Respublika Gənclər Kitabxanası Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq və ictimai xadim Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə silsilə maarifləndirici və mədəni layihələr həyata keçirir.
Bu barədə 525.az-a kitabxanadan məlumat verilib.
Bildirilib ki, kitabxanada “Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual kitab sərgisi hazırlanıb. Virtual kitab sərgisi oxucuların, xüsusilə gənc nəslin görkəmli söz ustadının yaradıcılığı ilə daha yaxından tanış olması, klassik ədəbi irsə marağın artırılması məqsədilə hazırlanıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan sərgidə Prezident İlham Əliyevin Xalq şairi Səməd Vurğunun 100 və 120 illiyinin keçirilməsinə dair imzaladığı rəsmi sənədlərin, Ümummilli Lider Heydər Əliyevin şairin 90 illiyinə həsr edilən tədbirdə söylədiyi təbrik nitqinin tam mətni və Xalq şairi Səməd Vurğun haqqında söylədiyi dəyərli fikirlər yer alır. Bu fikirlərdə şairin Azərbaycan ədəbiyyatında və milli-mədəni düşüncə tarixində tutduğu xüsusi mövqe yüksək qiymətləndirilir.
Virtual kitab sərgisində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, zəngin ədəbi irsi və milli-mənəvi dəyərlərindən bəhs edən, müxtəlif illərdə nəşr edilən, müəllifi olduğu və onun haqqında qələmə alınan 20-dən çox kitabın tam mətni təqdim edilir.
Sərgidə şairin ədəbi irsini, vətənpərvərlik ruhunu, milli düşüncə tərzini və sənət dünyasını əks etdirən və müxtəlif dövri mətbuat orqanlarında çap edilən akademik Nizami Cəfərovun “Adını layiqincə doğruldan alim”, filologiya elmləri doktoru, professor Elman Quliyevin “Səməd Vurğunun söz dünyası və Azərbaycançılıq məfkurəsi”, pedaqogika üzrə fəlsəfə elmləri doktoru, dosent Allahverdi Eminovun “Səməd Vurğunun “Ana və körpə”sindən duyulanlar”, filologiya elmləri doktoru, professor Təyyar Salamoğlunun “Səməd Vurğun şeirinin tarixiliyi və təkamül mərhələləri” kimi məqalələrinin tam mətni də yer alır.
“Xalq şairi Səməd Vurğun – sözün qüdrəti” adlı virtual kitab sərgisi kitabxananın rəsmi saytında yerləşdirilib.
çap et