İyunun 18-də, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda rəsmi səfərdə olan Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq Mərkəzi Dikasteriyasının rəhbəri, kardinal Corc Kuvakadla görüşüb.
525.az xəbər verir ki, görüşdə hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbər və nümayəndələri, eləcə də digər rəsmi şəxslər iştirak ediblər. Ali qonağı salamlayan Bütün Qafqazın Şeyxi Müqəddəs Taxt-Tacla Azərbaycan arasındakı əlaqələrə toxunaraq, bu əlaqələrin hələ Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, məhz onun dəvəti ilə Papa Fransiskin Azərbaycana səfərini xüsusi olaraq vurğulayıb. Allahşükür Paşazadə onu da qeyd edib ki, keçmiş Sovet Respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, bura iki Papa müxtəlif vaxtlarda səfər ediblər. Qafqaz Müsəlmanları İdarəsinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sayəsində bu gün iki ölkə arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Allahşükür Paşzadə Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi olaraq qeyd edib: “Burada Heydər Fondunun da fəaliyyəti çox yüksək qiymətləndirilməlidir. Mehriban xanım Əliyevanın gördüyü işlər və oradakı kilsələrin təmiri və katakombaların bərpasını mən özüm görmüşəm. Bu bir daha onu sübut edir ki, biz dünyada qurucu dövlətik.Biz kilsələri də məscidlər kimi təmir edirik”.
Daha sonra Azərbaycanda olmağından məmnunluğunu ifadə edən Kardinal Kuvakad səmimi qəbula və dini icmalar arasında mövcud olan münasibətlərlərə görə dərin minnətdarlığını bildirib. Dinlərarası Dikasteriyanın rəhbəri Azərbaycanla Vatikan münasibətlərinə də toxunub: “İllər ərzində Müqəddəs Taxt-Tac ilə Azərbaycan Respublikası arasında qarşılıqlı hörmət və əməkdaşlıq əsasında davamlı şəkildə inkişaf etmişdir. Müqəddəs İohan Pavelin 2002-ci ildə, Papa Fransiskin isə 2016-cı ildə Azərbaycana səfərləri, həmçinin çoxsaylı görüşlər icmalarımız arasındca əlaqələri daha da möhkəmləndirmişdir. 2011-ci ildə imzalanmış ikitərəfli saziş və ötən il dini əməkdaşlıq sahəsində imzalanmış anlaşma memorandumu münasibətlərimizin müham mərhələləridir. Bu sənədlər dialoqun sadəcə fikir mübadiləsi deyil, anlaşma, etimad və əməkdaşlığa aparan yol olduğunu, ortaq inamımızı təsdiqləyir”.
Daha sonra Milli Məclisin sədr müavini Musa Qasımlı və millət vəkili Səməd Seyidov çıxış etdilər. Rəsmi hissədən sonra Bütün Qafqazın Şeyxinin adından ali qonağın şərəfinə ziyafət verilib.
Qeyd edək ki, Vatikanın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti, Kardinal Corc Kuvakad iyunun 16-da Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib. Prezident İlham Əliyevlə Kardinal Kuvakad arasında ikitərəfli əlaqələr müzakirə olunub. İyunun 17 və 18-də Dikasteriya rəhbəri, Şəki və Qəbələ şəhərlərinə gedərək orada mövcud olan tarixi memarlıq abidələri və qədim alban kilsələrinə baş çəkib.





çap et