İyunun 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional musiqi sənətinin görkəmli nümayəndəsi, Cahangir Cahangirovun anadan olmasının 105 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcək.
525.az xəbər verir ki, gecədə Cahangir Cahangirov adına Xor kollektivi tərəfindən bəstəkarın zəngin musiqi irsindən seçilmiş ən dəyərli əsərlər səsləndiriləcək. Proqramda onun xor musiqisi sahəsində yaratdığı sənət incilərinə xüsusi yer ayrılıb.
Əməkdar müəllim Təranə Yusifovanın bədii rəhbərliyi ilə təşkil olunan konsertdə tanınmış ifaçılar, eləcə də Beynəlxalq Muğam Mərkəzinin solistləri çıxış edəcəklər. Musiqili gecə bəstəkarın yaradıcılıq dünyasına bir daha nəzər salmaq, onun milli musiqi mədəniyyətimizin inkişafındakı müstəsna xidmətlərini xatırlamaq baxımından əlamətdar olacaq.
Tədbir iştirakçıları Azərbaycan musiqi tarixində silinməz iz qoymuş Cahangir Cahangirovun əsərlərinin yüksək bədii-estetik dəyərini yenidən kəşf etmək, onun yaradıcılığının milli-mənəvi dəyərlərimizlə səsləşən zəngin çalarlarını yaxından duymaq imkanı əldə edəcəklər.
Biletləri şəhərin mərkəzi kassalarından əldə edə bilərsiniz.
çap et