525.Az

“ABŞ-İran münaqişəsində hansısa tərəfin böyük qələbəsini görmürəm”


 

FİKRƏT SADIQOV: “REJİMİN DƏYİŞMƏMƏSİ ABŞ-a ƏSAS ZƏRBƏ OLDU”

“ABŞ-İran münaqişəsində hansısa tərəfin böyük qələbəsini görmürəm”<b style="color:red"></b>

ABŞ və İran arasında aylardır davam edən gərginlikdən, müharibə vəziyyətindən sonra tərəflər razılığa gələ bildi və anlaşma memorandumu əldə edildi. Bununla belə, analitiklər razılaşmanın hələ yekun xarakter daşımadığı qənaətindədirlər. ABŞ lideri Tramp özü də bəyan edib ki, Yaxın Şərq münaqişəsi üzrə danışıqların növbəti mərhələsi uğurlu olmasa, Vaşinqton İranı yenidən bombalamağa hazırdır.

Politoloq Fikrət Sadıqov “525-ci qəzet”ə müsahibəsində mövcud razılaşma, onun perspektivləri və digər məsələlər ətrafında fikirlərini bölüşüb.

 

- Bu, şərti xarakter daşıyan və hələ axıra qədər təsdiqlənməmiş bir layihədir. Orada söhbət 60 gündən gedir ki, yekun razılaşma əldə olunsun. Deməli, Hörmüz boğazı dərhal açılmalıdır, neft tankerləri problemsiz, maneəsiz oradan keçə bilər. Amma iş orasındadır ki, belə bir sual yaranır, burda kim udub, kim uduzub. Mənə elə gəlir ki, heç kəs, faktiki olaraq neftin istehlakçıları udub. Çünki birincisi, neft artıq maneəsiz gəlib Avropa ölkələrinə çatacaq. İkincisi, Hörmüz boğazı müharibədən əvvəl açıq idi, İran bunu bağladı, indi yenidən açır. Yəni faktik olaraq burada mən kiminsə belə böyük qələbəsini görmürəm.

Amma İranın müəyyən üstünlükləri var. Bəzi məsələlərə nail ola bildi. Nümunə üçün dondurulmuş aktivlərin qaytarılması barədə layihədə maddə var. İrana qarşı bir sıra sanksiyalar faktiki olaraq ABŞ tərəfindən aradan götürülə bilər. Orada çox problemli məsələlər də var, tutalım Yaxın Şərqdə proksi qüvvələri - Hizbullah, HƏMAS, husiləri dəstəkləməkdən imtina edilməsinə, düzü, çox da inanmıram. Bu, olduqca mürəkkəb məsələdir və orada konkret belə bir maddə də yoxdur. Yəni mücərrəd şəkildə yazılan bir maddədir. Yaxın gələcək təbii ki, sənədin nə dərəcədə reallaşmasını göstərəcək.

- Bu razılaşmanı İranın qələbəsi kimi  dəyərləndirənlər az deyil. Siz də İranın bir sıra üstünlüklər əldə etdiyini vurğuladınız. Digər tərəfdən, Tramp daha əvvəl rejim dəyişikliyindən, insanların hüquqlarının pozulmasından danışırdısa, yekunda gördük ki, bu məsələlər gündəmdə olmadı. Bu razılaşmanın daha çox İranın xeyrinə olduğunu, onun regionda güclənməsi kimi qiymətləndirmək olar?

- Əlbəttə ki, Tramp bir çox ziddiyyətli bəyanatlar verib, müharibədən əvvəl də, müharibə zamanı da. Amma demək olmaz ki, ABŞ da heç nə qazanmayıb. ABŞ Ali Lider Xamenei başda olmaqla 60-a yaxın İran rəsmisini aradan götürdü. Nüvə obyektlərinə zərbələr vurdu, balistik raketlərinin sayı azaldı, hərbi donanması, dəniz donanması demək olar ki, böyük zərbələr altında qaldı. Bilmirəm, bunu qələbə kimi qələmə vermək olar, ya yox, amma müəyyən dərəcədə ABŞ öz məqsədlərinə nail ola bildi. Çox güman ki, onlar müharibənin əvvəlində müəyyən dərəcədə sadəlövhlük nümayiş etdiriblər. Hesab edirdilər ki, əgər İranı zərbə altına salsalar, orada dərhal rejim dəyişiləcək, yeni bir rejim gələcək, insan hüquqları üstünlük təşkil edəcək və başqa insanlar hakimiyyətə gələcək. Amma İranın dini qüvvələri o qədər dərin kök salıb ki, onlar təbəqəli şəkildə bütün bu risklərə və zərbələrə hazır idi və bunu zaman da göstərdi. Liderlərin əvəzinə ikinci və üçüncü təbəqə nümayəndələri gəldi və beləliklə, rejim dəyişilmədi. Bu, əlbəttə ki, ABŞ-a əsas zərbə oldu. Eyni zamanda biz görürük ki, ABŞ tək deyil, burada İsrail də aktiv rol oynayır. İsrail bir çox maddələrlə razılaşmır. Hesab edir ki, danışıqlarda iştirak etməyib, ona bu məsələ ilə bağlı heç bir sual verilməyib, onlar öz ərazilərini qorumaq üçün bundan sonra da proksi qüvvələrə qarşı zərbələr endirəcək və öz ərazi bütövlüyünü qoruyacaqlar.

- İsrail razılaşmadan sonra ABŞ-ın razılığı olmadan İrana, Livana qarşı hərbi əməliyyatlar apara bilər?

- Əslində İsrailin bütün addımları ABŞ-ın siyasi addımları ilə sıx bağlıdır. Amma İsrailin Baş naziri bəyan edib ki, əgər ölkəyə müəyyən təhlükə yaransa, yəni “Hizbullah” tərəfindən, İran onları yenidən maliyyələşdirsə, silah göndərsə, buna qarşı ciddi addımlar atmağa hazırdır. Bu, Netanyahunun bəyanatıdır. İsrail rəhbərliyi öz bəyanatlarında bunu xüsusilə qabardıb. Çünki onlar belə düşünürlər ki, ABŞ uzaqdadır, onlar isə Yaxın Şərqin mərkəzindədir və ətraflarında İranın proksi qüvvələri fəaliyyət göstərir. Təbii ki, özlərini müdafiə etmək üçün əllərindən gələni edəcəklər. Amma özbaşına İrana zərbələr vurmaq, raket göndərmək məsələsi düşünürəm ki, genişmiqyaslı olmayacaq.

- ABŞ-da noyabrda seçkilər keçiriləcək. Trampın partiyasını pis vəziyyətə salmamaq üçün həm də buna görə İranla razılaşmaya getdiyi barədə fikirlər var. Siz burada hansısa əlaqə görürsünüz?

- Bəli, görürəm. Burada üç amil var. Birincisi, siz qeyd etdiyiniz noyabr seçkiləri, Konqresə seçkilər keçiriləcək. Təbii ki, respublikaçılar narahatdır ki, onlar çoxluq yox, azlıqda qala, kifayət qədər səs toplaya bilməzlər. Başqa amil ondan ibarətdir ki, artıq respublikaçılar arasında da müəyyən narazılıq var. Bu da açıq şəkildə konqresmenlər tərəfindən bir sıra bəyanatlarla müşahidə olunur. Üçüncü amili mən daha ciddi hesab edirəm. Bu, ondan ibarətdir ki, konstitusiyaya görə ABŞ prezidenti Konqresin razılığı olmadan heç bir dövlətin ərazisində 60 gündən çox muharibə apara bilməz. Yəni 60 gün keçdi, Tramp əlindən gələni etdi. İndi nə bacarırsa, onu etdi, addımlarını atdı. Bundan sonra Konqresin razılığı olmalıdır. Bu razılıq o qədər də asan məsələ deyil və Tramp başa düşür ki, İrana qarşı genişmiqyaslı müharibə aparmaq artıq onun konstituson hüququndan kənardır. Düşünürəm ki, bu, üçüncü amildir.

- Ümumiyyətlə, ABŞ ilə İran arasındakı hazırkı proseslər, razılaşma uzunmüddətli normallaşmaya gətirib çıxara biləcək? Obama dövründə bir razılaşma var idi, Tramp ondan çıxdı. İrana  qarşı iki dəfə hərbi əməliyyat apardı. Hazırkı razılaşmanın daha dayanıqlı olacağını proqnoz edirsiniz?

- Xeyr, elə də dayanıqlı sənədə oxşamır. Çünki onlar bunu imzalasalar da, düşmənçilik mövqeyi qalacaq. Yəni bir-birinə nifrət, ABŞ İrana bu qədər zərbələr yetirib, iqtisadiyyatını çökdürüb. Onlar faktiki olaraq bir neçə ay ərzində hərbi texnikalarını, insanlarını itiriblər. Bu o qədər onların yaralı yeridir ki, düşünmürəm ki, bunu yaddan çıxarıb, ABŞ ilə dostluq etsinlər. Mən bunu istisna edirəm. Hələ uzunmüddətli prosesi gəlin qoyaq kənara, baxaq görək bu məsələ yaxın perspektivdə necə həyata keçiriləcək. Bu, məlum deyil və hər iki tərəfin atacağı addımlardan asılı olacaq. Çünki hələ bir çox tələblər yerinə yetirilməlidir, həyata keçirilməlidir. Bunlar əgər müəyyən razılığa gəlibsə, bu, heç də o demək deyil ki, bütün məsələlər artıq razılaşdırılıb və həll olunub. Ona görə hələ sənədin imzalanmasından və təbii ki, ABŞ-ın bundan sonra hərəkətlərindən də çox şey asılı olacaq. Mən artıq qeyd etdim ki, dondurulmuş aktivlər qaytarılmalıdır, sonra sanksiyalar götürülməlidir. İndi İran və ABŞ bu tələbləri yerinə yetirəcəkmi? Bax, bu, sual altındadır. Yaxın gələcəkdə bunu izləyib bir nəticə çıxartmaq lazımdır. Ondan sonra gələcəkdə nə baş verəcəksə, onda müəyyən proqnoz vermək olar.

- Tramp hakimiyyətə gələndə əsas prioritet olaraq Ukrayna məsələsini gündəmə gətirmişdi, amma sonra İran önə keçdi. Sizcə, İran-ABŞ razılaşması Ukrayna-Rusiya müharibəsinin tənzimlənməsinə təsir göstərə bilər?

- Əslində, Rusiya-Ukrayna məsələsi çox mürəkkəb bir münaqişədir. Düşünmürəm ki, burada birbaşa əlaqə var. Çünki bu proseslər hal-hazırda Yaxın Şərqdə gedir, Rusiya-Ukrayna münaqişəsi isə Avropa qitəsində baş verir. Burada bir neçə oyunçu var. Həm Rusiya-Ukrayna, həm Avropa İttifaqı, həm də ABŞ. Hər bir oyunçunun da öz maraqları var. Bu maraqlar gərək üst-üstə düşsün ki, müharibəni sona çatdırmaq mümkün olsun. Təbii ki, burada güclü vasitəçi lazımdır. ABŞ vasitəçilik edə bilər, Avropa İttifaqı da həmçinin. Amma münaqişənin səngiməsi hər iki tərəfin - Rusiyanın və Ukraynanın güzəştli mövqeyindən asılı olacaq. Tərəflərin hər ikisi müəyyən güzəştə getməlidirlər. Əgər getməsələr, bu müharibə bundan sonra da uzanacaq və qanlar töküləcək. Mən başa düşürəm ki, bunu dərk edirlər. Hər iki ölkənin rəhbərləri bunu çox güman ki, başa düşürlər. Amma görünür, hələlik lazımi siyasi iradə və güclü vasitəçi yoxdur, meydana gəlməyib. Ona görə də bu müharibə çox güman ki, hələ də davam edəcək.

Pərvanə SULTANOVA

 





19.06.2026    çap et  çap et