525.Az

“Sənətdə ən böyük arzum: alqışımız əskik olmasın!”


 

“Sənətdə ən böyük arzum: <b style="color:red"> alqışımız əskik olmasın!”</b>

Bu il 95 illik yubileyini qeyd edən A.Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının seçilən aktrisalarından biri də Prezident mükafatçısı Səriyyə Mansurovadır. O, yubilyar teatrın aparıcı səhnə ustası, mərhum Əməkdar artist Mansur Mansurovun qızıdır.

Səriyyə xanımla uşaqlıq illəri, Kukla Teatrına gəlişi və yaradıcılığı haqqında geniş söhbət etdik.

 

- Səriyyə xanım, Kukla Teatrı ilə tanışlığınız, şübhəsiz ki, atanız vasitəsi ilə olub. İstərdik müsahibəmizə də elə o illərdən başlayaq. Uşaqlığınızı, Kukla Teatrı ilə tanışlığınızı necə xatırlayırsınız?

- Kukla Teatrı mənim üçün çox doğma bir məkan olub. Bura mənim ikinci ailəm olub. Bəlkə də elə birinci ailəmin daxilində olduğu üçün daha doğma gəlib. Əvvəllər bu gördüyünüz səhnənin (Kukla Teatrının əsas səhnəsi nəzərdə tutulur - Ş.M.) altında bir yer var idi. Kuklalar, içi ləvazimatlarla, dekorlarla dolu sandıqlar orada yerləşirdi. Demək olar ki, orada böyümüşəm. Anam musiqi müəllimi, atam akyor idi. Özüm isə çox nadinc uşaq olmuşam. Həftə içi bağçaya gedirdim, həftə sonları isə evdə qalıb əl-ayağa dolaşmayım deyə, atamla birlikdə teatra gəlirdim (gülür). Burada tamaşaları, onların quruluş prosesini izləyirdim. Beləcə bu mühitdə yoğruldum.

- Bu mühitlə o qədər bütünləşdiniz ki, hətta tələbəlikdən öncə burada çalışmağa başladınız.

- Bəli. Biz məktəbi bitirən il test imtahanları başladı. İlk il olduğu üçün tanışlığımız yox idi, ona görə mən də daxil həmin il imtahan verən çoxları öz istəklərinə nail olmadılar və ikinci il qəbul olduq. Əslində, həmin il qəbul olmuşdum, amma Mədəni Maarif Texnikumuna. Məqsədim isə Mədəniyyət və İncəsənət Universiteti idi. Ona görə də ikinci il təkrar imtahan vermək qərarına gəldim. Bir ilimi isə itirmədim və Kukla Teatrında aktrisa kimi işə başladım. İkinci il də Mədəniyyət və İncəsənət Universitetinə daxil oldum. Artıq tələbəlik illərimdə işləyirdim.

- İlk səhnə təcrübələrinizi necə xatırlayırsınız?

- Uşaqlığımdan aktiv olmuşam. Bütün bağça tədbirlərində mütləq mən çıxış edərdim. Ona görə də səhnəni çox sevirdim. Bildiyiniz kimi, bu günə qədər Universitetdə Kukla aktyoru deyə bir ixtisas yoxdur. Yəni Kukla Teatrının aktyoru nə öyrənirsə, burada, bu səhnədə öyrənir. Baxmayaraq ki, peşəkar aktyorun qızı idim, bütün uşaqlığım bu divarlar arasında keçmişdi, amma yenə də aktrisa kimi hər şeyi səhnədə öyrənişəm. O zaman birgə çalışdığımız ustad sənətkarlar vardı ki, hərəsindən bir şey öyrənə-öyrənə püxtələşmişik. Lazım gəlsə, bu gün də öyrənirəm, öyrənəcəyəm də.

- Atanızın bu sənəti seçməyinizə münasibəti necə idi?

- Qəti şəkildə bu sənəti seçməyimi istəmirdi. Ona görə bu mövzuda heç zaman danışmırdıq. Hətta dostları mənim haqqımda atama müraciətlə “sənin sənətini davam etdirəcək” deyəndə, atam “mən buna heç vaxt imkan vermərəm” deyirdi. Bu söz qulağımda qalmışdı və özüm də bu sənətdən uzaq qaçırdım, o vərəqi bağladığımı düşünürdüm. Amma məktəbin son illərində artıq ixtisas seçimi dövrü gəlib çatanda gördüm ki, yox, məni ürəyim yenə də bu sənətə aparır. Ona görə də atamdan gizlin İncəsənət Universitetini seçdim. Atam qəbul olduğumu da aktyor dostlarından öyrənmişdi. Məni qabiliyyət imtahanına hazırlayan müəllimim mərhum Əməkdar artist Ələkbər Hüseynov olub.

- Kukla Teatrının uşaqların mənəvi, tərbiyəvi inkişafındakı rolunu necə qiymətləndirirsiniz?

- Kukla Teatrı uşaqların lap körpə yaşlarından ilk gəldikləri, ayaq açdıqları teatrdır. Onlar teatr anlayışı ilə ilk dəfə burada tanış olurlar. Kukla Teatrında uşaq yaxşını pisdən, qaranı ağdan, şəri xeyirdən ayırmağı bacarır. Bu teatrın uşaqların həyatında çox böyük rolu var. Bir zamanlar uşaq tamaşaçısı olan mənim, sonralar elə özümün övladımın həyatında bu teatrın çox böyük rolu olub. Hətta bəzən tamaşa sonrası valideynlər yaxınlaşırlar və deyirlər ki, Səriyyə xanım, 30 il qabaq özüm uşaq olanda sizin tamaşalarınıza gəlirdim, indi isə öz övladımı gətirmişəm. Bu, mənim üçün ən böyük sevinc və qürurdur.

- Kukla Teatrında aktyor olmaq digər teatrlarda aktyor olmaqdan nə ilə fərqlənir?

- Mən bu gün səhnəyə çıxıb istənilən fikri istənilən jestlərlə tamaşaçıya çatdıra bilərəm. Amma hər aktyor o fikri kuklaya ötürüb kuklanın vasitəsi ilə tamaşaçıya çatdıra bilməz. Kukla Teatrında insanlar nağıllar aləminə daxil olurlar. Kukla aktyorunun üzərinə düşən əsas məsuliyyət budur ki, o, həmin kuklanı elə canlandırmalıdır, tamaşaçı bu sehrdən kənara çıxmasın. Bəli, Kukla Teatrının aktyoru öz kuklasından arxada qalır, onun siması digər aktyorlar kimi tanınmır. Mənsə bundan bir az kənar olmuşam. Çünki zamanında Azərbaycan Televiziyasında verilişlər aparmışam, aparıcı kimi fəaliyyətim bu gün də davam edir.

- İndiyə qədər canlandırdığınız obrazlar arasında sizə ən doğma və eləcə də ən çətin gələn obraz hansılar olub?

- Obrazlarım arasında ayrı-seçkilik salmaq istəmirəm. Çünki doğulan hər obraz, əllərimdə canlanan hər kukla mənim üçün əzizdir, doğmadır. Axı orada mənim hisslərim, emosiyalarım, zəhmətim var. Öz kuklalarıma o qədər canlı yanaşıram ki, bəzən məşq zamanı onunla söhbət edirəm. Bu, mənim kukla ilə bütünləşməyimə kömək edir. Kuklalarla çətinliyim isə olmayıb, yalnız məsuliyyətim olub. İstəmişəm ki, mənə həvalə olunan hər obrazı layiqincə canlandırım.

- Sizin tamaşaçı auditoriyanız fərqlidir. Uşaqlar üçün oynamaq, onun diqqətini səhnədə saxlamaq, öz kuklanı ona sevdirmək də çətindir, yəqin ki?

- Bəli, çətindir. İndiki zamanda sən səhnədə nə qədər hərəkətdə olmalısan ki, uşağın diqqətini səhnədə saxlaya biləsən. Çünki indi texnologiya, telefon, kompüter dövrüdür və uşaqlar da bunlardan uzaq deyil. Az qala hər şey indi 2-3 yaşlı uşağın əlindəki telefonda var. Bunların fonunda uşaq teatra niyə gəlsin ki? Əgər gəlirsə, deməli, ona elə tamaşa göstərməli, elə səhnə təqdim etməlisən ki, onun diqqətini cəlb edə biləsən. İstər səhnədəki rənglərin canlılığı, musiqinin gözəlliyi, aktyor oyunu - bunların hamısı vacib şərtlərdir.

- Uşaqların reaksiyası aktyor oyununa təsir edirmi?

- Əslində, çox da təsir etmir. Amma bəzən uşaqların reaksiyası ilə aktyor öz oyununu da yönləndirir. Məsələn, “Ağca və yeddi cırtdan” tamaşasında Ağca qarıdan almanı alır ki, yesin. Onda uşaqlar zaldan qışqırırlar ki, “yemə, alma zəhərlidir”. Onda kukla oyunu gedir: yeyim, yeməyim? Hər almanı ağzıma yaxınlaşdıranda uşaqlar qışqırır, “yemə”, mən də almanı geri çəkirəm. Yəni biz bu reaksiyalardan istifadə edirik, interaktivə keçirik. Əgər biz tamaşanı oynarkən uşağın reaksiyasına fikir verməyib, üstündən keçsək, o, bizdən inciyəcək.

- Öncəki nəsillərlə müqayisədə indiki uşaqların Kukla Teatrına marağından razısınızmı?

- Bəli, razıyam. Çünki Kukla Teatrı bu gün də uşaqların tələbatını ödəyə bilir. Onlar da buraya sevə-sevə gəlirlər, öz emosiyalarını gizlətmirlər, sərbəst şəkildə tamaşadakı mahnılara da qoşulurlar, birgə oxuyurlar. Bütün bunlar çox gözəldir.

- Bir kuklanı canlandırmaq üçün hansı texnikalardan, aktyor üsullarından istifadə edirsiniz?

- Kukla cansız taxtadan yaranır. Onu canlandıran aktyordur. Aktyorun ürəyi nə qədər genişdirsə, onu daha gözəl canlandıracaq. Eskizlər hazır olandan sonra hansı aktyorun hansı kuklanı canlandıracağı bəlli olur və biz onda kukla sexinə gedib onun hazırlanması ilə tanış oluruq. Onda əlin quruluşu kimi məsələlər nəzərə alınır. Məsələn, mən digərlərindən fərqli olaraq, solaxayam. Kuklanı sol tərəfdə tutduğum üçün həmişə gedib mexanikasına baxıram ki, mənə rahat olsun.

- Bir obraz üzərində işləyərkən öz xarakterinizdən ona pay verdiyiniz olurmu?

- Şıltaq obrazlarıma öz şıltaqlığımdan pay verirəm. Sakitlik mənlik deyil. Özüm hərəkətli, rəngarəng insan olduğum üçün obrazlarım da daha çox hərəkətli, rəngarəng olurlar.

- 33 illik fəaliyyət dövrünüzdə sizi ən çox təsirləndirən əsər, tamaşa hansı olub?

- Ekzüperinin “Balaca şahzadə” əsərini çox sevmişəm, çox təsirlənmişəm. O əsəri əvvəl oxumamışdım. Tamaşa hazırlananda oxudum və balaca şahzadə məni çox təsirləndirdi. Hər dəfə o tamaşanı oynayanda bütün enerjimi itirirdim. Bir də mənim 40 illik yubileyimlə bağlı hazırlanmış “Gözəl və bədheybət” tamaşasının adını çəkə bilərəm. 10 ildir, o tamaşanı oynayıram və hər dəfə bədheybətin ölüm səhnəsində həqiqətən ağlayıram.

- Bu sənətin sizə öyrətdiyi ən böyük dərs nə olub?

- Rəhmətlik atam hər zaman deyərdi ki, saflığını, dürüstlüyünü, təmizliyini bacardığın qədər qoru. İncəsənət aləmi, teatr sahəsi intriqalar, söz-söhbətlər, qalmaqallar sevən bir yerdir. Amma atam hər zaman onun əksi idi. Ondan aldığım ən böyük örnək bu intriqalara, söz-söhbətlərə qarışmadan kənarda qalmağı bacarmaq olub. Çox şükür ki, sənətdə 33 ili geridə qoyan bir aktrisa kimi buna nail olmuşam. Buna görə də özümlə qürur duyuram.

- Səhnəyə çıxmazdan öncə hansısa özünəməxsus hazırlığınız, ya da bir ritualınız varmı?

- Ritualım yoxdur, amma hazırlıq mütləq olur. Səhnədən öncə kuklama qayğı göstərirəm, onu qucaqlayıram, sığallayıram, onunla enerjimi bölüşürəm. Eyni zamanda tamaşa günlərində sağlamlığımı ciddi şəkildə qoruyuram ki, tamaşa vaxtı problem yaşamayım və gümrah şəkildə səhnəyə çıxım.

- Teatrınızın 95 illik yubileyinə hazırlıqlar necə gedir?

- Hər şey çox gözəl gedir. Qürur duyuram ki, 95 illik tarixin 33 ilində aktrisa kimi mənim də adım var. Eyni zamanda yeni tamaşalar, yeni obrazlar var. Bildiyiniz kimi, mövsümün tamamlanmasına az qalıb, bir az sonra istirahətə gedəcəyik. Amma yeni mövsümdə yeni obrazlarla tamaşaçılarımızın görüşünə gələcəyik. 90 illik yubiley tədbirimizin aparıcısı mən olmuşdum. 95 illik yubileyimizdə də aktyorlara, sənət adamlarına daha çox dəyər verilməsini istəyirəm. Düzdür, o dəyəri görürük, hər zaman bunun üçün dövlətimizə minnətdarıq. Ancaq aktyora verilən əsas dəyər tamaşaçı alqışıdır. Sənətdə ən böyük arzum belədir ki, alqışımız heç vaxt əskik olmasın! 

Şahanə Müşfiq

 





19.06.2026    çap et  çap et