Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Köməkçi Orqanlarının 64-cü sessiyası (SB64) çərçivəsində FAST (Food and Agriculture for Sustainable Transformation) Tərəfdaşlığının Açıq Sessiyası və İdarə Heyətinin iclası keçirilib. COP31-ə hazırlıq prosesinin mühüm mərhələlərindən biri hesab olunan tədbirdə hökumət nümayəndələri, beynəlxalq təşkilatlar, inkişaf tərəfdaşları və ekspertlər iqlimədavamlı kənd təsərrüfatı və dayanıqlı ərzaq sistemlərinin inkişafı istiqamətində əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin təşviqi və gələcək fəaliyyət prioritetlərini müzakirə ediblər.
525.az-a Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, tədbirdə nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova “Rəqəmsal transformasiya və süni intellekt tətbiqləri vasitəsilə iqlimədavamlı kənd təsərrüfatının inkişafı” mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda Azərbaycanın aqrar sektorda həyata keçirdiyi rəqəmsal transformasiya siyasəti, innovativ həllər və iqlim dəyişikliklərinə uyğunlaşma istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda rəqəmsallaşma, innovasiya, süni intellekt texnologiyalarının tətbiqi, iqlimə davamlı istehsalın genişləndirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi əsas prioritet istiqamətlər kimi müəyyən edilib.
Çıxış zamanı “E-Aqro” rəqəmsal ekosisteminin inkişafı, “E-Aqro 2.0” və “EKTİS 2.0” platformaları, süni intellekt əsaslı qərar dəstəyi mexanizmləri, FAO ilə əməkdaşlıq çərçivəsində yaradılan Fermer Reytinq Sistemi və kənd təsərrüfatında tətbiqi nəzərdə tutulan 33 süni intellekt istifadə ssenarisi barədə məlumat verilib. Həmçinin FAO və Asiya İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr, fermerlərin bilik və bacarıqlarının artırılması istiqamətində nəzərdə tutulan fəaliyyətlər və kənd təsərrüfatında məlumat əsaslı idarəetmənin gücləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verilib.
Sessiyada tərəfdaş ölkələrin nümayəndələri iqlimədavamlı kənd təsərrüfatının inkişafı sahəsində təcrübə mübadiləsi aparıblar.
Daha sonra FAST Tərəfdaşlığının İdarə Heyətinin iclasında Bakı Harmoniya İqlim Təşəbbüsü çərçivəsində görülən işlər, əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri barədə məlumat təqdim edilib.
İclas zamanı fermerlərin iqlim maliyyəsinə çıxış imkanlarının genişləndirilməsi, qadın və gənclərin dəstəklənməsi, iqlimə davamlı texnologiyaların təşviqi, rəqəmsallaşma və süni intellekt həllərinin tətbiqinin əhəmiyyəti vurğulanıb.
çap et