Cəmiyyətin gələcəyini müəyyənləşdirən peşələrdən danışarkən ilk yada düşənlərdən biridir müəllimlik. Çünki hər bir həkimin, mühəndisin, alimin, sənətkarın, dövlət xadiminin, hətta müəllimin özünün belə həyatında müəllim izi var. Müəllim yalnız bilik ötürən deyil, həm də şəxsiyyət formalaşdıran, dünyagörüşü yaradan, gələcəyin təməlini qoyan insandır. Buna görə də tarix boyu müəllim peşəsi xüsusi hörmətlə qarşılanıb, "müəllim" sözü etibar və nüfuz anlayışları ilə yanaşı çəkilib.
Lakin zaman dəyişdikcə cəmiyyətin dəyərlər sistemində də müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklər müəllim nüfuzuna münasibətdən də yan keçmir. Bir vaxtlar məktəbə daxil olan müəllimin qarşısında ayağa qalxan, onun sözünü mübahisəsiz qəbul edən şagird modeli tədricən fərqli münasibətlə əvəzlənir. Müasir dövrün informasiya bolluğu, texnoloji imkanları və sosial transformasiyaları müəllim-şagird münasibətlərinə yeni çalarlar gətirib.
Əvvəllər bilik mənbələrinin sayı məhdud idi. Məktəb, kitab və müəllim əsas informasiya qaynağı hesab olunurdu. Bu gün isə bir neçə saniyə ərzində internet vasitəsilə minlərlə məlumat əldə etmək mümkündür. Bəzən bu vəziyyət yanlış olaraq müəllimin rolunun azaldığı təəssüratını yaradır. Halbuki informasiya ilə bilik eyni anlayış deyil. Məlumat əldə etmək asanlaşsa da, həmin məlumatı düzgün seçmək, təhlil və müqayisə etmək, nəticə çıxarmaq bacarığı daha da vacib hala gəlib. Bu məqamda müəllimin funksiyası əvvəlkindən də əhəmiyyətli görünür, ya da ki, görünməlidir. Çünki müəllim artıq təkcə məlumat verən deyil, həm də bir növ üstümüzə yağış kimi yağan informasiya axınında istiqamət göstərən bələdçidir.
Son illər təhsil sahəsində baş verən dəyişikliklər müəllim obrazına baxışı da yeniləyib. Artıq müəllim sinif otağında yalnız dərs izah edən şəxs kimi deyil, öyrənmə prosesini təşkil edən, şagirdin fərdi xüsusiyyətlərini nəzərə alan, onu araşdırmağa və düşünməyə sövq edən mentor kimi qəbul olunur. Bu isə müəllimdən daha çox bilik, çeviklik və peşəkarlıq tələb edir. Belə bir şəraitdə müəllimin nüfuzu həm də göstərdiyi peşəkarlıqdan qaynaqlanır.
Müəllim nüfuzu məsələsində diqqət çəkən məqamlardan biri də cəmiyyətin uğur meyarlarının dəyişməsidir. Bu gün gənclər daha çox maddi imkanı, populyarlığı və sürətli nəticələri ön plana çıxaran nümunələrlə qarşılaşırlar. Sosial şəbəkələrdə qısa müddətdə tanınan şəxslər bəzən uzun illər zəhmət çəkən elm və təhsil adamlarından daha çox görünür, hətta sevilirlər. Belə bir mühitdə müəllimin cəmiyyət üçün əhəmiyyətini yeni nəslə anlatmaq daha da vacib vəzifəyə çevrilir.
Cəmiyyətdə müəllim obrazı nə qədər çox müsbət nümunələr üzərindən təqdim olunarsa, gənclərin bu peşəyə marağı da bir o qədər artar. Təəssüf ki, bəzən təhsil sahəsindəki yüzlərlə uğurlu nümunə diqqətdən kənarda qalır, ayrı-ayrı neqativ hadisələr isə daha çox müzakirə olunur. Halbuki cəmiyyətin inkişafı üçün müəllim əməyinin görünən və görünməyən tərəflərini obyektiv şəkildə qiymətləndirmək vacibdir.
Müəllim nüfuzunun dəyişməsinə təsir edən amillərdən biri də sosial şəbəkələrin həyatımızda tutduğu yerdir. Bu platformalar hər kəsə fikir bildirmək imkanı yaratdığı kimi, bəzən peşə sahiblərinə qarşı əsassız ittihamların və ümumiləşdirmələrin yayılmasına da şərait yaradır. Ayrı-ayrı neqativ halların bütün müəllimlərə aid edilməsi cəmiyyətdə yanlış təsəvvür formalaşdırır. Halbuki ölkəmizdə böyük fədakarlıqla çalışan, şagirdlərinin uğuru üçün şəxsi rahatlığından belə keçən minlərlə müəllim var.
Digər tərəfdən, müəllim nüfuzunun qorunması yalnız cəmiyyətin deyil, təhsil sisteminin də üzərinə düşən vəzifədir. Müəllimin peşəkar inkişafı, sosial rifahı, iş şəraiti və ictimai statusu onun cəmiyyətdəki mövqeyinə birbaşa təsir göstərir. Nüfuz yalnız mənəvi çağırışlarla formalaşmır, həm də müəllimin əməyinə verilən real qiymətlə möhkəmlənir. Gənclərin müəllimlik peşəsinə maraq göstərməsi üçün bu peşənin həm mənəvi, həm də sosial baxımdan cəlbedici olması vacibdir.
Bununla yanaşı, müəllim nüfuzu ailədən də başlayır. Valideynin müəllim haqqında işlətdiyi bir cümlə uşağın həmin peşəyə münasibətini formalaşdıra bilər. Əgər ailədə müəllimə hörmət nümayiş etdirilirsə, bu hörmət məktəb mühitinə də daşınır. Əksinə, müəllimin nüfuzunu sarsıdan münasibət uşaqlarda təhsil prosesinə qarşı məsuliyyət hissinin azalmasına səbəb olur. Təhsil isə müəllim, şagird və valideyn arasında qurulan qarşılıqlı etimad üzərində inkişaf edir.
Müasir dövrdə müəllimdən gözləntilər də artıb. O, yalnız öz fənnini tədris edən şəxs deyil. Psixoloq, məsləhətçi, tərbiyəçi, qoruyucu, bəzən isə şagirdin ən yaxın həmsöhbətinə çevrilməli olur. Bu qədər çoxfunksiyalı missiyanı yerinə yetirmək böyük zəhmət və məsuliyyət tələb edir. Cəmiyyət müəllimdən yüksək nəticələr gözləyirsə, onun əməyini də eyni səviyyədə dəyərləndirməyi bacarmalıdır.
Əslində müəllim nüfuzunun indiki mənzərəsinə baxarkən unutmamalıyıq ki, zaman dəyişsə də, müəllimin missiyası dəyişmir. Texnologiyalar inkişaf edə, tədris metodları yenilənə, informasiya məkanının sərhədləri genişlənə bilər. Lakin insan yetişdirmək məsuliyyəti hələ də müəllimin çiyinlərindədir. Heç bir süni intellekt, heç bir elektron platforma insanın xarakterinə təsir göstərən, ona həyat dərsi verən müəllim amilini tam əvəz edə bilməz.
Bu gün müəllim nüfuzu haqqında danışarkən keçmişə nostalji ilə baxmaqdan daha çox, gələcəyə məsuliyyətlə yanaşmaq lazımdır. Çünki müəllimə verilən dəyər əslində təhsilə, elmə və ölkənin gələcəyinə verilən dəyərin ən böyük göstəricisidir. Cəmiyyət öz müəllimini nə qədər yüksək qiymətləndirirsə, gələcəyini də bir o qədər sağlam və etibarlı qurur.
çap et