“Süni intellekt insanı birbaşa əvəzləyən müstəqil bir varlıq deyil, insan zəkasının effektivliyini qat-qat artıran rasyonal və çoxfunksiyalı bir alətdir. Alqoritmlər verilənlərin daxili analizi, rutin sənədləşmə, şablon mətnlərin yazılması və ilkin müştəri xidmətləri kimi mexaniki tapşırıqları öz üzərinə götürərək bir çox sahəni kökündən dəyişdirir. Lakin kopirayterlik, proqramlaşdırma və ya data analitikası kimi peşələr tamamilə silinmir, sadəcə bu alətlərdən istifadə edərək daha strateji və yaradıcı qərarlar verən yeni nəsil mütəxəssis modellərinə çevrilirlər".
Bunu 525.az-a Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib. Ekspert qeyd edib ki, süni intellekt alətlərindən sadəcə hazır cavablar və ya tam mətnlər almaq məqsədilə, yəni passiv istehlakçı kimi istifadə edildikdə, uşaq və yeniyetmələrdə daxili dopamin dövranı sürətlənir, analitik təhlil və tənqidi təfəkkür mexanizmləri zəifləyir:
“Bu rəqəmsal asılılığın və intellektual tənbəlliyin qarşısını almaq üçün təhsil mühitində uşaqların texnoloji bacarıqları passiv istehlakdan rəqəmsal yaradıcılığa, yəni proqramlaşdırma, robototexnika və süni intellekt alətlərinin daxili arxitekturasını anlamağa yönəldilməli, ailədə və məktəbdə güclü rəqəmsal gigiyena mədəniyyəti formalaşdırılmalıdır".
Sevinc Qarayeva
çap et