525.Az

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb


 

DSMF ilə UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Bu barədə 525.az-a DSMF-dən məlumat verilib.

DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev bildirib ki, sənəd korporativ sosial məsuliyyət çərçivəsində birgə layihələrin həyata keçirilməsini, tərəflər arasında səmərəli əməkdaşlığın genişləndirilməsini və tələbələrin peşəkar inkişafına dəstəyin gücləndirilməsini nəzərdə tutur.

UNEC-in rektoru, professor Ədalət Muradov qeyd edib ki, əməkdaşlıq memorandumu universitet tələbələrinin praktiki bilik və bacarıqlarının artırılmasına mühüm töhfə verəcək.

Sənədə əsasən, tələbələr təlim və seminarlarda, eləcə də birgə layihələrdə iştirak edəcək, fərqlənən tələbələr sertifikatlarla təltif olunacaqlar.

Eləcə də tələbələr fondun fəaliyyəti, vakansiyalar və təcrübə proqramları barədə UNEC-də keçiriləcək karyera günləri və sərgilər vasitəsilə məlumatlandırılacaqlar. Fondun mütəxəssisləri isə tədris prosesinə mühazirəçi və təlimçi kimi cəlb olunacaqlar.

Tələbələr üçün fond tərəfindən müxtəlif təcrübə proqramlarının və istehsalat təcrübəsinin təşkil olunması üçün imkan yaradılacaq.

Memorandum 3 il müddətinə bağlanıb.

Sevinc Qarayeva 

 





12.06.2026    çap et  çap et