525.Az

Yaza bilmədiyim kitaba ön söz - Vilayət Quliyev yazır


 

Yaza bilmədiyim kitaba ön söz - <b style="color:red"> Vilayət Quliyev yazır</b>

İyunun 10-da Riqada, 1868-ci ildən bəri fəaliyyət göstərən Latış Cəmiyyətinin binasında azərbaycanlı araşdırmaçı Nigar Sultanovanın ingilis və latış dillərində nəşr olunmuş “Latviya və Azərbaycan: Həyat hekayələrindən üzə çıxan tarix” kitabının təqdimatı keçirildi. Məsafənin uzaqlığına baxmayaraq, ön söz yazdığım bu əsərin həqiqətən də bir dostluq və mədəniyyət bayramına çevrilən təqdimat mərasimində böyük məmnuniyyətlə iştirak və çıxış etdim. Nigar xanım zəngin fakt və materiallara əsaslanan yeni kitabını ingiliscə qələmə alıb. Sonra isə özü yaxşı yiyələndiyi latış dilinə çevirib. Diplomatik korpusun təmsilçiləri ilə bir sırada Latviyanın tanınmış ziyalılarının, elm və mədəniyyət xadimlərinin, sənət adamlarının iştirak etdiyi təqdimat zamanı da müəllif asanlıqla bir dildən digərinə keçərək ingilis və latış dillərində əsər üzərindəki işi, axtarış və tapıntıları ilə bağlı ətraflı məlumat verdi. Əminliklə demək olar ki, mərasim yalnız bir kitabın deyil, əsrlər boyu öz torpağında müxtəlif dinlərə, dillərə, xalqlara, ədəbiyyat və mədəniyyətlərə səxavət və ürək genişliyi ilə yer verən çağdaş, tolerant Vətənimizin - Azərbaycanın (eləcə də Latviyanın!) yaddaqalan təqdimatı idi.

Kitabda ingilis və latış dillərində çap olunan ön sözün Azərbaycan variantını müəyyən dəyişiklik və əlavələrlə “525-ci qəzet”in oxucularına təqdim edirəm.

P.S. Sadəcə bir cəhəti qeyd etmədən keçə bilmərəm. Bu da latışların kitaba, yaradıcı şəxsə, yazıçı və alimə olan yüksək hörməti, ehtiramıdır. Təbii ki, Latviyada da sosial şəbəkələr var, İnternetin sürəti də kifayət qədər böyükdür. Amma həyatımızı silkələyən keyfiyyət dəyişikliyi kitaba, yazılı sözə olan məhəbbət və bağlılığı azaltmayıb. Adamların çıxışlara necə diqqət və maraqla qulaq asdığını, müəllifdən avtoqraflı kitab almaq üçün necə səbirlə dayanıb növbə gözlədiyini, imzalı kitabı əlinə götürərkən necə sevindiyini və məmnun qaldığını müşahidə etmək son dərəcə xoş, ürəkaçan mənzərə idi.

 

Uzaq 1978-ci ildə Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasına imtahan verirdim. Ədəbi əlaqələr sahəsini seçmişdim. Məqsəd aspirantlıq dövrünü Baltikyanı respublikaların birində keçirmək, bu müddət ərzində yerli dili öyrənib  həmin xalqın Azərbaycanla ədəbi-mədəni əlaqələrinə dair elmi iş yazmaq idi. Daha uzaq gələcəklə bağlı planım isə artıq lazımi səviyyədə yiyələndiyim həmin dildən azərbaycancaya bədii tərcümələr etmək, ölkə və xalqlarımızı, ədəbiyyat və mədəniyyətlərimizi biri-birinə yaxından tanıtmaq idi.

İnstitutda belə təcrübə vardı. 1970-ci illərin əvvəlində indi artıq həyatda olmayan görkəmli ədəbiyyatşünas alim, professor  Vaqif Arzumanov aspirant kimi 3 illiyinə Litva EA-nın Ədəbiyyat və Dil İnstitutuna ezam olunmuşdu. Vilnüsdə qaldığı müddət ərzində Litva dilini öyrənmiş, Azərbaycan-Litva ədəbi əlaqələri mövzusunda dissertasiya işi müdafiə etmişdi. Ölkəmizdə bu xalqın dil, ədəbiyyat və mədəniyyəti üzrə ilk və yeganə mütəxəssis sayılırdı. Mənim də oxşar yol seçmək niyyətində olduğumu bilib həvəsləndirdi. Baltikyanı ölkələrin o dövrdə əl çatan həqiqi Avropa olduğunu dedi.

İmtahanları uğurla verib aspiranturaya qəbul olunsam da, istəyimə yetişə bilmədim. Çünki Akademiyaya yer məqsədli aspirantura üçün ayrılmamışdı. İddiaçının başqa respublikaya göndərilməsi nəzərdə tutulmamışdı. Bundan ötəri göndərən və qəbul edən tərəflərin qarşılıqlı razılığı, planlaşdırma zamanı hər şeyin əvvəlcədən nəzərdə tutulması və s. tələb olunurdu. Bürokratik əngəlləri aşmaq üçünsə universiteti yeni bitirmiş bir gəncin istəyi, xəyalında yaşatdığı arzu qətiyyən yetərli deyildi.

Az qala yarım əsrlik tarixi olan bu hadisəni niyə xatırladım? İzah edim.

Diplomat həmkarım, Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov zəng vurub xanımı Nigar Sultanovanın ingilis dilində qələmə aldığı, sonradan isə özünün latış dilinə çevirdiyi, hazırda Riqanın aparıcı nəşriyyat evlərindən birində çapa hazırlanan “Latviya-Azərbaycan: Həyat hekayələrindən üzə çıxan tarix” (“Latvia and Azerbaijan: History Unfolded Through Life Stories”// “Latvija un Azerbaidzana Vesture dzivesstastos”) kitabını nəzərdən keçirib fikir bildirməyi, lazımlı saydığım məqamlarla bağlı mütəxəssis məsləhəti verməyi, imkan olsa, kiçik bir ön söz yazmağı xahiş etdi. Təbii ki, məmnuniyyətlə razılaşdım.

Nigar xanımın layihə rəhbəri kimi Latviya universitetinin Humanitar Elmlər fakültəsinin Asiya Tədqiqatları Departamentinin başçısı, professor Kaspar Klavinş (yeri gəlmişkən, K.Klavinş də təqdimatına toplandığımız kitaba ümumləşdirici-fəlsəfi mahiyyətli ön söz yazıb) və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ İrsini Araşdırma Mərkəzi”nin rəhbəri, professor Elçin Əhmədovla birlikdə hazırlayıb 2022-ci ildə Riqada nəşr etdikləri “Şuşa. Azərbaycanın incisi” (“Şuşa Azerbaidzanas perle”) kitabının ilkin variantı ilə tanış idim. Milli mədəniyyət tariximizdə Şuşanın yeri və rolu haqqında dolğun təəssürat yaradan bu ensiklopedik nəşr Azərbaycan əsgərinin qeyri-adi qəhrəmanlıq və fədakarlıq sayəsində azad etdiyi, otuz ilə yaxın müddət ərzində arzularımızın şəhəri kimi ürəyimizdə yaşatdığımız Şuşa haqqında təkcə Baltikyanı ölkələrdə deyil, Avropa miqyasında ilk tanıtım və təqdimatlarından biri idi.

Daha sonra Nigar xanımın  orijinaldan tərcüməsində (səhv etmirəmsə, bu, ümumiyyətlə latış dilindən azərbaycancaya İLK bədii tərcümə faktıdır) XX əsr Latviya ədəbiyyatının görkəmli nümayəndəsi, həyatının müəyyən dövrü ölkəmizlə bağlı olan yazıçı və rəssam Yanis Yaunsudrabinşin (1877-1962) Bakıda, TEAS Pres Nəşriyyat evində çap olunan “Ölüm rəqsi” romanını oxumuşdum. Təbii ki, bu dəfə də şərti desək, əlyazma, yaxud ilkin elektron versiyada...

Artıq bizim oxucuların da tanış olmaq imkanı qazandığı bu əsər ötən əsr latış ədəbiyyatının diqqətəlayiq nümunələrindən kimi həm ədəbi-bədii, həm də tarixi cəhətdən qiymətlidir. Amma onu bizim üçün qiymətli və əhəmiyyətli edən həm də Azərbaycan mövzusunda yazılması, hadisələrin Bakıda cərəyan etməsidir. Romanla tanışlıq sayəsində XX əsrin əvvəllərində dünyanın “neft paytaxtı” kimi şöhrət qazanan, onlarla kitabın, tablonun, filmin mövzusuna çevrilən doğma Bakıya həm də dost latış müəllifin, latış ədəbiyyatının gözü ilə baxmaq imkanı qazanmışıq. Ən əsası isə  müəllif və əsəri Şərq ekzotikasından, oxucunu təəccübləndirmək, yaxud heyrətləndirmək hissindən uzaqdır. Əsas yeri real həyat lövhələri, gerçək hadisələr və insanlar tuturlar. Azərbaycan oxucusunun latış ədəbiyyatının məhz belə bir nümunəsi ilə tanış olmasında təbii ki, Nigar xanımın seçimi, zəngin latış nəsrində məhz bu əsərə diqqət yetirməsi, onu böyük məsuliyyət və məhəbbətlə dilimizə çevirməsi - bir sözlə, ədəbi bələdçiliyi mühüm rol oynayıb.

Yuxarıda qeyd etdiyim kimi, gənclik illərində özüm də Azərbaycanda hələ tanınmayan bir dilin, mədəniyyətin bələdçisi olmaq fikrinə düşdüyüm üçün hər üç nəşr, xüsusilə də tədqiqat və araşdırma xarakterli “Latviya və Azərbaycan: Həyat hekayələrindən üzə çıxan tarix” kitabı mənə daha maraqlı, daha əhəmiyyətli göründü. Bəlkə də bir vaxtlar yazmaq niyyətində olduğum, amma yaza bilmədiyim kitabın proobrazı, analoqu olduğuna görə...

Çox şadam ki, Nigar xanımın ərsəyə gətirdiyi maraqlı və lazımlı  kitablar Azərbaycanı Latviya, Latviyanı isə Azərbaycan üçün terra inkoqnita - naməlum torpaq, bilinməyən yer olmaqdan xilas edib. Sistemli, səmərəli, inadkar axtarışlar nəticəsində  aşkara  çıxarılan, xronoloji ardıcıllıqla konkret mövzular və vahid konsepsiya ətrafında birləşdirən  yeni fakt və sənədlər xalqlarımız arasındakı ədəbi-mədəni və ictimai-siyasi əlaqələrin dolğun mənzərəsini yaradıb. Haqqında söz gedən proseslərin cərəyan etdiyi dövrdə - yəni yüz il əvvəl orta statistik latış üçün Bakı yalnız neftlə assosiasiya doğururdu. Bizdə isə yəqin yalnız ziyalı təbəqə Riqanı azərbaycanlı gənclərin də ali təhsil aldığı məşhur Politexnik institut və musiqi sənətimizin qorunmasına əvəzsiz töhfə verən səsyazma studiyası ilə tanıyırdı. Həm də eyni vəziyyət yalnız 1920-1930-cu illər deyil, bizim günlər üçün də səciyyəvi hal sayıla bilərdi. Gerçək mənzərənin zənginliyinə rəğmən, məsələdən xəbərdar olanların sayı o zaman da, indi də çox deyildi. Ona görə də “Latviya və Azərbaycan. Həyat hekayələrindən üzə çıxan tarix” kitabında qarşılıqlı ədəbi-mədəni əlaqələrlə bağlı əksini tapan çoxsaylı fakt və sənədlərin, ad və hadisələrin əksər qismi tək Azərbaycan deyil, latış ədəbi-elmi və ictimai fikri üçün də yenidir.

Nigar Sultanovanın adını çəkdiyim üç kitabı son bir neçə ildə onun asandan çətinə, sadədən mürəkkəbə doğru keçdiyi yolun mərhələlərini qanunauyğun şəkildə əks etdirir. Təbii ki, mövcud materiallar əsasında hər hansı mövzuda kitab tərtib etmək üçün səriştə və təcrübə tələb olunsa da, ilkin sənəd və qaynaqlara bələdlik işin öhdəsindən asanlıqla gəlməyə imkan verir. Tərcümə yüksək bədii zövq, peşəkarlıq, hər iki dilə bələdlik, intuisiya hissi tələb edir. Amma istənilən halda “ikinci müəllifin” əlinin altında hazır mətn olur. Məsələ sadəcə onu başqa dilə mümkün qədər əslinə və bədiiliyin tələblərinə uyğun şəkildə çevirməkdir. Orijinal tədqiqat əsərində isə mətni müəllif özü yaradır. Onun elmi dəyəri, yeniliyi üçün məsuliyyət daşıyır. Bu məqsədlə faktlar toplayır, sistemləşdirir, vahid ideya ətrafında birləşdirir. Mübahisəli məsələlərə, polemik məqamlara aydınlıq gətirir. Naməlumluqların üzərindən sirr pərdəsini qaldırır. “Latviya-Azərbaycan: Həyat hekayələrindən üzə çıxan tarix” əsərində sadalanan vəzifələrin öhdəsindən uğurla gəlinib.

Vaxtı ilə Polşa-Azərbaycan əlaqələrini, xüsusən də ölkəmizdəki mütəşəkkil polyak icmasının və Polşa-Litva tatarlarının fəaliyyətini araşdıran, bu mövzuda Varşavada və Bakıda bir neçə kitab çap etdirən araşdırmaçı kimi etiraf edə bilərəm ki, Nigar Sultanovanın əsəri ilə tanışlıq məndə Azərbaycanla əlaqələrin intensivliyi, nüfuz dərinliyi və əhatəliliyi baxımından latışların Avropa xalqları arasında almanlara və polyaklara həqiqi layiqli “rəqib” olmaları təəssüratını yaratdı. Təbii ki, söhbət ölkəmizə dost münasibət bəsləmək, onu imkan dairəsində tanıtmaq, xalqları və mədəniyyətləri bir araya gətirmək baxımından görülən işlərdəki yarış və “rəqabətdən” gedir. Onu da əminliklə demək olar ki, polyaklar kimi latışlar da ölkəmizə istismarçı-istehlakçı, yaxud din mübəlliği, missioner kimi gəlməmişdilər. Onların əksər qismi üçün Bakı daha çox “çörəkli şəhər”, tolerant yer, Şərq və Qərb mədəniyyətlərinin kəsişmə nöqtəsi kimi cəlbedici olmuşdu. Eyni zamanda yalnız nə isə almaq, istehlak etmək düşüncəsində olmamışdılar. Həm də şəhərimizin çoxsəsliliyinə, polifonikliyinə öz səslərini, sözlərini qatmağa çalışırmışlar. Üstəlik, Bakı üçün müxtəlif sahələrdə işgüzar, doğru-dürüst, imperiya ambisiyalarından və millətçilikdən uzaq mütəxəssislər kimi xüsusi dəyər qazanmışdılar.

Kitabın əvvəlində iki xalqın qədim tarixinə qısa ekskurs edilir. Xüsusi ilə Rusiya imperiyasının tərkibində yaşadıqları dövrdə məsafə uzaqlığına, mədəniyyət və dil fərqinə baxmayaraq, azərbaycanlılarla latışları yaxınlaşdıran yeni şərait və imkanlara diqqət yetirilir. Çarizmin süqutundan sonra milli müstəqillik uğrunda əlbir fəaliyyətin müxtəsər tarixçəsi nəzərdən keçirilir. Bu mənada, Latviyanın yeni siyasi tarixinə dair maraqlı bir sənəd - Paris sülh konfransındakı Azərbaycan nümayəndə heyətinin sədri Ə.Topçubaşovun (1863-1934) dost ölkənin dövlət müstəqilliyinin konfransın Ali Şurası tərəfindən de-yure tanınması münasibəti ilə göndərdiyi 28 yanvar 1921-ci il tarixli teleqram diqqətimi çəkdi.

Etiraf edim ki, görkəmli tarixçi alim və diplomat Həsən Həsənovla birlikdə Cümhuriyyət qurucularından birinin - Əlimərdan bəy Topçubaşovun “Seçilmiş əsərləri”nin 4 cildliyini (2015-2116, rus dilində) çapa hazırladığımız zaman faktdan xəbərimiz olsa da, sənədin surəti əlimizdə deyildi. Birinci Azərbaycan Respublikasının bolşevik işğalına uğramasına rəğmən, əsarətdən xilas olmağı bacaran dost Latviyanın uğuruna sevinməsi nəcib, eyni zamanda gələcəyə inam ifadə edən bir akt idi. Çünki dünyanın yeni siyasi xəritəsini cızan sülh konfransında milli dövlətçilik uğrunda birgə mübarizə aparmışdılar. Nigar xanımın təqdim etdiyi teleqram mətni Ə.Topçubaşovun artıq Azərbaycan nəşrini başa çatdırmaq olduğumuz külliyyatının 4-cildinə daxil olunub.

Təmsil etdikləri xalqların müstəqillik haqqının tanınması tələbi ilə konfransın Ali Şurasına verilən 17 iyun 1919-cu il tarixli notanı Azərbaycan nümayəndəsi Ə.Topçubaşovla Latviya təmsilçisi Z.A.Meerovitslə (1887-1925) birgə imzalamışdı. Digər mühüm bir kollektiv sənəddə - Rusiya əsarətindən xilas olmuş xalqların nümayəndə heyətləri rəhbərlərinin  konfransın sədri, Fransa Baş naziri J.Klemansoya ünvanladıqları 8 oktyabr 1919-cu il tarixli bəyannamədə də Ə.Topçubaşovla Latviya nümayəndəsi Y.Seskisin (1877-1943, sonralar ölkəsinin xarici işlər naziri - V.Q.) imzaları yan-yana dayanırdı. Bu siyasi həmrəyliyin əsasında heç şübhəsiz, azadlıq və müstəqilik tələbi ilə bir sırada iki xalqın həm də onilliklər boyu mədəni-mənəvi tellərlə, insan taleləri ilə biri-birinə bağlanması amili dayanırdı.

Vaxtı ilə akademik M.P.Pavlov yazırdı ki, fakt alim üçün hava və su kimi vacibdir. Nigar Sultanovanın kitabı faktoloji mənzərənin genişliyi və universallığı baxımından seçilir. Həm də söhbət açıq mənbələrdən götürülmüş faktlardan deyil,  əksəriyyətini ilkin mənbə və arxiv sənədləri ilə diqqətli, peşəkar iş nəticəsində tədqiqatçının özünün aşkara çıxardığı və elmi dövriyyəyə daxil etdiyi faktlardan gedir. Doğrusu, Nigar xanımın kitabı ilə tanış olana qədər XX əsrin əvvəlində Bakıda və ölkəmizin digər guşələrində latış icmasının bu qədər mobil, dinamik fəaliyyəti, ədəbi-mədəni həyatın, elmin, iqtisadiyyatın, idarəçiliyin ən müxtəlif sahələrinə belə dərindən, hərtərəfli şəkildə nüfuz etməsi haqda yetərincə məlumatım yox idi.

1906-cı ildə təsis olunan Bakı Latviya cəmiyyəti (heç şübhəsiz, bəhs etdiyimiz kitabın nəşri bu il quruluşunun 120 illiyini qeyd edən Cəmiyyətin yubileyinə qiymətli töhfədir), Latviya Xeyriyyə Cəmiyyəti, Latviya Fəhlələri İttifaqı, Latviya klubu kimi qurumların sərbəst fəaliyyəti, məşhur İsmailiyyə sarayında, Lüteran kilsəsində, şəhərin digər  ictimai toplantı yerlərində təşkil olunan teatr tamaşaları, müsamirələr, müzakirə və diskussiyalar, konsert və xeyriyyə axşamları latış icmasının Bakıda özünü kifayət qədər rahat, sərbəst, az qala öz evindəki kimi hiss etdiyini göstərir. Eyni zamanda məhz belə dostanə münasibət nəticəsinə icma nümayəndələrinin necə deyərlər, yalnız öz qınına çəkilmədiyini, yerli xalqla hər vasitə ilə əlaqə qurmağa, onun dil və mədəniyyətini, adət-ənənələrini öyrənməyə çalışdığını ortaya qoyur, azərbaycanlıların mərdlik, nəciblik, qonaqpərvərlik, dini dözümlülük hisslərinə böyük dəyər verdiyini sübut edir. Xüsusilə Birinci Dünya müharibəsinin başlanması nəticəsində hərbi əməliyyatlar zonasında qalan latış əhalinin bir qisminin Bakıya üz tutması ilk növbədə illərlə burada yaşayan, artıq Azərbaycanı özlərinə ikinci vətən sayan soydaşlardan alınan ruhlandırıcı çağırış və pozitiv siqnalların nəticəsi idi. Bu baxımdan 1919-cu ildə sayı təxminən 500 nəfərə çatan Latviya qaçqınlarının Bakı həyatı haqda yazılanlar xüsusi maraq doğurur.

Kitabda həyat və fəaliyyətlərinin müəyyən dövrü Azərbaycan, qismən də Qafqazla bağlı olan latış əsilli yazıçı və şairlər, pedaqoqlar, mühəndislər, memarlar, hərbçilər, kino və teatr xadimləri, ruhanilər, musiqiçilər, elm adamları, dənizçilər və təyyarəçilər, maliyyəçilər, habelə istehsalatın müxtəlif sahələrində çalışan mütəxəssislərin, nəhayət, çox sevimli görünməsələr də, inqilabçıların qısa bioqrafik məlumatla müşayiət olunan bütöv siyahısına rast gəlmək mümkündür. Bu adların hər birinin arxasında bir tale, bir latış insanının ölkəmizdən keçən, tariximizdə epizodik də olsa, iz buraxan ömür yolu dayanır. Xüsusən Latviya mənşəli Dağıstan yazıçısı, hüquqşünas, Arsu Gereev adlı bir dağlı ailəsinin övladlığa götürdüyü və soyadını verdiyi Yusup Gerejevs (əsl ad və soyadı Jekabs Sirmais) taleyinin qəribəliyi və gözlənilməzliyi ilə diqqətimi çəkdi. Çox güman, onun yeni valideynləri Kumuk türklərindən idi. Həqiqi soyadları isə Krım xanlarının titulu kimi tanınan Girey sözündən götürülmüşdü. Yusup Gereyevsin bildiyi dillər arasında Kumuk və türk dillərinin olması da bunu sübut edir. 

Azərbaycan xalçaları, ipək parçalar və kəlağayı üzrə mütəxəssis, ötən əsrin 20-30-cu illərində Azərbaycan xalça məktəblərinin dəqiq elmi təsnifatını verən sənətşünas Julijs Karlis Oskars Straume (1874-1970), XX əsrin əvvəllərində keçmiş Gəncə quberniyasında dabaq əleyhinə məşhur Zurnabad zooveterinar stansiyasını quran, Azərbaycan Cümhuriyyəti dövründə tərəddüd etmədən yeni hakimiyyətlə  əməkdaşlıq yolunu tutan mikrobioloq-alim Lusis Yanis (1897-1979), məşhur neftçi, azərbaycanlı mütəxəssislərlə birlikdə Bakının neft mədənlərində müasir texnologiyanın tətbiq edən Arvid Peterson (1899-1937), eləcə də talelərini vətənimizə bağlayan digər latışlar Azərbaycan elminə, mədəniyyətinə, xalq təsərrüfatına xidməti özlərinə bir vəzifə borcu saymışdılar. Çünki onları öz torpağında qəbul edən, nemətlərini paylaşan Azərbaycan artıq bu insanların da vətəni idi. Məşhur ifadə ilə desəm, həm Azərbaycanda, həm də Latviyada “vətən öz qəhrəmanlarını tanımalıdır”. Arxivlərdən vərəq-vərəq, sətir-sətir toplanan, bəzən bir faktı dəqiqləşdirmək üçün ətrafında aylarla yazışmalar aparılan materiallar əsasında yazılmış kitabın əsas məqsəd və hədəfi də məhz bu sadə həqiqətin təsdiqidir.

Doğrusu, Nigar xanımın kitabının əlyazmasını gözdən keçirənə qədər ölkəmizlə bu və ya başqa şəkildə bağlılığı olan, Bakıda və Azərbaycanın digər guşələrində yaşayan, roman və povestlərində, hekayə və şeirlərində Azərbaycan mövzusunu işıqlandıran, azərbaycanlı müəlliflərin əsərlərini tərcümə edən, Azərbaycan həqiqətlərini yaymağa çalışan bu qədər çox sayda latış yazıçısının, aliminin, ziyalısının olmasından xəbərsiz idim. Təbii ki, “Kitabi-Dədə Qorqud” dastanını, müasir Azərbaycan şairlərinin şeirlərini, xüsusən də Rəsul Rza poeziyasını böyük ustalıqla orijinaldan tərcümə edən şair, filosof, poliqlot Uldis Berzinşi (1944-2021) tanıyırdım,  Bakıda olduğu vaxtlarda Yazıçılar Birliyində, EA-nın Ədəbiyyat İnstitutunda vaxt bir neçə dəfə görüşmüşdük. Hətta 2001-ci ildə Latviya heyətinin Azərbaycana səfəri zamanı onun 50 ilə yaxın müddət ərzində Riqada yaşayan, latış cəmiyyətində geniş əlaqələrə malik olan keçmiş məktəb yoldaşım, dostum Əlirza Hüseynov vasitəsi ilə göndərdiyi “Kitabi-Dədə Qorqud” dastanının latış nəşrini Prezident Heydər Əliyevə təqdim etmişdim...

Ömrünün 25 ilini ölkəmizdə keçirən, tanınmış azərbaycanlı naşir və publisist, rusdilli Azərbaycan jurnalistikasının görkəmli nümayəndəsi Hüseyn Minasazovla (1880-1932) dostluq edən, Azərbaycan türkcəsini Qafqazın ümumi ünsiyyət dili sayan Ernst Birzineks Upits (1871-1960) haqqında eşitmişdim. Hətta “Qafqaz hekayələri” silsiləsinə daxil olan bəzi kiçik həcmli nəsr əsərlərini oxumuşdum. “Mən Bakı adlı qədim tatar şəhərində yaşayır və onun müsəlman qonaqpərvərliyindən feyziyab oluram” - deyən Janis Jaunsubrabinsin “Ölüm rəqsi” romanı ilə əvvəldə də qeyd etdiyim kimi, Nigar xanımın tərcüməsində tanış olmuşdum. Lakin etiraf edim ki, “Personaliya” fəslinin “Yazıçılar” bölməsində adı çəkilən və Azərbaycanla bu və ya digər  bağlılığı olan latış müəlliflərin - yazıçı, şair, tənqidçi və tərcüməçilərin mütləq əksəriyyəti ilə ilk tanışlığım bu kitab vasitəsi ilə oldu. Zənnimcə, bu bölüməki bir çox adlar gələcəkdə latış tədqiqatçılarının özləri üçün də yeni, daha mükəmməl axtarışlar üçün gərəkli “yol xəritəsi” ola bilər. Eyni sözləri “Azərbaycanda alman pribaltları məsələsinə dair” adlı sonuncu fəsildə toplanmış bioqrafik məlumatlar haqda da söyləmək mümkündür.

Kitabın başqa bir diqqətəlayiq cəhəti onun zəngin illüstrativ materialla təchiz edilməsidir. Çoxsaylı fotolar, tarixi sənədlərin kserosurətləri şəxslər və hadisələr haqda yalnız oxumağa deyil, onları vizual şəkildə “görməyə”, “müşahidə etməyə” də imkan yaradır. Bu da dövr və şəraitlə bağlı təsəvvürləri konkretləşdirir.

1920-ci ildə Qafqazda və Pribaltikada baş verən siyasi dəyişikliklər - Azərbaycanın yenidən Rusiya əsarətinə düşməsi, Latviyada isə müstəqil milli dövlətin qurulması latış icmasının əksər üzvlərinin tarixi Vətənə qayıtmaları üçün çağırış və stimula çevrildi. Amma aradan onilliklərin keçməsinə baxmayaraq, onların Azərbaycan həyatının müxtəlif sahələrində buraxdığı izlər tarixin yaddaşından silinmədi. Yüz il keçəndən sonra milli humanitar elmimizdə ilk latış araşdırmaları mütəxəssislərindən biri adlandıra biləcəyimiz Nigar Sultanova həmin izlərin sorağına düşərək oxucuların mühakiməsinə verilən bu dəyərli əsəri qələmə aldı.

İstər çarizm, istərsə də sovet işğalı dövründə məsafənin uzaqlığına, tarixi şərait və ictimai inkişaf fərqlərinə baxmayaraq, üç Baltikyanı respublika ilə üç Cənubi Qafqaz respublikası arasında həmişə gözəgörünməz bağlar olub. 1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin gənc fəallarından biri kimi Baltikyanı ölkələrin xalq cəbhələrinin təcrübəsinin necə öyrəndiyimizi, azadlığı və müstəqil dövlətçiliyi uğrunda mübarizə aparan latış, litvalı və eston dostlarımızın qələbələrinə necə  sevindiyimizi, itkilərə necə kədərləndiyimizi indi də  xatırlayıram.  

Ümidvaram ki, bizim günlərdə Baltik sahillərində və Cənubi Qafqazda yaranan tarixi şərait, milli dövlətlərimizin mövcudluğu, azadlıq və müstəqillyimizin dönməzliyi gələcəyə daha böyük ümidlə yanaşmağa, daha sıx qarşılıqlı əlaqələr qurmağa imkan verəcək. Təbii ki, mövzu ətrafında geniş bəhs açmaq mümkündür. Amma müdrik Azərbaycan atalar sözündə də deyildiyi kimi, “Görünən dağa nə bələdçi?” Əlaqələrimizin müasir səviyyəsi də, onun bünövrəsində dayanan münasibətlərin əksi olan dəyərli kitab da ortadadır. İnanıram ki, əsər həm Riqada, həm də Bakıda xalqlarımızın əlaqələrini araşdıran gələcək tədqiqatçıların masasüstü kitabına, məlumat və axtarış ensiklopediyasına çevriləcək.

Nəhayət, bir arzumu da ifadə etməklə fikirlərimi yekunlaşdırmaq istəyirəm. Zənnimcə, hər iki xalqın tarixi yaddaşını zənginləşdirən, eyni zamanda bir kitabda həm latış, həm də ingilis nəşrləri ortada olan “Latviya-Azərbaycan: Həyat hekayələrindən üzə çıxan tarix” kitabının tezliklə doğma ana dilimizdə nəşri də vacibdir. Və yəqin ki, tərcümənin, daha dəqiq desəm, kitabı Azərbaycan dilində yenidən yazmaq işinin öhdəsindən ən yaxşı Nigar xanımın özü gələ bilər. Çünki burada öyrəniləsi, milli yaddaşlara köçürüləsi çox mətləblər var. Yalnız tarixin hərfinə və ruhuna  əsaslanan belə obyektiv əsərlər xalqları və mədəniyyətlər arasında qurulan dostluq və qarşılıqlı anlaşma körpüsünün etibarlı dayaqlarına çevrilə bilər.

Sarayevo

mart-iyun 2026.

 





19.06.2026    çap et  çap et