Görkəmli tədqiqatçı, salnaməçi, təzkirəçi, biblioqraf, tərcüməçi, Əməkdar jurnalist Qulam Məmmədli (1897-1994) 1941-1942 və 1944-1946-cı illərdə Cənubi Azərbaycanda olarkən yaranmış tarixi şansdan istifadə edərək Azərbaycan tarixi, ədəbiyyatı, dili və incəsənətinə aid orada əldə etdiyi zəngin materialların bir qismini "Vətən yolunda" və "Şəfəq" jurnallarında, "Azərbaycan" qəzetində çap etdirməyə nail olub. Onun Təbrizdə şeirlərini tapdığı və orada mətbuat səhifələrinə çıxardığı, 1945-ci ildə isə "Seçilmiş əsərləri"ni nəşr etdirdiyi sənətkarlardan biri də görkəmli satirik şair Mirzə Əli Möcüz idi. Q.Məmmədli Bakıya qayıtdıqdan sonra Möcüzün əsərlərini 1980-ci ilədək 5 dəfə irili-xırdalı kitab şəklində çap etdirib.
1979-cu il İran İslam inqilabından sonra yaranan əlverişli şərait Q.Məmmədlinin cənublu ziyalılarla əlaqəsinə geniş imkanlar yaratdı. Həmin ildə Təbrizdə Yəhya Şeyda tərəfindən tərtib olunub nəşr edilən Möcüzün "Tazə və çap olmayan əsərləri" kitabını əldə edən Q.Məmmədli şairin əsərlərinin yeni nəşrini hazırlamaq fikrinə düşdü. 1982-ci ildə onun tərtibi ilə Möcüzün "Əsərləri" "Yazıçı" nəşriyyatı tərəfindən çap edildi. Kitabın çapa hazırlanma ərəfəsində Q.Məmmədlinin tanış olduğu ziyalılardan biri də Cənubi Azərbaycanda məşhur möcüzşünas kimi tanınan Məmmədəli Niqabi idi. Şəbüstər yaxınlığındakı Dizəc Xəlil kəndində anadan olan və orada yaşayan, xüsusi ali təhsil almasa da, şəxsi mütaliə nəticəsində Azərbaycan ədəbiyyatı və tarixini dərindən öyrənən M.Niqabi "Simayi-Dizəc Xəlil" adlı kitabın müəllifi, "Uşaq nağılları" (Təbriz, 1978), "Azərbaycan bayatıları" (Təbriz, 1979), "Uşaqların bağçasında qönçələr" (Təbriz, 1979), "Aşıq Xəstə Qasım" (Təbriz, 1979), "Həsən və Məhbubə nağılı" (Ə.Şəriətidən tərcümə, Təbriz, 1979) kimi kitabların isə tərtibçisidir.
M.Niqabinin şəxsi arxivində Q.Məmmədlinin ona yazdığı 9 məktub saxlanılır. 2008-ci ildə Dizəc Xəlil kəndində M.Niqabinin evində qonaq olarkən o, bu məktubların surətini bizə hədiyyə etdi.
Əski əlifba ilə yazılıb Bakıdan göndərilən bu məktubların hər birinin üzərində ayrıca şəkildə dayanmağı məqsədəuyğun hesab edirik:
15 oktyabr 1979-cu il tarixli məktub
Q.Məmmədli M.Niqabinin ünvanını professor Abbas Zamanovdan aldığını qeyd etdikdən sonra məlumat verir ki, o, 1945-ci ildə Təbrizdə Möcüzün "Seçilmiş əsərləri"ni çap etdirib. Bir neçə il əvvəl isə şairin Təbrizdə ikinci dəfə çap olunan kitabını gördüyünü ona bildirir.
Məktubda Y.Şeydanın çap etdirdiyi Möcüzün "Tazə və çap olmayan əsərləri" kitabına da işarə edilir. Q.Məmmədli yazır: "Əgər bu xəbər doğrudursa, Sizdən xahiş edirim mənim bu məktubumu Yəhya Şeyda cənablarına oxuyasız və mənim adresimi ona verəsiz. Ona deyin ki, məktubu yazan Qulam Məmmədli Şeşkilanidir. Çox arzu edir ki, Sizdən bir məktub alsın".

Q.Məmmədli bu məktubunda möcüzşünaslıq üçün son dərəcədə əhəmiyyətli bir məsələyə də toxunur: "Mənim eşitdiyimə görə, guya bir nəfər şəbüstərli gedib Şahruda, orada Möcüzün sümüklərini çıxardıb gətirib Şəbüstərdə Şeyx Mahmud Şəbüstərinin məqbərəsi ətrafında basdırıbdır. Əgər bu xəbər doğrudursa, onun həqiqətini etibarlı yerdən bilib mənə yazsanız, Sizə minnətdar olaram".
Məktubun son abzasında Q.Məmmədli Möcüzün "Külliyyatı"nı (1982-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən çap olunacaq M.Ə.Möcüzün "Əsərləri"nə işarə olunur - F.X.) çapa hazırlaması haqqında M.Niqabiyə məlumat verir.
14 dekabr 1979-cu il tarixli məktub
Bu məktubun əvvəlində Q.Məmmədlinin M.Niqabidən cavab məktubu alması və onların əlaqələrinin tez bir zamanda əməli müstəviyə keçməsi bəlli olur: "Siz istədiyiniz kitablar barəsində mən çalışaram... Mənə göndərdiyiniz kitabları hənuz almamışam. Alan kimi xəbər verərəm".
Məktubun Möcüzə aid hissəsində yazılır: "Keçən məktubumda yazdığım kimi, Mirzə Əli Möcüzün sümüklərinin Şəbüstərdə basdırılması məsələsi... onun tərcümeyi-halını yazmaqda mühüm bir hadisədir.
Mən hal-hazırda Möcüzün "Külliyyat"ını təbə hazırlayıram. Ağayi Yəhya Şeydanın təb etdirdiyi Möcüzün üçüncü təbi məndə vardır. Onsuz da mən Təbrizdən gələndə şairin bir çox şeirlərinin surətini Hacı Məhəmməd ağa Naxçıvanidən aldığım şeirlərdən yazıb götürmüşəm. Şeyda cənablarının çap etdirdiyi kitabdakı şeirlərin təqribən otuzu məndə var idi. Olmayanları oradan götürəcəyəm və külliyyata daxil olacaqdır". Sonra Q.Məmmədli əvvəlki iki məktubunda M.Niqabidən məlumat almaq istədiyi "Möcüzün sümükləri" məsələsi ilə əlaqədar onun sorğusuna cavab olaraq yazır: "Siz soruşduğunuz Qurbanəli Məmmədzadə Bakıda yaşayır. Bir müddət xətti kitablar arxivində (o vaxtkı Azərbaycan Respublika Əlyazmalar Fondu nəzərdə tutulur - F.X.) işləyirdi. Onun qardaşı Bağır Məmmədzadə də Şurəvidədir. O, bu hadisəni qardaşı Qurbanəliyə danışıb və deyib. Möcüzün sümüklərini Şahrudda Şəbüstərə gətirən həmin bu adamdır".
Məktubun sonunda Q.Məmmədli Möcüzün çapa hazırladığı kitabının vəziyyəti haqqında məlumat verir və M.Niqabidən xahiş edir ki, şairin "Be mən Tartən Hacı quyəd" və "O gün ki Möcəm və Əbvab xarü zar oldu" misrası ilə başlayan şeirlərinin fotosurətini ona göndərsin.
Qayıdaq Möcüzün cənazəsinin qalıqlarının Şahruddan Şəbüstərə aparılması məsələsinin üzərinə.
Əvvəla, qeyd edək ki, o, 61 illik həyatının son bir ilini anadan olduğu Şəbüstər qəsəbəsindən xeyli uzaqda - İranın şimalında yerləşən Şahrud şəhərində yaşayıb. Özünün yazdığına görə, Şəbüstərdə ona qarşı "müharibə elan edən" mürtəce qüvvələrlə "26 il vuruşub", sonra bacanağı Xəlil Möhdəvi Nadirin dəvətilə Şahruda köçüb, nisbətən sakit həyat sürüb. Şair 1934-cü ildə Şahrudda vəfat edib.
Q.Məmmədlinin dəfələrlə M.Niqabidən Möcüzün "sümüklərinin Şəbüstərə aparılmasının" təfsilatını öyrənməyi xahiş etməsi nəticəsiz qalmayıb. Uzun araşdırmalardan sonra əldə etdiyi məlumatları dəqiqləşdirmək üçün M.Niqabi Möcüzün məzarının yerini müəyyənləşdirmək üçün 5 sentyabr 1988-ci ildə Şahruda gedib və şairin baldızı oğlu Yusif xan Möhdəvi Nadirlə görüşərək öyrənib ki, Möcüz Şahrudun "Köhnə məzar" qəbiristanlığında dəfn olunub. Lakin 1960-cı illərdə şəbüstərli həmyerliləri onun cənazəsinin qalıqlarını çıxararaq Şəbüstərə aparıblar. Əldə olan digər faktlar bu məlumatın nəinki doğru olduğunu təsdiq edir, həm də şairin məzarının Şəbüstərə köçürülməsinin tam təfsilatını əks etdirir:
Hazırda Şəbüstərdə Möcüzün cənazəsinin qalıqları dəfn edilən yer gizli saxlanılır. Bunun səbəbi şairin vaxtilə ifşa etdiyi bəzi tiplərin indi müəyyən nüfuz sahibi olan övladlarının qəbir üzərində təhqiredici hərəkətlərə yol verəcəklərindən ehtiyat edilməsidir. Bu fikri bizə 1990-cı ilin avqustunda Şəbüstərdə evində qonaq olduğumuz prof. M.T.Zehtabi deyib.
20 may 1980-ci il tarixli məktub
"Şəbüstərdən aldığınız ümumi mənzərələrə və Şeyx Mahmud Şəbüstəri məqbərəsi fotosu məni çox məmnun etdi. Bu iki foto mütləq Mirzə Əli Möcüzün "Külliyyat"ı kitabına daxil olacaq və onlar oxucular üçün yeni bir hədiyyə olacaqdır". Məktubda Möcüzlə bağlı bundan başqa bir şey yazılmayıb. Adı çəkilən fotolara gəldikdə isə onların heç biri Mıcüzün "Əsərləri"nə (1982) daxil edilməyib.
10 iyul 1980-ci il tarixli məktub
Q.Məmmədli Möcüzün Təbrizdə "Behruz" nəşriyyatı tərəfindən çap olunan "dördüncü çapına" görə M.Niqabiyə təşəkkürünü bildirir. Sonra bir daha xatırladır ki: "Mən Təbrizdə olanda mərhum Hacı Məhəmməd ağa özündə saxladığı Möcüzün bir bağlama şeirlərini mənə oxumağa, istifadə etməyə vermişdi. Mən Təbrizdə birinci dəfə Möcüzün "Seçilmiş əsərləri"ni çap etdirəndə haman bağlamadan istifadə etdim və bir çox şeirlərinin surətini götürüb Bakıya gətirdim".
Məktubun sonunda Q.Məmmədli Y.Şeydanın çap etdirdiyi Möcüzün "Tazə və çap olmayan şeirləri" kitabının da çatdığını bildirir.
Bu kitablar əlinə çatandan az sonra Q.Məmmədli "Bakı" qəzetinin 31 iyul 1980-ci il tarixli nömrəsində onlar haqqında oxuculara məlumat verib və belə qənaətə gəlib: "Görünür ki, Möcüz Azərbaycan ədəbiyyatının ölməz söz ustalarından biri kimi daim yaşayacaqdır". Q.Məmmədlinin Möcüzü bu cür yüksək qiymətləndirməsi M.Miqabi üçün yeni fikir deyildi. Çünki o, Q.Məmmədlinin hələ 27 yanvar 1980-ci il tarixli məktubundan oxumuşdu ki: "Möcüzün Azərbaycan mühitində və ədəbiyyatında meydana gəlməsi həqiqətən bir möcüz hadisədir. Sizi inandırıram, bir o qədər keçməz ki, Möcüz dünya xalqları ədəbiyyatında çox ali yer tutar. Bunu zaman və tarix göstərəcəkdir. Ona görə də ondan qalan hər bir şey - məktub, şeir, siz yazan kimi pərdi üzərinə yazılmış tarix və bir parça kağız tarixi mədrək və sənəd kimi saxlanmalıdır".
Məktubda "pərdi üzərinə yazılmış tarix" sözlərinin şərhi üzərində də dayanmaq istərdik.
Möcüzün Şəbüstərdə yaşadığı Sisbəy məhəlləsində yerləşən bir balaxana, bir qəhvəxana və iki otaqdan ibarət olan evi bu gün də qalmaqdadır. Biz 2000 və 2002-ci illərdə Şəbüstərə səfərimiz zamanı həmin evdə olmuş və onun tavanındakı pərdilərə yazılmış naqis şəkildə olsa da, günümüzədək gəlib çatan Quran ayələrindən nümunələr, "Qəm məxor, cana, ke, qəm xorəd..." ("Qəm yemə, cana, ki, qəm yeyər...") misrası ilə başlayan şeir parçası və 1309 rəqəmini görmüşük (Həmin pərdilərin bizim tərəfimizdən çəkilən fotoşəkli və video çəkilişi şəxsi arxivimizdə saxlanılır - F.X.). Sonralar Möcüzün evini satın alıb orada yaşayan Mahmud ağa Şəmaylinin 2002-ci ildə Şəbüstərdə bizə verdiyi məlumata görə, o, tavanda və pəncərələrdə üzəri yazılı olan digər taxta parçalarını təmir zamanı söküb saxlayıbmış. Heç kim bunlara əhəmiyyət vermədiyi üçün sonralar onlardan təsərrüfat işləri üçün istifadə olunubdur.
22 avqust 1980-ci il tarixli məktub
Bu məktubdan aydın olur ki, M.Niqabi Q.Məmmədliyə "bir-birindən qiymətli olan sovqatlar" göndəribdir. Bunların içərisində Möcüz Şəbüstəriyə aid olan fotoşəkillər və 1945-ci ildə Q.Məmmədlinin Şəbüstərdə kollektivlə birlikdə çəkilmiş fotoşəklin olması məktubda xüsusilə vurğulanır. Q.Məmmədlinin şəkilə verdiyi izahatdan müəyyənləşdirmək olur ki, həmin fotoşəkil Təbrizdə təşkil olunan "Şairlər məclisi"nin üzvlərinin 1945-ci ilin oktyabr ayında Möcüzün vətəni Şəbüstərə səfəri zamanı çəkilib və ilk dəfə "Şairlər məclisi" toplusunun həmin ildə çıxan 3-4-cü nömrəsində dərc edilib. Q.Məmmədlinin bu fotoşəkildə əksi görünən şəxslər haqqında verdiyi məlumat çox əhəmiyyətlidir.
7 yanvar 1982-ci il tarixli məktub
"Səndən də məktub gələrmiş" cümləsi ilə başlayan məktubdan aydın olur ki, Q.Məmmədli ilə M.Niqabi arasındakı yazışmalara 16 ay fasilə verilib, nəhayət, bu "durğunluğu" M.Niqabi aradan qaldırıb.
Ona cavab məktubunda Q.Məmmədli bildirir ki, Möcüzün "Külliyyat"ını hazırlayıb nəşriyyata vermişdir. "O ki qaldı Sizin Möcüz barədə çalışmanız bu, vacib məsələdir... Elə etmək lazımdır ki, bir vaxt oxunması qadağan olan Möcüzün əsərləri dillər əzbəri olsun".
Q.Məmmədlinin M.Niqabiyə yazdığı məktublarda həm Şimali, həm də Cənubi Azərbaycanın ədəbi-mədəni mühiti, ziyalıları, kitab və əlyazmaları haqqında da maraqlı məlumatlar vardır.
Nəticə olaraq deyə bilərik ki, M.Niqabiyə yazdığı məktublar təkcə möcüzşünaslıqda qaranlıq qalan bəzi məsələləri aydınlaşdırmaq üçün yox, həm də ədəbi-mədəni əlaqələri öyrənən ədəbiyyatşünaslarımız üçün qiymətli mənbələrdən biridir.
çap et