Leyla Əliyevanın təşəbbüsü ilə Almaniyanın Bonn şəhərində “Dənizlərin enən səviyyəsi, çəkilən sahil xətləri, davamlılıq və qapalı su hövzələrinin gələcəyi: Xəzər dənizi nümunəsi” mövzusunda yüksəksəviyyəli panel müzakirələri təşkil olunub.
525.az xəbər verir ki, tədbir iyunun 8-dən 16-dək BMT-nin iqlim sessiyası (June Climate Meetings – SB64) çərçivəsində keçirilib.
IDEA İctimai Birliyinin, BMT-nin Ətraf Mühit Proqramının (UNEP), COP29 Azərbaycan Sədrliyinin və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) tərəfdaşlığı ilə təşkil olunan tədbirin açılışında çıxış edən Leyla Əliyeva dənizlərin, çayların və göllərin hazırda planetimizin ən həssas ekosistemləri sırasında yer aldığını qeyd edib. O, Xəzər dənizində müşahidə olunan səviyyə enməsi, Xəzər suitiləri və digər canlıların sayında azalma kimi məsələlərə toxunub, bu cür çağırışların həllində bilik, təcrübə və davamlı məsuliyyətə əsaslanan yanaşmanın tətbiqinin vacibliyini vurğulayıb. IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən su hövzələrinin təmizlənməsi aksiyaları, balıq körpələrinin suya buraxılması və “Bir Damcı” layihəsi kimi təşəbbüslər qeyd olunub, bu cür addımların suya həyat və davamlılıq mənbəyi kimi məsuliyyətli münasibətin formalaşmasına xidmət etdiyi bildirilib.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, COP31-in baş icraçı direktoru, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank və COP30-un baş icraçı direktoru Ana Toni tədbirin rəsmi hissəsində çıxış edərək, Xəzər dənizinin səviyyəsinin enməsi və qapalı su hövzələrinin ekoloji dayanıqlılığı ilə bağlı yaranan çağırışların qlobal iqlim gündəliyində diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıblar.
Sonra müzakirələr panel sessiyası formatında davam edib. Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, UNEP-in İqlim dəyişikliyi bölməsinin direktoru Martin Krauze, “Great Whale Conservancy” təşkilatının təsisçisi və icraçı direktoru Maykl Fişbax, IDEA İctimai Birliyinin eksperti Elnur Səfərov, Qazaxıstanın Xəzər Dənizi üzrə Elmi-Tədqiqat İnstitutu və Finlandiyanın Oulu Universitetinin tədqiqatçısı Aziza Baubekova və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) SPECA MPTF Fondunun rəhbəri Kəmalə Hüseynli Xəzər dənizində suyun səviyyəsinin enməsinin ekoloji, elmi və sosial-iqtisadi təsirləri ətrafında fikir mübadiləsi aparıblar. Panel müzakirələrinin iştirakçıları bu kimi tədbirlərin elmi bilik və təcrübənin paylaşılması, habelə yeni tərəfdaşlıq imkanlarının yaradılması baxımdan mühüm platforma olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində, həmçinin Xəzər dənizinin ekoloji problemlərinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.
Panel müzakirələri interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.
çap et