525.Az

Rəqabət yoxdursa, reklam da yoxdur - So­sial şə­bə­kə­də ya­zı­lan­lar


 

Rəqabət yoxdursa, reklam da yoxdur - <b style="color:red"> So­sial şə­bə­kə­də ya­zı­lan­lar</b>

Rəşad Məcid, Mətbuat Şurasının sədri:

- İdman jurnalistlərimizin peşəkarlığı və məlumatlılığı barədə bir neçə dəfə fikir bildirmişəm. Futbol üzrə Dünya Çempionatını yayımlayan İctimai Televiziyanın operativliyini də xüsusi qeyd etmək, oyundakı hər qolun azca keçməmiş İTV-nin sosial media səhifələrində yerləşdirilməsini də vurğulamaq lazımdır. Amma oyunları şərh edən bizim idman jurnalistlərimizin səviyyəsi xüsusi qeyd olunmalıdır.

Tural Dadaşov barədə bir dəfə yazmışdım. Dilimizin zəngin qatlarından yeri gələndə məharətlə istifadə etmək, emosiya, həyəcan yaratmağı bacarmaq, komanda və oyunçular barədə ətraflı məlumatlar vermək!

Bizim aparıcılar valeh edirlər.

Heç ilk oyunda 3 qol vuran Messidən də az iş görmürlər.

Təbriklərimi çatdırıram!

Elçin Rüstəmli, jurnalist:

- Dünya çempionatını yayımlayan İTV yəqin heç çəkdiyi xərci qazana bilməyəcək.

15 dəqiqəlik fasiləyə cəmi 5 reklam yerləşdirib, 10 dəqiqədən artıq vaxtı digər verilişlərin anonsuna həsr edib.

Təbii ki, kefindən eləməyib, reklam verən yoxdur.

Əslində 1 saniyə belə boş getməməlidir. TV-də, şirkətlər də bu fürsəti dəyərləndirməlidirlər.

Reklamın olmamasının onun qiyməti ilə əlaqəsi yoxdur.

Yaxşı gəliri olan şirkətlər iqtisadiyyatda hökmran mövqedədirlər, rəqabət yoxdursa, reklama da ehtiyac yoxdur.

Rəqabət yoxdursa, bazarda digər oyunçuların ayaqda qalması çətin məsələdir. Nəinki TV-yə reklam verməsi...

***

- Lukaşenko Zelenskidən niyə üzr istəyir?

Belarus prezidenti Aleksandr Lukaşenko “Əl-Ərəbiyyə” qəzetinə verdiyi müsahibədə Ukrayna Prezidenti Volodimir Zelenskidən üzr istəyib. Buna səbəb Lukaşenkonun daha əvvəl Zelenskinin ünvanına işlətdiyi kəskin ifadələr olub.

“Əgər Vladimir Aleksandroviç inciyibsə, bu sözlərə görə ondan üzr istəyirəm. Bəlkə də, bir qədər həddi aşmışam. Onun döyüşdüyünü nəzərə alaraq, bunu etmək bəlkə də lüzumsuz idi. Yəqin ki, mənim bu barədə belə kəskin danışmağım lazım deyildi”.

Eləcə də Lukaşenko iddia edib ki, Ukraynanın Belarus tərəfdən hər hansı hərbi əməliyyat gözləməsi doğru deyil: “Bundan əlavə, o (Zelenski), gözəl başa düşür ki, Belarusdan, xüsusən də məndən heç bir hərbi əməliyyat gözləməyə dəyməz. Xüsusilə də məndən”.

Vəfa Həmzəyeva, jurnalist:

- Ermənistan qanunvericiliyi Paşinyana parlamentdə konstitusion çoxluq olmadan da referendum təşəbbüsü irəli sürmək imkanı verir. Yəni nəzəri olaraq Paşinyan referenduma gedə bilər.

Sadəcə Ermənistan siyasətində hüquqi imkanla siyasi imkan həmişə eyni olmayıb. Əsas məsələ referendum keçirmək yox, erməni cəmiyyətini ona inandırmaqdır.

Bu arada, ötən gün İrəvan küçələrində keçirilən bir sorğunu izlədim. Sanki qərb qonşularımız sülhə yaxınlaşır. Qismən...

İllərin mifi var.

Müharibələr adətən cəbhədə bitir, amma sülh insanların beynində başlayır.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Hidayət müəllimi necə xatırlayıram?

Tanınmış dövlət xadimi Hidayət Orucovun vəfat xəbəri məni çox kədərləndirdi. Düşünürdüm ki, bəlkə nə vaxtsa görüşüb 35 il əvvəl yaşadığımız o gərgin dövrləri birlikdə xatırlayarıq.

Bəlkə də çoxları Hidayət müəllimi ədəbi şəxsiyyət, daha çox yazıçı, publisist və ictimai xadim kimi tanıyır.

Mən isə onu ilk növbədə dövlət adamı, milli məsələlərdə prinsipial mövqeyi ilə seçilən bir şəxsiyyət kimi xatırlayıram.

1992-1993-cü illərdə mən Balakən Rayon İcra Hakimiyyətinin başçısı işləyərkən, Hidayət Orucov Prezident Aparatında millətlərarası münasibətlər məsələlərini kurasiya edir, Milli məsələlər üzrə Dövlət müşaviri olaraq fəaliyyət göstərirdi.

Həmin dövr ölkəmiz üçün son dərəcə mürəkkəb və həssas bir mərhələ idi. Milli münasibətlərdən sui-istifadə edərək gərginlik yaratmaqda maraqlı olanlar da vardı.

O illərdə Hidayət müəllimlə və rəhbərlik etdiyi xidmətlə tez-tez əlaqədə olur və fikir mübadiləsi aparırdıq. O, milli maraqlara söykənən dövlət siyasətinin həyata keçirilməsində həmişə prinsipial mövqe nümayiş etdirirdi. Milli həmrəyliyin, sabitliyin və dövlətçiliyin qorunmasına yönələn addımları dəstəkləyir, çətin məsələlərdə bizə arxa dururdu.

Hidayət müəllim hətta ən kritik məqamlarda belə prinsipial mövqeyindən geri çəkilmirdi. Gərginliyin artmasında maraqlı olan separatçı qrupların deyil, dövlətçilik maraqlarının və milli həmrəyliyin tərəfində dayanırdı.

Onun mövqeyi həmişə aydın idi, milli məsələlərdə hər hansı güzəştdən deyil, dövlət maraqlarından çıxış etmək lazımdır.

Bu gün Hidayət müəllimi məhz dövlət maraqlarına sadiq, milli məsələlərdə prinsipial mövqeyi ilə seçilən bir şəxsiyyət kimi ehtiramla xatırlayıram.

Allah rəhmət eləsin. Məkanı cənnət olsun.

Fərid Pərdəşünas, texnobloger:

- Mən hələ seçmə mərhələdən deyirəm ki, bu Montella məşqçi deyil.

Rumıniya, Kosovo kimi komandaları can azarı ilə, baxımsız və məzmunsuz futbolla udan komanda ilk oyun üçün bundan artıq nəsə edə bilməzdi.

Təkcə Arda Gülərin dəyəri toplam Avstraliya millisindən çoxdur. Kənan, Hakan, Ferdi, Orkun...

Belə komanda ilə rahat və baxımlı oyun oynada bilməyən məşqçi elə “Adana Demirspor” səviyyəsində qalmalı idi.

Komandanın çox böyük potensialı var. Türkiyə tarixində heç vaxt olmadığı qədər ulduz oyunçulara sahibdir. Amma gəl gör ki, Montellanı o qədər şişiriblər ki, hələ buna bir vətəndaşlıq da vermək istəyirlər.

Göz qüsuru olan adamı televizorun qarşısına qoysan, şərhdən bilərdi ki, Kərəmi oyundan çıxarmaq lazımdır. Adı çəkilmir, amma filosof Montella onu 80 dəqiqə meydanda saxlamağı bacardı.

Mənim fikrimcə, Türkiyə bu qrupdan çıxacaq. Ən çətin ssenari də olsa, sonda ABŞ-ni də udub çıxacaqlar, bəlkə bir neçə mərhələ də keçəcəklər. Amma bu, qətiyyən məşqçi uğuru olmayacaq. Merih Montelladan daha yaxşı məşqçilik edər bu komandaya.

Bir sözlə, əsəb, stress, yuxusuzluq.

Zaur Əliyev, professor:

- Tanrının lütfü - İstisu

Sosial mediada və mətbuatda dərc edilən yazılarda qeyd edilir ki, İstisu Çexiyadakı məşhur Karlovı Varı suları ilə bir tutulur. Lakin bu, yanlış fikirdir. Burada tədqiqat aparan kimyaçı alim E.E.Karstinski hesabatında bunu təkzib edir və yazır:

“Kəlbəcər İstisuyu müalicəvi dinamikasına və radioaktiv elementlərin zənginliyinə görə Karlovı Varı sularından qat-qat üstündür”.

1138-ci il sentyabrın 30-da baş verən, tarixin ən kədərli günlərindən biri olan zəlzələ gözəl Gəncə şəhərini dağıtmaqla yanaşı, regionda ciddi coğrafi dəyişiklik yaratmışdır və nəticədə isə Göygöl və Maralgöl yaranmış və eyni zamanda Kəlbəcər ərazisində də yer qabığının dərin çatlarına yol açmış və İstisu bulaqlarının yer üzünə çıxarıb. Lakin bu İstisunun rəsmi tarixi deyil. 1138-ci ildə İstisu yaranmayıb, sadəcə yerin altından püskürüb üzə çıxıb.

Geoloqların araşdırmalarına görə, İstisu əslində yerin altında milyonlarla il əvvəl formalaşmışdı. Tarixin bütün dövrlərində geoloji dəyişiklik zamanı üzə çıxıb, sonra isə yerin altında qalıb.

Qədim insanlar, səyyahlar, burda yaşayan xalqlar İstisudan qismən yararlanırlar. Lakin 1138-ci ildə bu artıq elə bir formaya düşüb ki, insanlar ətrafında məskən salmağa başlayıblar. Ona görə də İstisu bir bulaq olaraq məhz o tarixdən məskunlaşmaya səbəb olub.

Burada yaşayan insanlar İstisuya “Tanrının lütfü” kimi baxıblar.

İstisu rəsmi olaraq ilk dəfə Səfəvi hökmdarı I Şah Abbasın dövründə dövlətin diqqət mərkəzində olub. Məhz buna görə də xalq arasında bura həm də “Şah Abbasın Daş Vannası” deyilir.

Çar Rusiyası dövründə burda araşdırma edən alimlərin hesabatında bu suyun tərkibindəki litium və digər nadir elementlərin bütün dəri xəstəliklərinin dərmanı olması xüsusi qeyd edilib.

1900-cü ildə fransız geoloqları da bura diqqət veriblər, onlar İstisudan nümunələr götürərək Fransaya aparırlar. Laborator analizlərin nəticəsinə elə olur ki, İstisu hüceyrələrin qocalmasını ləngidən və maddələr mübadiləsini tamamilə yeniləmək gücünə malik elementlər ilə zəngindir.

Sovetlər Azərbaycanı işğal edəndən sonra buranın həm turizm, həm də ticarət üçün önəmli bir yer olmasını bilib, burada sanatoriya kompleksinin tikintisi barədə plan hazırlayıblar. Məhz 1925-ci ildən sonra Sovet Azərbaycanı hökumətinə tapşırıq veriblər ki, buranı ümumxalq turizm mərkəzinə çevirsinlər.

Hələ 1926-cı ildə Respublika Ali İqtisad Soveti İstisudakı su mənbələrində istirahət-müalicə tikintiləri aparılması barədə qərar qəbul etmişdi. Lakin gürcü- ermənilər buranı yox, öz ərazilərində olan bulaqları önə çəkərək bir müddət İstisu sanatoriyasının yaradılmasını əngəlləyiblər.

M.C.Bağırovun da xüsusi təzyiqləri ilə burada sanatoriya açılması mümkün olub.

1941-1945-ci illər müharibəsi dövründə Kəlbəcər İstisuyu təkcə istirahət mərkəzi deyil, yaralı əsgərlərin reabilitasiya hospitalı kimi fəaliyyət göstərib.

İlk illər sudoldurma zavodunda mineral suya vurulan karbon qazı Gürcüstanın Rustavi şəhərindən gətirilirdi. 1982-ci ildə azərbaycanlı mühəndislər Salman Babayev və Məmməd Hacıyevin kəşfi Sovet tarixində bir ilkə imza atır. Suyun tərkibindəki təbii karbon qazını elə quyunun başındaca sudan ayırıb, qablaşdırma zamanı yenidənJJun özünə vurdular.

Uzun illər işğal altında olan bu şəfa suyunu ermənilər istismar ediblər və dünyaya sataraq milyonlarla pul əldə ediblər. Lakin 44 günlük müharibə və qazanılan qələbə İstisunu azad edərək öz sahiblərinə geri qaytarıb.

Allah şəhidlərə rəhmət, qazi və veteranlara cansağlığı və ordumuza güc qüvvət versin.

 





19.06.2026    çap et  çap et