Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Ştutqart Azərbaycan Evinin rəhbəri Günay Mirzəyevanın təşkilatçılığı ilə Almaniyanın Ştutqart şəhərində 28 May - Müstəqillik Günü və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
525.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış edərək bildirib ki, Müstəqillik Günü və Milli Qurtuluş Günü xalqımızın azadlıq iradəsini, dövlətçilik ənənələrinə sədaqətini və milli həmrəyliyini əks etdirir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və xilaskarlıq missiyası Azərbaycanın inkişaf yoluna çıxmasına, sabitlik və tərəqqi mərhələsinə qədəm qoymasına zəmin yaradıb.
Tədbirdə, həmçinin Almaniyanın Azərbaycandakı tarixi izlərinə diqqət çəkilib, ölkəmizdə vaxtilə mövcud olan alman koloniyaları - Helenendorf və Annenfeld barədə danışılıb. Multikultural ənənələrə malik, çoxəsrlik tolerantlıq məkanı kimi tanınan Azərbaycanda bu tarixi irsin xalqımızın mədəniyyətində dərin izlər buraxdığı və belə hadisələrin ölkəmizdə layiqincə qeyd olunduğu vurğulanıb.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay Rüstəmli diqqətə çatdırıb ki, əlamətdar günlərin qeyd olunması milli həmrəyliyin möhkəmlənməsinə, dünya azərbaycanlılarının ortaq dəyərlər ətrafında birləşməsinə və Azərbaycanın beynəlxalq nüfuzunun artmasına xidmət edir.
Türkiyənin Ştutqartdakı baş konsulu Makbule Koçak Kaçar soydaşlarımızı bayram münasibətilə təbrik edərək, xaricdəki Azərbaycan və Türkiyə icmaları arasında əməkdaşlığın iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verdiyini deyib.
Tədbirdə Almaniyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini, italyan bəstəkar və mədəni tədbirlər üzrə təşkilatçı Françesko Macco çıxış edərək ölkəmizin suverenliyinə və milli dəyərlərimizə hörmətini ifadə edib.
Alman professor, Reutlingen Diyarşünaslıq Muzeyinin və Reutlingen Mədəniyyət İdarəsinin sabiq rəhbəri Verner Ştröbele isə Azərbaycanla bağlı bir sıra tarixi faktlara toxunaraq, ölkəmizdə vaxtilə almanların məskunlaşdığı Helenendorf bölgəsinə ilk almanəsilli Şvab ailələrinin köçdüyünü xatırladıb.
Tədbir bədii hissə ilə davam edib. Ştutqartda fəaliyyət göstərən caz ifaçısı Cemre Yılmazın rəhbərliyi ilə Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

çap et