525.Az

Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb


 

Azərbaycan və Rumıniya arasında “Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə müzakirələr aparılıb<b style="color:red"></b>

Energetika naziri Pərviz Şahbazovla Rumıniya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marius-Qabriel Lazurka arasında görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında enerji sahəsinin mühüm rol oynadığı vurğulanıb. Neft - qaz tədarükü, SOCAR-ın Rumıniyada geniş fəaliyyəti karbohidrogen sektorunda yüksək əməkdaşlığın göstəriciləri kimi qeyd edilib.

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin isə bu əməkdaşlığı elektrik enerjisi sahəsi ilə daha da möhkəmləndirəcəyi bildirilib. Marius-Qabriel Lazurka bu layihənin təkcə ayrı-ayrı ölkələr üçün deyil, bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyi və dayanıqlı inkişafı üçün xüsusi əhəmiyyət daşıdığını deyərək bildirib ki, Azərbaycan bu təşəbbüs çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir.

Görüşdə layihənin texniki-iqtisadi əsaslandırmasının nəticələrinin yaxın zamanda təqdim ediləcəyi bildirilib. Qeyd olunub ki, “Yaşıl Enerji Dəhlizi” həm Azərbaycan kimi istehsalçı ölkələr, həm də Rumıniya, Macarıstan və digər Mərkəzi və Şərqi Avropa ölkələri üçün uzunmüddətli iqtisadi və enerji baxımından faydalar yaradacaq.

Görüşdə, həmçinin Rumıniyanın enerji sahəsində həyata keçirdiyi yeniliklər nəzərdən keçirilib və perspektiv əməkdaşlıq imkanları dəyərləndirilib.

 





18.06.2026    çap et  çap et