525.Az

Yuxuları ərşə çəkən mundial - İlqar Tağıyev yazır


 

Yuxuları ərşə çəkən mundial - <b style="color:red"> İlqar Tağıyev yazır</b>

Futbol dünyada 2-3 idman növündən biridir ki, burada dünya çempionluğu olimpiya qızılından üstün sayılır. Mundial özü isə dünyanın ən böyük idman hadisəsi hesab olunur. Hətta Yay Olimpiya Oyunlarından belə daha çox maraq kəsb edir. 1 həftədir ki, dünyanın ən “böyüyünə” - ABŞ, Meksika və Kanadanın ev sahibi olduğu yarışa şahidlik edirik. Sayca 23-cü, qalmaqallarla yadda qalacaq, bir az da bizə qeyri-adi görünən dünya çempionatına. Yayımla bağlı narazılıqlar, FİFA-nın “pul kisəsi”, Türkiyə millisinin məğlubiyyəti, bir də “futbol şiri”ndən bəhs edəcəm. Hərəsindən bir az...

Əksəriyyət narazı, FİFA razı

Bu dünya çempionatı sanki bizim azarkeşlərə bir qədər maraqsız gəlir. Bunun da əsas səbəbi oyunların keçirilmə vaxtıdır. Heç gün doğanda da futbol olar? Görünür, olar. Təşkilatçı ölkələrlə - yəni oyunların keçirildiyi şəhərlərlə Azərbaycan arasında 8-11 saat fərq var. Məsələn, Meksika ilə bizim saat fərqi 11-dir. Yəni Mexiko, Qvadalahara və ya Monterreydə oyun normal futbol vaxtında - hesab edək ki, 21.00-da başlayanda, Bakıda səhər 8 olur. Və ya Kanadanın Vankuver, ABŞ-nin Los-Anceles şəhərlərində eyni vaxtdakı oyunları biz Bakıda sübh namazından bir qədər sonra - saat 5-də izləməli oluruq. Bu da təbii ki, azarkaşlerin narazılığına səbəb olur. Narazılıq təkcə bizdədirmi? Əlbəttə, xeyr. Dünya çempionatında iştirak edən Səudiyyə Ərəbistanı, İraq, İran, Türkiyə, bir çox Avropa dövlətləri ilə aşağı-yuxarı eyni saat qurşağında yerləşirik. Deməli, bu ölkələrdə də azarkeşlər bənzər problemlə üzləşir. Maraqlı məqam: Avstraliya əhalisi ümumiyyətlə, zülm çəkir. Çünki onlarda təşkilatçı ölkələrlə fərq 11-14 saat təşkil edir. Başqa maraqlı, həm də qanqaraldıcı bir məqam isə ondan ibarətdir ki, bizim də azarkeşlik etdiyimiz Türkiyənin oyunları səhər 8-də başlayır. Halbuki böyük futbol ölkələrinin - İspaniyanın, Almaniyanın, İngiltərənin, Portuqaliyanın və digərlərinin millilərinin oyunları onlara uyğun vaxta salınıb, Türkiyədə isə yox. Açıqlamağa çalışacam.

Ümumiyyətlə, FİFA mundialın oyunlarının başlama vaxtını müəyyənləşdirərkən 4 əsas meyarı nəzərə alıb. Birincisi, oyunçuların fiziki vəziyyəti. Başqa sözlə, komandalara maksimum istirahət vermək. Buna alqış düşür. İkincisi, məsafə amili. Komandaların və azarkeşlərin səyahətini minimuma endirmək məqsədilə FİFA eyni qrupun yığmalarının oyunlarını bir bölgəyə salıb. Buna da bir “5”. Üçüncüsü, hava şəraiti və infrastruktur. Bu o deməkdir ki, bəzi stadionlar qapalı deyil və orada soyutma sistemi yoxdur. Həmin stadionlardakı oyunlar günün sərin vaxtlarına salınıb. Ki, futbolçular da zülm çəkməsinlər, tribunadakı azarkeşlər də. Əla! Nəhayət, bizi daha çox maraqlandıran dördüncü məqam - yayım vaxtı. Əsas problem də bayaq da qeyd etdiyim kimi, bununla bağlıdır. FİFA rəsmi saytında göstərir ki, qitələrdəki azarkeşlərin və televiziya izləyicilərinin öz komandalarını rahat izləyə bilmələri üçün müxtəlif start saatlarını seçib. Deyəsən, ali futbol qurumu Türkiyədəki, Avstraliyadakı, Yaxın Şərqdəki azarkeşləri yaddan çıxarıb axı. Bunun niyə belə olmasınınsa sadə səbəbi var - daha çox gəlir əldə etmək. Bu haqda danışmamışdan əvvəl onu da bildirim ki, azarkeşlər kimi, oyunları yayan telekanalları da narazıların siyahısına əlavə etmək lazımdır. Məsələn, oyunların gecə və səhər saatlarında başlaması ilə əlaqədar Avropa auditoriyasına yayım hüququ verən İngiltərənin BBC, Türkiyənin TRT1, həmçinin, Çinin CCTV dövlət telekanalı, Hindistanın ZEE telekanalı və s. Yeri gəlmişkən, hələ 8 il əvvəl - 2018-ci il iyunun 13-də mundialın bu 3 ölkədə keçirilməsi barədə qərar qəbul olunanda mütəxəssislər indi üzləşilən problemləri əsas gətirərək seçimin yanlış olduğunu bildirmişdilər. Görünür, FİFA başbilənləri bunların fərqində idi. Bunu da məlumat üçün yazdım.

Bəs necə olur ki, 1986-cı ildə Meksikada, 1994-cü ildə ABŞ-də, 2014-cü ildə Braziliyada keçirilən mundiallarda bu qədər narazılıq olmamışdı? Bunun da sadə izahı var. O vaxt turnirdə komanda sayı indikindən xeyli az idi. Meksika və ABŞ-dəki mundiallarda 24, Braziliyadakı dünya çempionatında isə 32 komanda iştirak edirdi. 1994-cü ildə 52 oyun 1 ay ərzində keçirilirdisə, indi 104 oyunu təxmini 40 günə yerləşdirmək lazım idi. Deməli, rotasiya etmək imkanları keçmişdə daha çox idi. Yaxşı, FİFA bu qədər narazılıq fonunda komanda sayını niyə artırır? Axı, bu həm də mundialın səviyyəsinə təsir edir. Kurasao millisinin və ya Haiti yığmasının final mərhələsinə qatılması o qədərmi vacib idi? Bunun da izahı var - FİFA arealı genişləndirməklə yanaşı, daha çox gəlir əldə etməyi hədəfləyib. 4 il sonra keçiriləcək turnirdə iştirakçıların sayı 64 ola bilər. Üstəlik, oyunlar 3 qitədə və 6 fərqli ölkədə keçiriləcək. Bu isə o deməkdir ki, bu günümüzə şükür edək!

Az əvvəl FİFA-nın daha çox gəlir əldə etmək istədiyini vurğuladım. Söhbət milyonlardan deyil, milyardlardan gedir. 1994-cü il dünya çempionatında təşkilatçılar ümumilikdə 235 milyon ABŞ dolları gəlir əldə etmişdilər. Xərclər çıxıldıqdan sonra FİFA-ya təmiz 99.7 milyon dollar qalmışdı. Gəlirin əsas mənbələri televiziya yayımı, bilet satışı və reklam idi. Əgər əlində imkan varsa gəliri niyə də artırmayasan? Bunun üçünsə ən rahat yol komanda sayını çoxaltmaqdır. Nəticəsi budur ki, 2022-ci ildə Qətərdə keçirilən mundialda FİFA 7,57 milyard dollar qazandı. Bunun 3 milyardı televiziya yayımından idi. İndiki dünya çempionatında isə bu rəqəm təxmini 11 milyard təşkil edəcək. İş o yerə çatıb ki, FİFA qazanc gətirən bütün mümkün variantlara əl atır. Məsələn, oyunların gedişindəki su fasilələri. Bu haqda növbəti yazılarda. İnsaf naminə qeyd edim ki, qurum bu pulun hamısını özünə saxlamır. Futbolun daha da inkişaf etməsi və kütləviləşməsi istiqamətində xərcləyir. Məsələn, Qətərdəki çempionatdan əldə olunan gəlirin 440 milyonu mükafat fonduna ayrılmışdı. FIFA-ya üzv olan 211 milli futbol federasiyasının hər birinə isə futbolun inkişafı üçün növbəti 4 illik dövrdə (2023-2026) 8 milyon dollar (cəmi 1 milyard 688 milyon) birbaşa qrant verilmişdi. Bu vəsait federasiyaların daxili xərclərini, stadion layihələrini və uşaq futbolunu maliyyələşdirmək üçün istifadə olunmalı idi. Olunubmu? Bu, başqa söhbətin mövzusudur.

1 kuboka 6 potensial “adaxlı”

Statistik rəqəmlər çox olanda yazan da yorulur, oxuyan da. Keçək mundialda baş verənlərə. Əsas bizi  daha çox maraqlandıran 3 sualdan birincisinə - çempion kim olacaq? Turnir bu dəfə də favorit baxımından əziyyət çəkmir. Bukmeker kontorlarının proqnozlarına əsasən, çempion olmağa 6 milli - Fransa, İspaniya, İngiltərə, Portuqaliya, Argentina və Braziliya daha real namizədlərdir. Düzü, sürpriz olacağına inanmıram. Elə bu 6 komandanın biri kuboka sahib çıxacaq. Ən real namizəd isə Fransadır. Heyəti bütünlüklə ulduz futbolçulardan qurulmuş və Didye Deşam kimi təcrübəli baş məşqçiyə sahib Fransa millisi sonuncu mundialın finalçısıdır. Geridə qalan 4 il ərzində heyətdə ciddi dəyişiklik olmayıb. Əksinə, Maykl Olise, Bredli Barkola, Dezire Due, Rayan Şerki kimi gənc istedadlarla daha güclənib. Fransanın Seneqala 3:1 hesabı ilə qalib gəldiyi oyunda adı çəkilənlərin çıxışı buna sübutdur.

İspaniya da güclü heyətə malikdir. Amma 2010-cu ildəki İnyesta, Xavi, Ramos, Kasilyas kimi ulduzların təşkil etdiyi komanda qədər əzəmətli deyil. Birinci oyunda tarixində ilk dəfə mundialda iştirak edən Kabo-Verdenin qapısına yol tapa bilməməsi komanda haqqında neqativ fikir bildirməyə əsas vermir. Unutmayaq ki, 2010-cu ildə CAR-da keçirilən mundiala da İspaniya millisi uğursuz başlamış, İsveçrəyə 0:1 hesabı ilə məğlub olmuşdu. Ardınca isə bütün rəqiblərindən güclü olaraq kuboku İspaniyaya aparmışdı. Həmişə qorxulu görünən Braziliya indi əvvəlki kimi deyil. Mərakeşlə oyun göstərdi ki, ulduzlardan təşkil olunmuş, Karlo Ançelotti kimi təcrübəli məşqçisi olan millidə müəyyən çatışmazlıqlar var. Eyni sözlər İngiltərə millisinə də aiddir. Əla heyətə malik olan Tuxelin komandası ilk oyunda sanballı Xorvatiyanı 4:2 hesabı ilə məğlub etsə də, növbəti oyunlarda, əsas da pley-offda çempionluğa namizəd digər yığmalarla oyunlarda çətinlik çəkəcək.

Şir həmişə şirdi...

O ki qaldı Messi və Ronaldonun komandalarına. İkinci sual onlarla bağlıdır - bu iki ulduz üz-üzə gələ biləcək? Əsas da finalda. Qətərdəki dünya çempionatında belə bir ehtimal böyük idi. Əgər Portuqaliya 1/4 finalda Mərakeşə minimal hesabla məğlub olmasaydı. Ronaldonun komandası bu halda yarımfinalda Fransanı yarışdan kənarlaşdırmaqla finala vəsiqə qazana bilərdi ki, bu da “Messi güclüdür, yoxsa Ronaldo” sualına cavab tapmaq üçün əla fürsət idi. Amma olmadı. Builki turnirdə sözügedən suala cavab ehtimalı  yenə var. Bunun üçün birinci şərt komandalardan birinin öz qrupunda 1-ci, digərinin isə 2-ci olmasıdır. Bu halda Argentina və Portuqaliya fərqli pley-off toruna düşəcəklər ki, o zaman ikinci şərtin reallaşması vacibdir. Yəni hər ikisinin finala kimi irəliləməsi. Bilirsiniz bu nə deməkdir?

Təsəvvür edin ki, iyulun 19-da finalda Messi ilə Ronaldo qarşılaşır. Dünyanın nəbzi dayanacaq! Futbol tarixinin ən böyük oyununa şahidlik edəcəyik! Doğrudur, bu komandaların daha erkən üzləşmək ehtimalları da var. Amma etiraf edək ki, final qədər effekli alınmayacaq. 1-2 kəlmə də bu komandaların ilk oyunları barədə. Əlcəzairlə qarşılaşma həm Argentina millisinin titulu qorumaq gücündə olduğunu göstərdi, həm də Messinin qocalmadığını. Necə deyərlər, şir həmişə şirdir. Amma Portuqaliyanın “şiri” deyəsən, qocalıb. Konqo Demokratik Respublikası ilə qarşılaşmada Ronaldo heç nə ilə yadda qalmadı. Üstəlik, komandası vacib 2 xal itirdi. Bəlkə də bu, daha yaxşıdı. Axı, Argentina - Portuqaliya finalı üçün komandalardan biri öz qrupunda ikinci olmalıdı.

Türkiyə millisi pley-offa çıxacaq?

İlk oyunda Avstraliya millisinə 0:2 hesablı məğlubiyyət qanqaraldıcı olsa da, Türkiyənin pley-offa çıxmaq şansı öz əlindədir. Bunun üçün komanda Paraqvay və güclü ABŞ millilərindən azı 4 xal götürməlidir. Yeri gəlmişkən, Avstraliya ilə matçın nəticəsini sensasiya adlandırmaq lazımdır. Topa 72 faiz nəzarət edən, rəqib qapısına 30 həmləsi olan “ay-ulduzlular” 8 seyvi olan rəqib qapıçı Partik Biçi məyus edə bilmədilər. Hücuma aludəçilik isə 2 dəfə əks-hücumda cəzalanma ilə nəticələndi. Hazırkı millinin heyəti əsasən böyük potensial vəd edən gənc ulduzlardan qurulub. Amma hücum xəttini bura aid etmək olmur.

Təəssüf ki, bu gün düşərgədə Hakan Şükür, Nihat Kahveçi, Burak Yılmaz, Ümit Karan, İlhan Mansız və digər adlarını çəkmədiyim karyerasını başa vurmuş ulduzlar səviyyəsində bitirici hücumçu yoxdur. Fikrimcə, Türkiyə millisi qarşıdakı 2 oyunda lazım olan xalları qazanacaq. Pley-offda isə nə qədər irəli getməsi rəqibdən və sərgiləyəcəyi oyundan asılı olacaq. Tələsməyək... İnanıram ki, gələn həftə istədiyimiz mənzərədən, dünən səhər Kolumbiyaya 1:3 hesabı ilə məğlub olan Özbəkistan millisinin uğurundan da bəhs edəcəm.

İlqar Tağıyev

 





19.06.2026    çap et  çap et