525.Az

“Mavi dənizin sahilində” diqqət çəkən məqamlar 


 

“Mavi dənizin sahilində” diqqət çəkən məqamlar <b style="color:red"></b>

Azərbaycan kinosunun qızıl fonduna daxil olan “Mavi dənizin sahilində” filmi 90 ildən çoxdur ki, baxılır, düşündürür. 1935-ci ildə “Azərfilm” və “Mejrabpomfilm” kinostudiyaları tərəfindən istehsal olunan Azərbaycanın ilk səsli bədii filmi kino tariximizdə yeni mərhələnin (səsli kinonun yaranmasının) başlanğıcını qoymuşdur. Filmin ilk nümayişi 1935-ci ilin payızında “Mejrabpomfilm” kinoteatrında baş tutmuş, geniş ekranlara 1936-cı il aprelin 20-də çıxmışdır.

Komediya-macəra janrında çəkilən filmdə hadisələr Azərbaycanın qədim şəhərlərindən olan Lənkəranın Sarı adasındakı balıqçılıq kolxozunda baş verir. İki balıqçı dostun – Yusif (Lev Sverdlin) və Alyoşanın (Nikolay Kryuçkov) dənizdə fırtınaya düşmələri nəticəsində “Kommunizm kolxozu”na gəlmələrindən, orada balıqçı qızı Maşenkaya (Yelena Kuzmina) aşiq olmalarından, başlarına gələn hadisələrdən bəhs edilir. Dostlar arasında yaranan narazılıqlar, mübahisələr komik səpkidə təhlil obyektinə çevrilir. Vəziyyətdən yaranan məzəli əhvalatlarda insan əməyinin üstünlüyü, səmimi ünsiyyətin vacibliyi təbliğ olunur. Musiqi parçalarının, mahnıların kinokomediyada yer alması səsin kinoya gətirdiyi baxımlılığı bir daha təsdiqləyir, hadisələrin daxili ritmini təmin edir. Obrazların xarakterini müəyyənləşdirməyimizə kömək edir, təsvirin emosionallığını artırır, bəzi məqamlarda hisslərin, dialoqların əvəzləyicisi qismində iştirak edir.

Filmə məşhur sovet kino rejissoru, Stalin mükafatı laureatı Boris Barnet və Azərbaycan kino rejissoru Səməd Mərdanov (həm də musiqi tərtibatçısı) birgə quruluş vermişlər. Həmçinin yaradıcı heyətə Mixail Kirillov (quruluşçu operator), Viktor Aden (quruluşçu rəssam), Sergey Pototski (bəstəkar), A.Qornşteyn (səs operatoru), Mirzə Mustafayev (ikinci operator), Məmməd Əlili, K.Pavlidi (rejissor assistentləri), S.Antipov (operator assistenti), Mirzə Mustafayev (quraşdırılmış səhnələrin operatoru) daxildir. Baş rolları məşhur sovet aktyorları, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, teatr, kino akttyoru Lev (Naumoviç) Sverdlin, SSRİ Xalq artisti, Stalin mükafatı laureatı, kinoaktyor Nikolay (Afanasiyeviç) Kryuçkov, RSFSR Xalq artisti, Stalin mükafatı laureatı, kinoaktrisa Yelena (Aleksandrovna) Kuzmina canlandrmışlar.

Dünya kinosunun 100 illik yubileyi münasibətilə nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən filmin dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilməsi kino tariximiz üçün mühüm hadisədir.  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il, 7 may tarixli 211 nömrəli qərarı ilə “Mavi dənizin sahilində” filmi dövlət mülkiyyətində olan filmlərin siyahısına salınmışdır. Bununla da filmin tarixi, milli mədəni irs kimi dəyəri bir daha təsdiqini tapmışdır.

Poetik ruhlu ilk səsli kinomuz 

“Mavi dənizin sahilində” filmi kinomuzun səsli mərhələsinə keçididir. Həmçinin kinematoqrafiyanın çoxşaxəli imkanlarının təsdiqidir, təntənəsidir. Azərbaycan səsli kino tarixinin başlanğıcı olmaqla yanaşı, həm də professional kinomuzun seçilən nümunələrindəndir. İlk baxışda sadə görünən (daxili mürəkkəbliyi olan) hadisələr iki süjet xətti üzrə inkişaf etdirilir. Kinonun ibtidai imkanları çərçivəsində bir sıra çətin çəkilişləri əks etdirdiyinə görə (dənizdə aparılan çəkilişlər, quraşdırma səhnələr və s.) maraqla izlənilir. Bununla yanaşı, siyasi-sosial mürəkkəbliyi olan dövrdə meydana gələn poetik ruhlu filmdə milli mentalitetə, sosial dəyərlərə əsaslanmayan epizodlar ekran hadisələrinin  incələnməsinə əsas yaradır.   

Məlumdur ki, bədii kinoya başlıca uğuru məzmun tamlığı, mühitlə əlaqələndirilməsi gətirir. Çəkiliş metodundan, ssenarinin yazılışından əlavə bədii-estetik ifadə vasitələrinə diqqət yetirilməsi, hadisələrin, obrazların mövqeyinin mühitlə bağlılığı keyfiyyətə zəmanət, filmin baxılmasına imkan yaradır. Bu mənada dövrünün maksimal kino imkanları çərçivəsində ərsəyə gələn filmin ümumittifaq və dünya tamaşaçısına bədii həlli uğurlu ekran əsəri təsiri bağışlaması başa düşüləndir. Lakin yerli tamaşaçılar tərəfindən bayağı mövzu kimi qarşılanması da danılmazdır. Bunu da dövrün reallığından irəli gələn bir sıra məsələlərlə əlaqələndirmək mümkündür. Başlıca səbəb isə Azərbaycan kinosunun (yaranması 1898) inkişaf mərhələsinin SSRİ tərkibinə daxil olduğumuz vaxtlara təsadüf etməsi, həmin illərdə yadellilərin (əsasən də rus  kinematoqrafçılarının) filmlərdə aparıcı qüvvə kimi çalışmasıdır. Bu mənada filmdə yerli mühitə xas ab-havanın olmama səbəbinə nəzər salmaq yerinə düşür.    

Azərbaycanda səsli kinonun yaranma zərurəti

1930-cu illərdən etibarən SSRİ-nin tərkibində olan respublikalarda, eləcə də Azərbaycanda kinoya səsin gəlməsi, filmlərin səsli təqdimatı məsələsi qabardıldı. Bu sahədə ixtisaslaşdırılmış sovet kino rejissorları respublikalara ezam edildi, Mərkəzi Kino Komitəsi tərəfindən təsdiqlənmiş ssenarilər əsasında səsli filmlərin istehsalına başlanıldı. “Mavi dənizin sahilində” filminin ssenarisinin yazılışı da sovet kino rejissoru, ssenaristi, Əməkdar mədəniyyət işçisi Klimenti Mintsə, quruluş verilməsi isə Əməkdar incəsənət xadimi, Stalin mükafatı laureatı Boris Barnetə həvalə olundu.  

Kino vizual sənət növü olduğuna görə filmlərin məzmunlu təsvir həllini tapması şərtdir. Azərbaycan kinosuna təsvir həlli ilə bağlı ənənələrin rus sovet kino məktəbindən gəlməsi də danılmazdır. Bu mənada filmə uğur qazandıran heyət üzvlərindən biri, məşhur sovet kino operatoru, Rusiyanın Əməkdar incəsənət xadimi, Stalin mükafatı laureatı Mixail Kirillovun əməyini dəyərləndirmək doğru olardı. Kirillovun kamera imkanlarının arsenalını təkmilləşdirməsi bir sıra maraqlı kadrları ərsəyə gətirməsinə imkan yaratmışdır. Filmdə o, dəniz mənzərələrini müxtəlif mizan və panoramlardan təqdim etmiş, personajların hərəkət trayektoriyalarının uzunluğunu, çəkiliş məsafəsini dəqiq fokuslardan işləmiş, dəniz mənzərələrini, fon təsvirlərini (mövzu ilə uzlaşan) maraqlı rakurslardan   göstərmişdir. Quraşdırılmış kadrların texniki həllinə dərindən bələd olduğuna görə müəyyən səhnələrin alınmasında çəkiliş imkanlarından məharətlə istifadə etmiş (aktyorları uzun fokuslu linzalarla studiyada çəkmiş, həmin kadrları fırtınalı dənizin görüntüləri ilə birləşdirmiş, müxtəlif texnikalar vasitəsilə real təbiət mənzərələri əldə etmişdir), yaradıcı heyətin bacarığının qabardılmasına şərait yaratmışdır.

Film texniki nailiyyət və kinomuza səsin gəlməsi baxımından uğurludur, kino tariximizin şərəfli səhifələrindən birini təşkil edir. Lakin sovet kinematoqrafçılarının təsiri altında çəkildiyinə, yerli mühitə yad olduqlarına, folklorumuzu, adət və xüsusiyyətlərimizi bilmədiklərinə, həmçinin filmdə milli motivlərin olmadığına görə müəlliflərin hadisələrə münasibəti (bitkin və əhatəli şəkildə) reallaşmamışdır. Bəzi epizodlardakı sxematik (şablon) mizanların quruluşu (Maşenkanın muncuğu qırması ilə ümidinin puça çıxmasını, təəssüflənməsini bəyan etməsi, Yusifin balıqçılar tərəfindən əl üstə atılıb-tutulması, hər bir xırda məsələnin ictimailəşdirilməsi, müzakirəyə qoyulması, sosial standartların təqlid edilməsi və s.) B.Barnetin yerli adamların xüsusiyyətinə bələd olmamasını, mövzunu mühit (Lənkəran) və cəmiyyətlə əlaqələndirə bilməməsini təsdiqləyir, filmin konsepsiyasına xələl gətirir, təsvirin təhkiyəyə uduzmasına imkan yaradır.

Müəlliflərin yerli insanların xarakterlərini, emosiyalarını  duymaması filmdə Azərbaycan mühitini yarada bilməmələrinə səbəb olmuşdur. Yalnız kinorejissor Səməd Mərdanovun məzmuna kolorit gətirən müdaxilələrini hiss etdirən bir neçə epizodda (Yusifin Azərbaycan dilində fikrini bildirməsi, Azərbaycan xalq mahnısını oxuması, bir dəfə də olsun ifa etmədiyi qədim xalq çalğı alətimiz olan tarı əlində saxlamsı, atalar sözü işlətməsi və s.) hadisələrin Azərbaycanda baş verdiyi, filmin ölkəmizə məxsus olduğu istinad verilir.

Ekran hadisələrinin qavranılmasına çətinlik yaradan səbəblərdən biri də  balıqçı qızı Maşenkanın briqada rəhbəri olmasına baxmayaraq, (tələbkar kolxoz sisteminin sosialit rejiminə zidd şəkildə) Alyoşanın işinə səhlənkar yanaşmasına göz yumması, baş verənlərə emosional yanaşması, hər iki gəncin ona qarşı biganə olmadığını bildiyi halda dəqiq fikrini ifadə etməməsi, balıq mövsümü (8 ay) bitənə qədər sevgilisi olduğunu bildirməməsidir. Bu və ya digər səhnələr süjetin daxili qatına nüfuz edilmədiyini (və ya istənilmədiyini) bir daha təsdiqləyir.  

B.Barnetin seçimi...

“Mavi dənizin sahilində” filmi istehsalata buraxıldığı vaxtlarda milli kino sənətimizi yaradanlardan Cəfər Cabbarlı, Mikayıl Mikayılov, Ağarza Quliyev, Abbas Mirzə Şərifzadə və digərləri filmlər çəkir, kinonun ifadə formalarını  (montajı, ritmi) bilir, ssenari dolğunluğuna fikir verir, ekranlaşdırdıqları filmlərdə təbiiliyi, koloriti tətbiq edirdilər. Bununla belə, yerli kinematoqrafçılar (S.Mərdanov, M.Mustafayev, M.Əlilidən başqa) çəkilişlərə cəlb edilməmiş, həmin illərdə peşəkar aktyorlarımız olduğu halda filmdə yadelli aktyorlar çəkilmişlər. Nəticədə SSRİ xalqlarının çoxmillətli kinematoqrafiyasının istehsalı kimi təqdim olunan ilk səsli filmimiz dövrünün mübariz, zəhmətkeş, yüksək keyfiyyətli insanlarının nümunəvi cəhətlərini əks etdirən ekran əsəri kimi yox, sentimental sovet adamlarının başlarına gələn hadisələri əks etdirən kinokomediya kimi tarixə düşdü. Buradan da “Azərfilm” kinostudiyasının o vaxtkı rəhbərliyinin (Badaqovski) niyyəti və B.Barnetin gənc kinorejissor S.Mərdanovla həmrejissor kimi işləmək məqsədi aydınlanır.  

Film çəkilən ərəfədə (1935) S.Mərdanov Ümumittifaq Dövlət  Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin sonucu kursunda təhsil alırdı. Bilik və bacarığına görə həmkarlarından seçilən S.Mərdanov B.Barnetin diqqətini çəkmiş, onu film üzərində işləməyə dəvət etmişdir. Bu seçim Barnet üçün ikiqat sərfəli idi. Tələbə rejissor yaş və təcrübə baxımından ona mane olmayacaq, öz quruluşlarını sərbəst şəkildə həyata keçirmək imkanı əldə edəcəkdi. İkincisi isə S.Mərdanovun potensialından bəhrələnəcəkdi. Elə buna görə də hadisələrin Azərbaycanda baş verdiyi yalnız filmin başlanğıc titrlərində (“Xəzərdə baş verən qasırğada gəmi batıb. İki sutkadır dalğalar onları cənuba doğru  aparırdı.”) və bir neçə epizodda göstərilmiş, S.Mərdanovun müdaxilə etmə imkanının məhdudiyyəti ilk kadrlardan özünü büruzə vermişdir.  

Fabulanı duyma zərurəti...

Dənizdə gəmiləri qəzaya uğrayan, dalğalarla əlbəyaxa olan Yusiflə Alyoşa iki gündən sonra nəhayət ki, balıqçılar tərəfindən xilas edilirlər. Yusifin qayığa qaldırıldığı zaman “qıdıqlama məni” ifadəsi, məzəli görkəmi dramatik vəziyyəti  bir qədər yumşaldır, janrın xüsusiyyətini xatırladır, hadisələrin yumorla uzlaşdırılacağını anons edir. Növbəti ümumi və orta planlı epizodlar bizi dənizin kənarında bir əlində qəlyan olan, digər əli ilə qayığın kəndirindən tutan çadralı qadınla tanış edir. Qəm süzülən nəzərlərini dənizə dikən yorğun görkəmli qadının doğmalarını gözlədiyi hiss olunur. Qoca Şərqin kədərli keçmişini və dövrün reallığını xatırladan epizodun ardınca qayıqda yuxulayan sovet nümayəndələrinin çöhrəsi qadınla müqayisədə daha aydın, daha işıqlı görünür. “Kommunizm işıqları” kolxozuna köməyə gələn mütəxəssislərin xarakter keyfiyyətləri mühitlə ilk tanışlıqları zamanı aşkara çıxır.  

Yusif: - Necə də maraqlı vəziyyətdir.

Alyoşa: - Hamısı arvadlardır.

Yusif: - Qadınlar.

Alyoşa: - Hə, qadınlar...

Növbəti kadrda güllə səsindən qorxaraq gizlənməyə çalışan bir neçə qadın görünür. Ovçunu fərsizliyinə görə məzəmmət edən Maşenka aparıcı iştirakçı kimi diqqət mərkəzindədir. Qıza heyranlıqla baxan gənclər ilk baxışdan ona vurulduqlarını gizlətmirlər, rəqib qismində çıxış edirlər. Müxtəlif rakurslu çəkilişlər dostların əhval-ruhiyyəsini həssas nöqtələrdən təqdim edir, hadisələrin şərhçisi mövqeyində dayanır. Məhdud quruluşlu məkan təsvirlərinin hər bir vəziyyətini kamera dəyərləndirir. Gəncləri gördüyündə çaşqınlıq keçirən, şıltaqlıqla onlardan uzaqlaşan, aşıb-daşan sevincini mahnı ilə ifa edən Maşenka quraşdırılmış səhnələrin fonunda dənizə bağlı poetik ruhunu, həyatına, dövrünə vurğunluğunu və yaranan vəziyyətdən məmnunluğunu bildirir. Eyni zamanda totalitar rejimin repressiv idarəetmə strukturu epizodların alt qatında duyulur, insanların daxili nigarançılığı, sosial narahatlıq hiss olunur. Sadə süjetli filmdə proletar rejim rupora çevrilməsə də, müəyyən məqamlarda (başlanğıcda yazılan titrlər, kolxozun adı – “Kommunizm işıqları”, klubun səhnəsində qoyulan K.Marksın büstü, kollektiv əməyin və problemlərin yalnız ümumilikdə aradan qaldırılması ideyasının təbliği və s.) ideoloji xətt duyulur. Marksist ideoloqlarının (sinifsiz cəmiyyətin) kommunizm quruculuğu uğrunda əzmlə çalışması, əmək adamlarının birliyi, kollektiv kömək olmadan problemlərin aradan qalxmasının mümkünsüzlüyü bir neçə epizodda (Yusiflə Alyoşanın kolxozçular tərəfindən qarşılanması, Alyoşanın məsuliyyətsizliyinin iclasda Yusif tərəfindən tənqid edilməsi, Maşenkanı xilas etdiklərinə görə gənclərin kütlə tərəfindən coşqu ilə  alqışlanması və s.) əksini tapır. Reallığa istinad edən təsvirlər, davranışlar süjet xəttini müəyyənləşdirir, zəhmətkeşlərin (kollektivləşmə adı altında əməyi istismar olunanların) qərarsız, nigaran əhvalı təsvirə yansınır (kişilərin uzaq Şərqə, döyüşə getdiyi filmin proloqunda bildirilir), yalnız gəlmə qonaqlarla bağlı məzəli vəziyyətlər hadisələri dramatiklikdən kənarlaşdırır. Təbəssüm yaradan bəzi söz və fikirlər xarakterləri müşayiət edən təsvirlərdən mayalanır, məntiqi məzmun daşıyır (Alyoşanın özünü xəstəliyə vurması, qayıqla şəhərə getməsi, balıqçılara kömək etməməsi, Yusiflə mübahisəsi və s.), obrazların mövqeyini bəlli edir.

Bir neçə kadrda sovet gənclərinin işə yüksək əhval-ruhiyyə ilə başlamaları coşqun dənizin qabaran dalğaları ilə vəhdət yaradır, hadisələrin məzmununu açır. Dənizin sakit və fırtınalı təsvirlərini müşayiət edən poetik musiqi parçaları, melodiyalar qəhrəmanların xarakter keyfiyyətini, vəziyyətə uyğun əhvalını çatdırır. Müxtəlif rakurslu dəniz mənzərələri hadisələrə keçid verən vasitəçi qismində personajları, həmçinin məşğuliyyətlərini məzmunla əlaqələndirir. Tor hörən qızların nəğmələri dənizə çıxan qayıqları, balıqçıların iş prosesini müşayət edir. Torları vətəgəyə daşıyan Maşenkayla Alyoşanın dialoqundan onun briqada rəhbəri olduğu, kəndin kişilərinin orduya, uzaq Şərqə, Sakit okean donanmasına getdikləri məlum olur.

Filmi dəniz və məhəbbət mövzusuna müraciət edən heyətin yaradıclıq imkanlarını genişləndirmək üçün apardıqları bədii axtarış nümunəsi kimi də qəbul etmək olar. Sovet adamlarının həyat şəraitini təbliğ edən filmdə obrazlar və təsvirlər (yerli əhali ilə müqayisələndirməsək) inandırıcıdır. Məsələn, balıqçıların dənizlə ölüm-dirim savaşına çıxmaları, kolxozun kasıb ab-havası, insanların kədərli davranışları dövrü haqqında müəyyən bilgi ötürür, düşünməyə əsas verir. Forma və üslub baxımından fərqlənən filmdə (yerli mühitə aid ab-hava duyulmasa da) təsvir priyomları uğurludur. Məsələn, Maşenkaya vurulan dostlar rəqib olmalarına baxmayaraq, münaqişəyə girişmirlər (əsasən də Alyoşa Yusifə güzəştə gedir), örnək nümunəsi mövqeyində dururlar.     

Qabaqcıl briqada rəhbərinin - Maşenkanın emosional davranışları, aşırı sentimentallığı təəccüb doğurur. Onun gənclərlə ilk tanışlığı səmimi və çaşqın reaksiyası ilə yadda qalır. Alyoşa ilə ünsiyyətinin yaxşılaşmasına şərait yaratmağa çalışan artist ləqəbli həmyerlisi ona: “hə Maşenka, yoldaşı ötür, gəmini göstər”,-deməsi, Alyoşanın gəmi ilə tanış olmasına kolxoz sədrinin yox, məhz Maşenkanın kömək etməsinə təkan verməsi sual doğurur. Buna etiraz etməyən, daha sonra Alyoşanın hədiyyəsini (muncuğu) qəbul edən, Alyoşa və Yusifin arasında yaranan münaqişələrin qarşısını vaxtında almayan Maşenkanın balıq mövsümünün sonunda sevgilisi olduğunu və onu gözlədiyini söyləməsi davranışları ilə üst-üstə düşmür. Bir daha mövzunu bölgə ilə əlaqələndirə, koloritli bağlılıq yarada bilməyən rejissorun mühitə yadlığı  (fabulanı duymaması) bəlli olur. Eləcə də, XX əsrin əvvəllərində köhnə fikirli insanların çoxluq təşkil etdiyi, mövhumatçılığın tam olaraq ortadan qalxmadığı vaxtlarda motivin ictimaiyyətlə doğru əlaqələndirilməməsi nəzərdən yayınmır.

B.Barnetin S.Mərdanovun təklif və fikirlərini tam olaraq qəbul etməməsi, “Azərfilm” kinostudiyasının rəhbərliyinin (Budaqovski) istehsalat siyasətinə münasibətini bir daha ortaya qoyur, milli koloritli filmin yaranmasına etinaslığını sübut edir. Gənc rejissorun fərdi yaradıclıq üslubunun göstərilməsinə imkan verilməməsi isə 4 il sonra müstəqil çəkdiyi “Kəndlilər” filmi ilə bir daha təsdiqini tapdı. Maraqlı, təsirli kino detalları ilə işləmək bacarığını ortaya qoydu. S.Mərdanovun rejissor işinə müdaxilələrinin kinokomediyanın daxili ritmini təmin etdiyini, mövzunun mühitlə bağlılığını qismən də olsa (dostların dənizin sahilində limonun qabığını həvəslə soyub yemələri, bölgəyə yad qonaq qismində yedikləri meyvənin dadını bilməmələri, aşarı turş olduğundan üz-gözlərini turşutmaları, Yusifin kolxozun iclasında Azərbaycan sözləri işlətməsi, tar alətini əlində tutması, Azərbaycan atalar sözündən istifadə etməsi, “Uca dağlar başında” xalq mahnısını oxuması və s.) əlaqələndirdiyini qeyd etmək doğru olardı.

Tarı müdafiə jesti  

Yusifin tar alətini dəyərli əşyası kimi qorumasının epizodlara əlavə edilməsi təsadüfi deyildi. Xalq mahnılarımızı, muğamlarımızı tarda gözəl ifa edən S.Mərdanov ədəbiyyata, musiqiyə maraq göstərər, şair Mikayıl Müşfiqlə dostluq  edərdi. Tarın sovet kinematoqrafçılarının bir araya gəldiyi ortamda göstərilməsini təklif etməsi isə həmin illərdə “Oxuma tar, səni sevmir proletar” sözlərinə etirazı, tarı müdafiə jesti, “Oxu tar!, Səni kim unudar?” şeirinə rəğbətinin, şair dostuna dəstəyinin göstəricisi idi.

Məlumdur ki, 1920-ci illərin sonlarında Azərbaycan Dövlət Konservatoriyasında tar alətinin tədrisi qadağan edilmişdir. Azərbaycan bəstəkarlarının (Ü.Hacıbəyli, Ə.Bədəlbəyli və b.), mədəniyyət xadimlərinin gərgin səyləri nəticəsində tarın konservatoriyada tədrisi bərpa olunmuşdur. Bu hadisə dövrünün ziyalıları kimi incəsənətə böyük məhəbbəti olan Mərdanovlar ailəsinə təsir etməyə bilməzdi. Bu mənada tar alətinin filmə daxil edilməsi Azərbaycan mədəniyyətinin, azərbaycançılıq ruhunun daşıyıcısı kimi mövzuya kolorit gətirən vacib amillərdəndir.       

Kinokomediya (30-cu illərin yerli sosial atmosferi, milli ab-havası tam duyulmasa da) vizual həllini tapdığına görə ümumittifaq məkanda uğurla nümayiş etdirildi, peşəkar kino mütəxəssisləri tərəfindən yüksək qiymətləndirildi. Dövrünün reallıqları və qanunauyğunluqları çərçivəsində ekranlaşdırılan, bir sıra kinematoqrafik əsaslara istinadən uğurlu təsvir həllini təsdiqləyən, maddi irs siyahısına daxil olan ilk səsli filmimiz daha sonra ərsəyə gələn neçə-neçə milli əhval-ruhiyyəli, dolğun, bitkin xarakterləri, mühüm amilləri özündə əks etdirən ekran əsərlərinin yaranmasına vəsilə oldu. Zamanın sınağından keçən, sevilən filmlər maraqla izləndi, Azərbaycan kino salnaməsinin tarixini zənginləşdirdi.   

Şəhla Əmirli

Kinoşünas

 

 





18.06.2026    çap et  çap et