525.Az

AYNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv qəbul olunub


 

AYNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv qəbul olunub<b style="color:red"></b>

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (UITP) üzv qəbul olunub.

525.az AYNA-ya istinadən xəbər verir ki, məqsəd ictimai nəqliyyat sahəsində beynəlxalq əməkdaşlığa töhfə vermək, təşkilata üzvlük çərçivəsində təqdim olunan tərəfdaşların geniş şəbəkəsinə və peşəkar resurslara qoşulmaq, təcrübədən yararlanmaq, məlumat mübadiləsi və aidiyyəti xarici rəsmi qurumlarla əməkdaşlığı gücləndirməkdir.

İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzvlüyün ölkəmiz üçün bir sıra üstünlükləri var. Bura dayanıqlı şəhər və ictimai nəqliyyatın təşviqi, şəhər mobilliyi üçün sistemlər və xidmətlərin inkişaf etdirilməsi, mobillik habları və Nəqliyyat Mübadilə Mərkəzləri, taksi fəaliyyətinin planlaşdırılması, təşkili və texniki qulluq, ödəniş sistemləri üzrə bilik və bacarıqların artırılması, AYNA-nın fəaliyyət sahələri üzrə ekspertlərin yetişdirilməsi, xarici mütəxəssislərlə əlaqələrin qurulması, təcrübə mübadiləsi və strateji tərəfdaşlıqların yaradılması kimi məsələlər daxildir.

Ölkəmiz aktual olan sıfır emissiyalı avtobusların istismarı, hamı üçün əlçatan küçələrin dizaynı, nəqliyyatda süni intellekt həlləri, ödəniş haqqının idarə olunması, marketinq və kommunikasiya, böhran zamanı fəaliyyətlər, ekspertlər tərəfindən müxtəlif təlim və təhsil proqramlarına qoşulmaq imkanı da əldə edib.

Üzvlər ictimai nəqliyyatdakı son trendləri, yenilikləri və ən yaxşı təcrübələri əhatə edən hesabatlara, tədqiqatlara və məlumat bazalarına birbaşa çıxış əldə edirlər. Bu məlumatlar düzgün qərarların verilməsinə kömək edir.

Qeyd edək ki, 100-dən çox ölkədən 1900-dən çox üzvü olan İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiya (UITP) 1885-ci ildə yaradılıb. Assosasiyanın baş qərargahı Brüsseldə yerləşməklə 13 regional ofis və mərkəzləri özündə birləşdirir.

 





19.06.2026    çap et  çap et