Məsələ onların tarixə hansı qapıdan daxil olacağıdır. Əgər həmin qapı onların dünyasına yaxın olarsa, o zaman muzeylərlə yeni nəsil arasındakı məsafə də azalacaq.

 





12.06.2026    çap et  çap et