525.Az

Ramin Məmmədov Berlində Azərbaycanın dini etiqad azadlığı sahəsindəki təcrübəsini təqdim edib


 

Ramin Məmmədov Berlində Azərbaycanın dini etiqad azadlığı sahəsindəki təcrübəsini təqdim edib<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iyunun 11-12-də Almaniyanın Əsas Dəyərlər və Beynəlxalq Anlaşma Fondunun təşkilatçılığı ilə keçirilən 30-cu Beynəlxalq Berlin Toplantısında Azərbaycanın dini etiqad azadlığı sahəsindəki təcrübəsini təqdim edib.

525.az-a bu barədə qurumdan məlumat verib.

Dövlət Komitəsinin sədri toplantının "Dini etiqad azadlığının qorunması və təşviqi" mövzusuna həsr olunmuş panel iclasında çıxış edərək bildirib ki, qlobal miqyasda artan qütbləşmə, mədəni ziddiyyətlər və rəqəmsal dezinformasiya cəmiyyətlər arasında etimadın zəifləməsinə səbəb olur, dini icmalar, xüsusilə azlıq təşkil edən qruplar isə daha həssas vəziyyətlə üzləşirlər. O qeyd edib ki, dini etiqad azadlığının təmin olunması yalnız beynəlxalq hüquqi mexanizmlərlə deyil, eyni zamanda dövlətlərin ardıcıl siyasəti və cəmiyyətdə formalaşmış tolerantlıq mühiti ilə mümkündür.

R.Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq ölkəmizdə bütün dini icmalar üçün bərabər imkanlar yaradılıb, onların fəaliyyəti dövlət tərəfindən dəstəklənir, ibadət yerlərinin tikintisi və bərpası, tarixi-dini irsin qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bildirilib ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur və əsrlərboyu formalaşmış tolerantlıq ənənələrinə əsaslanır. Dini konfessiyalara göstərilən maliyyə dəstəyi dövlət-din tərəfdaşlığının mühüm təzahürlərindən biridir.

Komitə sədri dini radikalizm, ekstremizm və dini inancların siyasi məqsədlər naminə istismarına qarşı mübarizədə maarifləndirmənin xüsusi əhəmiyyət daşıdığını, Dövlət Komitəsinin bu istiqamətdə müxtəlif layihələr, o cümlədən regional konfranslar həyata keçirdiyini diqqətə çatdırıb.

R.Məmmədov işğaldan azad edilmiş ərazilərdə mənəvi-mədəni irsin bərpası sahəsində görülən işlərdən bəhs edərək, tarixi məscidlərlə yanaşı, kilsələrin də eyni diqqət və qayğı ilə əhatə olunduğunu qeyd edib.

O, çıxışında həmçinin vurğulayıb ki, Azərbaycanda dini etiqad azadlığının təmin edilməsi sahəsində əldə olunan uğurlara baxmayaraq, bəzi siyasi dairələrin bu nailiyyətlərə ikili standartlar prizmasından yanaşması təəssüf doğurur.

Sonda dini etiqad azadlığının qorunmasının qlobal məsuliyyət olduğunu deyən Dövlət Komitəsinin sədri bu sahədə beynəlxalq əməkdaşlığın və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyini söyləyib.

 





12.06.2026    çap et  çap et