525.Az

“Tekstil həm də yaddaşımızı yaşatmağa xidmət edir” -  Səfir


 

“Tekstil həm də yaddaşımızı yaşatmağa xidmət edir” - <b style="color:red"> Səfir</b>

Azərbaycan Milli Xalça Muzeyində finlandiyalı rəssamlar Elina Juopperi və Henna Ahonun “Toxunmuş xatirələr” sərgisinin açılışı olub.

525.az xəbər verir ki, sərgidə, həmçinin Finlandiyanın Cənubi Qafqaz üzrə səfiri xanım Kirsti Narinenin ailə kolleksiyasından seçilmiş məişət tekstili nümunələri də təqdim olunub.

Muzeyin direktoru Əminə Məlikova çıxışında bildirib ki, ilk dəfədir müasir Finlandiya tekstil sənəti sərgisi təşkil olunur. Ona görə də bu sərgi xüsusi maraq kəsb edir. 

“Finlandiya bizə coğrafi baxımdan o qədər yaxın deyil və yəqin ki, tez-tez səfər etdiyimiz ölkə də deyil. Bu kimi sərgilər, incəsənət və mədəniyyət nümunələri bizə hansısa bir ölkənin, xalqın adət-ənənəsini, onun tarixini, mədəniyyətini daha yaxından öyrənməyə kömək edir. Çünki mədəniyyət və incəsənət xalqları bir-birinə yaxınlaşdıran, ölkələr arasında körpülər quran ən güclü vasitələrdən biridir. Bu baxımdan, belə tədbirlər Finlandiya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına mühüm töhfə verə bilər”, - o bildirib.

Səfir Kirsti Narinen deyib ki, Finlandiya və Azərbaycan dərin və zəngin tekstil mədəniyyətinə malikdirlər. Azərbaycanda xalçalar tarixləri, rəmzləri, ailə yaddaşını və milli kimliyi özündə yaşadır. Finlandiyada isə tekstil sənəti təbiətlə əlaqəni, gündəlik həyatı və yaradıcı ifadəni əks etdirən mühüm mədəni irs elementidir. 

Diplomat söyləyib ki, tekstil təkcə bəzək məqsədi daşımır, o, həm də yaddaşımızı yaşatmağa xidmət edir: 

“Bu sərginin mənim üçün həm də şəxsi dəyəri var. Çünki burada nümayiş olunan bəzi əşyalar mənim evimdən gətirilib. Parça xalçanı bibilərimdən biri toxuyub. Uşaq vaxtı köhnəlmiş geyimlərin necə kəsilərək toxunma üçün hazırlandığını xatırlayıram. Heç nə israf olunmurdu,  paltarlar, parçalar yeni formada həyatını davam etdirir. Öz rənglərini, ruhunu, hekayələrini növbəti nəsilə ötürüdü. Yaddaş yalnız rəsmi arxivlərdə deyil, həm də evlərdə, əllərdə təkrarlanan sevgi ilə hazırlanmış əşyalarda qalır”.

Kirsti Narinen vurğulayıb ki, sərginin keçirilməsi üçün məkan kimi Azərbaycan Milli Xalça Muzeyinin seçilməsi təsadüfi olmayıb. Çünki muzey zəngin tekstil irsinin simvoludur və belə mədəni layihələr üçün dəyərli və layiqli mühit yaradır.

Sərgi tekstilə yalnız irs nümunəsi kimi deyil, həm də yaddaşın ötürülməsi və qorunması vasitəsi kimi yanaşır. Burada tekstil biliklərin, qayğının, genderləşdirilmiş əməyin, məişət təcrübələrinin və insanın təbiətlə münasibətlərinin nəsillər arasında daşınan canlı və dinamik infrastrukturu kimi təqdim olunur. 

Elina Juopperi şəffaf ipək və ənənəvi raanu (palaz) texnikası ilə işləyərək yox olmaq təhlükəsi altında olan dillərin, landşaftların və gündəlik qayğı hərəkətlərində gizlənən kövrək formaların davamlılığını göstərir. Henna Aho isə toxunma əsaslı heykəltəraşlıq strukturları vasitəsilə təkrar yığım və kollektiv yaradıcılıq anlayışlarını araşdıraraq tekstili gərginlik, ağırlıq və davamlılıq məkanına çevirir.

Rəssamların əsərləri birlikdə yoxa çıxma və davamlılıq, yaxınlıq və struktur arasında hərəkət edir. Burada tekstil sadəcə maddi obyekt deyil, bədənlərin, jestlərin, naxışların və əmək izlərinin zaman boyunca ünsiyyət qurduğu bir interfeys və yaddaş protokolu kimi çıxış edir. 
Qeud edək ki, Finlandiyanın Cənubi Qafqaz üzrə səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərginin tərəfdaşları Frame Contemporary Art Finland, Helsinki Beynəlxalq İncəsənət Proqramı, EMMA – Espoo Müasir İncəsənət Muzeyidir.

“Toxunmuş xatirələr” sərgisi avqustun 16-dək davam edəcək. 

Pərvanə Sultanova

 





18.06.2026    çap et  çap et