“İmzalanmış Bəyannamə tarixə əsaslanır. Bəyannamədə xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Prezident İlham Əliyev
İyunun 15-də Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığını bütün dünyaya nümayiş etdirən Şuşa Bəyannaməsinin imzalanmasının beşinci ili tamam olur. Türk dünyansının iki böyük liderləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-də Şuşada imzalanmış tarixi Bəyannamə qardaş ölkələrin siyasi gücünün və həmrəyliyinin simvoluna çevrilməklə, hərtərəfli münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydular, strateji müttəfiqlik münasibətlərini ən yüksək zirvəyə çatdırdılar.
Azərbaycan və Türkiyə işğaldan azad edilmiş ərazilərimizin və dövlətimizin mənəvi simvollarından biri olan Şuşada həmin tarixi aktı gerçəkləşdirərək dünya birliyinə mühüm mesajlar ünvanladılar. Bu, bir əsr əvvəl çiyin-çiyinə dayanan iki qardaş dövlətin bu gün daha möhtəşəm gücünü əks etdirdi.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, yüz il əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad edilən Bəyannamə Türkiyə və Azərbaycanın birliyini göstərir.
Şuşa Bəyannaməsi həm də regionda yaradılan yeni reallıqların konseptidir. 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin diktə etdiyi geosiyasi reallıqdır. Bu kontekstdən baxdıqda, son beş ildə Türkiyə və Azərbaycan regionun mühitini dinamikləşdirib, digər ölkələrə örnək olacaq ictimai-siyasi, iqtisadi-sosial, humanitar inkişaf arxitekturası yaradıb.
Bakı və Ankaranın müəyyənləşdirdiyi yeni kurs, o cümlədən siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrdə əldə edilən nəzərəçarpacaq köklü dəyişikliklər təkcə iki ölkənin tərəqqisini deyil, ümumilikdə, regionun mənzərəsini və ritmini dəyişdirib, bütün tərəflərlə birgə gələcəyə inamlı baxışın, mehriban qonşuluğun, sülh və rifahın unikal modelini yaradıb.
Həmin strateji məqsədlərdən irəli gələrək Bəyannamədə qeyd edilən ən ümdə hədəflərdən biri olan Zəngəzur dəhlizi də tarixi mərhələyə keçid alıb. Vaşinqton razılaşmasından sonra bu dəhlizin gerçəkləşməsi üçün demək olar ki, heç bir hüquqi-texniki maneə qalmayıb. Dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı kommunikasiyanı gücləndirməklə yanaşı, siyasi əlaqələri də artıracaq, Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsini də bu nəqliyyat ailəsinə qoşacaq. Bu isə Naxçıvanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq.
Azərbaycan və Türkiyə sənədin icrasından irəli gələn digər mühüm müddəanı – xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri də uğurla həyata keçirməkdədir. Bu istiqamətdə Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyətlərin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Sənədə əsasən tərəflər beynəlxalq münasibətlərin inkişafı, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli üçün birgə səylər göstərir.
Eləcə də, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri davamlı olaraq inkişaf etdirilir. Silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin artırılması, müdafiə qabiliyyətlərinin və silahlı qüvvələrin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və səlahiyyətli strukturların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviqi Azərbaycan və Türkiyənin hərbi qüdrətini daha da gücləndirir.
Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin iqtisadi qüdrətinin artması, digər dövlətlərlə iqtisadi-ticari-investisiya alyansının qurulması üçün də strateji əhəmiyyət daşıyır. Ötən beş il ərzində iki ölkə arasında bütün sahələrdə əməkdaşlıq daha da dərinləşib.
İqtisadi sahədə münasibətlərdə əsaslı keyfiyyət dəyişiklikləri baş verib, ticarət dövriyyəsinin həcmi 4 milyarddan 5,8 milyard ABŞ dollarına yüksəlib.
Bugünədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına təqribən 18 milyard ABŞ dolları sərmayə qoyub.
Şuşa Bəyannaməsi həm də Türk dünyasının sıx inteqrasiyasını təmin edən və güclü siyasi zəmin yaradan mühüm saziş kimi də dəyərləndirilə bilər. Bu tarixi sənədin imzalanmasından üç il sonra, 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi və yekunda mühüm bir sazişin – Qarabağ Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyənin əsasını qoyduğu möhkəm bünövrə üzərində Türk dövlətlərinin yeni inkişaf priritetlərini müəyyənləşdirildi.
Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyini daha da möhkəmləndirdi.
Ramid Namazov
Milli Məclisin deputatı
çap et