525.Az

Novruz Nəcəfoğlunun türkiyəli oxucularla növbəti görüşü - "Bəmbəyaz keçiddə"


 

Novruz Nəcəfoğlunun türkiyəli oxucularla növbəti görüşü - "Bəmbəyaz keçiddə" <b style="color:red"></b>

Bugünlərdə Türkiyədə tanınmış nasir Novruz Nəcəfoğlunun "Bəmbəyaz keçiddə" kitabı çapdan çıxıb. Kitabda Türkiyənin tanınmış yazarı İmdat Avşarın tərcüməsində ədibin iki povesti və bir-birindən maraqlı yeddi hekayəsi yer alıb.

Novruz Nəcəfoğlu 1954-cü ildə Lerikdə dünyaya gəlib. Bakı Dövlət Universiteti və Prezident yanında Dövlət İdarəçililk Akademiyasını bitirib. Hekayələri və məqalələri "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaycan" kimi dərgilərlə yanaşı "525-ci qəzet"də, "Kaspi"də, həmçinin qardaş Türkiyənin müxtəlif ədəbiyyat jurnallarında mütəmadi nəşr olunur. "Bir qış gününün xatirəsi", "Yolların uzandığı gün", "Çarəsiz yolçu", "Keçən cavan çağım ola" adlı ədəbi əsərləri ilə yanaşı, Avropa və Şərqi Asiya ölkələrinə səfərləri zamanı dəyərli yol qeydləri qələmə alıb.

Kitabın girişindəki təqdimatda tərcüməçi qeyd edib ki, Novruz Nəcəfoğlunun əsərini türkcəyə uyğunlaşdırmaqdan məmnunluq duyur: "Onun hekayələrini türkcəyə çevirməyə başladığım 2010-cu ildə hələ şəxsən tanış deyildik. Ancaq əsərlərini oxuduqdan sonra onunla illər öncə, bəlkə də "ərvahi-əzəl"də tanış olduğum hissinə qapıldım. Çünki onun hekayələrinin məkanı kənddi və bu əsərlərin ana vətəni də yazarın öz uşaqlığıdı. Yəni, biz eyni mənbədən bəslənərək hekayələrimizi eyni məkanlardan, gerçək həyat hekayələri içindən çıxarırıq. Yaradıcılığının mərkəzinə İNSANı qoyan yazarın təbiiliyi, səmimiyyəti və təhkiyəsi onun gücünü sübut edirsə, məni cəlb edən başqa nüanslardı. Bu səbəbdən "Çarəsiz yolçu" adlı kitabını yayımladıqdan sonra Şabrandakı görüşümüzdə  sanki illər öncə yarımçıq buraxdığımız bir söhbətə davam etmiş kimiydik".

İ.Avşar vurğulayır ki, Novruz Nəcəfoğlunun bundan əvvəlki - "Çarəsiz yolçu" adlı kitabı da türk oxucusu tərəfindən maraqla qarşılanıb: "Çarəsiz yolçu", "Yuxu", "Bir qış gününün xatirəsi" və "Səhra gəmisi" kimi hekayələri geniş rezonans doğurub. Dolayısıyla, yazıçı oxucuda yeni əsərlərini gözləmək duyğusu yaradıb:

"Buna görə də yazıçının "Bəmbəyaz keçiddə" adlı ikinci kitabını türk oxucuları ilə görüşdürməyi özümə borc bildim. Yazıçının bu kitabında yer alan və mənim şah əsəri hesab etdiyim "Keçən cavan çağım ola" adlı əsəriylə bağlı bir neçə cümlə ilə fikrimi bildirmək istərdim. Novruz Nəcəfoğlu bu əsərdə uşaqlığından bəri tanıdığı, ailə dostları olan Qəlbi Əmisini bir hekayə qəhrəmanı kimi yaradaraq onu və onun şəxsində dürüstlüyü, igidliyi və mərdliyi də ölümsüzləşdirib... Bu əsəri oxuduqdan sonra oxucuların da mənimlə eyni qənaəti bölüşəcəklərinə inanıram". Təqdimat yazısında İ.Avşar bu əsərin nəşrində və oxuculara yetişməsində əməyi olan Elçin Hüseynbəyli, Əli Dovşançıoğlu, İsmayıl Təkdən və Hakan Avşara minnətdarlığını ifadə edib.      

Önsözün müəllifi - tanınmış ədib Elçin Hüseynbəyli qeyd edib ki, yazı adamı ilə tanışlıq illərlə deyil, ömürlə ölçülür: "Bir yazarı tanıyırsansa, dostluğun davam edirsə, bu onu  çox əvvəllərdən, ilk əsərini yazdığı andan etibarən tanımaq deməkdir. Çünki bir yazarı tanıdığın andan bəri həm daha öncə yazdıqlarını, həm də sonra yazacaqlarını oxuyur insan. Novruz Nəcəfoğlunun Türkiyədə çıxan ilk kitabı - "Çarəsiz yolçu"nu da yazar dostumuz İmdat Avşar dilimizə çevirib nəşr etdirmişdi. "Çarəsiz yolçu" adlı əsərin qəhrəmanı olan qadın, ailəsi üçün özünü oda atan bir anaydı və bu, olduqca  təsirli əsərdi... Bir müddət əvvəl Bakıda Novruz Nəcəfoğlunun 60 illik yubileyi münasibətilə bir kitab nəşr edilmişdi. Mən 60 il deyərkən onun dünyadakı həyatını nəzərdə tuturam. Yazımın başındakı düşüncələrin davamı olaraq bunu da əlavə edim ki, yazarın müəyyən bir yaşı olmur. Yazarın yubileyi münasibəti ilə yayımlanan o kitabda tanınmış qələm sahiblərinin məqalələri, yazıçının özü və yaradıcılığı ilə bağlı düşüncələri yer alıb.O kitabda məqaləsi dərc edilən yazarlar Novruz Nəcəfoğlunun ədəbi yaradıcılığına, fərqli yönümlərdən yanaşıblar. Amma həmin məqalələrin, yazıların içindən bir fikir qırmızı xətt kimi keçir: "Novruz Nəcəfoğlu fərqli, maraqlı və həyatın içindən gəlmiş bir yazıçıdır".

E.Hüseynbəyli Novruz Nəcəfoğlunu öz uşaqlığından, köklərindən ayrı yaşaya bilməyən insan kimi səciyyələndirib: "O həyatda da, ədəbi yaradıcılığında da uşaqlıq dünyasından qopa bilmir. Evinin bağçasında əkdiyi ağacları da əsərlərindəki kimi sevir. Əsərlərində də, gerçək həyatda da çox sevdiyi atlara yanaşması eynidir. "Vətənim uşaqlığımdır" deyimi onun əsərlərinin boyuna biçilmiş paltardır. Novruz Nəcəfoğlu əsərlərini uşaqlıq xatirələrindən, keçmişə həsrətdən və hafizədə qalan hadisələrdən yola çıxaraq yazır. Bəzi əsərlərində isə bu üç qaynaq eyni anda hərəkətə keçir. Bunu isbat edən ən gözəl əsərlərindən biri "Keçən cavan çağım ola" adlı xatirə tipli povestidir. Bu əsəri portret hekayə adlandırmaq mümkündür.

Mövzu bir yana, önəmli olan əsərin necə yazılmasıdır. Novruz Nəcəfoğlunun əsərlərinin önəmli bir bölümü impressionizm cərəyanına daha yaxındır. Bu povest keçmişə oxunan nəğmədirsə, gələcək üçün də milli kimlik ensiklopediyası xüsusiyyətində bir əsərdir. Onun yazılarında doğulduğu yerlərin, gəzdiyi obaların incə detallarla işlənmiş portreti var. Əsəri oxuyarkən insanın qulaqlarında quşların ötməsi, atların kişnərtisi, çeşmələrin, bulaqların şırıltısı əks-səda verir. Çünki təsvirlər olduqca təsirli və canlıdır. Novruz Nəcəfoğlu Qəlbi Əmi adlı qəhrəmanının mərdliyini, dostluğa sədaqətini, insanlara verdiyi dəyəri, dünya malına qarşı laqeydliyini elə gözəl rənglərlə və elə şirin dillə təsvir edir ki, oxucusunun əsl kişi olan bu qəhrəmanı sevməməsi mümkün deyil. Dostum İmdat Avşar Novruz Nəcəfoğlunu belə dəyərləndirir: "Seçilən mövzular və insanın iç dünyasına yönələn dünyagörüşüylə ümumi Azərbaycan nəsrinin  bütün xüsusiyyətlərini daşıyan mətnlər, Novruz Nəcəfoğlunun axıcı, təbii və son dərəcə səmimi üslubuyla insanı birdən-birə bürüyən isti, duyğulu və insanın hər halını əks etdirən hekayələrə çevrilir".

E.Hüseynbəyli Novruz Nəcəfoğlunun kitabdakı ikinci povestini - "Ağqayadan atılan güllə" əsərini həyəcansız, gözyaşısız oxumağın mümkün olmadığını diqqətə çatdırır: "Erməni işğalı, doğma yurd-yuvasından didərgin düşmüş insanlar, tərk edilmiş evlərin açarları, sürgün edilənlərin yurd həsrəti... Bütün bunlar hekayədə çox canlı təsvirlərlə verilib. Müəllif digər hekayələrində də tarixi hadisələrdən yararlanır və bunlar əsla təsadüfən seçilmir, seçilən tarixi mətnlər o hekayənin mayasına çevrilir. "Bir xatirənin xətrinə" adlı hekayənin qəhrəmanı yazarın öz nəvəsinin adını daşıyır. Novruz Nəcəfoğlu nəvələrini  çox sevdiyi üçün bəzi qəhrəmanlarına nəvələrinin adını verir, ya da nəvələrini gözüylə müşahidə elədiklərini hekayələrində yazır. Buna görə də hekayələri canlı, həyatın içindən olur. Yazar bu hekayəsində də öz üslubuna sadiq qalaraq nəvəsinin gözüylə öz kəndinə baxır və kəndin gözəlliklərini nəvəsinə təlqin edir.

Mənim bu düşüncələrimi dəstəkləyən yazar Sadıq Elcanlı da qeyd edir ki, Novruz Nəcəfoğlunun povest və hekayələrin əsas qəhrəmanı xatirələr tülünə bürünmüş və bəzən də çöldə ilğım kimi gözə görünən kənddir - planetimizi bürüyən həm maddi, həm də mənəvi şəhərləşməyə qarşı müqavimət göstərən, modernizm qarşısında varlığını qorumaq qorxusu yaşayan, əzəli milli və mənəvi dəyərlərini itirməkdən qorxan, əndişələnən, varlıq mübarizəsi aparan kənd. "Hirs" adlı hekayə isə tamamilə fərqli bir mövzuda və fərqli üslubdadır. Bununla bağlı düşüncələrimi söyləsəm, əsərin dadı qaçar. Hekayəni özünüz oxusanız yaxşı olar. Ustad yazarımız Seyran Səxavət də belə deyir: "Onun "Çarəsiz yolçu" adlı povestinin məzmununu sizə danışmağı düşünsəm də, bunu əsərin yazarı Novruz Nəcəfoğlu qədər məqsədəuyğun və təfərrüatlı şəkildə anlatmağı bacarmayacağıma inandığımdan bu istəyimdən vaz keçirəm. Bu povest heç şübhəsiz, Azərbaycan nəsrinin irəli atılmış bir addımı, uğuru, milli nəsrimizin qət etdiyi yeni bir mərhələdir. Novruz Nəcəfoğlunun kitabda işıq üzü görən "Bəmbəyaz keçiddə", "Gəl birlikdə ölək" adlı hekayələri də bir-birindən maraqlı ədəbi mətnlərdir".

E.Hüseynbəyli kitabda yer alan hekayələri türk oxucuların da bəyənəcəyinə və Novruz Nəcəfoğlunun şəxsində fərqli bir azərbaycanlı yazarı tanıyacaqlarına ürəkdən inandığını bildirib.

Sevinc MÜRVƏTQIZI

 





06.03.2015    çap et  çap et