Azərbaycan Mərkəzi Bankı (AMB) Qazaxıstan Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi (ARDFM) ilə maliyyə sektoruna nəzarət prosesində süni intellekt texnologiyalarının tətbiqi və qabaqcıl rəqəmsal həllərin istifadəsini müzakirə edib.
525.az AMB-yə istinadən verdiyi xəbərə görə, bir neçə gün davam edən rəsmi görüşlər çərçivəsində Azərbaycan nümayəndə heyəti Almatı şəhərində ARDFM-in fəaliyyəti, nəzarət mexanizmləri və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi layihələrlə yaxından tanış olub.
Müzakirələr zamanı Qazaxıstanın maliyyə bazarına nəzarətdə istifadə etdiyi alətlərin imkanları, xüsusilə tənzimləyici məlumatları operativ analitik göstəricilərə çevirən idarəetmə panelləri ("dashboards") və nəzarət prosesinə inteqrasiya olunmuş kompleks stres-test çərçivələri nəzərdən keçirilib.
Tərəflər həmçinin maliyyə nəzarətinin səmərəliliyinin artırılması məqsədilə süni intellekt texnologiyalarının tətbiqi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
çap et