“Körpülərin üzərində gördüyümüz xüsusi keçid hissələri deformasiya tikişləri adlanır. Bu elementlər körpü konstruksiyasının temperatur dəyişiklikləri, nəqliyyat yükləri və digər xarici təsirlər nəticəsində baş verən hərəkətlərini kompensasiya etmək üçün quraşdırılır. Hava istiləşdikdə körpü konstruksiyası genişlənir, soyuduqda isə yığılır”.
Bunu nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev 525.az-a bildirib. Mütəxəssis qeyd edib ki, deformasiya tikişləri bu dəyişiklikləri qəbul edərək konstruksiyada əlavə gərginliyin yaranmasının qarşısını alır. Əks halda örtükdə çatlar, konstruktiv zədələnmələr və istismar problemləri yarana bilər:
“Bu körpünün təhlükəsizliyini artırır, konstruksiyanın dayanıqlığını qoruyur, yol örtüyünün zədələnməsinin qarşısını alır, hərəkətin rahatlığını təmin edir, körpünün istismar müddətini uzadır. Deformasiya tikişləri kiçik görünən, lakin körpülərin etibarlı və uzunömürlü istismarı üçün mühüm əhəmiyyət daşıyan mühəndislik elementlərindən biridir”.
Sevic Qarayeva
çap et