Xoşbəxt uşaqlıq illərim olub. Dost-yoldaşlı uşaqlığım həm də maraqlı, macəralı keçib. O illərin bir aylıq dövrü var, Artek düşərgəsi ilə bağlıdır. Ayrıca yazmasam olmur, indiki gənc nəsildə sovet dövrü haqqında müəyyən təsəvvür yarada bilərəm deyə...
Pioner düşərgələri
Gənclərimizi bir qədər bilgiləndirmək üçün qeyd edim, sovet uşaqlarının yay istirahətinə dövlət qayğısı yetərincə yüksək səviyyədə idi.
Nəhəng bir ölkənin səfalı guşələrində pioner düşərgələri hər yay sıx fəaliyyət göstərir, bəzi yerlərdə qış tətili günlərində də açıq olurdu. Uşaqlar düşərgələrdə müəllimlər, incəsənət xadimləri, komsomolçu dəstə rəhbərlərinin təşkilatçılığı ilə intensiv mədəni tədbirlər, idman yarışları, müsabiqələrin fəal iştirakçılarına çevrilirdilər.
Sovet məktəblisinin valideyn nəzarətindən kənar icma mühitində qısa müddətliyə keçirdiyi maraqlı həyat tərzi onun ümumi tərbiyəsinə təsirsiz qalmırdı. Əlbəttə, dövlət qayğısında əsas məqsəd elə bu idi. Hakim ideoloji sistem çalışırdı sovet uşaqlarının istirahətinin maraqlı, məzmunlu təşkili ilə onların sovet vətəninə, kommunist partiyası ideallarına sədaqət ruhunda təlim-tərbiyəsini nəzarətdə saxlasın.
Pioner düşərgələri Sovet İttifaqında pioner hərəkatının məhsulu olaraq yaranmışdı. Hərəkatın tarixi ötən əsrin 20-ci illərindən başlayır. Prosesin unikallığı mahiyyətcə ondan ibarət idi ki, pioner təşkilatı uşaqların tərbiyəsində valideynləri tədricən əvəz etməli idi. Təşkilata mənsubluq ailəyə daha əlverişli alternativ kimi təsəvvür edilirdi. Sovet sisteminin nəzərincə, gələcəyə yönəlmiş mütərəqqi baxışları paylaşan uşaqlar ailə mühitində valideynlərindən onlara ötürülə biləcək mürtəce, gerilikçi düşüncə tərzindən, dini normalardan azad ruhda yetişməli, yeni dünya quracaq insanlara çevrilməli idilər. Yaxşı xatırlayıram, bu yeni dünya “kommunizm” xülyası, maddi nemətlərin aşıb-daşacağı, hamının o nemətlər içində mehriban yaşayacağı “xoşbəxt gələcək” idi.
Pioner atributlarına hər şeydən əvvəl qırmızı qalstuk, döş nişanı və xüsusi bayraq daxil idi. Pionerləri kiçik yaşlı oktyabratlardan, yaşca böyük komsomolçulardan – onların ideoloji qardaşlarından fərqləndirən digər vasitələr də vardı: şeypurlar, zərb alətləri, sertifikatlar, nizamnamə, himn.
Məşhur “pioner salamı” da öz yerində. Məktəbli pioner salam verərkən sağ qolunu dirsəkdən bükərək başından azacıq yuxarı qaldırır. Bu zaman sağ əlin beş barmağı bir-birinə kip birləşməli və sağ qaşın üstündə (alına yaxın) dayanmalıdır. Əlin başın üstünə, alına yaxın qaldırılması ictimai maraqların şəxsi maraqlardan üstün tutulduğunu rəmzləndirir. Pioner salamı pionerlərin bir-birini, eləcə də bayrağı, yaxud rəhbərləri salamlamaq üçün istifadə etdiyi xüsusi jest idi.
Bir daha xatırladım, hakim kommunist partiyası pioner hərəkatına özünütəşkil və daxili intizam qabiliyyəti aşılamaqla, 9-14 yaşında sovet uşaqlarını dövlət nəzarəti altında saxlamağa çalışırdı.
Pioner düşərgələri uşaqların həmyaşıdları arasında bir neçə həftə asudəlikdə vaxt keçirə biləcəyi yer olmaqla yanaşı, onları cəmiyyətin itaətkar üzvlərinə çevirmək üçün nəzərdə tutulmuş dövlət təsisatları səciyyəsində idi.
Ötən əsrin 80-ci illərinin sonlarında pioner düşərgələrinin sayı ölkədə 40 mindən çox idi. Bunların başında biri vardı, Sovet İttifaqında yaşayan uşaqların arzusu, ölkə pioner təşkilatının bir növ vizit kartı statusunda olan beynəlxalq pioner düşərgəsi Artek. Bu düşərgə il ərzində fəaliyyət göstərir, xarici ölkə uşaqlarını müxtəlif məzmunlu müsabiqələrin qalibləri kimi, sovet uşaqlarından isə yaxşıların yaxşısı qismində fəqlənənləri, yəni dərslərində, ictimai həyatda xüsusi nailiyyətləri olan pionerləri qəbul edirdi.
Uşaqların hər il Artekə getməsi üçün sovet respublikalarına müəyyən sayda kvota ayrılır, bizdə isə seçimi Azərbaycan komsomolunun mərkəzi komitəsi aparırdı.
Artek arzum gerçəkləşir
Kiçik qardaşım Xansuvarın da, mənim də ürəyimdən Artek keçirdi. Bu arzumu açığa vurmasam da, Xansuvar vurmuş, atamız Qasım Qasımzadəyə bildirmişdi.
Qasım müəllim komsomolun mərkəzi komitəsində ərki çatan şöbə müdiri Raya Əliyevadan oğlu Xansuvar üçün Artek xahişini etmiş, xanım da bildirmişdi ki, Xansuvarın oxuduğu 132 saylı məktəbdən uyğun xasiyyətnamə təqdim edilsə, kifayətdir.
Q.Qasımzadə məktəbin direktoru, ixtisasca bioloq Fəridə Hacıyevanın yanına gəlir, ondan 4-cü sinif şagirdi Xansuvar üçün xasiyyətnamə istəyir. Q.Qasımzadəyə rəğbətli biri kimi onu hörmətlə qarşılayan Fəridə xanım Xansuvara yaxşı xasiyyətnamə verə bilməyəcəyini deyir və səbəbini açıqlayır. Demə, qardaşım bir neçə gün əvvəl siniflərində yumruğu ilə Abbas adlı bir yaşıdının gözünün altını göyərdibmiş. Abbasın anası övladını direktorun yanına gətirib, xəsarəti göstərərək tələb edibmiş ki, Xansuvardan ölçü götürsünlər.
- İndi biz nə edək? Onu Artekə göndərsək, xuliqanlığını təşviq etmiş olmuruqmu, Qasım müəllim? - deyir Fəridə xanım və şairin susduğunu görüb özü də bir qədər fikrə gedir.
Sonra:
- Gəlin belə edək. Xansuvarın qardaşı Nəriman, övladınız mənim şagirdimdir, ona botanikadan dərs deyirəm. Nümunəvi şagirddir, əlaçıdır. Siz Xansuvarı yox, onu göndərin Artekə. O olmasın, bu olsun... - deyib gülür.
Qasım müəllim də gülür:
- Nə deyirəm, olsun.
Axşam tərəfi evə qayıdır, əhvalatı nəql edir, amma Abbası döydüyünə görə Xansuvarı məzəmmət etmir. Yəni Artekdən məhrum olması bəsidir, bu da bir cəzadır. Xansuvar özünü o yerə qoymur ki, Artekə gedə bilməyəcəyindən dilxordur, elə susur, heç nə demir, yəqin nə qəbahət işlədiyinin fərqindədir. Onun bu tövrü atasına xoş gəlir deyəsən:
- Darıxma, səni də Artekə göndərəcəyəm.
Qasım müəllim sonbeşiyi Xansuvara vədini, həqiqətən, yerinə yetirəcək, müəllimlərin tətildə, direktorun məzuniyyətdə olduğu avqust ayında onu da Raya xanımın vasitəsilə Artekə göndərəcəkdi. Xansuvar isə onu ikicə ay əvvəl Artekdən qoyan əməlini eynilə Artekin özündəcə törətdəcəkdi. Bəxti onda gətiribmiş ki, gözünün altını göyərtdiyi uşaq şikayətçi olmayıb. Xansuvar görəndə ki, yumruğu ilə vurduğu uşaq bir gözünü zorla açır, qorxudan ona yaxınlaşıb üzr istəyibmiş. Məsələdən xəbər tutan dəstə rəhbəri uşaqların artıq barışdığı üçün baş verəni şişirtməməyə üstünlük veribmiş. Bunu Xansuvar mənə Artekdən qayıdandan sonra danışmışdı. Yeri gəlmişkən, Xansuvarın evə yazdığı məktublar da məzəli olurdu. Belə məktubların birində yeməkxanada haqsız bildiyi nədənsə şikayətlənərək yazırdı “monqollar armudları yedilər”. Qasım müəllim onun bu gülməli məktublarını yaxın dostlarına da oxuyurdu. Professor Şirməmməd Hüseynov sonralar hər dəfə Xansuvarı görəndə “monqollar armudları yedilər” deyib şaqqanaq çəkirdi.
...Xansuvara görə azacıq fikirliyəm, balacamızdır, gərək o gedəydi Artekə, mən yox. Amma Artek həyəcanı bu fikirlərimi üstələyir. Ertəsi gün tərifli xasiyyətnamə almaq üçün Qasım müəllimlə gedirik Fəridə xanımın yanına. Mənə tapşırır Artekdə bitən bitki növlərinin yarpaqlarından toplayıb gətirim. Dərs hissə müdirinə göstəriş verir, haqqımda tərifli xasiyyətnamə yazırlar. Oradan yollanırıq 132 saylı məktəblə üzbəüz, İçərişəhərin girəcəyinə bitişik binada yerləşən Azərbaycan komsomolun mərkəzi komitəsinə. Raya xanım bizi gülər üzlə qarşılayır. Mənə Azərbaycanı layiqli təmsil etməklə bağlı məsuliyyətimi xatırladır, təlimatlarını verir. Biləndə ki, musiqi məktəbinin tar sinfində də oxuyuram, möhkəm tapşırır Artekə tarsız getməyim.
12 yaşım vardı, Bakının 6 saylı musiqi məktəbinin 3-cü sinfində Rəşid müəllimdən not, Sitarə müəllimədən muğamat dərsi alır, Bayatı-Kürd, Rast, Bayatı-Şiraz, Zabul-Segaha qədər muğamlarımızı öyrənmişdim. Əlaçı idim, pis də çalmırdım. Aləti məktəb özü vermişdi mənə, uşaq tarı idi, yüngül, həcmcə kiçik. Evimizdə bir tar da vardı, Qasım müəllim böyük qardaşım Fəxrəddin üçün Bakıda məşhur erməni ustası Sərxana sifarişlə düzəltdirmişdi. O tar altmış ildir evimizdədır, indi barmaqlarım sözümə yaxşı baxmasa da, könlümə düşəndə ara bir dilləndirirəm... Yeri gəlmişkən, peşəkar musiqiçi kimi övladlarımın vaxtilə musiqiyə maraqlarının yaranmasında ailə mühitindəki epizodik ifalarımın rolu da olmamış deyil.
Artekdə ifa perspektivi məndə xoş bir həyəcan yaratmışdı deyə qərara gəlirəm özümlə yaşıma uyğun, futlyarı parçadan uşaq tarını deyil, məhz Fəxrəddinin həmin o tarını aparım. Arzusunda olduğum Artekdə ifa naminə və tamaşaçıların alqışlarını göz önünə gətirərək qərar verirəm futlyarı özündən ağır, peşəkar tarzənlərə yaraşan aləti çəlimsiz bədənimə yük edib özümlə daşıyım.
Artekdəyəm
Bizi, azərbaycanlı uşaqları təyyarə ilə Simferopola gətirib Artekin məsul işçilərinə təhvil verirlər. Avtobusla yollanırıq Krımın səfalı guşəsində, Qara dəniz sahilində, rusların Ayu-Daq dediyi Ayı dağının yaxınlığında yerləşən Artekə. Hamımızı dəstələrə bölürlər.
Artek ümumilikdə beş düşərgədən, hər düşərgəyə aid drujinalardan ibarət idi: “Morskoy” – “Morskaya”; “Gornıy” – “Almaznaya”, “Xrustalnaya”, “Yantarnaya”; “Pribrejnıy” – “Lesnaya”, “Ozernaya”, “Polevaya”, “Reçnaya”; “Lazurnıy” – “Lazurnaya”; “Kiparisnıy” – “Kiparisnaya”.

“Yantarnaya” drujinasının 8-ci dəstəsinə düşürəm. Yataq otağımızda 7-8 uşaq var. Tanış oluruq. Milliyyətcə rus Saşa skripkası ilə, ukraynalı Volodya isə klarneti ilə gəlib. İndi üstündən 57 il keçib, nə illah edirəm onlardan və rus məktəbində oxuyan iki azərbaycanlı həmyerlim Eldarla Fuaddan başqa heç kimin adını xatırlamıram. Məlum olur ki, məni Saşa və Volodya ilə eyni dəstəyə əlimdə tar gördüklərinə görə salıblar. Üç uşaq, fərqli mədəniyyətlərin təmsilçiləri... Dərhal dostlaşırıq. Bizi dostlaşdıran, heç şübhəsiz, musiqidir. Trioya çevrilirik bir növ. Əlbəttə, ansambl kimi yox, sadəcə üç dost, üç ürək mənasında (bu yerdə qulaqlarımda Tofiq Quliyevin “Dostluq mahnısı”nın melodiyası, həmin mahnıdakı “dörd dost, dörd ürək, dörd yoldaşıq biz” sözləri səslənir)...

Artekdə yeganə tar ifaçısı
Dəstəmizdə iki azərbaycanlı uşaqdan başqa, hamı tarı ilk dəfədir görür. Simlərini, pərdələrini, mizrabı diqqətlə süzürlər. İlk axşam otağımıza dəstə rəhbəri gəlir, uşaqlar başıma toplaşıb xahiş edirlər tarda onlar üçün nə isə çalım. Nə çalım axı? Muğamat? Nə başa düşəcəklər? Ürəyimdən keçir tarda hansısa bir Azərbaycan havasını çalım. Fuad məsləhət görür hamıya tanış bir melodiyanı çalsam, daha yaxşı. Soruşuram, hansı melodiyanı? Deyir, bax da, nəyi bilirsən onu. Daha demir istənilən melodiyanı tarın pərdələrinə uyğunlaşdırıb necə olsa çala bilərəm. Yadıma məşhur “Katyuşa” düşür, mahnının melodiyasını asta-asta dilləndirirəm. “Ooo, əla, əla...” deyə alqışlayırlar. O zaman ağlıma gəlməzdi ki, üstündən illər keçəcək, mahnının uşaqlıqdan əzbərlədiyim sözlərini öz dilimizdə şeirləşdirəcəyəm. Deyəsən, sözlərin əslinə də, mahnının melodiyasına da uyğun gəlir:
Almalıq, armudluq çiçək-çiçəkdi,
Süzürdü çay üstə çən topa-topa.
Çıxırdı sahilə Katyuşa, təkdi,
İstərdi o dikdə bir həyan tapa.
Çoşurdu nəğməylə, tərənnümüylə
Bir çöl qartalını, məhrəm yarını.
Qolboyun qalaraq sevgi dəmiylə
Qoruyub saxlardı məktublarını.
Sən ey qız nəğməsi, ucal göylərə,
Uç günəş dalınca səs sala-sala.
Uzaq bir sərhəddə duran əsgərə
Çatdır Katyuşadan, çatdır sən salam.
Qoy sala yadına sadədil qızı,
Dinləyə, qəlbinin səsini duya.
Vətəni qorumaq olsun qayğısı,
Sevgini Katyuşa özü qoruyar.
Almalıq, armudluq çiçək-çiçəkdi,
Süzürdü çay üstə çən topa-topa.
Çıxırdı sahilə Katyuşa, təkdi,
İstərdi o dikdə bir həyan tapa.
...Deməli, Artek günlərim musiqi ilə başlayır. İndi Artekdə yazdığım gündəliyi nəzərdən keçirəndə görürəm, müxtəlif mədəni tədbirlərin sırasında tez-tez konsertlər olurmuş, hər birində də tarımla iştirak edirmişəm. 12 yaşlı uşağın əyləncəli bir güzəran içində gündəlik yazması oxucuya qəribə gələr deyə izah edim ki, bu da bir tapşırıq idi, yerinə yetirirdim. Tapşırıq Qasım müəllimdən idi, özü bütün səfərlərində gündəlik tutur, qeydlər aparırmış, mənimlə bağlı isə görünür, istəyibmiş bu yolla da övladını yazıya alışdırsın. İndi baxıram, tapşırığı yerinə yetirməyim bir qədər başdansovdu olub, qeydlərimdə gündəlik tədbirlərin daha çox statistikası yer alır, təfərrüatlar azdır. Ancaq bu statistika da yaddaşıma dəstək verir, olmuşları xatirimdə canlandırır.
Arteki qonaq qismində ziyarət edən nümayəndə heyəti üçün drujinanın keçirdiyi konsertdə “Bayatı-Şiraz” muğamını çalıbmışam. Qonaqlardan söz düşmüşkən, Artekin statusu haqqında təsəvvür yaransın deyə bu beynəlxalq düşərgəni müxtəlif illərdə ziyarət etmiş məşhurların natamam siyahısını təqdim edirəm: Jan Bedel Bokassa, Yuri Qaqarin, Nikita Xruşşov, İndira Qandi, Leonid Brejnev, Urxo Kekkonen, Cavahirəl Nehru, Lidiya Sablikova, Otto Şmit, Palmiro Tolyatti, Xo Şi Min, Bencamin Skot, Mixail Tal, Valentina Tereşkova, Lev Yaşin...
Gündəliyimdə başqa bir qeydim Artekin 44 illiyi bayramında “Qarabağ şikəstəsi”ni çaldığım barədədir. Niyə məhz “Qarabağ şikəstəsi”? Bilmirəm. Bəlkə adına görə? Azərbaycanı təmsil edirdimsə, bizə aid bir bölgənin adını səsləndirmək istəmişəm bəlkə? Bəlkə bayram tədbirinə uyğun təntənəli səslənişinə görə? Əlbəttə, bu suallar beynimdə indi ona görə dolaşır ki, son otuz ildə bizdə ifa edilən “Qarabağ şikəstəsi”ndən məqsəd əvvəllər Qarabağı unutmağa qoymamaq idi, indi isə daha çox Qarabağ zəfərimizin təntənəsini yaşatmaqdır.

Yaddaşımda başqa bir konsertin də sədaları səslənir. Artekdə bütün drujinaların iştirak etdiyi musiqi konkursu keçirilirdi. Münsiflər heyəti dəstəmizi bu yarışda bal rəqsi üzrə 1-ci yerə layiq gördü. Həmin yarışda tarda da ifam olmuşdu, nəyi ifa etdiyimi xatırlamıram. Gündəliyimə baxıram, orada da bu barədə məlumat yoxdur. Saşanın skripka ifası 1-ci yer, Volodyanın klarnet ifası 2-ci yer tutmuşdu. Rəqibsiz idim, yəni tarda ifa edən təkcə məndim deyə münsiflər heyəti məni yarışın sadəcə qalibi elan etdi. Sevinirdim, həm də ona görə ki, “qalib” sözünü “1-ci yer”dən üstün bilmişdim. Ümumiyyətlə, 2-3 gündən bir hansı tədbirdə musiqiyə yer verilirdisə, üçümüz də orada iştirak edirdik. Belə tədbirlərin əksəriyyəti xarici qonaqları sovet mədəniyyəti ilə tanış etmək məqsədi daşıyırdı.


Arteklilərin iştirakı ilə Yaltada açıq havada keçirilən bir konserin də yaddaşımda özəl yeri var. Dinləyicilər yerli əhali və Almaniya Demokratik Respublikası, Fillandiya, Çexoslovakiya, Polşadan gələn turistlər idi. İfamı konsertin sonuna salmışdılar. Növbə mənə çatanda aparıcı nəyi çalacağımı soruşur elan etsin. Deyirəm, Azərbaycan muğamı “Zabul segah”. Dediyimi yaxşı tutmur, elan edir: “Azerbaydjanskaya pesnya Zabıl”. Başqa vaxt olsaydı, gülmək tutardı məni. Fikir vermirəm, fikrim özümdədir, bir az həyəcanlıyam. Muğamı qısaldıb ifa edirəm. Alqışlayırlar. Aparıcı daha nəyi ifa edəcəyimi soruşur. Cahangir Cahangirovun “Ana” mahnısını deyirəm. Bəstəkarın adını çəkmədən elə “pesnya Mat” deyib işarə edir çala bilərəm. Öz aləmimdə bu melodiyanın tarda məşhur ifaçısı Hacı Məmmədovu yamsılayıram, barmaqlarımı pərdələrdə gəzdirə-gəzdirə başımı arabir tarın çanağına endirərək çalıram. Bitirən kimi alqış sədaları qopur. Aparıcı konsertin sona çatdığını elan edir. Xarici turistlər səhnəyə axışıb fotoaparatları ilə bir-bir mənim, ayrıca da tarımın şəklini çəkirlər. Onların tar alətinə bunca maraq göstərmələrindən, şəxsimə “beynəlxalq diqqət”dən xeyli məmnunam...
Roman-Koşda
Artek güzəranımızın zəngin proqramı var: gündəlik idman yarışları, təbiət sıldırımlarına piyada yürüşlər, dəniz səyahətləri, tonqal ətrafında söhbətlər, bədii filmlərə tamaşa, musiqi məşqləri və s. və i.a. Gündəliyimdə bunlara dair müəyyən qeydlər aparmışam.
Biri haqqında ayrıca yazmaq istərdim. Biz balacaların iki günlük piyada yolçuluğundan gedir söhbət. Krımın ən uca zirvəsi Roman-Koşu fəth etməli idik. Dəniz səviyyəsindən 1545 metr yüksəklikdə yerləşir.
Axşam düşməmiş yola çıxırıq. Sıra ilə bir-birimizin ardınca addımlaya-addımlaya sıx meşələrdən, sıldırımlardan keçirik. İntizamla gedirik, sıranı gərək pozmayasan, addımladıqca böyür-başımızda ara bir gözümüzə dəyən çiyələklərdən dadmaq imkanımız da yox. Dəstə rəhbərilə yanaşı addımlayıram.
Meşə içi ilə getdiyimiz cığırın böyründə bir ağacdan lövhə asılıb, üstündə kiril əlifbası ilə “Uçan-Su” yazısı. Ayaq saxlayırıq, gözümüz yazıdadır. Məəttəl qalmışam bizim dildə bu yazını niyə bu ağaca vurublar. Fuad ifadəni dəstə rəhbərinə tərcümə edir: “Letyaşaya voda”, “vodopad”. Roman-Koşa 10-15 km-lik məsafədə yerləşən məşhur şəlalə imiş Uçan-Su. Belə toponimlərin doğmalığı məni düşündürür. Bir neçə gün əvvəl də Artekin yanındakı dağı göstərib Ayu-Daq tələffüzü ilə adını demiş, sonra Medved-qora, yəni Ayı dağ kimi izah etmişdilər. Əlbəttə, indi Ukrayna ərazisi Krımın vaxtilə türklərə aid olmasından xəbərsizəm. Bu uçan su ifadəsi beynimin dərin qatlarına o zamandan bəri necə nüfuz etmişdisə, çox sonralar qızım doğulanda bu adı ona vermək istəmişdim, amma ailəiçi müzakirələrdə Humay qalib çıxdı.
Üç saata yaxın yol gedəndən sonra gəlib çıxırıq bir düzənliyə. Orada bizi yaşca böyük uşaqlar qarşılayırlar. Artıq toranlıqdır. Şam edirik. Sonra yığışırıq tonqal başına. Əyləncəli bir səhnəciyə tamaşa edirik. Tamşanın ardınca bizi aparırlar gecələməyimiz üçün qurulan çadırlara. Səhər yuxudan erkən qalxırıq, yeməyimizi yeyib yolumuza davam edirik. Roman-Koşa təxminən dörd saatlıq yol var. Nağıllarda deyildiyi kimi, “az gedib, üz gedib, dərə-təpə düz gedib” axır gəlib qalxırıq Krımın ən yüksək zirvəsinə. Uşaqlardan kimi orada öz adını bir daşa yazıb “əbədiləşdirir”, kimi daş qırıntılarından yadigar olaraq götürür aparsın evlərinə. Mən də öz adımı daş üstünə həkk edirəm. Azacıq istirahət edib geriyə qayıdırıq. Yaşımızı, yorğunluğumuzu nəzərə alıblar. Aşağıların bir yerində bizi avtobus gözləyir. Qayıdırıq Artekə.

Uçan-Su

Roman-Koş
Ayı Dağ
Üçlüyün telefon oğurluğu macərası
Toranlıqdır, şam edib qayıdırıq otağımıza. Tonqal başına yığışmağımıza hələ var, asudə vaxtımızdır. Uşaqların bir qismi həyətdə oynayır. Volodya fikirli-fikirli var-gəl edir. Görəndə ki, otaqda mənimlə Saşadan başqa kimsə yoxdur, deyir sizə bir sirrimi açmaq istəyirəm, həm də istəyirəm deyəsiniz nə etməliyəm. Deməli, yaşadığımız binanın ikinci mərtəbəsinin dəhlizində gözünə portativ telefon dəyibmiş. Xoşuna gəlib görürüb. Yəni oğurlayıb. Telefonu yaxınlıqdakı bir ağaclıqda gizlədib. Ona qoşulub telefona baxmağa gedirik. Bir ağaca yaxınlaşır, oğurladığı telefonu üstünə yığdığı çör-çöpün altından çıxarıb göstərir. Fikri var bu telefonu Artekdən evlərinə qayıdanda gizlincə özü ilə aparsın. Müharibə filmlərində görmüşdük, bölük komandirləri döyüş səngərindən güllə səsləri altında öz rəhbərləri ilə qışqıra-qışqıra belə telefonla əlaqə saxlayırdılar.

Deyirik, apara bilməyəcəksən. İndi, heç şəksiz, telefonu axtarırlar, tutula bilərsən. Qorxur. Qərarlaşırıq telefonu oğurlanan yerə qaytaraq. Amma necə? Görməzlər bəyəm? Eybi yox, baş qarışıqdır, hələ vaxtımız var. Volodyaya deyirik telefonu aparıb hələlik gizlətsin yatağının altında. Əməliyyatı gecə yarısına salarıq. Hamı yatandan sonraya. Volodya telefon əlində, biz də onun böyür-başını kəsdirə-kəsdirə ki, telefonu görən olmasın, qayıdırıq otağımıza. Otaq boşdur, Volodya telefonu itələyir yatağının altına. Gedirik tonqal başındakı tədbirimizə. Qayıdanda sözləşirik gecənin bir yarısı bir-birimizi oyadaq, düşündüyümüzü səssizcə həyata keçirərik.
Deməli, hamı yatıb. Mən də şirin yuxuda. Volodya məni oyadır, pıçıltı ilə deyir, vaxtdır. Sonra da Saşanın yatağına yaxınlaşıb onu oyadır. Deyəsən, zavallı Volodyanın gözlərinə qorxudan heç yuxu getməyibmiş. Volodya telefonu götürür, alt paltarlarımızda, ayaqyalın, ehtiyatla, səs salmadan çıxırıq dəhlizə. Sakitlikdir. Otağımız yuxarı mərtəbələrin birindədir. Görürəm, Volodya qorxudan əsir. Əlindən telefonu alıb deyirəm, özüm qoyaram yerinə. Deməli, əməliyyat planını elə oradaca qururuq. Pilləkanları öncə Volodya enməlidir, hər mərtəbədə ondan aralı gələn Saşaya işarə ilə bildirməlidir gəlmək olar, ya yox, yəni qarşıda kimsənin olub-olmadığını bizə çatdırmalıdır. Axırda da oğurluq portativ telefon qoltuğumda mən enirəm pilləkanları. Çatırıq ikinci mərtəbəyə. Dəhliz işıqlıdır. Volodya dəhlizin başındakı ayaqyoluna getməlidir ki, gecənin bu vaxtında qarşısına çıxan olsa desin ayaqyoluna gedir. Ayaqyolunun qapısında durub mənə işarə edir təhlükə yoxdur, gəl, telefonu qoy bir yerə. Dəhlizin girişində Saşa bizi gözləyir. Telefonu hara qoyum deyə düşünərkən qulağıma bərk səslər gəlir. Dəstə rəhbərlərinin müdirin otağında gecələr keçirilən müşavirələrindən biridir, səslər oradandır. Yanından ötəndə baxıram kabinetin katibə oturan hissəsində kimsə yox. Girirəm içəri, telefonu oradakı stolun üstünə qoyub tələsik çıxıram dəhlizə. Ayaqyolunun qapısında dayanan Volodyaya əlimlə işarə edirəm gedək. Elə dəhlizin çıxışına təzəcə yaxınlaşırıq, qarşımızı bir nəfər kəsdirir. Çox güman, başqa dəstələrdən birinin rəhbəridir. Gecə yarısı burada nə işimiz var deyə bizi sorğuya tutur. Ayaqyolundan gəldiyimiz deyirik. Hansı dəstədən olduğumuzu soruşanda düzünü deyirik. Səkkizinci dəstə uşaqlarının öz mərtəbələrində deyil, xeyli aşağıda ayaqyoluna getmələrinə necə inansın. Əlimizdən yapışıb buraxmır. Direktorun kabinetinə yaxınlaşanda oradan bir başqası çıxır. Dəstə rəhbərimizi iclasdan çağırırlar. Katibənin stolunun üstündə telefonu görüblər, məsələnin nə yerdə olduğunu bilib deyirlər gedin yatmağa, işinizə sabah baxarıq. Saşa hay-küyü eşidib aradan çıxıbmış. Otağımıza qayıdırıq, o, artıq yatağına girib, yorğanını da çəkib başına...
Ertəsi gün səhər yeməyindən sonra pioner iclası keçirirlər. Gündəlikdə bizim məsələmizdir. İclasdan əvvəl Volodya hər şeyi olduğu kimi dəstə rəhbərinə danışıb. Dəstə rəhbəri gündəliyə qoyulan məsələni təfərrüatı ilə diqqətə çatdırır və Volodyanın hansı cəzaya layiq görülməsi ətrafında müzakirələrə başlayır: ya Artekdən qovulmalı, ya töhmət almalı, ya da bağışlanmalıdır. Söz alan bir neçə fəal onun pioner adına yaraşmayan iş tutduğunu qəzəblə bildirir, Artekdən qovulmasını tələb edir. Başqaları daha mərhəmətlidirlər, töhmətlə kifayətlənməyi təklif edirlər. Dəstə rəhbəri üzümə baxır, yəni sən nə fikirdəsən. Fikrim nə olacaq ki... Dostumu darda qoya bilmərəm. Əlimi qaldırıb deyirəm, bağışlansın. Saşa da mənə qoşulub eyni sözü deyir. Volodya öz çıxışında səhvini etiraf edir, bağışlanmasını istəyir. Açıq səsvermədə əksəriyyət töhmət təklifini dəstəkləyir. Sonra keçirlər Saşa ilə mənə. Qınağa tutuluruq ki, pioner andına xilaf çıxaraq Volodyanın əməlini ört-basdır üçün əməliyyat qurmuşuq. Bizə də töhmət elan edirlər. Dəstə rəhbəri Saşadan soruşanda bir də belə iş tutarmı, çəkinmədən deyir, hər şey ola bilər. Üzümə baxıb məndən də cavab gözləyir, Saşanı eynən təkrarlayıram: hər şey ola bilər. Dəstə rəhbəri ikimizi də mənalı-mənalı süzür. Əhvalımız yaxşıdır, Volodya Artekdə qalır, sınaqdan çıxan dostluğumuz davam edir...
Əlli manatı mütləq xərcləməliyəm
Dəstəmizi Artek yaxınlığındakı Qurzufa gəzintiyə aparırlar. Şəhərin bir yerində bizi sərbəst buraxırlar dükanlardan almaq istədiklərimizi ala bilək. Bakıdan çıxanda Qasım müəllim cibimə əlli manat pul qoyub lazım olanda xərcləyim. Artekdə nəyə xərcləyəsən? Ödənişli heç nə yoxdur. Getməyimizə də az qalıb. Saşa deyir, bir manat əlli qəpiyi var, dünən anasından poçtla alıb. Ona yazıbmış ki, könlünə dondurma-filan düşsə, bu puldan xərcləsin. Deyirəm atam mənə əlli manat verib, sənə nə lazımsa de, onsuz da xərcləməliyəm. Təşəkkür edir. Dondurma alırıq, pulunu mən verirəm. Aralanırıq. Özümü vururam dükanlara ki, əlli manatdan nə qalıbsa, xərcləyib axırına çıxım. Elə bil evimizdən tapşırıq almışam ki, verilən pulu son qəpiyinəcən xərcləməlisən. Uşaq ağlım belə kəsirmiş. Qarşıma nə suvenir, Krımın şəhərlərinə, bağlarına, təbiətinə aid nə kitab, nə açıqca dəstləri çıxır alıram ki, pul qurtarsın. Sonuncu suveniri alıram, çantam ağırlaşıb, özümsə yüngülləşmişəm, yəni vəzifəmi bitirmişəm, canım puldan qurtarıb. İndi düşünürəm, həyatımın bəzi dönəmlərində pula ehtiyac duysam da, nə yaxşı heç vaxt var-dövlət hərisi və həsrətlisi olmamışam. Saşanın anası da övladına o cüzi məbləği göndərməkdə daha haqlı imiş, nəinki cibimə əlli manat basan Qasım müəllim. Uşağa pulun ehtiyaca uyğun idarə edilməsi vərdişini aşılamaq mənasında.
Müharibə qəhrəmanlarının anım günündə
İyun ayının 22-dir. Səhər saat 05:30-da yerlərimizdən qalxıb drujinanın həyətinə toplaşırıq. Alman faşizminin Sovet İttifaqına basqını 28 il əvvəl bu gün, saat 4-də başlayıb. Dəstə rəhbərimiz faşizmin ölkəyə gətirdiyi bəlalardan, 1941-ci ilin noyabr ayında Artekin alman faşistlərinin işğalına məruz qalması, binalarının yandırılması, parkların yerində hərbi istehkamların inşası, səngərlərin qazılması, düşərgə ərazisinin tikanlı məftillərlə əhatələnməsindən söz salır. 1941-ci ilin iyun ayının 22-sini Artekin necə qarşıladığı, ölkənin qərb bölgələrindən gəlmiş uşaqların öncə Moskva, sonra Stalinqrad, ardınca da döyüş bölgələrindən xeyli uzaqlara – Altay vilayətinə təxliyə edilməsi, 1944-cü ilədək orada arxa cəbhədə məktəbdə oxumaları, təsərrüfat işlərində fədakarlıqları, 16-17 yaşa çatanların ön cəbhəyə yollanmaları haqqında maraqlı əhvalatlar danışır.
22 iyun qeydlərimdə bir idman yarışının finalında 1-ci yer tutduğumuz barədə məlumat da var. Öncəki günlərə dair bəzi təfərrüatlarda söhbətin "Snayper" adlanan idman yarışından getdiyini anlayıram. Bu oyun müharibədən sonra məhz Artekdə yaranmış, sovet gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi tədbirləri çərçivəsində keçirilən idman növlərindən biri kimi məşhurlaşmışdı.
Axşam tonqal başında müharibədə həlak olmuş qəhrəmanlardan danışır, xatirələrini yad edirik.


Rus şovinizmi ilə ilk tanışlığım
Bir gün Eldar ağlamsılnaraq mənə şikayətlənir ki, həkim ona “nerusskaya neçist” deyib. Ruscam mükəmməl deyil, mənasını soruşuram. Bakıda rus məktəbində oxuyan Eldar demək olar rusdillidir. Birtəhər izah edir, belə başa düşürəm “neçist” təxminən “murdar” mənasındadır. Eldar həddindən artıq intizamlı oğlandır, axı nəyə görə ona “murdar” desinlər, özü də “qeyri-rus murdar”, onun nümunəsində yəni “azərbaycanlı murdar”. And-aman edir, heç bir pis iş tutmayıb, həkim onu müayinə edərkən sadəcə təhqir edib. Deyirəm əhvalatı dəstə rəhbərinə danışsın. Axşam yataqlarımıza uzanmaq istəyirik, otağımıza düşərgənin müdiri daxil olur. Əhvalımızı soraqlayır, işlərimizlə, istəklərimizlə maraqlanır. Eldar şikayətini ona da edir. Deyəsən, məsələni bilir, elə o üzdən də gəlibmiş bizi yoluxmağa. Axı nəyə görə həmin qadın həkim onu, xalqını təhqir etməlidir deyə-deyə Eldar göz yaşı axıdır. Öz aləmimdə düşünürəm, nə ana uşağı kimi ağlamaq salmısan, arvadın cavabını qaytaraydın da. Onun zəifliyini rus məktəbində oxumağına yozuram. Yadıma düşür, əksəriyyəti İçərişəhərdən olan 132-li oğlanlar qonşu rus məktəbi 134-ün oğlanlarını “ana uşaqları” bilib gözümçıxdıya salır, onlara hər fürsətdə sataşırdılar. Yəqin Eldar da elələrindəndir. Müdir onun başını sığallayır, həkimi mütləq cəzalandıracağını deyir. Cəzalandırıb, cəzalandırmayıb, bilmirik. Həkim öz işində-gücündədir. Ola bilər hansısa xəbərdarlıq alıb, məlumatsızıq. Ümumiyyətlə, Artek statuslu beynəlmiləl mühitdə hansısa vəzifəli bir şəxsin başqa birisinin, özü də yetkinlik yaşına çatmamış sovet məktəblisinin milliyyətinə yönəlik təhqiramiz ifadəyə yol verməsi indi kimlər üçünsə ağlasığmaz görünsə də, acı bir fakt idi. Həmin qadının kobudluğu ilə sonra bir dəfə özüm qarşılaşdım.
Biz “musiqiçilər üçlüyü” asudə vaxtımızda getmişik ətraf bağda ağaclar arasında gəzintiyə. Gilas, gilənar ağaclarının bar gətrdiyi mövsümdür, dərib yeyirik. Bizi uzaqdan seyr edən bir şəxs o həkimə cuğullayır. Xəbər dəstə rəhbərimizə çatanda əmr edir gedək həkimin yanına. Zalım arvad deyir meyvələri yumamış yemisiniz, zəhərlənə bilərsiniz. 750 qramlıq bankalara su doldurur, içinə marqans atır, içməyimizi, sonra da ayaqyoluna gedib qusmağımızı tələb edir. Əcəb işə düşmüşük. Marqanslı suları içirik. Ayaqyolunda nə illah edirəm içdiyimi qaytarım, alınmır. Volodya ilə Saşa barmaqlarını boğazlarına salıb bunu bacarırlar. Qayıdırıq həkimin yanına. Hə, necə oldu deyə soruşur. Mən də həkimi aldadıb deyirəm içdiyimizi qaytarmışıq. Eldarın ağlamağı yadıma düşür, nə yeridir sən də bu arvada deyəsən “russkaya neçist”. Əlbəttə, Saşanın yanında deyə bilmərəm, əslində anlayıram, cürətim də çatmaz deyim, bu həyasız neçist məni Artekdən didərgin salar...
Türklük özünüdərkinin beynimdə ilk işartıları
Artekdə son günlərimizdən biridir. Hansı münasibətləsə əyləncəli bayram tədbiri keçirilir. Hamı parad paltarında, bəzi uşaqlar maskalar taxıb bir-birini güldürürlər. Tənha gəzişirəm. Tünlükdə təsadüfən bir oğlanla toqquşuram, yaşıdımdır. Dodaqaltı mızıldanır, dediklərini tam anlamasam da, sözlər doğma gəlir. Üzr istəyib kimliyini, haradan gəldiyini soruşuram. Qazandan, Tatarıstandan imiş. Azərbaycan dilində soruşuram, sənin neçə yaşın var. Deyir, unike, anlayıram, yəni on iki deyir. O da məndən soruşur, sine niçe yaş. Mən də öz dilimdə deyirəm on iki. Ev ünvanlarımızı yazıb bir-birimizə veririk məktublaşaq. Bir az söhbət edəndən sonra Volodya ilə Saşa gəlib məni tapırlar, ondan aralanıram. Ayı dağ, Roman-Koş yolunda qarşılaşdığım Uçan su, Artekin içindən axıb Qara dənizə tökülən çayın Soyuq su adı - bu toponimlərlə bayaq söhbətləşdiyim tatar uşağın dilindən çıxan doğma sözlər arasında beynimdə əlaqə yaratmağa çalışıram...
Vida günüdür
Hər anı maraqlı, mənalı, yaddaqalan keçən Artekli günlərimiz başa çatır. Çemodanlarımızı qaydaya salmışıq. Tarımı əzizləyib futlyarına yerləşdirmişəm. Yol çantamda musiqi müsabiqəsində qazandığım iki qələbə diplomu, təbiət təsvirləri ilə dolu bir kitabın vərəqləri arasında məktəbimizə təhvil vermək üçün növ-növ ağaclardan, kollardan qoparıb qurutduğum yarpaqlar, Krım suvenirləri, döş nişanları ilə Bakıya qayıtmalıyam.


Səhər ertədən avtobuslara doluşub hərə bir səmtə üz tutacaq. Son, nəğməli toplantımızı keçiririk. Ayrılıq öncəsidir, oğlanlı-qızlı mehribancasına bir-birimizə sarılır, sonra dövrə yaradıb ilk gündəncə öyrəndiyimiz “Artek andı” nəğməsini duyğusallıqla oxuyuruq. Elə qız yoxdur yanaqlarından yaş süzülməsin. Bu sətirləri yaza-yaza həmin nəğmənin sözlərini dilimizdə səsləndirirəm:
Qara dəniz göyündə
Gur Artek fişəngləri.
Şeypurlarla təbillər
Səs-küy salıb şənlənir.
Toplaşmışıq and içək,
Uşaqlar, bu and qəti:
Mən bu gün Artekliyəm,
Artekli qalacağam,
Artekliyəm əbədi.
Dostyana, cərgə-cərgə
Yol gedirik nəğməli.
Qəhrəman Arteklilər
Addımlayır irəli.
Dinlə, bax bu and necə
Həm sərt, həm də sadədi:
Mən bu gün Artekliyəm,
Artekli qalacağam,
Artekliyəm əbədi.
Vida günü qatarlar
Bölüb bizi min səfə
Aparar, il-il artar
Aramızda məsafə.
Fəqət Artek andımız
Əridər buz firqəti:
Mən bu gün Artekliyəm,
Artekli qalacağam,
Artekliyəm əbədi.

Bakı. İyun, 2026
çap et