525.Az

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır


 

Seyid Əzim Şirvaninin maarifçilik ideyaları bu gün də aktualdır<b style="color:red"></b>

AMEA Nəsimi adına Dilçilik İnstitutunda şair, maarifçi və ictimai xadim Seyid Əzim Şirvaniyə həsr olunan tədbir keçirilib. Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin “Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində təşkil edilib.

525.az-a İnstitutdan bildirilib ki, bu elmi müəssisənin direktoru professor Nadir Məmmədli çıxışında Seyid Əzim Şirvaninin Azərbaycan ədəbi və ictimai fikir tarixində mühüm yer tutduğunu, onun maarifçilik ideyalarının bu gün də aktuallığını itirmədiyini vurğulayıb. Professor bildirib ki, Seyid Əzim sadəcə bir şair deyil, həm də millətin düşüncəsini dəyişməyə, cəmiyyətin irəliləməsinə çalışan bir ziyalı idi. Onun maarifçilik ideyaları, xalqın mənəvi yüksəlişinə xidmət edən əsərləri bu gün də yeni nəsillərə yol göstərən mənəvi mayak kimi dəyərlidir.

Tədbirin elmi hissəsində “Seyid Əzim Şirvaninin dili və üslubu haqqında bəzi qeydlər”, “Seyid Əzim Şirvani yaradıcılığında təsəvvüfi dünyagörüşünün poetik təzahürləri”, “Seyid Əzim Şirvaninin satirik əsərlərinin xüsusiyyətləri”, “Seyid Əzim Şirvaninin şeirlərində arxaizmlər” mövzularında məruzələr dinlənilib. Qeyd olunub ki, Seyid Əzim Şirvaninin yaradıcılığı Azərbaycan ədəbiyyatında həm realist-satirik, həm də lirik-poetik istiqamətlərin inkişafında mühüm mərhələ təşkil edir. Onun əsərləri milli ədəbi düşüncənin formalaşmasına, dil və üslub imkanlarının zənginləşməsinə töhfə verib.

Sonda Seyid Əzim Şirvaninin nəticəsi, Milli Məclisin deputatı Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. Şahin Seyidzadə dahi şairin irsinin yaşadılması və tədqiqinə göstərilən diqqəti yüksək qiymətləndirərək, bu kimi elmi tədbirlərin Azərbaycan ədəbiyyatının, dilinin və mədəniyyətinin təbliğinə mühüm töhfə verdiyini söyləyib.

 





17.06.2026    çap et  çap et